Bir ovuc xatirəyəm - Şəhla Vahidin şeirləri

Tarix:25-02-2018, 17:45 Baxış Sayı:493

Bir ovuc xatirəyəm - Şəhla Vahidin şeirləri

Manera.az tanınmış şair Sabir Yusifoğlunun təqdimatında gənc şairə Şəhla Vahidin şeirlərini təqdim edir:

İmansız oldum

İmansa,dinsə bu sevgi,
İmansız oldum,bağışla.
Qırdım tökdüm ümidləri,
Amansız oldum,bağışla.

Günahkarsan günahıma,
Yan ürəyim,yan ahıma!
Bu günümdən sabahıma,
Gümansız oldum,bağışla.

Oldu xoş günün ömründə,
Çoxaldın kimin ömründə?
Bəlkə də sənin ömründə,
Zamansız oldum,bağışla.

Başına dönüm dünya

Sən dayan,mən fırlanım,
Başına dönüm dünya.
Göydən başıma düşən,
Daşına dönüm dünya.

Yoruldum yeriməkdən,
Ağlayıb kiriməkdən.
Yoruldum yüyürməkdən,
Quşuna dönüm,dünya.

Sallanmışam əlindən,
Cəzamı kəs ölümdən.
Heç düşməyim dilindən,
"Kaş"ına dönüm dünya.

Oyduqca oldum oyma,
Sən də bir sevinc duyma!
Doldur bəxtimi,qoyma,
Boşuna dönüm dünya.

Keç

Uzansada örkən ömür,
Doğanağı ölümdü,keç.
Qırmağa qıymazdı qəlbim,
Günahkarı dilimdi keç.

Qulaqlarım kar sözünə,
Üzüm yox baxım üzünə.
Üfürmə dolar gözünə,
Qalan soyuq külümdü keç.

Ağlama boş taleyimə,
Gəlməzdin kaş,taleyimə.
Baxma,çaş-baş taleyimə,
Boş qoynum,boş əlimdi,keç.

Acım içimdə diridi,
İndi gəlməyin yeridi?
Gedənlər həsrət yeridi,
Qalanları zülümdü keç.

Çıxdı

Göylər tökdü göz yaşını,
Yer üzünün kiri çıxdı.
Günahlar qamış bitirdi,
Quyulardan sirri çıxdı.

Hələ ümidlər diridi,
Hələ bəxtəvər biridi.
Qalxdı bələkdən yeridi,
Sonra dərdi-səri çıxdı.

Döyüldü bazar qapılar,
Təpikdən bezar qapılar.
Açıldı məzar qapılar,
Hər dəqiqə biri çıxdı.

Yalan de ürəyinə

Diləyim nəyə çıxdı,
Sevincim göyə çıxdı.
Kim gəldi yiyə çıxdı,
Tək qalan ürəyinə?

Hər çiçəkdə güldümü,
Hər yananda küldümü,
Birdə bahar gəldimi,
O viran ürəyinə?

Dinsə dilə tutmuşam,
Qəlbimi ovutmuşam.
De mən də unutmuşam,
Yalan de ürəyinə.

Özgə qisməti

Artıq toplamışam xatirələri,
Əlvida yapışıb dodaqlarıma.
Qoy yığım qırılmış ümidlərimi,
Gedəndə batmasın ayaqlarına.

Yenə açılmadı boğça arzular,
Yenə qat kəsəcək düyün yerindən.
Sel basmış zəmiyə döndü gümanım,
Nəyi göyərdəcəm,nəyin yerindən.

Hardan xışmaladım özgə qismətin,
Hardan ürəyimə sıxıb sevindim.
Ağrıdım saçımdan dırnağımadək,
Nə vaxt taleyimə baxıb sevindim.

İlahi,az yellə beşik ömrümü,
Onsuzda susmuşam,kirimişəmki.
Elə sürünmüşəm üzü aşağı,
Nə vaxt qaldırmısan,yerimişəmki?

Bir ümid yox asılmağa

Bir ürək yox qısılmağa,
Bir ümid yox asılmağa.
Bir xoş gün yox yazılmağa,
İlahi,günün içində?

Kim saldı bəxtin gözündən,
Təklənib çıxdım gözündən.
Ağladın,axdım gözündən,
Qaldımmı sənin içində?

Açdı çiçək-çiçək saçım,
Soldu ləçək-ləçək saçım.
Sevdiyin o ipək saçım,
İtibdi dənin içində.

Ölür qurtarır

Vaxt getdi bu boyda vaxtın altında,
Baxdım gümanların yoxdun altında.
Şeytan barmağı var bəxtin altında,
Hərdən bir,yalandan gülür,qurtarır.

Dinmək istəyirəm dilim açılmır,
Uzanan yad ələ əlim açılmır.
Hara yüyürürəm yolum açılmır,
Hər şey sənə qədər gəlir,qurtarır.

Baxma xoş görünür,gendən yaxşıdı,
Dərd yaxşı olmasın,səndən yaxşıdı.
Vallah can verən də məndən yaxşıdı,
Uzağı-uzağı ölür qurtarır.

Bir ovuc xatirəyəm

Bir ovuc xatirəyəm,iki damla göz yaşı,
Səp torpağa qarışım,ağla gözündən düşüm.
Yox yazığın gəlməsin,yox,yox heç bağışlama,
O qədər qına məni,özüm-özümdən düşüm.

Indi nə mənası var,bəlkənin də,kaşın da,
Ha yüyür nə var axı,gümanın o başında.
Başqa bir ad əzbərlə yadlaşım yaddaşında,
Nə yaxşım,nə pisim var,unut sözündən düşüm.

Hardan qəlbinə düşdüm,mən sənə arzu oldum?
Bir udumluq sevincə hər gün tamarzı oldum.
Bu qədər boyun əydim,bu qədər razı oldum,
Kəs səbrimi İlahi,kəs ki,dözümdən düşüm.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ