Apdaykın “Terrorçu” romanı haqqında qeydlər..

Tarix:21-02-2018, 14:04 Baxış Sayı:282

Apdaykın “Terrorçu”  romanı haqqında qeydlər..
Görkəmli Amerika yazıçısı Con Hoyer Apdayk 18 mart 1932-ci ildə Pensilvaniya ştatının Reding şəhərində doğulmuşdur. İki dəfə Pulitzer mükafatının laureatı olmuş yazıçının ən məşhur əsərləri bunlardır: “Dovşan, qaç”, “Kentavr” və “İstvud ifritələri”.

Apdaykın romanlarının yazılış tərzi və stili oçerk, esse üslubundadır və həmişə hadisələrə təfərrüatlı müəllif şərhləri ilə müşaiət olunur.

Ölümünə üç il qalmış nəşr olunmuş “Terrorçu” yazıçının sayca 28-ci, yəni həm də sonuncu romanı hesab olunur. Burada ədib olduqca ağır bir mövzuya – beynəlxalq terrorizmə toxunur.

Əsər kiçik şəhərcikdə yaşayan amerikalı gəncin necə terrorçuya çevirilməsindən bəhs edir. Müəllif demək istəyir ki, terrorun irqi, dini, milliyəti, ən əsası da bəraəti yoxdur. O, kənar müşahidəçi kimi heç bir halda qəhrəmanını təmizə çıxarmır, amma onun tutduğu yola, istiqamətə seyrçi təəsüfünü də gizlətmir. Bütün bunların fonunda, Apdayk sanki internet dövründən əvvəlki Amerikanın xiffətini də çəkir, onu nostalji cizgilərə bürüyür.

Əslində bu əsər konkret bir din haqqında deyil. Heç qəhrəman da dini fanatik, radikal düşüncə insanı deyil. Əhməd Əşmavi Malloy damarlarında ərəb və irland (aydındır ki, bu təsadüfi seçilməyib) qanı axan dinc fikirli, yumşaq xarakterli gəncdir. O Nyu-Yorka yaxın olan kiçik bir şəhərcikdə yaşayır.
18 yaşlı Əhməd məktəbi bitirir və öz gələcəyi barədə dəqiq planlar cızmağa çalışır. O, sürücülük vəsiqəsi əldə edib, yük maşını sürücüsü kimi şirkətlərdə işləmək arzusundadır. Bunun üçün Əhməd xüsusi təlimatlar, ixtisas kitabları, peşə jurnalları oxuyur.

Təhsil aldığı məktəbdə öz həmyaşıdlarından seçilmək istəyən bu sadə oğlana elə gəlir ki, onu müqəddəs kitabın qaydalarına əməl etməyən, sevimli dinindən döndərməyə çalışan kafirlər ordusu əhatəyə alır. Gənc öz nəfsini, dinini ətrafını hörümçək toru kimi saran internetin, informasiya kanallarının, televiziya və radionun hər cür “haram” təbliğat təsirlərindən qorumağa çalışır.

Yalnız öz işlərinə başı qarışmış rəssam anası oğlunun şəxsi həyatı, problemləri, düşüncələri ilə çox da dərindən maraqlanmır. Misirli atası isə, Əhməd hələ kiçik olarkən ailəsini atmış və çıxıb getmişdir. Həyatın yeni mərhələsinə qədəm qoyan gəncin məhz indi arxaya, dayağa, ona düzgün yol göstərən hamiyə ehtiyacı vardır.

O, bunları, naməlum Bermud üçbucağı, yəmənli Çarli Çehabın, yəhudi Cek Levinin və şeyx Rəşidin timsalında tapmaq ümidindədir.
Bəs bunlardan hansı əsl atalıq qayğısı ilə, düzgün məsləhətləri ilə ona doğru yolu göstərəcək!? Əhməd təsir altına düşüb məhv olacaqmı, ya düzgün istiqamətə yönələcəkmi!?

Bütün bu sualların cavabını əsərlə tanış olduqdan sonra tapacaqsınız. Oxucuları və hər kəsi Apdaykın ən güclü əsəri sayılmasa da, oxunaqlı bir dildə yazdığı bu maraqlı romanla tanış olmağa dəvət edirəm.

Apdaykın “Terrorçu”  romanı haqqında qeydlər..
Vüsal Bağırlı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ