İçimdə boğulan səs... -Şeirlər

Tarix:13-02-2018, 14:06 Baxış Sayı:62

  İçimdə boğulan səs...  -Şeirlər
Manera.az İsmayıl İmanzadənin redaksiyamıza göndərdiyi şeirləri təqdim edir:

Qeyd edək ki, İsmayıl İmanzadə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1980-ci ildən indiyə kimi 25 kitabı işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” ədəbi dərgisinin təsisçisi və baş redaktorudur.

TÜRKİYƏ-AZƏRBAYCAN

Bir-birinə bənzəyir
Doğma qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş-
Bir millət, iki dövlət!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!

Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
“Can” deyib, “can” eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan-
Türkiyə-Azərbaycan!

Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan-
Türkiyə-Azərbaycan!

Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an-
Türkiyə-Azərbaycan.


Çayın sahilində bir qız ağlayır

Siyah saçlarını oynadır külək,
Qəmli sinəsindən asılıb bilək.
Sanki göydən enmiş mələkdir mələk,
Nədənsə dayanıb yalqız ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Nəmli gözləriylə baxır sulara,
Bilən yox fikrində üz tutub hara.
Dönüb sərt küləyə, çevrilib qara,
Göyərmiş əlləri bumbuz, ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Əsir yarpaq kimi sızladıqca can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Qəlbindən keçəni suya danışmır,
Çöküb çöhrəsinə həya-danışmır.
Nisgili gəlməyir saya-danışmır,
Gah dodaq səyriyir, gah üz ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Bəlkə o, cavabsız eşqə əsirdi,
Bəlkə bir kimsəsiz yetim-yesirdi?
Anlamaq olmur ki, bu necə sirdir,
Lal haray hıçqırır, avaz ağlayır-
Çayın sahilində bir qız ağlayır.

İndi dünya ona qəfəs kimi dar,
Halına acımır nə dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə, ağız ağlayır-
Çayın sahilində bir qız ağlayır.


Şair

Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran-
Yetənə vurulan şair.

Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında-
Düyməsi qırılan şair.

Gizlətməz başını qında,
Bənd olan deyil heç yanda.
Tək bircə göz qırpımında-
Bulanıb-durulan şair.

Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı-
Usanıb yorulan şair.

Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da-
İçindən qırılan şair.

Oynadır

Ötüb keçəndə vaxt-vədə,
Taleyin hər işi hədə.
Bir məzlumu gör necə də-
Naşı əlində oynadır.

Ölüm həyatın “get-gəli”,
Bu tamaşa nə gülməli...
Quyunu görəndə dəli-
Daşı əlində oynadır.

Pas atanda arzu-diulək,
Ta işə yaramır ələk.
Qurudan yan keçən külək-
Yaşı əlində oynadır.

Bağlı yollar zülmət kaha,
Hər qorxunc kölgə əjdaha.
Dağdakı həvəsə bax ha-
Daşı əlində oynadır.

Salam, Cocuq Mərcanlım

Salam, yuvam-beşiyim,
Doğma evim-eşiyim
Cocuq Mərcanlı kəndim.
Anam Azərbaycanın,
Qarabağın-Cəbrayılın
Qeyrət-hünər timsallı
Zəfər ünvanlı kəndim.
Ulu yurd yerimizin
Varlığından söz açan
Yaşıl talam-torpağım.
Araz səsli-sədalı
Dalğalanan bayrağım.

Xalqımın haqq səsisən,
Möhtəşəm dayağın var.
Hər eldə, hər obada
Müjdən var, sorağın var.
Şükürlər olsun, indi
Gur yanan ocağın var.

Milyonlarla insanın
Xeyir-dualarında
Dikəltdikcə qəddini
Addım-addım boy atdın.
Doğma ata elimin-
Çiçəyimin-gülümün
Varlığını yaşatdın.

Sən Aprel döyüşündə
Qazandığım Zəfərin
Şahidi-yol yoldaşı.
Sən Lələ təpəsində
Düşmən bağrını yaran
Cəsur əsgər hünərli
Yurd daşı, Vətən daşı.

Səndən başlayır Vətən-
Qarabağa üz tutan
Qayıdış yolum mənim.
Köksünə sığınmışam,
Şaxələnsin hər yana
Qoy, sağım-solum mənim.

Sənə həyat bəxş edən-
İsmini şan-şöhrətli
Tariximə nəqş edən
Qəhrəmanlar var olsun!
Hamımız deyirik ki,
Tanrı sənə yar olsun!

Qədəmləri sayalı
Cocuq Mərcanlım mənim.
Gecələri çıraqban,
Sabah ünvanlım mənim.
Doğma yuvam-beşiyim,
Yazın-qışın mübarək!
Alqış adına, alqış-
Qayıdışın mübarək!


İçimdə boğulan səs

Eşidən yox harayımı
Ünüm yetmir uzaqlara.
Yol ayrıcında qalmışam,
Bilmirəm üz tutum hara?

Ayağıma ilişən daş
Buraxmır ki, çıxıb gedəm.
Gözlərimdə donubdu yaş,
Yaxamdan yapışıbdı qəm.

Üz-gözümdən qırov yağır,
Hər anım bir soraq kimi.
Arxamca düşən qara yel
Ulayır yalquzaq kimi.

Zülmət kəsdirib üstümü,
Səbrimə sığınıb ahım.
Yuxum ərşə çəkilibdir,
Açılmaq bilmir sabahım.

Hərdən üzümə toxunur
Ölümün soyuq nəfəsi.
Bilmirəm harda dəfn edim
İşimdə boğulan səsi...

Öldürür

Dünya köhnə xırman yeri,
Havaya sovrulur diri.
Zülmətdə qərq olur biri-
Birini Tanrı öldürür.

Dərd ürəkdə gizli çatdır,
Anlar şahə qalxan atdır.
Ölüm bir şux zarafatdır-
Güldürüb sonra öldürür.

Qız

Gözlərimdən damla-damla töküldü,
Kölgə kimi harayasa çəkildi.
Rəngi solmuş xatirədi, şəkildi-
Həsrətimdə göyərən qız, bitən qız.

Ocaq idim, isinmədi közümə,
Ha səslədim, bənd olmadı sözümə.
Xəyalımda gülümsəyib üzümə-
Gözlərimin qabağından ötən qız...

Mən bir yorğun yolçu idim, sən çapar
Çıxıb getdin... saşlarıma yağdı qar.
Ürəyimdə közün qalıb gəl apar-
Ay illərin zülmətində itən qız.

Avropa sayağı


Gülüşümüz Avropa sayağı,
yerişimiz Avropa sayağı.
Tanımırıq özümüz-özümüzü,
hər işimiz Avropa sayağı...
Deyirlər ki, onsuz da
həmin səmtədir yönümüz.
Axı, nə olasıdır ki,
bir azca dəyişəndə
səsimiz-ünümüz?
Neynək, qoy, elə bundan sonra
lap dəyişsin şəklini
dodaq da, ğöz-qaş da.
İşə bax, indi
hamı Avropa, avropalı deyir,
Ancaq bir deyən yoxdur ki,
axı nə görmüşük-
bu Avropa tifağı dağılmışda?!.

Dilmancım şeir oldu

Özgə səmtədir yönüm,
Hər yerdə niyə dinim?
Nə qəzəbim, nə kinim-
Nə sancım şeir oldu.

Çəkilmədim xəlvətə,
Can yandırdım külfətə.
Uymadım var-dövlətə-
Saxlancım şeir oldu.

Mən saflığa baş əyən,
Ya üz döndər, ya bəyən.
Süfrəmdən tükənməyən-
Qazancım şeir oldu.

Böyüdüm addım-addım,
Sevinc də, qəm də daddım.
Sözlə minbər ucaltdım-
Azançım şeir oldu.

Dil açdım zildə, bəmdə,
Köz gəzdim soyuq küldə.
Yaşadım qərib eldə-
Dilmancım şeir oldu.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ