Şeir sevgilim...- Məhəmməd Turanın şeirləri

Tarix:13-01-2018, 21:08 Baxış Sayı:166

Şeir sevgilim...- Məhəmməd Turanın şeirləri

Manera.az istedadlı gənc şair Məhəmməd Turanın şeirlərini təqdim edir:

Şeir sevgilim...

Məndən şeir istəmə
Ay gülüm, ay çiçəyim...
Min dəstə gülə dəyən
Mənim bircə ləçəyim...

Sənə şeir yazmaq, gülüm,
Şeirə nəzirə yazmaqdı...
Sənə səndən gözəl şeir
Xəyal-xülyada azmaqdı...

Sənə şeir yazmaram mən
Günahdı vallah günahdı!
Allahla bəhsəmi girim?
Sən tək şeiri o yaratdı!

Xəbərim olmasın…

Gedəndə gecə vaxtı get
Yatım, xəbərim olmasın…
Şirin-acı yuxuları
Qatım, xəbərim olmasın…

Qaralar qarışsın ağa,
Göyə qalxım dönüm buğa.
Yata-yata ayrılığa,
Çatım, xəbərim olmasın..

Eşqin süzülsün qanımdan,
Canın çıxmasın canımdan,
Keçsin qoy illər…yanından
Ötüm, xəbərim olmasın..


***
Bilirsənmi, ayrılığın
Dahası, sonrası olmur...
Beş günlük acısı olur,
Bir ömürlük yası olmur...

ən müqəddəs sevdalar da
Unudulur xəyal kimi...
...ən zülmlü ayrılıqlar
Bəzən çəkir xoşbəxtliyə
Bir iz kimi...bir yol kimi...

saçlarında bir vaxt itən
Əllərim tək itirmişəm...
İtirmişəm səni, qadın,
Külək-külək itirmişəm...

Unutdum səni...
Bağışla....
İçimdəki dəli atəş
külə döndü
Bircə anlıq yağışla...


***
Addımlar asta-asta
Gəzər gecəni gəzər...
Xəyalım ayaq açar
Sizin küçəni gəzər...

Ulduz qonar çiynimə
Təbəssümə bataram...
Bir röya uyduraram
Dizlərində yataram...

Gözlərimdə bitərsən...
Üstünə yüyürərəm...
Xəyalına sarılıb
Yoxluğunu görərəm...

Gecələri sayıram
Hər nəfəs dilək olur...
Kölgəmlə oynayıram -
Darıxmaq belə olur...

Anam

Fərqanə Mehdi üçün

Ürəyi şeir üstündə
Əsən anam, əsən anam...
Küləklər qəsdinə durub,
Sünbül anam, süsən anam...

Nə sayırsa, fələk sayır,
Yağış, dolu, külək sayır...
şeirin ömrünə calayır
Öz ömründən kəsən anam...

Zaman çaşır, yolun azır,
Hər telindən bir dən asır...
Günləri ömründən asır
Ömrü sözdən asan anam...

Arzular sovruldu göyə,
Bir kimsə yetmədi heyə...
Qıymır kimsədən küsməyə
Öz özündən küsən anam..

Yoxluğun yaxın mənə…

Həsrətin yeddi arşın,
Yoxluğun yaxın mənə.
Bir eşq duasına dön
Astaca oxun mənə.

Mən yorardım yolları
Bu dərd məni yormasa…
Arada zəng et barı
Sevinim heç olmasa…

Həsrətindən tutuşar
Yanar ağzımda dilim…
Yenə küsülü qaldıq
Heyf getdi bir ilim…

Məni yuxuda görsən
Balıncını tərs çevir…
Nə olaydı gözlərin
Deyəydi “səni sevir”…

Yeyər ömrü qız ahı…

Həyatı əllərində
Sönmüş çıraq kimiydi…
Seçəmmirdi insanı-
Yaxın qıraq kimiydi?…

Üzü xəzan yarpağı,
Əlləri qabar idi…
O keçdiyi küçələr,
İndi dardan, dar idi…

Necə qəribsəmişdi,
Dost tanışdan aralı…
Meyli hara ilişsə,
Ehh, olardı oralı…

Neçə-neçə ürəkdən
Süzdürdü o sazağı.
Ona demişdim vallah,
“Yeyər ömrü qız ahı!”

Küləklər elə əsir ki...

Bütün payızları ötdüm
Bu payızı ötəmmirəm...
Geridən geri qalmışam
Eh...o qıza yetəmmirəm...

Təkcə onun hənirtisi,
Nəfəsi olub gərəyim...
gələn il axtarma məni
Bir payızlıqdır ürəyim...

Elə soyuqdu bu payız
Sazağı taa qəlbə dəyir.
Sevgi ilk vaxt şirin olur
Acı üzü görsənməyir.

Yaman darıxıram sənsiz...
Həsrətindən qopammıram...
Elə karıxıram sənsiz
Evimizi tapammıram...

Küləklər elə əsir ki
Can atır xəzan qurmağa...
Gəl! Baxışın bəs eyləyər
Bu küləkləri yormağa


***
Hansı qəmdən üz döndərdim,
Sevincim yoxa çəkildi?
Muradım sola üz tutdu,
Yığvalım sağa çəkildi...

Əllərimə sığışmadı
Bir belə dərd, belə qəm...
Allahsa da görmürdümü
Mən uşağam, çox uşağam...

Gözlərimdə solan ümid
Tökür, tökür dözümünü...
Hələ təzə boy atmışdı -
Yanvarın on üçü günü....

Bir sevgilik vaxtım qalıb...
Bir ömürlük ölüyəm mən...
Başıma dolanın, nolar,
Dəliyəm mən, dəliyəm mən...

Birimiz qürurdan təpə olmadıq

Niyə gecələrin uzunluğu yox?!
Niyə gündüzlər də dəmhadəm keçir?!
Ötən xatirənin kölgəsində bax
Bir ocaq səngiyir, eh, bir şam keçir...

Eşqin sözü niyə kəsərsiz oldu
Tezbazar soluxan bir yarpaq kimi?!
Niyə öz yerində möhkəm durmadı
Basılmaz, keçilməz uca dağ kimi...

Günahsız sevginin günahı vardı,
Sinəsi sevgidən sipər olmadıq...
Bəlkə də bu sevgi dağ olardı da
Birimiz qürurdan təpə olmadıq.


***
Məni buralarda sevən olmadı,
Uzaqda bir ümid bəsləyənim var...
Gecələr yuxuma girən olmadı
Gecələr yuxuda səsləyənim var...

Bir qarış dünyadı könlümü sıxan,
Hər şey gözlərimdə qarma-qarışıq...
Sevgidi üzümdən gülüşü yıxan,
Qəlbimin başından parlayan işıq...

Qəriblik sarmaşıb dodaqlarıma...
Boy verir həsrətim hey saçaq-saçaq...
Bilirəm, azacam o yolda-izdə,
Məni uzaqlara kim aparacaq?

Şeir sevgilim...- Məhəmməd Turanın şeirləri

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ