Sonu əlvida...- Arzu Hüseynin şeirləri

Tarix:12-01-2018, 20:31 Baxış Sayı:169

Sonu əlvida...- Arzu Hüseynin şeirləri

Manera.az istedadlı gənc şair Arzu Hüseynin "Sonu əlvida" kitabından şeirlər təqdim edir:

Sonu əlvida

Bu nə burulğan idi ?- Aldı apardı bizi.
Bu nə cür bahar idi?
Sevgimiz aşkar idi, de kimlər yordu bizi?
De kim günahkar idi?

Bu necə görüş idi ?- Mənəvi döyüş idi.
İkimizdən xəbərsiz.
Adi bir öpüş idi, adi nəvaziş idi,
Titrəyirdik fəqət biz.

Bu nə yüksək dağ idi ? -Nə bəxtəvər çağ idi.
Məhəbbətin zirvəsi.
Sən demə yasaq idi, tanrıdan yasaq idi
Eşqin dönüş nöqtəsi.

Bu hansı ünvan idi ?- Bu hansı məkan idi.
İkimizin dünyası?
Həyat firavan idi, canın mənə can idi
Nə oldu bəs sonrası?

Bu nə cür qismət idi ?- Yarısı həsrət idi,
yarısı da intizar.
Sənin üçün dərd idi, mənim üçün dərd idi
Aramızda olanlar.

Bu nə əlvida idi, sonluğu nida idi,
Paraladı qəlbimi.
Başlanğıc röya idi, yaşandı xülya idi,
Bitdi də yuxu kimi...............

Mənim əzizim

Sənin dağlarının zirvəsində qar,
Mənim dənizimin suları soyuq.
Yetim qəlbimizdə gizli arzular,
Bu qoca dünyanın yol yolçusuyuq.

Burda nə quş uçar, nə quzu mələr,
Burda ağacların budağı qırıq.
Adamlar içində gəzən kölgələr,
Kölgələr içində adi insanıq.

Bu fərqli dil ilə kim bizi anlar?
Yetim uşaq kimi sarıl gümana.
Bizi doğmayıbdır adi analar,
Bizdən doğa bilməz hər adi ana.

Yolur ağacların saçını yellər,
Yarpaq yox, dərdlərim xəzəllənibdir.
Köhnə duyğuların çaları eyni,
Azacıq həsrəti təzələnibdir.

Geridə nə qaldı toxunma qalsın,
Toz örtsün üstünü xatirələrin.
Hardasa ayrılıq peşiman olsun,
Birdə ki əlimi buraxan əlin.

Çoxdandır yatmıram şeirə, sözə,
Bir şair inciyib sanki mənimdə.
Deyirsən çətin ki, ürəyim dözə,
Mənim də əzizim, elə mənim də.



***
Savadsızam haqlısan,
Səni çözə bilmədim.
Balaca bir dərd idin,
Beş gün dözə bilmədim.

Sındıranda qəlbimi,
Gərək mətin duraydım.
Dözümsüzəm haqlısan,
Gərək yıxılmayaydım.

Özgəsiylə sevişdin,
Dedin xəyanət deyil.
Ağılsızam haqlısan,
Bu ki, məhəbbət deyil.

Sən bir addım atanda,
Gərək beşin ataydım.
Kül başıma, haqlısan
Gör özümü nə saydım.

Sən demə sən zirvəsən,
Kor gözümlə görmədim.
Layiqincə haqlısan,
Sənə dəyər vermədim.

Gah getdin, gah qayıtdın
Anlamadım fikrini.
Çarəsizəm haqlısan,
Düşmənim yox sən kimi.

Yolu çoxdur dünyanın,
Bir ucu çəndən keçir.
Gedəsiyəm, haqlısan,
Qatarım qəmdən keçir.

Yanında yox qərarım.
Qərarımı almısan.
Səni atıb gedirəm,
Vəfasızam haqlısan.....


***
Ömürlük məhəbbət olmur, əzizim,
Hər yazın qış payı, payız payı var.
Mürgülü dənizin, susqun dənizin,
Küləklər yuxusun oğurlayırlar.

Birdə görürsən ki, boşalıb için,
Əlindən salmısan, düşüb dağılıb.
Daha heç kim deyil o kəs səninçün,
Baxırsan yerində sınıqlar qalıb.

Toxunsan əlini yaralar o qəm,
Qınayıb qalarsan hədər illəri.
Bir də görərsən ki, tamam sökmüsən
İçindən o bəyaz xatirələri.

Bir də baxarsan ki, daşa dönmüsən,
Daşlaşıb içində inamın, sözün.
Elə bil bahardan qışa dönmüsən,
Yanan da özünsən, yaman da özün.

Yollar uzaqlaşır, dəyişir fikir,
Zaman dəyirmandı, əriyir izim.
Bütün ayrılıqlar ömürlük çəkir,
Ömürlük məhəbbət olmur, əzizim.

Apar məni evimə

Tək gedə bilmirəm yolu evimə,
İşdən tələsirəm səninlə gedim.
Sən yoxsan qəmimi alım əlimə,
Sən yoxsan evimə qəmimlə gedim.

Başımda bir qutu siqaret eşqi,
Cana zərərlidir, dərdə faydalı.
Yanımda olsaydın, yanımda kaş ki,
Mən bu zəhrimarı çəkməzdim, zalım.

Yaman pis vərdişdir səni gözləmək,
Gözlərim asılı qalıb gecədən.
Mən adi biriyəm, sən isə mələk
Çətin ki, keçəsən yoldan, küçədən.

Niyə ucalmısan bunca gözümdə?
Səni mən ucaltdım, mən dağ elədim.
Elə ucaltdım ki, səni özümdən
Yerdən göyə qədər uzaq elədim.

Tək gedə bilmirəm yolu evimə,
Elə hey axtarır gözüm gözünü.
Sənsizlik qoxusu dolu evimə,
Apara bilmirəm zorla özümü.

Yollar da evimə aparmır məni,
Gecikir avtobus, gecikir qatar.
Sənə qurban olum, tərk et göyləri,
Gəl məni küçədən evimə apar....

Yuxuma gəlməyə tələs bu gecə

Yaman qəribsəyib ürəyim sənsiz,
Həsrətin ruhuma qəfəs, bu gecə.
Barı insaf elə səssiz-səmirsiz,
Yuxuma gəlməyə tələs, bu gecə.

Gör necə aydındır səmanın üzü,
Ulduzlar görüşə çağırır bizi.
Çoxdandır görmürük bir –birimizi,
Yuxuma gəlməyə tələs, bu gecə.

Tənhalıq sonuma çıxmamış tələs!
Buludlar donunu sıxmamış tələs!
Həsrətin evimi yıxmamış tələs!
Yuxuma gəlməyə tələs, bu gecə.

Sənsiz kabus olur gecələr mənə,
Dar gəlir şəhərlər, küçələr mənə.
Qorxuram intizar güc gələr mənə
Yuxuma gəlməyə tələs, bu gecə.

Hardan biləydim ki, yüküm ağırdı,
Külək sevincimi yelə sovurdu.
Yuxu xəyalıma gedən cığırdı,
Yuxuma gəlməyə tələs bu gecə.

Cəfanı çəkməkdən usanmayacam.
Səni hey sevəcəm, dayanmayacam.
Gəlməsən yuxumdan oyanmayacam,
Yuxuma gəlməyə tələs, bu gecə.

Ən ağır yükün mənəm

Anama

Qara tellərinin qarası sənin
İçində bir bəyaz varsa mənimdir
Bahar təravəti qoxur güllərin
Dibində qar, ayaz varsa mənimdir.

Gülürsən, gülüşün bulaq səsidir
Bulağı sənindir, səsi mənimdir
Gizlətmə, köksündə bıçaq izidir
Yarası mənimdir, izi mənimdir.

Elə dayanmısan sanki yox qəmin
Hardan öyrənmisən, kim sənə deyib?
Ən ağır yükün də, mənəm, mən sənin
Ən ağır yüküm də səni əyməyib.

Titrəyir dodağın hər sərt sözümdən
Nişangah sənindir, oxu mənimdir
Ağlama, qoy öpüm qara gözündən
Bilirəm günahın çoxu mənimdir.

Səni səmalardan veriblər mənə
Sürgünü sənindir,qisməti mənim
Bir daha göylərə qayıdım demə
Qorxusu mənimdir, həsrəti mənim.

Elə dayanmısan sanki yox qəmin
Hardan öyrənmisən, kim sənə deyib?
Ən ağır yükün də, mənəm, mən sənin
Ən ağır yüküm də səni əyməyib.

Qızıma

Mən səni elə bil tanıyırmışam,
Gəlişin yadıma saldı üzünü.
Elə bil həmişə, hər səhər, axşam
Elə bil sevmişəm ömrüm uzunu.

Gözün gözlərimin rəngini alıb,
Qara gözlərinə qurbanam özüm.
Nə vaxtdan canımdan bir parça olub,
Məni bu həyata bağladın qızım?

Gecələr otağı nəfəsin bəslər,
Beşiyin önündə keşik çəkirəm.
Adın ürəyimə yazılıb, Əsmər!
Adın ürəyimdə ürəklənirəm.

Sən böyük sevginin gözəl bəhrəsi,
Min kərə şükr etsəm bəs etməz, inan.
Nənənin, babanın şirin nəvəsi,
Atanın, ananın canındakı can.

Gəlişin dəyişdi məni tamamən,
Ey bahar ömrümün çiçəkli çağı.
Gözünü dünyaya açan kimi sən,
Mənə də öyrətdin ana olmağı.

Alışa bilmirəm...

Mən ki, bu sevginin qışını sevdim
Tozunu, qumunu, daşını sevdim
Əyrisini sevdim, çaşını sevdim
Düzünə alışa bilmirəm hələ.

Duymadım xoş sözün, xoş sədasını
Başıma dərd etdim baş bəlasını
O qədər illərlə tutdum yasını
Nazına alışa bilmirəm hələ.

Sındırdı qəlbimi, qəlpəsin sevdim
Kölgəmə çevrildi, kölgəsin sevdim
Sərtinə öyrəşdim, silləsin sevdim
Yazına alışa bilmirəm hələ.

Əlimi uzatdım dumana döndü
Çiçəyin istədim samana döndü
İllərnən susurdu, dil açdı, dindi
Səsinə alışa bilmirəm hələ.

Mən ki, bu sevginin qəmini gördüm
Xəzanın yaşadım, çənini gördüm
Yaxının görmədim, genini gördüm
Üzünə alışa bilmirəm hələ.

Mən ki, bu sevginin ayazın sevdim
Dərinin görmədim, dayazın sevdim
Lap azın yaşadım, lap azın sevdim
Özünə alışa bilmirəm hələ....

Gərək sevməyəydik

Əgər yad idiksə, yad da qalardıq,
Kaş ki, bu görüşdən peşman olardıq.
Yox, gərək ən qatı düşmən olardıq,
Belə sevməyəydik bir-birimizi.

Əllərim əlinə alışmayaydı,
Yuxumuz bu qədər qarışmayaydı,
Göydə ulduzumuz barışmayaydı,
Belə sevməyəydik bir-birimizi.

Kimsəsiz şəhərdə yollarım sənsiz,
Qəminmi əzizdir, özünmü əziz?
Elə görüşmədən ayrılaydıq biz,
Belə sevməyəydik bir-birimizi.

Yazdığın məktublar həsrətə inad,
Viranə könlümü etmir ki, abad.
Hərəmiz bir evin üstündə qanad,
Calaya bilmirik taleyimizi,
Gərək sevməyəydik bir-birimizi.

Azıb mənzilini ümid qatarım

Tamam sönməyibdir bu od, bu ocaq.
Bəlkə də bir ara közərəcəyik.
Hələ üşümürük, yanır oduncaq,
Hələ qəlbimizə isti əlcəyik.

Tamam sökülməyib korpülərimiz,
Keçməyə bir ümid yolu var hələ.
Hələ ki yağışdan gizlənirik biz,
Qarşıda leysan var, dolu var hələ!

Azıb mənzilini ümid qatarım.
Yarımçıq yolların bitəcəyi var.
Ayrılsaq özümü hara aparım?
Ünvan tapılmır ki, bitəndə yollar.

Hansımız haqlıyıq, hansımız haqsız?
Fikirdən yorulub artıq ürək də.
Bir quru çinaram qolsuz-budaqsız,
Məni yıxa bilər zəif külək də.

Bu ocaq getdikcə sönür, tükənir.
Kül yanmaz üstünə od atsaq da biz.
Ayrılıq gələcək, yol geri dönür,
O anı, o günü yubatsaq da biz!...

Təzad

Qəlbinə nə qədər kədər salırsan,
Məni ürəyinə salmırsan ancaq.
Ah, necə qəddarsan, necə qəddarsan,
Qıymırsan, düşmənim olmursan ancaq.

Get də söyləmirsən, qal da demirsən,
Şah da eyləmirsən, qul da demirsən,
Ömürlük qismətim ol da demirsən,
Qapının ağzından qovmursan ancaq.

Şairlik edirəm məhəbbətimlə,
Arxanca düşürəm qətiyyətimlə,
Üzümə baxırsan lal həsrətinlə,
Həsrətli gözümə dolmursan ancaq.

Ya üşüt qışında, yada ki, yandır,
Arzunu bu qədər üzmə amandır.
Qəsdimə durmusan neçə zamandır,
Gəlib də canımı almırsan ancaq.

Bütün şeirlərim ayrılıq dadır

Bütün şeirlərim ayrılıq dadır.
Yazası bir sözüm qalmadı artıq.
Biz nəsə yaşadıq, nəsə yaşadıq,
Qısa bir ətəkli, kürəyi açıq.

Biz nəsə yaşadıq, olmadı adı.
Fahişə qadına bənzədi bəzən.
Biz onu min kərə küçəyə atdıq,
Sonra yaxaladıq kimləsə gəzən.

Getdi dodağının boyası gecə,
Şişkin gözlərində doğuldu sabah.
Biz nəsə incitdik elə indicə,
Biz nəsə yaşadıq, ünvanı günah.

Bürün gödəkcənə soyuyub bahar.
Hisslərin zökəmi sağalmaq bilmir.
Dünən ikimizi gəzdirən yollar,
Bu gün ayağımın altına gəlmir.

Sənsiz yaşamağa alışıram mən.
Xəyalın tavandan gülür üzümə.
İçimdə bir sevgi can verir bədən.
İçimdə bir sevgi ölür, üzülmə.

Sevgimin noyabrı

Bu da sevgimizin son noyabrı,
Yenə də nəyinsə sonuna gəldik.
Gözündə bir ovuc dəniz var sənin,
Ağlama, suyunda bata bilərik.

Hava xətalıdır, küləyi dəli.
Yoxsa sevgimizdir soyuğu duyan?
Qorxuram payızda tərk etsəm səni,
Bir daha baharda səni tapmayam.

Həyat başdan-başa qəribəlikdir,
Görüşlər yaradar, ayrılıq salar.
Kiminsə cibində qara qəpikdir,
Bizim gözümüzdə mühüm olanlar.

Nə deyim taleyin yazısına mən?
Niyə görüşdük ki, niyə ayrılaq?
Təpədən dırnağa payız kimiyəm,
Yarpaqsız budağam, budaqsız yarpaq.

Sənsiz yaşamağa alışam gərək,
İndidən unudam, yoxsa gec olar.
Bu da sevgimizin son noyabrı,
Hələ ayrılığın dekabrı var.....Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ