Ayrılığın izləri var əllərimdə - Məlik Cahanın şeirləri

Tarix:8-01-2018, 22:30 Baxış Sayı:1901

Ayrılığın izləri var əllərimdə - Məlik Cahanın şeirləri

Manera.az gənc şair Məlik Cahanın şeirlərini təqdim edir


***
Səndən sonra beləyəm mən
Ömrüm-günüm qarmaşadı
Bir quyunun içindəyəm
Gələn-gedən bir daş atır..

Nə gücüm var, nə hünərim,
Çıxdı getdi sevdiklərim..
Sən gedəli kirpiklərim
Yanaqlarıma yaş atır..

Həsrətin yanğısı sərtdir,
Dözmək olmur, qiyamətdir
Yoxluğun elə bir dərddir
Nə öldürür, nə yaşadır..

SƏNİ BAĞIŞLAYIRAM

Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.

Səni bağışlayıram
doğulacaq körpənin
balaca süd dişinə.

Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.
Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.

Səni bağışlayıram
kimsəsiz məzarların
şəkilsiz baş daşına.
Səni bağışlayıram
oyuncağı qırılan
uşağın göz yaşına.

Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə.

SÜTUNSUZ ŞEİR...

Burdan aydınca görünür,
Yer kürəsi balacadı,
lap balaca, qollarını aç, qucaqla.
Burdan səni də görürəm,
dəli şeytan deyir ki,
elə indi ona tərəf qaç, qucaqla.

Amma...
Bütün gözəl cümlələrin "amma"sı var.
Ayrılığın izləri var əllərimdə,
bir də səni düşünəndə,
ürəyimin ağrıması, yanması var.

İndi ən az şimal qütb ulduzu qədər uzaq,
və şimal qütbü qədər soyuqsan.
Fəzalar arası boşluqdayam, gəzirəm...
Başqa planetlərdə yaşayış varmı?
Əlbəttə, yox! Hardan olsun?!
Başqa planetlərdə sən yoxsan.

Fəzalar arası boşluqdayam.
Yer kürəsini tapıram
və uşaqca bir ümidlə burdan
sənə əl edirəm.
Mənə görə narahat olma,
deyəsən, tapmışam unutmağın yolunu.
Hər gün Yer kürəsinə baxıb ağlayıram,
hisslərimi göz yaşımla həll edirəm.

Bu sütunsuz şeirdir
bir dəfə oxusan da yetər,
ürəyinin hər yerinə dağılacaq.
sən darıxma, inan mənə,
hər gün qopartdığın yaralar da
bir gün mütləq sağalacaq...

SƏNSİZLİK ŞƏHƏRİ...

Bu şəhər Bakı deyil,
Sənsizlik şəhəridir.
Sənsiz açılan hər gün,
Kədərin səhəridir.

Bu şəhərin adını,
Mən “Sənsizlik” qoymuşam.
Çünkü sən gedən gündən,
Sənsizliyi duymuşam.

Gecələr zaman getmir,
Xarab olur saatım.
Sən məni tərk edəndən,
Buradır qeydiyyatım.

Ayrılıqlar şəhəri,
Ayrılanlar limanı.
Bilirsən,bu limanın,
Cəhənnəmdir hər anı.

Bircə mən gəzmirəm ki,
“Nakam eşqlər” küçəsin.
Bu küçə öldürübdür,
Məndən öncə neçəsin...

Sən elə düşünmə ki,
Burda hər yer işıqdır.
Qaranlıq küçələrdə,
Duyğular dolaşıqdır.

Yayı da qış kimidir,
Sənsizlik şəhərinin.
Gözüm dolur hər gecə,
Yeri dolmur birinin...

İnan ki,çox çətindir,
Yoxluğuna alışmaq.
Səni unuda bilmək,
Unutmağa çalışmaq.

Dərdlini dərdli anlar,
Məni anlamır çoxu.
Nə bir ümid qalıbdır,
Nə sən varsan,nə yuxu...

Nə olsun var yataqda,
“Gəl yat” – deyən döşəkçə.
Gör nə vaxtdır yatmıram,
Şirin-şirin qəşəngcə...

...Bax belədir günlərim,
Sənsizlik şəhərində.
Yalvarıram qayıt gəl,
Fəsillərin birində...

XARABA

Burda hər tərəf kədər,
Hava da pis havadır.
Biz lənətlənmişlərik,
Bura da xarabadır.

Burda nəfəs almağı,
Yaşamaq zənn edirlər.
İnsanlar pula görə
Bir-birini didirlər.

Burada yox məhəbbət,
Saxtalaşıb sevgilər.
İnsanlar yalnış vaxtda,
Yalnış birin sevdilər.

O qədər qəlizdir ki,
Həyatı qanmaq olmur.
İndi güzgüyə belə,
Artıq inanmaq olmur.

Lal olur xarabada,
Susur,vicdanlar susur.
İnsanlar arzuların,
Dar ağacından asır.

Buralar ofsunlanıb,
Yaşanacaq yer deyil.
Həyat bir şey verdisə,
Sənə beşin “Ver” deyir.

Bu xaraba qalmışın,
Hər tərəfi küləkdi.
Burda yaşamaq elə
Ölümü gözləməkdi.

Keçirtmə öz ömrünü,
Ölümü gözləməklə.
Uçuruma qaçınca,
Xoşbəxtliyə iməklə.

Ya da danış dərdini,
Dünya görmüş şəraba.
-Biz lənətlənmişlərik,
Buralar da xaraba...

QADIN

Bəlkə də bu şəhərdə əsən bütün küləklər
Nə vaxtsa üzdüyümüz bir qadını nəfəsi.
Bəlkə də bu küləklər ora-bura sovurur,
Cırdığım şəkilləri...Bir küncdədir hərəsi.

Bəlkə də bu şəhərə vaxtsız yağan yağışlar,
Otağında ağlayan bir qadının göz yaşı.
Bəlkə də ayrılıqlar çoxaldı bu şəhərdə,
O yağışlı gecələr yalnızların yoldaşı.

Bəlkə ayrılıqları birdəfəlik unudub,
Bütün yaşanmışlara “oldu-keçdi” deməli.
Bəlkə də qadınlardan Allahın yox xəbəri,
Bütün gözəl qadınlar bir şeytanın əməli.

İKİMİZ DƏ SEVİRİK

Bilinmir bu sevginin,
Nə əvvəli,nə sonu.
İkimiz də sevirik,
O özgəni,mən onu.

Tutulur dil-dodağım
Onu gördüyüm anda.
Dünya boşalır sanki,
Dayanır vaxt,zaman da.
İtirirəm özümü,
Belə bir həyacanda.
Titrəyir səs tellərim,
Düşür səsimin tonu.
...İkimiz də sevirik,
O özgəni,mən onu...

Bilirəm heç bir şeyin,
Yoxdur alınacağı.
Bəlkə də göz yaşlarım
Söndürüb bu ocağı.
Neçə vaxtdır küsmüşəm,
Ürəyimdən açığı.
Uçuruma aparır,
Dəyişdirmir yolunu.
...İkimiz də sevirik,
O özgəni mən onu...

Artıq gedə bilmirəm,
Nə irəli,nə geri.
Silib ata bilmirəm,
Nə onu, nə kədəri.
İndi mən yoxluğunun,
Dibinə düşmüş biri.
Hər kədərli mahnının,
Eşidilməyən fonu.
...İkimiz də sevirik,
O özgəni,mən onu...

GEDƏNDƏ

Ayrılğa necə gedir hazırlıq?
Bəlkə məni dindirərsən gedəndə?
Son bir dəfə dalaşarıq səninlə,
Cin atına mindirərsən gedəndə.

Anlamadın məhəbbətin dadını,
Mənsə yazdım ürəyimə adını,
Ayaqüstü içimdəki qadını,
Baxışınla öldürərsən gedəndə.

Biraz köhnə şəkillərə baxarsan,
Nə vaxt çıxsan,səs salmadan çıxarsan,
Sənə zəhmət qapını da sıxarsan,
İşığı da söndürərsən gedəndə...



****
Dəli küləklər əsər,
küləklər şəhərində.
Yenə işıqlar sönər,
yenə yoxdur şamımız.

Yenə yağışlar yağar
tavandan döşəməyə.
Bu qaranlıq içində
yenə damar damımız.

Yenə də darıxmağın
zirvəsinə çatarıq.
Yağış...Qaranlıq otaq,
darıxarıq hamımız.

Və birdən mesaj yazar:
- Salam,darıxmışam çox...
Bizə ən uzaqdakı,
ən yaxın adamımız..



***
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.

Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.

Öyrəşir...Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur...

Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi...


***
Mən gələn deyiləm bir də dünyaya,
Ölərkən unudun, yox sayın məni.
Bir köhnə paltarda,köhnə geyimdə.
Torpağa tapşırın arxayın məni.

Qayıdan deyiləm öz əvvəlimə,
Göz yaşı tökmədən ağlasın hamı.
Şəklimi divardan asmayın nolar,
Onsuzda asırlar ölmüş adamı.

Dünyadan əliboş əl üzmək çətin.
Bir ümid yeri var hər acizində.
Baş daşı qoymağa tələsin mənə,
Məndə bir daş olum,bu yer üzündə.

Adamlar unudur bu gün dünəni,
Ən sonda çevrilir,həyat daslara.
Üçümdə yaxınlar xatırlar məni,
Qırxımda düşmərəm heç yaddaşlara....Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ