Bir vaxt sevdiyim qadınlar...- Şeirlər

Tarix:1-01-2018, 21:48 Baxış Sayı:149

Bir vaxt sevdiyim qadınlar...- Şeirlər
Manera.az Səxavət Sahilin şeirlərini təqdim edir:

***
Biz ayrı-ayrı evlərdə,
ayrı-ayrı yataqlarda yaşayırıq.
Hələ də çarpayılarımız arasındakı
məsafə qədərdir ayrılığımız.

Yad qadınların nəfəsi
qızdıra bilmir bədənimi,
soyuq divar kimiyəm,
buz parçası kimi rəngsizəm.
Üşüyə-üşüyə yaşamaq necə olur ki?

Öz yatağında yad adam kimi yatmaq,
səhər oyananda yanındakına
heç nə demədən getmək
özünə və başqasına yadlaşmaq deyilmi?

Yataqda yad qadınlar
bir neçə cəhddən sonra adiləşir.
Sən isə mürəkkəbləşirdin
və cəhdlər kvadrata yüksəlirdi...

Hər dəfə yatanda oyanmaq,
hər dəfə oyananda yatmaq istəmirəm.
Tarix təkrar olunsa da,
keçmiş təkrar olunmur.
Amma təsəlli üçün
çarpayılarımızı dəyişə bilərik.

QADINLAR ÜÇÜN QEYDLƏR

1.
Kişilər darıxmasın deyə
yaradılan qadınların kişilərlə mübarizəsi
“Paltaryuyan” və “Qabyuyan”nın
ixtirasından sonra bekarçılıq əlamətidir.
“8 mart, “Qadın hüquqları”,
“Gender bərabərliyi” də əslində
qadınların qulağına deyilən xoş sözlərdir.

2.
Kişisiz qadın
taleyindən şikayətlənib deyingən olur,
qadınsız kişi isə İsa kimi peyğəmbər.
Həyat arzulardan yox,
yaşamaqdan ibarətdir.

3.
Kişilər öləndə torpağa,
qadınlar öləndə isə kişiyə qayıdır.
Qayıdacağınız yerə etiraz etməyin.

4.
Qadınların qabırğadan yuxarı
qalxmaq istəyi
faydasız iş əmsalına bərabərdir.
Gedin mübarizəni Tanrıyla aparın,
sizi qabırğadan yox,
palçıqdan yaratsın.

DODAQLARINLA ƏLLƏRİNİ GÖNDƏR

Təkəm, darıxıram...
Özün gəlməsən də,
dodaqlarınla əllərini göndər -
yəni əllərin dodaqlarını gətirsin.
Səni bütövlükdə istəyə bilmirəm.
Bir az cəsarətsizəm,
bir az da məsuliyyətsiz...
Bacarırsansa, hissələrə bölün,
məsələn, bir dəfə
saçlarından kəs göndər.
Bacarmasan,
gecə köynəyini göndər,
gecələr sinəmin üstünə sərim.

Mən heç vaxt bütöv olmayacam,
uşağın əlindən düşən
dondurma kimiyəm.
Bəlkə də
bölünüb yaşamaq daha yaxşıdır -
ağrılar güc gələ bilmir.
Eh... nə bilim, həyatdır da.

İndi sən gərəksən,
təkəm, darıxıram...
Özün gəlməsən də,
nəsə göndər...

BİR QIZ GƏLİB ÜRƏYİMİ APARA…

Yanımda bir
ipək saçlı qız ola,
gözlərimi telləriylə bağlaya.
Əllərimi
çıxarıb verəm ona,
əllərimi əllərində saxlaya.

Yanımda bir
qaynar gözlü qız ola,
baxışları
lap alovu andıra.
İstisinə gözlərimi qızdıram,
…razıyam ki,
ürəyimi yandıra…

Yanımda bir
şirin dilli qız ola,
məhəbbətdən mənə
nağıl danışa.
Dinləyərəm
səhərəcən olsa da,
darıxıram,
bəlkə, başım qarışa.

Yanımda bir
könül duyan qız ola,
alıb, ürəyimi
lap yerindən qopara.
Ürək mənə
gərək deyil, İlahi-
bir qız gəlib
ürəyimi apara...

ƏLLƏRİN MƏNDƏN SONRA

1.
Əllərinə toxunmadım-
nə vaxtsa
xına yaxılanda
ovucların
gizildəməsin qoy.
İndi sənə görə
əllərimin
zəhləsi gedir məndən.
Əllərinə toxunmadım-
qabarlı
kişi əllərinin içində
barmaqların
göynəməsin,
heyifdir.
İstəmədim
səndə nəyimsə qalsın.
Əllərinə toxunmadım...
özümdən sonra
xatirə saxlamağı
xoşlamıram.
Əllərinə toxunmadım-
bunu özümə
bağışlamıram...

BİR VAXT SEVDİYİM QADINLAR

Bir vaxt sevdiyim qadınlar
indi kiminsə döşək ağını yumaqla,
uşağının pampersini dəyişməklə məşğuldu.

Bir vaxt əllərindən tutmaq istədiyim qadınlar
indi mətbəxdə əllərindən yorulur.

Bir vaxtlar yollarını ayağıma yığdığım qadınlar
indi ayaq səsinə qapı açmağa vərdiş edib.
Həmin qadınlar axşam gələn kişinin
əllərindəki torbanı gözləməkdədir.

İndi o qadınlar evə yorğun gələnə çay süzüb,
onu içəni maddım-maddım süzüb
ərli qadın olduğuna sevinməklə məşğuldu.

İndi o qadınlar çox məşğuldu,
İndi mən bekaram.
İndi mən heç nə... elə belə özüm üçün bekarlayıram...
...həmin qadınları yada salmaqla təkrarlayıram.


***
Azadlığını üstün tutdun xoşbəxtliyindən.
Unutma ki, bir yerdə olmur heç vaxt
azadlıqla xoşbəxtlik...

Bədənin bahasına azad oldun -
əvvəlcə yaxanı açdılar,
sonra qapıları...
Bilirsən ki, qarşılıqlı olur
istəklər həmişə.

Bədən ölçülərin qədərmiş
azadlığın sənin,
maksimum 90-60- 90-dır.

Əslində, xoşbəxtlik daha kiçik olur,
məsələn, balaca bir nöqtə boyda.
Elə qadın var ki, hətta pay verər
nöqtə xoşbəxtliyindən,
eləsi də var ki -
lap elə sənin kimi -
bədbəxt olar azadlığından.



***
Yaşamaq
yazılmayan qanunların
tale yazısıdı - poza bilmirsən.

Həyat
pəncərədən baxan qız uşağının
gözlərinə düşən günəş kimidir -
Bəzən aldanıb yaşayırıq.

Həyat
insanların yaşamaq cəhdlərinin
mənasız həndəsi silsiləsidir -
Arzularının səndən şimalda
gercəkliyin səndən cənubda olmasıdır.

Həyat
istədiklərini sənə diktə etdirən
qadın kimidir.
İstəklərin su şəklində
gözündən çıxıb reallaşıbsa,
deməli, yaşamayıbsan!

Həyatla yaşamaq
uydurma ilə təsəllinin
cəminə bərabərdirsə,
onda, dostum,
əlini üz yerdən, göydən -
ölüm böyük bərabərdir hər şeydən.



***
Həqiqəti gizlətmə,
Tanrıdan ki, qaçmaq mümkün deyil.
Olduğun kimi görün,
məsələn, gecə klubunda
dor ağacı kimi uzanan dirəyə
sarmaşa-sarmaşa striptiz göstər
əyləncəyə gələnlərə.
İnan ki, belə görünürsən!

30 yaşından sonra
dor ağacını xatırlayıb
dar ağacı axtarma.
Cəsarətli olmaq lazımdır
intihar üçün.

“Yaxşı oğlan”a ərə getməyin axırı
atasız uşaq böyütmək olur.
Unutma ki,
atasız uşaqlar böyümür heç vaxt-
Nə vaxtsa həyatı da günahlandırma.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ