Keçdim səndən də birtəhər, yıxılmadım sənsizliyə..- Şeirlər

Tarix:30-12-2017, 20:47 Baxış Sayı:696

Keçdim səndən də birtəhər, yıxılmadım sənsizliyə..- Şeirlər
Manera.az şair Qismət Məsimin şeirlərini təqdim edir:

***
Tapammıram xeyli vaxtdı
Hardasa vaxt itirmişəm.
Yığıram ömrü gözümə,
Görən nə vaxt itirmişəm.

Payızın qapısın döyüb,
Açıb görürəm qış düşüb.
Ağ günlərin sənədləri
Saçlarımla yanlış düşüb.

Bu qədər təklər içində
Yenə kimsə yalqız qalıb.
Tanıtmadım insanlara,
Dərdim evdə qız qalıb.

Sənə çatmaq, səni ötmək,
Bir az qaranlıqdı küçə.
Bütün sevgi nağıllarım,
Gözlərində dönür heçə.

Keçdim səndən də birtəhər,
Yıxılmadım sənsizliyə.
Daha yağmurlu hava da
Şeir yazmır bu sevgiyə.

Ağlına gəlsəm, bağışla
Bağışla deyim hardasan.
Unutmaq üçün getmişdim,
Çatıb gördüm ordasan.

Şeytan da əl üzüb məndən
Allah sən də burax gedim.
Havam çatmır bu sevgidə
Atın bir az uzaq gedim...

BİR TƏBİƏT ŞEİRİ

A çay, məni özünə qat,
qumun olum,daşın olum..
itim batım bu səsində,
bir azca yoldaşın olum..

kimisə tox eliyəcək,
ac balıqla gecələyim..
bir balıqçı tilovunu
ümid olub silkələyim..

bir küləkli yağış gəlsin,
paltarımı yel aparsın..
dünyaya yenidən gəlim
yaddaşımı sel aparsın..

A çay, məni özünə qat
bir az su ömrü yaşayım..
axa-axa təmizlənim
sonra bu ömrü yaşayım....


***

Və ac,susuz
Və sakit saralmış
rənglə...
bütün restoranlara
"axşam görüşərik"
deyə-deyə...
hərdən vaxt getsin deyə
xeyli iş görə-görə..
uzanıb televizorabaxıb..
Heç kimlə çay içməyə
getmədən...
heç bir siqaret
heç bir fikir çekmədən..
yalandan çıxıb evdən
baxa-baxa
qarşındakı yola...
iftar kimi gözlədiyin ola!


***
Səni hər görəndə dəli oluram
Gərək belə gözəl doğulmayaydın..
Ya mənim gözümə baxmayaydın heç
Ya da ki ömürlük mənim olaydın...

İmkansız...əlinə toxunmaq belə
Bəhanə gəzirəm söhbətləşməyə
Mən heç vaxt baxmıram üzünə amma,
Mən sizə gəlirəm səni görməyə

Deyəsən ağlına gəlmirəm daha
Vallah başqa bir gedən yerim yox
Ya ağlın ünvanın dəyişib tamam
Ya da mən ölmüşəm heç xəbərim yox

Ağ rəngli yoldu bu aydın görünən
Xatirə-ağ üstə bozumtul işıq
Elə unudursan guya o yolu
Toz-duman eləyən biz olmamışıq

Beləcə xəbərsiz itib gedəndə
Geridə izindən bir xəbər bil get
Məni toz içində qoyub gedəndə
Üstünü təmizlə üstünü sil get


***
Bəxtim aydın səma mən gün görmürəm,
Bilmirəm qalmışam nə kölgəsində.
Adamın gülüşü xəyala dalır,
Böyük arzuların düşüncəsində.

Yüyürsəm nəfəsim çatarmı görən,
Bir dua yolu var məndən arzuya.
Hə dəfə arxamca su atan zaman,
Anamın göz yaşı qarışır suya.

Bu qədər istiyə alışmır hələ,
Kimin ölüm günü isidər səni .
Hardasa bir isti ocaq küncündə,
Bilirəm bir soyuq düşünür məni.

Nə bilim sonuncu sözüm hansıdı,
Hansı vəfasıza nəğmə yazacam.
Səhərdən səsinin sehrində idim,
İndi başdan başla qulaq asacam.

Sevgimin alnında tər damlasısan,
Sevmək gecikəndə ağlamaq deyil.
Saatı nəbzinin üstə bağlamaq,
Nəbzini zamanla bağlamaq deyil.

Bəzən həyat rəngi düşür sevgiyə,
Sanırsan bahalı ürək qurtarıb.
Adam xanımına şeir oxuya,
O da qayıda ki çörək qurtarıb.

Nəyindən bezmisən asa bilərəm,
Bir edam ağacı göyərdib dərdim.
Amma sən ümid ver qalxım ayağa,
Tabut taxtasından ömür düzəldim.

Yaxşı dəli çıxar məndən istəsən,
Heç nə istəmirsən ürəyi buzsan.
Deyirsən şeirdən nə tapmısan sən,
Mən şeir yazmasam sən adi qızsan.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ