Eşqdir ürəyin dini - Şeirlər

Tarix:15-11-2017, 12:13 Baxış Sayı:171

Eşqdir ürəyin dini - Şeirlər
Şahinə Könülün şeirləri

YOL

Min yol gedir bir yerə,
Bir gedir minə doğru.
Hamının yönü birdir,
Hərə bir yönə doğru.

Baxdım içimdə çoxdum,
Çıxdım çölümə, yoxdum.
Dünəndən bəri baxdım,
Sabahkı günə doğru…

Axtar, gəz, gör hardayam,
Gizlində, aşkardayam.
Sən hardasan, ordayam,
Gəlmə sən mənə doğru.


***
Haqqa düz yol hardan olur?
Axtar, gəz, yol hardan olur.
Gündə yüz yol vardan olur,
Bu yoxluqdan var olanlar.

Döyüşdü – öz qəlbi boyda,
Döyüşməyir sel bu boyda.
Genişdi öz qəlbi boyda,
Öz əyninə dar olanlar.

Könül dindi: Könül, dedi,
Bütün yollar könüldədi.
Məcnunla bir könüldədi
Yaradanla yar olanlar.

ÜRƏYİM

Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?

Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?

Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!

İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim.

QARIŞQALAR

Mən sizi öldürmürəm,
Yaşayın, qarışqalar.
Sizin də bu dünyada
Yaşamaq haqqınız var.

Sizin də istəyiniz,
Sizin də sevginiz var.
Yox, sizi öldürmərəm
Dünya sevgisiz qalar.

Bu dünyanın ən duru,
Ən təmiz sevgisi - siz.
Bəlkə də siz Allahın
Ən əziz sevgisisiz.

Bəlkə də sizi yerə
Qəsdən göndərib Allah.
Göndərib, biz bəndələr
Sevginizdən dərs alaq.

Bir qarışqa hayına
Qarışqa qoşun gəlir.
Baxıram bu sevgiyə,
Baxıram, xoşum gəlir.

İnsan olan insanın
Hayına çatmır, bacım.
Bəlkə əl tutmaq üçün
Qarışqaya əl açım?

Dünyanın sevgi yolu
Desələr hardan keçir?
O, burda - Yer üzündə
Qarışqalardan keçir.

Yox, sizi öldürmərəm,
Yaşayın, qarışqalar!
Siz ölsəz Yer üzündə
Fikirdən qırış qalar.

NAĞIL

Gəlsənə sənə danışam,
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin,
Bir şıdırğı yaz nağılı.

Söyləyim, öyrən qədərin
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.

Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı.


***
İçimdə heç nə yoxdu,
Allah bezib içimdən.
İçimdə hər şey çoxdu
Allah azıb içimdə.

Görüncə öz yarının
Şeytanla bazarını,
İçimin məzarını
Allah qazıb içimdə.

Açılmır sirri-Xuda,
Özünə sirdi Xuda.
Bu şeri də qorxudan
Allah yazıb içimdə.

Laxlayıbdı özülü,
Özüldən qan süzülür.
Dözəmməyib özünü,
Allah asıb içimdə.

QAYTAR

Allah, bu nə sitəmdi,
Məni özümə qaytar.
Qismətimdən qaçmışam,
Alın yazıma qaytar.

Sirrimi quşdan çıxart,
Ağacdan, daşdan çıxart.
Bu qarlı qışdan çıxart,
Güllü yazıma qaytar.

Məni bu məndən qopar,
Ruhu bədəndən qopar.
Görsən lazımam, apar,
Görsən lazımam, qaytar

MƏNİ

Ruhum dara çəkilir,
Bu dardan qurtar məni.
Gəl apar uzaqlara,
Gəl, burdan qurtar məni.

Buralar qan qoxuyur,
Qanlı qəfəs toxuyur.
Bir anadil oxuyur:
Ağar dan, qurtar məni.

Dolmuşam, yağım gedim,
Abrımı yığım gedim.
Gəlmişəm, çıxım gedim
Yaradan, qurtar məni!



***
Bahar çiçək ömrüdü,
Gömgöy dilək ömrüdü.
Bahara çək ömrünü,
Qışına bel bağlama.

Aydı, gündü, saatdı,
Ömürlə zarafatdı.
Bu dünya amanatdı,
Daşına bel bağlama.

Varıb görmüşən sonu,
Görüb, bilmişəm bunu:
Tanısan da dostunu,
Aşına bel bağlama.

ÖMRÜM

Dünyaya dünən gəldi,
Bu gün köç etdi ömrüm.
Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm.

Ruhuydu, uçdu getdi.
Safıydı, suçlu getdi.
Əlimdən qaçdı getdi,
Gözümdən itdi ömrüm.

Oxşamadım bircə gün,
Hər günü qəmə sürgün.
Məndə məndən didərgin
Yaşadı, bitdi ömrüm.

ALLAH

Hara gedim, mən bəndən
Bu yer üzündən, Allah?
Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!

Sonuncu ümidimin,
Sonuncu şamı söndü.
Yaşamaqdan, yazmaqdan
Könlümün üzü döndü.

Of… Necə də zalımmış,
Zalımmış bu adamlar.
Bu adamlar içində,
Ürəyimə qan damar.

Hardan gəldim dünyaya,
Gəldiyim günə lənət!
Bu dünyanı dərk edib,
Bildiyim günə lənət!

Bu adamlar qoymadı,
Ömrümü yaşayım mən.
Ömür də bəhanədir,
Özümü yaşayım mən.

Bu adamlar içində,
Adam ola bilmədim.
İntihar edə bildim,
Edam ola bilmədim.


***
Dünya yaman soyuqdu,
İstilər, ay istilər.
Başım üstən küləklər,
Əsdilər, ay, əsdilər.

Yordu məni o ki, var,
Boş-bekara qayğılar.
Təmiz hisslər, duyğular
Küsdülər, ay, küsdülər.

Ha dedim, ürək, qorun,
Çiçəksən, çiçək, qorun.
İndi də korun-korun
Tüstülə, ay, tüstülə


**
Eşqdir ürəyin dini,
Eşqə tut ürəyini.
Eşqdən at ürəyini,
Nəsimilik yayılsın.

Qəza-qədərə tuşdan,
Təzə kədərə tuşdan.
Gərəkdir Eşqə tuncdan
Nəsimilik qoyulsun.

Kafirdir Eşqə asi,
Küfrdür Eşqin yası.
Hər yanı yuxu basıb,
Nəsimilik ayılsın.

Gərək təzə gün yaxa,
Günəş qabıqdan çıxa.
Çəkin, çəkin çarmıxa,
Nəsimilik soyulsun!


***
Astarlar üzə çıxdı,
Üzlər daşa dirəndi.
Yol gəlib dizə çıxdı,
Yol yoxuşa dirəndi.

Heç bilmədim ki, niyə
Ömrüm qaldı indiyə…
Daha bıçaq sümüyə,
Balta başa dirəndi.

Gözdən itdi son gəmi,
Qaldı dəryaca qəmi.
Gəldi ayrılıq dəmi,
Gözüm yaşa dirəndi.


***
Baxtına gün doğmadı,
Endi qüruba ömrüm.
Məndə mənsiz yaşadı,
Mənim qəribə ömrüm.

Könlünü daşa verdi,
Sevdi gömgöy otları.
Xatirələr yeriydi,
Ürəyinin çatları.

Gözü nələr görmədi,
Nələr çəkmədi başı…
Dost dediyi yağıydı,
Qənimiydi qardaşı.

Of… ömrüm, yazıq ömrüm,
Qədrini kimsə bilməz.
Bu elə ömürüydü,
Getdisə, bir də gəlməz…


***
Şirin, acı dostlarım,
Sağ olun, mən də getdim.
Ömrü-günü yığşırıb,
Dan söküləndə getdim.

Sizi çox sevdim, bilin,
Öldüm, sevinin-gülün.
Hərdən yığılın gəlin
Dalımca kəndə, getdim.

Ta sözdən məst olmuram,
Sözlə nəfəs almıram.
Ta sizə dost olmuram,
Allaha bəndə getdim.


***
Ömür ölüm yuxusu,
Keçib getdi çoxusu.
Ayılanlar oxusun
Hər səhər bu şerimi.

Özündən çıxan ruham,
Özünü yaxan aham.
Savabam, ya günaham?
Bilən yoxdu sirrimi.

Səndə, məndə, ondayam,
Ancaq bircə dondayam.
Əvvəldəyəm, sondayam?
Yanılmışam yerimi.


***
Tanrım, yerə sığmıram,
Göyünə qaldır məni!
Bu gen ömrə sığmıram,
Ömür daraldır məni.

Çaşıb gəldim dünyaya,
Mənim yerim deyilmiş.
Yazdığım bu şeir də,
Mənim şerim deyilmiş.

Tanrım, eşit səsimi,
Mən ki, sənin bəndənəm.
Yalanmış atam, anam,
Ruh Səninsə, Səndənəm!

Məni Özünə qaytar –
Özünə çatsın ruhum.
Bəsdi, bu boyda yatdım,
Məni oyatsın ruhum.


***
Dünyanın sonu gəldi,
Doyunca güldüm bu gün.
Tanrı sirr saxlayırdı,
Sirrini bildim bu gün.

Toz tutmuşdu izimi,
Kül örtmüşdü közümü.
Unutmuşdum özümü,
Yadıma gəldim bu gün.

Bir sehirli yuxuydum,
Bir deyildim, çoxuydum.
Bu fənada yoxuydum,
Var oldum, öldüm bu gün.


***
Bahar çiçək ömrüdü,
Gömgöy dilək ömrüdü.
Bahara çək ömrünü,
Qışına bel bağlama.

Aydı, gündü, saatdı,
Ömürlə zarafatdı.
Bu dünya amanatdı,
Daşına bel bağlama.

Varıb görmüşən sonu,
Görüb, bilmişəm bunu:
Tanısan da dostunu,
Aşına bel bağlama.



***
Şeirə gəldim, şölələndim,
Sönən şamım yandı yenə.
Ürəyimdən güllələndim,
Müşfiq yolu qandı yenə.

Şeirlərim Hadi qoxur,
Alan yoxdu mətahımı.
Yellər açır, yellər oxur
"Əlvahi-intibah"ımı.

Kimə lazım şairliyim,
Cümlə-cahan ayılmayır.
Sabirin ki, Sabirliyi
Zamanında duyulmayır.

Bəlkə əsl ömür budur,
Sonra gəlir sorağı.
Sonra əsrləri udur,
Nazim Hikmət sayağı...

KİM BİLİR

Gedək şehə batmağa,
Gül yuxuda yatmağa.
Gül qoxuya çatmağa,
Kim çatacaq, kim bilir.

Karvan yola gəldimi,
Ürfan yola girdimi?
Ruhanilik dərdimi
Mizrab bilir, sim bilir.

Salıb düyün özünü,
Açammayır izini.
Könül bu gün özünü
Həm bilməyir, həm bilir.

***
Ömür ölüm yuxusu,
Keçib getdi çoxusu.
Ayılanlar oxusun
Hər səhər bu şerimi.

Özündən çıxan ruham,
Özünü yaxan aham.
Savabam, ya günaham?
Bilən yoxdu sirrimi.

Səndə, məndə, ondayam,
Ancaq bircə dondayam.
Əvvəldəyəm, sondayam?
Yanılmışam yerimi.

GÖRƏN MƏNİ ANAM DOĞUB, YA DAĞLAR?

Mənim hələ görmədiyim gün varmış,
Bir əl bağlar, bir əl düyün açarmış.
Könül dağa Ana deyib qaçarmış,
Görən məni Anam doğub, ya dağlar?

Məni dağa çəkən nədir bir belə,
Çəkəmməzdi ocaq belə, pir belə.
Yəqin kimsə görməyibdi sirr belə,
Görən məni Anam doğub, ya dağlar?

Dağlar mənə əl eyləyir, gəl deyir,
Gəl güllərlə, çiçəklərlə gül deyir
Dağlar özü xəbərsizdi, bilməyir,
Görən məni Anam doğub, ya dağlar?

Lalələrə ürəyimdən köz düşüb,
Bənövşəyə taleyimdən iz düşüb.
Nə müddətdir ürəyimə Söz düşüb,
Görən məni Anam doğub, ya dağlar?

Dağlar mənə vüqar verib sınmayan,
Dağlar mənə bahar verib solmayan.
Bircə bunu biləydim heç olmaya,
Görən məni Anam doğub, ya dağlar?

Sığınacam o dağların qoynuna,
Sarılacam o dağların boynuna.
Dağlar məndən, mən dağlardan doymuram,
Görən məni Anam doğub, ya dağlar?


***
Yenə gözlərimdə yetim bir istək,
Yenə də göründü bənövşə dərdim.
Anamın qoynundan çıxandan bəri,
Bənövşə qoxladım, bənövşə dərdim.

Sağım uçurumdu, solum qiyamət,
Ömrümün yolları gör hardan keçir...
Tənhalıq, yetimlik, əzab-əziyyət,
Tərs kimi hamsı bir qatardan keçir.

Yollar ayrıcında tənha bir çinar,
Qalıb qasırğanın qurd davasında.
Kimsəsiz taleyim kimdən nə umar?
Hərə öz hayında, öz havasında.

Bəxtimin boz üzü mənə tanışdır,
Yanıb Kürə qaçsa, Kür quruyandı.
Yanılıb bir azca məni danışdır,
Bir də görəcəksən külüm də yandı.

Buyuymuş o ömür, o gün deyilən,
Mən elə bilirdim başqadır həyat.
Mənəmmiş o ömrü, günü yeyilən,
Mənəmmiş, mənimlə baş qatır həyat.

Günəşi gizlənir, baharı səkir,
Taleyim qar altda bənövşəlikdi.
Görəsən bir kimsə biləcəkmi ki,
Dünyada nə çəkdi, bənövşə çəkdi.


* * *
Kimə deyim, kimdən umum haqqını,
Sevindirə biləmmədim bu ömrü.
Yaralanmış bir budağın köksünə,
Gözlərimdən axıtmışam su ömrü.

Səhralarda çat-çat olub həvəsi,
Yazıq ömrüm-kor ərəbin dəvəsi.
Öz əlimlə hər namərdin, nakəsin
Hədəfinə tuş etmişəm qu ömrü.

Solan güllər saraldıbdı rəngini,
Olan gündən can yanğısı səngimir.
Qara günlər qaraldıbdı rəngini,
Deyən də yox, yağışa tut, yu ömrü.


***
Hardadı dünyanın düz adamları,
Düzlərin üstündə göz adamları?
Ocaq adamları, köz adamları
Yamanca seyrəlib, seyrəlib, Allah.

Qırılıb dünyanın yuxu damarı,
Yuxusuz qoymuşuq çox ağşamları.
Qaralıb dünyanın ağ-ağ şamları,
Odalar göynəyib, göynəyib, Allah.

Bu da bir ömürdü yaşıyır Könül,
Birtəhər yükünü daşıyır Könül.
Bir “Cəngi” çaldırın, üşüyür könül
Ürəyim köyrəlib, köyrəlib , Allah.

ALDI, NƏ ALDI?!

Dünyanın kəc yolu gətirib məni,
Bu səhra ömrümün qumuna saldı.
Anamın qoynundan götürüb məni,
Atamın əlindən aldı, nə aldı.

Mən ki, bu yollara bələd deyildim,
Enişi-yoxuşu görmüşdüm harda?
Qonşudan gəlməyib, evdə bişməyib,
Könlümə uyuşmur hələ yollar da.

Məni heç açmadı bu dünya evi,
Qaranquş köksündə yaşadım ömrü.
Harda bir dağılmış yuva görəndə,
Çör-çöp qırığıtək daşıdım ömrü.

Ömürdən ölümə gedən yollara
Addadım dünyanın içindən keçib.
Dünyanı tərk edib getmək istəyim
Mənə durnaların köçündən keçib.

Dünyanın fırlanan oxu kimiyəm,
Dolana bilmədim, Anam, başına.
Mən də insanların çoxu kimiyəm,
Gəlib yalvarıram, Atam, daşına.

Dünyanın kəc yolu gətirib məni,
Bu səhra ömrümün qumuna saldı.
Anamın qoynundan götürüb məni,
Atamın əlindən aldı, nə aldı...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ