"Neçə dəfə tüpürəsən ki"- Tural İsmayılovun 2 şeiri

Tarix:14-11-2017, 12:11 Baxış Sayı:127

"Neçə dəfə tüpürəsən ki"- Tural İsmayılovun 2 şeiri


Tural İsmayılov

***

Neçə dəfə dua edəsən ki
Allahın taxtı silkələnsin
Ləngər vuran bəşəriyyəti
Yaşamın yumruğuyla tərpətsin.

Neçə dəfə yalvarasan ki
Diktaturaların nəcis qoxan qandallarından
Dəmir biləklər qopsun dünyada
Azadlıq ibadəti ruhlara hopsun.

Neçə dəfə çırpınasan ki
Qalaq-qalaq daşınan zibillər kimi
Say-say insan ölüsü daşınmasın
Meyitlərin qoxusu həyatın üfunətindən qorxsun.

Neçə dəfə tüpürəsən ki
Öz üzünə
Eyni çuxurda bir də büdrəməyəsən
Və saxtakarların üzünə ki
Qazdığı quyularda bizi də boğmasın.

Neçə dəfə intihar edəsən ki
Haqqın yanında boynun qırılmasın
Ağzından çıxan söz mərmiləri
Sinənin ortasında qırılsın.

Neçə dəfə nifrət edəsən ki
Yalnızlığın ən böyük sevgi olduğunu anlayasan.
Qəlb gücünün əzəmətində
Məhv olub gedəsən.

***

Səmimiyyətini qucaqlayıram
Hər axşam yox,
hər vokal səsi gələndə
Səni axtarıram, ey şeiriyyatımın,
Xəyallarımın qadını,
ruhumun ovçusu.
Əllərindən tutmaq yox,
Gülüşlərindən yapışmaq
Dodaqlarından yox
Təbəssümündən öpərdim
Sənin gəzdiyin küçələrdə
Hər ayaq səsindən ritm düzərdim
Bir daha olmamanın şərəfsizliyinə
Səni unutdurmağa çalışan qadınların şərəfinə
Məni unutduğun hər günə söyürəm.
Sənin yoxluğun neçə qadına
"Səni sevirəm" saxtakarlığı deməkdir.
Bir kişi üçün ölmək
Nə vaxtsa və hələ də
Sevdiyi qadının
Başqasının uşağına ana olmağıdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ