manera.az
manera.az

Sinif yoldaşları- Povestdən hissələr

Sinif yoldaşları- Povestdən hissələr


Xülya Cəfərli
***

10.

4-cü gün

Diyar qarnında dözülməz bir sancı ilə oyandı. Ayağa qalxıb əl-üzünü yumağa cəhd etsə də, müvazinətini itirib yerə yıxıldı. İnildəməyə və ilan kimi döşəmədə qıvrılmağa başladı. Birtəhər sürünərək Adnanın çarpayısına yaxınlaşdı. Onu silkələyib oyatdı. Tezliklə Səlim də səsə oyandı. Adnan cəld qaçaraq Diyara su gətirdi. Diyar sudan bircə qurtum güclə içdi. Ardınca dayanmadan qusmağa başladı. Səlim tələsik Klaranı çağırmağa getdi. Diyar isə onu gözləməyə səbr edə bilmədi. İsrarla Adnanın üstünə qışqıraraq onu ayaqyoluna aparmasını istədi. Adnan Diyarın qoluna girib onu qapıya qədər apardı.

Klara tezliklə özünü çatdırdı. Ardınca, qonşu otaqdakı Azadla Kərəm də səsi eşidib gəldilər. Diyar isə hələ də içəridə idi. Nə qədər səsləsələr də, içəridən çıxmadı. Əvvəlcə yoldaşlarına inilti ilə cavab verdi. Bir müddətdən sonra həmin inilti yerini sükuta verdi. Sək-küyü eşidən hamı otağa gəlirdi. Diyar isə çıxmaq bilmirdi ki, bilmirdi. Hamı narahat olmağa başlamışdı. Ona görə də Azad qapını qırmağı təklif edəndə, heç kəs etiraz bildirmədi. Oğlanlar var gücləri ilə qapını çiyinləri, təpikləri ilə qırmağa çalışdılar. Nəhayət, müvəffəq olanda isə Diyar yerə sərələnmiş vəziyyətdə idi. Cəld onu gətirib çarpayıya uzandırdılar. Klara əvvəlcə nəbzini, ürək döyüntüləri yoxladı. Diyarı müayinə etdikcə, Klaranın üzündəki təşviş ifadəsi daha da çoxalırdı. Diyarın saralmış bənizinə, yorğun vücuduna, şişmiş qarnına və ayaqlarına, bədəninin müxtəlif yerlərində yaranan qançırlara nəzər salandan sonra vəziyyətin nə yerdə olduğunu anladı və qorxu bütün varlığına hakim kəsildi.

Artıq demək olar ki sığınacağın bütün sakinləri otağa toplaşmışdı. Təkcə Afşin, Xürrəm və Cabir gözə dəymirdi. Xürrəmlə Cabir yuxarıda səhər yeməyi hazırlayırdılar deyə çox güman ki səsləri eşitməmişdilər. Afşin isə dünənki hərəkətindən sonra boş otaqlardan birində dustaq edilmişdi. Doğrudur, gülləsi boşa çıxmışdı. Lakin hamı yekdilliklə Afşinin təhlükəli olduğuna qərar verəndən sonra onu otaqlardan birində kilidli saxlamaqdan başqa əlac tapa bilməmişdilər.

Yavaş-yavaş Diyarın gözləri aralanmağa başladı. Səda Diyardan özünü necə hiss etdiyini xəbər aldı. Diyar heç nə demədi. Simasında əzablı bir təbəssüm yarandı və fikrə getdi. Sağ əli hələ də qarnını qucaqlayırdı. Səda bu dəfə üzünü Klaraya tutub Diyarı nəyin bu vəziyyətə gətirib çıxardığını öyrənmək istədi. Klara ağzını açmamış, Diyar onu qabaqladı:

“Heç özünə əziyyət vermə, Klara. Bilirəm.”

“Nəyi bilirsən ki?” – Səlim soruşdu.

“Uzun müddətdir ki qaraciyər serrozundan əziyyət çəkirəm.”

Hamı sakitcə qulaq asırdı.

“Bu zibildən çox gec xəbər tutdum. Axırıncı mərhələdəyəm. Sizinlə görüşdüyümüz günün səhəri qaraciyər köçürmə əməliyyatına girməli idim.”

Hər tərəfdən təşviş nidaları ucaldı. “Bəs bizə niyə demirdin?” – Səlim soruşdu.

“Bu, nəyi dəyişdirəcəkdi ki? Desəydim, qapını aça biləcəkdiniz?”

Səlim susdu.

Diyar üzünü Klaraya tutub soruşdu: “Nə qədər vaxtım qalıb? Xahiş edirəm, düzünü de.”

Bayaqdan özünü güclə saxlayan Klara üzünü ovcuna basıb hönkürtü ilə ağlamağa başladı.

“Klara, nə qədər vaxtım qalıb?” – Diyar soyuqqanlı şəkildə sualını təkrarladı.

Klara üzünü əllərinin arasından çıxarmadan, səsi əsə-əsə cavab verdi: “Uzağı bir-iki gün.”

Dəhşətdən hər kəsin nitqi qurudu. Klara axırki qızarmış sifətini əllərinin arasından çıxarıb Diyarın üzünə baxmağa özündə cəsarət tapdı: “Bütün bunlara özün səbəb oldun! Yaxşı bilirsən səbəbini!” Klara Diyara qarşı həm qəzəb, həm də mərhəmət duyurdu.

“Neyləyib ki?” – Dəfnə soruşdu.

“Diyarın intihar cəhdi yadınızdan çıxıb?” – Klara soruşdu. “Tylenol dərmanı ilə özünü öldürmək istəmişdi. O dərman qaraciyərin ən böyük düşmənidir. Hamısı onun fəsadlarıdır. Yüksək dozada qəbul etdiyinə görə qaraciyərinə pis təsir edib. Yavaş-yavaş sıradan çıxarıb. Axı insan özü özünə bunu eləyər?!”- Klara əzablı bir yanğı ilə danışırdı.

Elə bu vaxt Dumanın simasından qaranlıq bir duman ötüb keçdi. Qaşları çatıldı. Üzü həyəcandan qızardı. Tunar isə heç nə demədən otağı tərk etdi. “Klara, nə isə bir çarəsi olmalıdır axı” – Duman dilləndi. Klara başını yellədi. “Necə yəni?! Belə asanlıqla Diyarın ölümünə razı olacağıq?” – Duman səsini bir qədər ucaltdı.

“Kimə gəlirsən, ay Duman? Sən 10 il öncə buna razı idin. İndi birdən birə vicdanın dilə gəldi?” – Diyar ikrahla dedi. Duman heç nə deyə bilmədi.

“10 il əvvəl nə olub ki?” – Elina soruşdu. Sual versə də, üzündən bəlli olurdu ki, eşitməkdən qorxduğu nə isə var.

“Mən intihar eləməmişdim. Heç fikrim də yox idi. Bu gördüyünüz əclaf” – o, sağ əlinin işarə barmağını Dumana tuşladı - “və özü kimi quldur dostları həmin gün Elinanı müdafiə elədiyimə görə dəliyə dönmüşdülər. Ona görə də qisas almaq fikrinə düşdülər. O dərmanları onlar zorla boğazıma tıxadılar. Üstündən də su içirtdilər ki hamısını udduğumdan əmin olsunlar. Sonrası dəqiq yadıma gəlmir. Ya məni vurub bihuş etmişdilər, ya da özüm huşumu itirmişdim.”

“Nə danışırsan?”, “Bəs niyə heç kimə demədin?”, “Aman Allah!”, “Dəhşət!”, - hər ağızdan bir səs çıxırdı.

“Elə bilirdilər ki öləcəyəm. Ona görə də təcili yardımı çağırıb özlərini qəhrəman kimi göstərmək istədilər. Xəstəxanada gözlərimi açanda, yanımda Duman var idi.” Diyar danışdıqca, Duman başını aşağı salırdı. “Yazıq anam eşidəndə ki təcili yardıma Duman xəbər verib, elə bilib ki, bu iblis mənim ən yaxın dostumdur.”

Dumanın simasında müxtəlif duyğuların mübarizəsi gedirdi. Ölümünə saatlar qalan Diyar illər sonra düşməninin keçirdiyi daxili sarsıntılara baxıb təsəlli tapır, sinif yoldaşları isə illərdir bir cinayətkarla münasibət saxladıqlarını anlayaraq dəhşətə gəlirdilər.

“Ona görə də anam onun saatlarla yanımda oturub oyanmağımı gözləməsinə etiraz eləməyib. Hələ üstəlik avam kimi onunla neçə saat dərdləşib də” – Diyar iki il öncə rəhmətə gedən anasını xatırlayıb gülümsədi.

“Anana, məktəb müdiriyyətinə niyə heç nə demədin? Onsuzda ən pisi başına gəlmişdi də. Nədən çəkinirdin ki?” – İllər sonra gün üzünə çıxan qaranlığın zülməti Dəfnəni dəhşətə gətirmişdi. “Bu caninin başqalarının da canına qəsd etmədiyini nə bilirik ki?” – Dəfnə Dumana nifrətlə baxaraq dedi. Bütün yoldaşları Dumana qəzəblə, kinlə baxırdılar. Lakin nədənsə Dəfnənin baxışları ona hamısından daha ağır gəlirdi.

“Çünki oyanan kimi mənə hədə-qorxu gəldi. Məni ən zəif yerimdən vurdu.”

Duman otaqda var-gəl etməyə başladı. Hiss olunurdu ki, Diyarın demək üzrə olduğu sözləri eşitməkdən qorxur.

“Məni anamla qorxutdu. Anam balaca bir təşkilatda mühasib işləyirdi. Duman dedi ki, atasının hər yerə əli çatır. Anamın müdirini də yaxşı tanıyır. Bircə sözü ilə anamı fırıldaqçılıqda, külli miqdarda pulu mənimsəməkdə ittiham etdirə bilər. Yazıq anamı həbsxanada təsəvvür eləmək belə ölümdən betər idi mənim üçün. Üstəlik, ondan başqa kimsəm yox idi. Duman da bunları çox gözəl bilirdi. Dedi ki, əgər hamıya intihar elədiyimi, son vaxtlarda problemlərim olduğunu desəm, daha mənimlə işləri olmayacaq. Belə də elədim. Onsuzda sinfin ən sevimsiz uşağı idim deyə heç kəs şübhələnmədi.”

“Alçaq! Sən insan deyilsən!” – Dəfnə Dumanın üstünə qışqıraraq otaqdan çıxdı.

Duman da onun ardınca otağı tərk etdi. Bir qədər tərəddüd edəndən sonra Dəfnənin yanına getdi. Dəfnə həmişəki kimi kitabxanada idi. Sakit addımlarla içəri daxil oldu. Dəfnə onu görüb əsəbləşdi: “Nə istəyirsən? Əgər məni öldürməyə gəlmisənsə, burada dərman yoxdur. Başqa bir üsul fikirləşməli olacaqsan!”

Duman bir müddət susandan sonra dilləndi: “Çox peşmanam… Kaş ki keçmişə qayıda biləydim…”

“Bu, heç nəyi dəyişdirmir! Sizin ucbatınızdan cavan bir gənc gözümüzün qarşısında can verir!”

“Əgər səni sakitləşdirəcəksə, ürəyindəki bütün nifrəti boşalt!”

“Axı niyə? İnsan necə başqa bir insanı öldürmək istəyə bilər? Hələ anası ilə hədələməyin vicdansızlığın ən axırıncı həddidir!”

“Bilirəm, bu, mənə bəraət qazandırmır. Amma məqsədimiz Diyarı öldürmək yox, gözünü qorxutmaq idi. Vəziyyət ciddiləşəndən sonra özümüzün gözümüz qorxdu. Ona görə təcili yardımı çağırdıq. Anası ilə hədələmək mənim də ürəyimdən deyildi, amma başqa variant tapa bilmədim. Həyatımın məhv olmağını istəmədim” – Duman dedi.

Dəfnə ona qarşı dəhşətli bir qəzəb duyurdu. Lakin eyni zamanda daxilində bir maraq da baş qaldırmışdı. Hamı Dumana qarşı qəzəbli idi, amma Duman nədənsə, onlara yox, məhz Dəfnəyə baş verənləri danışaraq özünə bəraət qazandırmağı seçmişdi. Dumanın səs tonundakı dəyişiklik də onun diqqətindən yayınmadı. Həmişəki qətiyyətli, kəskin səs tonu həssas, toxunsan ağlayacaqmış kimi təsir bağışlayan bir tonla əvəz olunmuşdu. Duman Dəfnənin gözlərinin içinə baxaraq, vicdan əzabını xəfiflədə biləcək bir söz eşitmək istəyirdi.

Duman Dəfnədən səs çıxmadığını görüb, “Aradan 10 il keçib. Mən də dəyişmişəm. Daha əvvəlki kimi deyiləm. Yaxşı insan olmağa çalışıram” – deyə əlavə etdi.

Dəfnə Dumanın əzabla dolu gözlərinə baxdı. Bu gözlər Dəfnə üçün bəlkə də həyatı boyu rastlaşdığı ən arzuolunmaz baxışları özündə ehtiva edirdi. Xəyalı yenə də məktəb illərinə qayıtdı. Dumanın tez-tez partaya, lövhəyə, əlinə kağız-qələm düşən kimi hər fürsətdə yazdığı “D&D” abreviaturasını xatırladı. Yadındadır ki, bir dəfə bu sözlərin mənasını Dumandan soruşmuşdu. Duman isə bu sirrli şifrənin ingilis dilindəki “Demon & Divinity” (İblis və İlahilik) sözlərinin qısaltması olduğunu demişdi.

“Elə bilirsən ki o vaxtlar ‘demon’ idin, indi isə daxilən təmizlənmisən və ‘divinity’ axtarışındasan? İblis elə həmişə iblisdir!” – Dəfnə dedi. Onun sözləri Dumana pis təsir etdi. Qapıya tərəf addımladı. “Bağışla, Xəyalpərəst” – deyərək otaqdan çıxdı.


5-ci gün

Klara Diyarın ağrılarını azaltmaq üçün əlindən gələni edirdi. Diyar bir müddətdən sonra huşunu tamamilə itirdi. Yuxuda anasını sayıqlayır, hərdən bir ayılıb vahimə ilə qışqırırdı. Hər kəs növbə ilə Diyarın keşiyini çəkirdi. Duman, Torpaq və Tunar isə ortalıqda görünmürdü. Dəfnə isə hələ də baş verənləri tam olaraq həzm edə bilməmişdi. Diyarın ölüm ayağında olması və buna “şeytan triosunun” illər əvvəl ona qarşı törətdiyi vəhşiliyin səbəb olması Dəfnəyə kabus kimi gəlirdi. Diyarı məktəb illərində kifayət qədər yüksək qiymətləndirməmişdi. Buna görə də özünü qınayırdı. Onu həmişə aciz, zəif, mənliyi olmayan biri kimi tanımışdı. Elinanı müdafiə etdiyi həmin gecəyə qədər Diyara qarşı ikrah duyurdu. Lakin o hadisə Diyarı gözündə qaldırmışdı. Ardınca baş verən “intihar” isə 10 il ərzində müəmma kimi qalmışdı. Və illər sonra Diyarın bu addımı atmadığını, əksinə, buna məruz qoyulduğunu və müqəddəs bir amal – anasını qorumaq uğrunda susaraq hər şeyə sinə gərdiyini bilmək Dəfnədə ölüm ayağındakı sinif yoldaşına qarşı güclü bir sevgi yaratmışdı. Bəlkə də vaxtında cəhd etsəydi, Diyar onun ən yaxın dostuna çevrilərdi. Nə vaxtsa Diyar ürəyini ona boşalda da bilərdi. Beləliklə, Dəfnə heç nəyə fikir vermədən Dumana həyatı zindan edər, bildiklərini hamıya danışardı. Amma artıq çox gec idi…

Gecə saatlarında Diyar oyandı. Ağrıları daha da şiddətlənmişdi. Klaranın da artıq əlindən heç nə gəlmirdi. Elinanın növbəsi idi. O da hamı kimi sakitcə ağlayırdı. Diyar Elinanı görüb gülümsəməyə çalışdı. “Ağlama, Şahzadə! Eybəcər görünürsən” – Diyar dedi.

Elina gözlərindən yaşlar axa-axa zorakı təbəssümü ilə qarşılıq verdi: “Bağışla, Diyar… Bütün bunlara mən səbəb olmuşam… ”

“Sənlik bir şey yoxdur. Hardan biləydin ki…”

Sonra isə üzünü Klaraya tutub dedi: “Hiss eləyirəm… Vaxtdır… Dumangili çağır.” “Dumangil” deyəndə Duman, Torpaq və Tunarı nəzərdə tuturdu. Klara hər 3-nü çağırdı. Diyar əvvəlcə onları maraqla süzdü. Son iki gün ərzində nə qədər pərişan olduqlarına nəzər yetirdi. Sonra isə üzünü Tunara çevirdi: “Sən ayaq işlərinə baxırsan. Qulsan. Başı işləməyən, cahil, əmrə tabe olan köləsən!” Tunarın sifətindən hiss olunurdu ki eşitdikləri ürəyincə deyil. Duman sərt bir baxışla ona susmağı, qarşılıq verməməyi əmr etdi. “Ona görə də səni bağışlayıram, kölə!” – Diyar dedi. Ardınca, üzünü Torpağa tutub davam elədi: “Sən isə sağ əlsən. Baş yox, əl! Bircə balta zərbəsilə səni həmişəlik qoparıb atmaq olar. Azad iradən yoxdur. Gücün yanındasan deyə, özünü güclü zənn edirsən. Amma bunun da sonu əvvəl-axır olmalıdır. Ehtiyatlı ol! Səni də bağışlayıram!” Torpaq dinmədi. Nəhayət, Dumana növbə gəlib çatdı: “Sən… Sən isə başsan. Hər şər-böhtanın altında sən varsan. Sən şeytansan! Səni bağışlamıram!”

Duman nə isə demək istəsə də, sözlər boğazında düyünlənib qaldı. “Buradan çıxış mümkün deyil. Hamımız bilirik. Mən ən birinci yola düşürəm. Ardımca siz də gələcəksiniz” – Diyar dedi. “Kim bilir, bəlkə də ən rahat ölüm mənimki olacaq? Sizinkiləri təsəvvür eləyəndə belə tüklərim biz-biz durur” – Diyarın ölüdən seçilməyən simasında qəfil bir işıltı peyda oldu. Gözlərində bütün dünyəvi qorxulardan sıyrılmış insanlara xas olan bir rahatlıqla dedi: “Sizi cəhənnəmdə gözləyəcəyəm!” Bu, onun son sözləri oldu. Ruhu bədənini tərk etdi. Lakin simasındakı parıltı yerində qalırdı…

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031