Hamıda payız yerişi - Şeirlər

Tarix:20-09-2017, 16:32 Baxış Sayı:310

Hamıda payız yerişi - Şeirlər
Manera.az gənc şair Raqif Raufoğlunun şeirlərini təqdim edir:

***
Haradan başlayım səni sevməyə?
Haradan başlayıb səni unudum?
Gör neçə əsrlik söz var deməyə,
Arazı daşdırım, Kürü qurudum?

Ərəb çöllərindən, səhradan deyim,
Farsın fətvasından, duadan deyim?
Başlayım bəlkə rus qoşunlarından?
Hər gün öldüyümüz qurşunlarından.

Bəlkə Amerika azadlığından?
Keçilməz Qarabağ qaranlığından.
Hind baxıcısından, xaç yürüşündən,
Monqol hücumundan, Çin döyüşündən.

Böyük bir millətin bölünməsindən,
Kimlərin tarixdən silinməsindən.
Böyük Pyotrun təbəssümündən,
Şarin Lenini təcəssümündən.

Erməni zabitin qəhqəhəsindən,
Hıçqıran körpənin həzin səsindən...
Hərənin özünə qarışdı başı.
Biz belə keçirdik yüzlərlə qışı.

Və bir də hər şeydən bezən bir qızın
Sakitcə əcnəbi ər axtarşı...
Bunların fonunda mən də ən azı
Adi bir unutqan adam obrazı.

Təsəlli veriblər, ovutdurublar
Gəl mən də beləcə ovudum səni
Gör mənə nələri unutdurublar,
Hansından başlayıb unudum səni?..

ADAM DANIŞMAZ

Sən düz eləyirsən,
Başqa cür də olmaz.
Adam unutmadığından danışmaz.
Susar.
Həmişə unutduğundan danışar
Yorulmaz.
Adam sükutdan utanmaz
Qışqırar.
Amma səs-küydən utanar.
Danışmaz.
Adam anladığı şeylərlə oynamaz.
Ağlayar
Vallah elə-belə olar.
Adam güldüyü şeylərə uduzar.
Deməz.
Heç vaxt aldada bilmədiyini sevməz.
Qorxar.
Adam aldada bildiyinə vurular.
Bilməz.
Bilsə də heç nə dəyişməz.
Çırpınar, çırpınar,
Yenə də oxşamaq istəmədiyinə oxşayar
Öyrəşər,
Adam bax belə adiləşər.
Vecinə almaz,
Düşünər ki, bir dəfə ilə heç nə olmaz.
Olar,
Adamı həmin olmazlar yandırar.
Səsi də çıxmaz.
Güzgüyə baxar-baxmaz,
Özündən qaçar.
Hamıya, hər yerə sığınar.
Axırda kimisə tapar.
Yeni qorxular başlayar tapar-tapmaz,
Adam adamı tapdığı yerə qoymaz.
Özünü yeyib-bitirər,
Adam adamı çox vaxt tapdığı yerdə itirər.



***
Bu nə darıxmaqdır ay anam, atam?
Saatın yerinə darıxır adam.
Neçənci ikiyə qalan gecədir?
Saatın özündə indi neçədir?

Görəsən orada neçənci gündür?
Nolacaq bu saat dayansa indi?
Nə qədər çətinmiş belə darıxmaq,
Beşcə dəqiqəlik bir saat olmaq.

Bircə saniyə də duruxmaq olmur
Hamı günahını üstünə yıxır.
Heç adam kimi də darıxmaq olmur,
Səni darıxdığın adamlar sıxır...

Bu qədər adamı nə eyləyəsən?
Bu qədər sevgini harda boğasan?
Bir qələt eyləyib bir gün sevəsən,
Bir ömür oturub ona baxasan.

Mahnı oxuyasan, şeir yazasan,
İşinə-gücünə gəlib gedəsən,
Yaddan çıxardasan, yaddan çıxasan,
Amma ki, bir şeyi bilib gedəsən:

O da sənin kimi yəqin tək imiş,
O da sənin kimi bir axmaq imiş.
Bərabər darıxmaq sevilmək imiş.
Bərabər sevilmək darıxmaq imiş.



***
Gəl görüşək, sənə bir az nifrət edim, ayrılaq,
Yenə mənim sevmədiyim geyimləri geyin, gəl
Dayan, sənə baxım,baxım, çıxım gedim, ayrılaq,
Nə mən sənə eyham atım, nə sən de ki, deyingən.

Nə ki mənfi cəhətin var, hamısın ver büruzə,
Danış bütün bəyəndiyin oğlanlardan fikrini,
Məni elə usandır ki, gerçək olsun möcüzə,
Dəyiş bu daş yaddaşımda yaxşı qalan şəklini

Yenə mənim sevmədiyim sürmələrdən yax gözə,
Başqasını sevirəm de, bacar bir də üzük tax.
Nə olar ki, bu beş ildə bircə dəfə bax sözə,
Gəl görüşək, sənə bir az nifrət edim, ayrılaq...

SALAM SEVMƏDİYİM QIZ

Salam yağış yağanda görmək istədiyim qız,
Salam məni görməyən, hələ sevmədiyim qız.
Xəbərin var, kinoda filankəsi vurdular,
O buna belə dedi, sındırdılar, qırdılar.

Xəbərin var o köhnə nömrəmi də satmışam,
Deməyəcəyəm səni nə üçün aldatmışam.
Xəbərin var, deyirlər müharibə başlanır,
Qoca Şərq sevinir ki, nə yaxşı ki, yaşlanır.

Onu tutub güc ilə aparan olmayacaq,
Uşaqlar Avropada, nigaran qalmayacaq.
Amma mən özüm durub könüllü gedəcəyəm
Fələstində vurulub Təbrizə gələcəyəm.

Əsirlikdən sənə xoş məktublar yazacağam,
Deyəcəyəm ki, qorxma, gəlməyəcəyəm, sağam.
Mən indi Amerika vətəndaşı olmuşam,
Müharibədən sonra yenidən “doğulmuşam”.

Sən onda yekəqarın biriylə olacaqsan,
Bu qərarsız şəhərdə ömürlük qalacaqsan,
Xarici dil kursuna gedəcək uşaqların,
Gedəcək ki, anlasın əcnəbi qonaqları.

Anlasın görək onlar nə deyir Qarabağdan,
Deyəcəklər qiymətlər yenə qalxır sabahdan.
Yazıqlar da fikirli-fikirli yatacaqlar,
Səndən qalan o qızıl dişləri satacaqlar.

Onlar səni söyəcək, sən söyəcəksən məni.
... Nə isə, yaman qəliz danışıb yordum səni.
Bilirsən bu gün sənə təzə şeir yazmışam,
Heç kimə oxumayıb otağımdan asmışam.
Yaz görüm sən necəsən, haralarda qalırsan?
Yenə də altdan-altdan kimə aşiq olursan?



***
Bu sıxıntılar sənindir
Çıxartmışam günə verim
Qoxusu, ləkəsi getsin,
Aparım özünə verim.

Oturum, yanında qalım,
Bir qərib havası çalım.
Nələr vermişəmsə alım,
İstəyəsən yenə verim.

Bölüşüb iztirabını,
Belə verim cavabını.
Bu oyunun hesabını,
Mən sənin yerinə verim.

Necə qəribə qoxun var?!
Yıxılaq yataq, yuxum var.
Bir də vida məktubum var,
Bəlkə onu sənə verim?



***
Bu gün hamı Sentyabr,
Kimsə üçü, kimsə beşi.
Bu gün hər yer Sentyabr,
Hamıda payız yerişi.

Bu gün hamı Sentyabr,
Dumanlı, az yağıntılı.
Bir az tutqun, bir az dalğın,
Bir az qərib, sıxıntılı.

Bu gün hər yer Sentyabr,
Sən olmayan şəhər belə.
Bu şəhərdə sən gedəndən,
Axşam belə, səhər belə.

Bu gün hamı Sentyabr,
Hamı öz içində qonaq.
Mənə də bir qonaq gəlib.
Lap məsəli səndən uzaq.

Bu gün hər yer Sentyabr,
Gecə iki-dörd arası.
Duyğulanıb, duyğulanıb,
Səni düşünmək havası.

Desəm yenə də güləcək,
Otur sənə şeir yazım.
Bir azdan sual gələcək,
Nə vaxt gələcəksən qızım?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ