Xəyal yarasadır, gecələr uçur sevginin üfüqlərində - Şeirlər

Tarix:17-09-2017, 08:06 Baxış Sayı:125

Xəyal yarasadır, gecələr uçur sevginin üfüqlərində - Şeirlər
Manera.az gənc şair Elnur Uğurun şeirlərini təqdim edir:

Yarasa xəyal

Xəyal yarasadır,
gecələr uçur sevginin üfüqlərində.
Gündüzlər korluq bəhanəsiylə,
çırpılır pəncərənə.
Sən,
özün deyilsən deyə
boylana bilmirsən,
burnunun ucundakı müharibəyə.
Şaqqa-şaraqla döyülür pəncərən.
Soyunur pəncərəndə,
yarı çılpaq yarasa.
Gecələr qonağındır,
gündüzlərini basdırdığın.
səni gözlərimə salmışam,
diri gözlü gecələrdə...
səndən başqa heç nə yoxdur.
Daha geniş açıram gözlərimi,
qoy rahat uçsun gözlərimdə gözlərin.
Yummuram gözlərimi,
Qana batar kirpiklərim...

Mən,sən

Mən üstəgəl sən,
biz.
Sən üstəgəl sən,
siz.
İkimiz bir tənlik,
bu qeyri-bərabərlik,
bölünür,
toplanır,
çıxılır,
məndə hasil birdir,
sənə çatanda qalıq qalır.

Bütün Analara ithaf...

Qar yağdıqca saçına,
çən çökdükcə gözünə,
Anamın sifətində,
qırışdıqca şaxlığım,
böyümək istəmirəm,
qayıt,ey uşaqlığım.

Qaytar məni geriyə,
qoyma zaman yeriyə.
Bu arzuyla çırpınan,
milyonların biriyəm.
O milyonlar kimi mən də,
heç nə ummuram səndən.
Çalsın laylamı Anam,
ovunsun qəlb şuxluğum,
qayıt,ey uşaqlığım.

Əlləri rəqs eləyir,
nahamar hava üstə.
Ayaqları büdrəyir,
düz yolun sinəsində.
Saçında qar ətri var,
Qəlbində bar ətri var.
Qaytar,nə olar qaytar,
qayıtsın ötən çağım,
qayıt,ey uşaqlığım.

Düşünürəm

Düşünürəm,
düşüncələrim işıq qığılcımı,
düşdüyü yer zülmət gecələrin göbəyi.
Düşünürəm,
düşüncələrim bir körpənin bələyi,
düşdüyü yer kimlərinsə ətəyi.
Düşünürəm,
bəlkə,düşünməyim daha.
Düşüncələrimi,
düşdüyü yerdə həzm edə bilmirsə,
üzlər,
gözlər,
ha gözlə,
ha düşün,
boş ver,
Səni aldatmasın bəzi dost görünüşü.
Düşün içindən göstərə bilərsənmi üzünü?
Hər üz yamsılamır özünü.
Düşünürəm,
düşüncələrim yasaq,
Düşdüyü yer azadlığını alacaq,
mütləq qələbə səninlədir gələcək.
Və bilirsən də inanmaq,
özü də dəlicəsinə inanmaq,
Qəlbinin episentrində,
zəlzələ ocağı yaratmaq kimidi.
Bütün sevgiləri inamın çiyinləri daşıyır,
qalan boş şeydi.
Düşünürəm,
bəlkə,heç düşünmürəm.

Fani

Gətirib,
aparacaq gətirən.
Mən bilən,
sən bilən,
səbəbsiz bir yarpaq da düşmür budaqdan.
Təsadüflər zəruriyyətlərə yol açır hardasa,
zəruriyyətlər olmasa,
bizi gətirməzdilər ki.
Gətirdilər,
ehtiyacları ödəyək.
Gedəcəyimiz yerdə də,
ehtiyacımız bizi gözləyir,demək.
Ehtiyac gətirib aparır,
Dünya dəmir yolu relsi,
məni daşyacaq qatarı,
zaman işə salmayıb hələ.
Gözlə,
mütləq gələcəyəm,gələcək.
Gəlişimlə bir ehtiyac ödəyəcək,
ayaqlarımın yerinə başım.

And olsun

Tənhalığının soyundurduğu gecəyə.
And olsun,
baxıb heç nə görmədiyim hər şeyə,
səndən özgəsini görmür gözüm.
O qədər and olsun,
an dolsun,
səninlə gələn gələcəyə.
Keçmişə baxmaram qayıt,
qayıt bu yuxudan oyat məni.
Gözlərim açıqdır, qəlbim yuxulu,
beynimdə bir qorxulu film seyr edirəm,
qadın ərini öldürür yataqda.
Bu an,
tənhalıqdan ağlayır,
paylaşılmayınca andlar.
Sənlə paylaşıram ilk dəfə özümü,
andınla yatdığım,
adınla oyatdığım,
diri gecələrdə.
And olsun,qayıt,
yetər ki,qayıt,
sonra yatmadan öldür məni,
ölümümlə geyindir,
tənhalığının soyundurduğu gecəmi.

Bilirsənmi?

Bilirsənmi,ağaclar hər il niyə göyərir?
onları quşların səsi suvarır.
Bahar quşların səsindən diksinir.
Ağaclarda yumurta tumurcuqlar,
quşların yavru arzularıdır.
Bu quşların səsi var ha,
müharibənin göbəyində,
güllələri də susdura bilər.
Əbabil quşlarını xatırladıqca,
göydən daş-daş yağır ayrılıqlar...
Gözlərimdə o sevginin böyüklüyü,
o böyüklük içərisində,
Quşlar civildəyir,
ağaclar çiçəkləyir,
çiçəklər küləkləri əyir.
Quşların səsinin döngəsində,
çiçəyin ləçəklərini vərəqləyir zaman.
Tozlanır ağaclar,bitkilər,
quşların Günəşə sevgisindən.
Bilirsənmi,quşlar,
əsl ömrü,
yuva üstə yaşamışlar...

Sevmək yanmaqdır

Göz görə-görə özünü oda atmaqdır sevmək,
dözməyincə ayaqlayıb ocağı söndürmək,
ayrılıqların hökmüdür.
Çəkisizlikdən yaranır ayrılıqlar,
hər çəkisizlikdə bir təklik var.
Təklik içində yanmaqdır,
İçində yanmaq şölələnməkdən uzaqdır.
Şölələnməkdən uzaqlıq xatirələri vərəqləməkdi.
Xatirələri vərəqləmək,
özünü aldatmaqdı,
özünü aldatmaq,
zamanı yubatmaqdı.
Zamanı yubatmaq,
ümidlə yaşamaqdı guya.
Ümidlə yaşa,dostum!

Ağlama!

Ağlama,oğlum!
Yazığın gəlsin otağın səssizliyinə.
Necə qıyırsan,
başın üstündəki sükutun kimsəsizliyinə?
Ağlama,
qarşıda əzab dolu sabahlar,
hesab dolu günahlar var.
Göz yaşlarını saxla,
az ağla.
O göz yaşların gün gələcək,
əllərindən tutacaq.
Onda səni ovudacaq.
Nə vaxt ki dirənəcək səbrin beynində,
görəcəksən hər şey öz yerində,
təkcə sən artıqsan əynində,
onda ağlayarsan...
İndi yat,
bu beşik,
ev-eşik,
gör necə rəqs edir,
gözlərini mürgü döyəndə?
Körpə gözlərində,
hər damla yaş,
göylərin şimşək qırmancıdır.
Çəkilir şaqqa-şaraqla ürəyimə.
Görürsənmi,
sən də inciyirsən,
mən də...
Sənə ağlama demək,
elə bilirsən asandır mənə?
Ağlayırsan,
göz yaşların yanağın boyu axır.
o qədər körpəsən ki,
gözlərini silməyə əlim,
ucadan sus deməyə dilim gəlmir axı...

Yetər

Bu torpağı Vətən edənlərin ruhuna and olsun,
Sevdalılar məmləkətinin övladıyam.
Mən bu yurdun qaya parçası,
bütün yer üzüdür, dikəldiyim məkan.
Harda səadət gülürsə üzə,
orada dikələrəm ,inan!
And olsun,
Tövrata,
Zəbura,
İncilə,
Qurana,
Mən də yaradılmışların biriyəm.
Mən insan,
bu dəridə diriyəm.
Rusu da,
İngilisi də,
Lap Suriya çöllərində,
insan öldürən insan-İblisi də,
Özüm sanıram.
Bəlkə,yanılıram?
Hamımızın adını salavatla andığımız,
ilkimiz cənnətindən qovulan kişidisə,
Bətninə sığdığımız,
kişi qabırğasıdısa,
bu millətçilik savaşı durmalı,
bir bayraq qaldırmalı bəşər.
Bu bayrağın hər iki üzü,
Tək göy rəngdə rənglənsin, yetər!!!

Mən

Sözümlə açılır Tanrının dili,
Göyün yeri öpən dodağıyam mən.
Məndə birləşibdir göy,yer - ikili,
Tanrının yeriyən ayağıyam mən.

Qurban göndərildim insaniyyətə,
Kəsin, qəbul olum bir saf niyyətə.
Qanım sülh çiləsin bəşəriyyətə,
Axı yerdən göyə eşq bağıyam mən.

Gəzən bədənlərdə düşünən başam,
Dünya bir üzükdür, üstündə qaşam.
Sağam bir Vətəndə daş vətəndaşam,
Ölsəm də, Vətənin torpağıyam mən.

Sonra qayıdasan

Yıxıb sındırasan bu qəfəs ömrü,
Özün öz canından azad çıxasan.
Ruhunu sıxmaya astarsız dərin,
Üzə astarından təzad çıxasan.

Vecinə olmaya nə doğma,nə yad,
Etdiyin zövq verə özünə bəsdir.
Bircə gün gedəsən özündən uzaq,
Görəsən ən yaxın səs hansı səsdir.

Səni anlamaya qarışıq səslər,
Ünlər düyün düşə,qarışıq düşə.
Ruhu ütüləyə qırışıq səslər,
Dönəsən,yenidən barışıq düşə.

Nədəndir,nədən?

Adını siz qoyun eşq tarlasında,
Cücərdib əkdiyim nə dəndir,nə dən?
İçimdə göyərən ulu sevdanın,
Sünbüllü zəmisi Vətəndir,Vətən.

Ruhum bu,sevgidən tutulub mayam,
Üç dünya yaşayır məndə,mən buyam.
Yerdə öz dibim var,göydə öz qayam,
Ortada dolaşan bədəndir,bədən.

Məna daşıyıram öz surətimdə,
Surətim boy verir söz surətində.
Hələ nələr yatıb bəsirətimdə?
Oyanmaq istəmir nədəndir,nədən?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ