Və xoşbəxtliyə bircə hərf çatmır – o... - Şeirlər

Tarix:12-09-2017, 15:04 Baxış Sayı:217

Və xoşbəxtliyə bircə hərf çatmır – o... - Şeirlər
Manera.az gənc şair Ramil Əhmədin şeirlərini təqdim edir:

NİKBİNLİK

Yolmayın
çobanyastığının günahsız ləçəklərini,
Yormayın eyni suallarla onu:
– Sevir, sevmir...

Cavabını bildiyiniz sualları
başqasından soruşmayın.
Çiçəklər uşaqlar kimidir,
yalan danışa bilməzlər...

Göndərməyin parabüzənləri
sevdiyinizin arxasınca,
düşünün.
Bəlkə də,
barmağınızın ucundakı böcək
elə sizi aparmaq üçün gəlmiş...

UŞAQLAR

Uşaqlar,
bilməzsiniz olmadığınız evin səssizliyini...
Siz olmayan evlərin
sükutunun dərinliyindən
heç Məlikməmməd də çıxa bilməz.

Bilməzsiniz
sizə həsrət qalanların
evdə pişik saxlamasının ağrısını.

Qonşuda bir qadın var,
dibçəkdəki güllərinə
qızım deyir, pişiyinə oğlum...

Uşaqlar,
siz olmayan evlərdə
televizorda heç vaxt
cizgi filmi göstərmirlər.

O evlərin nağılında
kişi qadından utanır,
qadın da kişidən.
O evlərin nağılında
bir-birini sevmirlər,
bir-birlərinə öyrəşirlər.
O evlərin nağılında
nə işıq gələn tərəf var,
nə də it hürən...
O evlərin nağılında
ancaq kişi dodaqlarının işğalı altında
qalır bir qadının döşləri...
Gözlərindən süd axır,
bəlkə də, hər ağlayanda,
kim bilir...

Uşaqlar,
siz olmasanız,
kişilər ata olmaz,
qadınlar ana...

ÖPÜLMƏYƏN YARALAR

Qadınların küçə boyu
salıb itirdikləri hüznü,
kişilərin yorğunluğunu,
uşaqların boğulan oyuncaq sevdasını
qaldırıb yerdən
öpüb gözləri üstə qoyan məsum çocuq,
barmağının ucundan yuxarı qalxa bilməzsən.

Sən kimdən öyrəndin
torpaqdan yemək bişirməyi?
Torpaqdan, çamurdan insan olar,
qadın olar, kişi olar,
uşaq olar, qoca olar.
Ancaq Tanrı yemək bişirə bilər
torpaqdan , uşaq.

Biz evimizi, işimizi bəyənmədik,
Yediyimiz yeməklərə duzlu dedik,
içdiyimiz sulara dadsız.
Amma sən necə də xoşbəxtsən
olmayan evinlə.
Necə zövq alırsan
olmayan fincanlarda içdiyin
olmayan çaylardan?

Kim öyrətdi kuklalarına analıq etməyi?
Analıq etdiyin kuklalar qədər
sevgiyə möhtac uşaq...
Bütün analar uşaq olub nə vaxtsa
sənin kimi,
Bütün anaların ilk övladları olub
balaca, şirin, sevimli kuklalar...

O qədər yıxıldın,
heyif, tez böyüyəcəksən, amma...
Anaların hörmədiyi qız saçları uzanmır ki,
öpülməyən yaraların sağalmadığı kimi....

II. AMERİKA

Hər qadın bədəni
kişi üçün yeni bir qitə...
Kəşf edilir
aza-aza, keçə-keçə,
üzə-üzə, öpə-öpə.
Bütün kişilər Kolumbdu, bəlkə?
Sevgi inanmaqdı
ömrün sonuna qədər.
Ömrün sonuna qədər
Amerikanı Hindistan bilməkdi.

BİRCƏ HƏRF

Bu qədər sevgilərin içində
kiminsə sevgisi itkin düşüb elə bil.
Bu qədər səsin içində
hansısa doğma bir səs yox,
bu qədər adamın arasında kimsə çatmır.
Əslində,
bu qədər sevgilər, səslər, adamlar artıqdı.
İndi bizə lazım olan sevginin, səsin, adamın
sonuncu parçasıdı.
Və xoşbəxtliyə bircə hərf çatmır – o...

SEVGİNİN ZAMANI

Sevginin üç zamanı var:
darıxmaq, ayrılmaq və unutmaq.
Əslində,
özümüzü tanımaq üçün sevirik –
necə sevdiyimizi,
necə darıxdığımızı,
necə ayrıldığımızı,
necə unutduğumuzu bilmək üçün...

QIRMIZI

naməlum bir ölü tapılanda
gecə saatlarında,
polis maşınının
yanıb-sönən mavi işıqları altında
protokolda yazılmışdı
mərhumun günahı:
göydələnin damındakı
antenanın qırmızı işığından keçib
və çox sevirmiş, çoooox...

MÜHARİBƏDƏN SONRA

Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub qaçardıq həmişə...
Hərdən yuxuma girirdi Qədim kişinin itkin
əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar
ölümün nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını almağa...

Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan.
Sözlü qızlar sevgilərini qaçaqaçda
salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş çocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı
və qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil çocuqlar öz atalarının ögey
balalarıydı...

Nə qonşulardan bir havar vardı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər, qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam deyirdi:
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır, xəbərimiz yoxdu?”...

Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...

Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı…

TANRININ BALALARI

Biz köynəklərimizi,
ayaqqabılarımızı,
pencəklərimizi
bir ölçü böyük alardıq ki,
böyüyəndə də geyinək...

Gəlmədi, gəlmədi...
Niyə gözləyirdik ki?
Bilmirdikmi öldüyünü?
Qardaşımla qəzetdən oxumamışdıqmı?
Divardan bizə göz qoyan kişi deyildimi
şəklinin altına
“qəhrəmancasına şəhid oldu” yazılan?

Vərdişmiydi, ümidmiydi anamın
hər dəfə süfrəyə dördüncü boşqabı qoymağı,
bir pay artıq yemək bişirməyi –
mənə, qardaşıma, özünə və...
sonra o boşqabları göz yaşlarıyla yumağı...

Biz atamızın
ayaqqabısına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu
boz pencəyinə baxıb böyüdük...
“Ata!” dedik divardan baxan şəklə,
Şəkil kimi yaraşıqlıydı atamız,
şəkil atamız!..

Azdıq atasızlıq dolanbacında.
Uşağının əlindən tutan ataları görəndə
əllərimiz cibimizdə üşüyürdü.
Elə bilirdik ki, heç vaxt ata ola bilməyəcəyik.
Harda görmüşdük, nə bilirdik, nə deməkdi ata?
Kinolarda gördük,
filmlərdən bildik
atanın nə olduğunu...
Atanın O olduğunu sonralar anladıq.
O uşaqlar kimi
atamızın əlləri ilə ölçə bilmədik əllərimizi...
Elə buna görə heç vaxt
böyümədi əllərimiz,
əllərimiz də yetim qaldı atadan...
Biz Tanrının balalarıydıq,
Onun isə əlləri yoxuydu,
yoxuydu əlləri,
hər şeyi yoxdan yaratmışdı axı.
Anamız qocaldı,
biz böyüdük...
Bircə o şəkildəki gənc əsgər
heç dəyişmədi –
bükülmədi beli,
ağarmadı saçı,
tökülmədi dişləri,
gözlərinə eynək taxmadı,
qocalmadı, qocalmadı...

Qapıya söykənib
anamızın göz yaşlarına qulaq asırdıq...
Hardan tapdı axı o qəzeti?
Necə xəbər tutdu?
Elə həmin gün boşqabı qırdı,
daha bir pay artıq yemək bişirmədi,
O da bilirdi,
O da bilirdi:
Gəlməyəcək,
gəlməyəcək,
gəlməyəcək...

MÜHARİBƏNİN ÖLDÜRDÜYÜ İSA

Dedilər ki
“Ay Sona, adama qalan özüdü,
uşaq-muşaq boş şeydi”.

Dedilər ki,
“Hələ cavansan,
təzəsini doğarsan,
at, bu uşağı bura!”

Dedilər ki,
“Kəs bunun səsini!
sənin balanın, bəlanın
səsindən tapıb
qıracaqlar bizi!”

Dedilər ki ...
Dedilər ...
Dedi ...
De ...

Uşaq yaşamağa utandı və öldü.
Ölümüylə anasını da öldürdü,
bütün insanlığı da,
həm də,
həm də hamının əvəzinə öldü...

Sonanın əlləriydi bu uşaq,
itirdi əllərini.
Sonanın dərisiydi bu uşaq,
soydular dərisini.
Sonanın gözləriydi bu uşaq,
daha görməz heç nəyi.
Sonanın ayaqlarıydı bu uşaq,
kəsdilər, kəsdilər.
Sonanın dodaqlarıydı bu uşaq,
susdu əbədiyyətəcən,
susdu sonacan,
axx, Sonacan!..

Özündən əvvəl öldü
əlləri, ayaqları, dodaqları, gözləri...

Qismətə, taleyə yazdılar,
körpənin məzarını
anasının qucağında qazdılar.

Sonanın başı başdaşıydı bu qəbirin,
sinəsi sinə daşı,
göz yaşları qəbir üstündəki yazıydı.
Əlləriylə, ayaqlarıyla,
dodaqlarıyla, gözləriylə ağlayırdı.
Əllərini dizinə döyə-döyə,
ayaqlarıyla torpağı ölçə-ölçə,
dodaqlarıyla müharibəni söyə-söyə ağlayırdı...
Nə fərqi var ki,
oğluydu, ya qızıydı?
Bu körpə birinci və axırıncı qarnıydı –
o, bir də doğmayacaqdı!

Tanklar iycil it kimi
bütün kəndi-kəsəyi
gəzib keçdilər.
Axır ki, o körpənin sükutundan
tapdılar onları...
Əvvəl İNSANLIĞI,
sonra İNSANLARI əzib keçdilər...
Abort elədilər anaları, sonaları...

Məryəm baxışıyla son dəfə baxdı
yaşamağa utanan yavrusuna,
hamının əvəzinə ölən balasına,
boşluğa çarmıxlanmış canının parçasına.
...və əsmər bənizli,
dəniz gözlü,
gül üzlü Sona
qaçırdı sona –
Ona...

QADIN SÖZÜ

Müharibə
kişilərin qolları ilə birlikdə apardı
qadınların saçlarının sığalını...

ADƏM ÜÇÜN

Adəm, oxuyursansa bu şeiri,
istəyirəm biləsən ki,
biz yaşamırıq:
min ildi
sənin bir qadına
uduzmağının bədəlini ödəyirik
ömür deyilən bu şeylə...

Adəm,
şikayət ərizəsi deyil bu,
rahat ol.
Varsa, o biri dünya,
yəqin, ruhsan indi.
Nə bilim,
bəlkə, sən də min ildi yenidən doğulursan
başqa-başqa bədənlərdə.
Min ildi sən də söyürsən Adəmi,
özün olduğunu bilmədən...

Adəm, üzülmə,
təsəlli ver özünə.
De ki, eyni bezin qırağıyıq biz kişilər.
De ki, siz də olsaydınız mənim yerimdə, eyni
şeyi edərdiniz.
De ki, qadınlar bir-sıfır hesabıyla
öndədir həmişə.
De ki, cənnət bir qadının dişlədiyi almanın
yarısına belə dəymir.

Ürəyin nə istəyir de, Adəm,
yetər ki, rahat ol, üzülmə.

FLOBERİN ŞEİRİ

Tanrı kimisən, sevgili;
hər yerdə varsan,
heç yerdə görünmürsən.

Bu gecə ağrı ensiklopediyasıyam
A-dan Z-yə qədər.
Sənsiz gözlərim
darıxmağın qapı qonşusu,
belim sual işarəsi,
əllərim...
əllərim, sevgilim,
qurğuşun kimi ağırlaşır birdən.
Məni gecə tutur, gecə.

Qədim bir müalicə üsulu ilə
yatmağa çalışıram;
məndən sənə qədər sayıram,
mən bir, sən bir...
mən bir, sən iki...
mən bir, sən doxsan...
sən ç-o-o-o-o-oooooooo
ooooooooooooooxalırsan,
çoxalırsan içimdə, sevgili,
mənsə həmişə tək qalıram.
Mənsə həmişə tək qalıram;
Gecələri yuxudamı gəzirəm?
Adınımı sayıqlayıram?
“Su” deyib qışqırırammı?
Bilmirəm,
bilmirsən,
bilmirlər və
bilməyəcəklər.

Əllərim axtarışa çıxmış bədənimdə,
canımdakı ağrını tapmağa...
Hardasan?
Əllərim...
əllərim, sevgilim,
qurğuşun kimi ağırlaşır birdən...
Məni gecə tutur, gecə.

MƏKTUB

Biz eradan çox-çox əvvəl yaşayıb
özümüzdən sonra
bir çənə sümüyü xatirə qoya bilərdik...
Səni heç vaxt tapa bilməyəcəyim üçün
itirmək qorxum yoxdu...

Səndən sonra bir şeyi anladım:
sən demə,
tək xoşbəxt deyilsənsə,
heç kimlə xoşbəxt ola bilməzsən...

Ətrafımızdakı boşluqlar
gəlməyənlərin yeridi.
Hər qadında səndən bir az nəsə var -
bu qadınlar
sənin yoxluğunun şəkilləridi...
Sevgi üzərində qələbə
Pirr qələbəsi kimidi...

Əslində, qorxudur məni
hündürlüyü Everest zirvəsi,
dərinliyi Marian çökəkliyi qədər
olan bu dünyada yaşamaq.
Sevgidən atılıb ölə bilirksə,
boğuluruqsa bir qaşıq suda,
özünü atmaq üçün
bu qədər dərinliyə,
boğulmaq üçün
bu qədər hündürlüyə
ehtiyac varmı?

Və Yeseninlik eləməkdən yaman qorxuram...

ELƏ SEVGİ Kİ

Məni elə sevəsən ki,
sevilməkdən yorulam.
Doğmanın, yadın,
hamının əvəzinə sevəsən...

Elə sev ki,
sevilib qurtarım – yox olum...

Elə sevgi ki
qədərini kimsə bilməsin.
Metrlə, kiloyla,
dünyayla, həyatla,
çarəylə, bəlayla
ölçüyə gəlməsin...

Elə sev ki,
sevilib qurtarım – yox olum....
Başqa bir qadına heç nə qalmasın məndən.

ULDUZ.-2017-MAY.-S.90-96 Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ