Sinif yoldaşları- Povestdən hissələr

Tarix:11-09-2017, 11:16 Baxış Sayı:265

Sinif yoldaşları- Povestdən hissələr


Xülya Cəfərova

30 oktyabr, 2205

Əziz gündəliyim,

Yenə kimlərsə yuxarıda bərk dava edirlər. Əvvəlcə səmanın qanı qaralır, sonra göy qəzəbli gurultularla çalxalanır…. Birdən tərəflərdən biri o birinə sərt bir “şimşək” çəkir və nəhayət məğlub tərəf ağlayır...

Yağmurun nəfis ətri otağımın açıq pəncərəsindən içəri dolur. Arabir özü ilə saf damlalardan da gətirir. Bu sirrli və mistik abu-havada çarpayımda uzanaraq, sənə günümü necə keçirdiyimi danışmağa hazırlaşıram.

Deyirlər, qulaq hər gün bir söz eşitməsə, kar olar. Bu gün məktəbdə məni xeyli təəccübləndirən bir hadisə oldu.

Nahar fasiləsi idi. Məktəbin həyətində, əllərim cibimdə, arabir çisələyən yağışın altında hərlənirdim. “Tanrının göz yaşları”nda rahat islanmaq istəyirdim. Mənə elə gəlirdi ki, bu yolla ona ürəyimi açacağam. Tanrı öz göz yaşları ilə məni sığallayacaq, bununla da ruhuma toxunacaq, onun hansı sınaqlardan keçdiyindən xəbərdar olacaqdı…

Bu romantik hava məndə özümlə tək qalmaq istəyi yaratdı. Məktəbin arxa tərəfinə yollandım. Burda həmişə uşaqların sayı az olardı. İndi isə heç kəs gözə dəymirdi. Başımı bozumtul səmaya qaldırdım. Onun kədərinə gözlərimi bağlayıb, ruhumu həlim bir sevgiylə qucaqlayan həzzə meydan verdim. Əllərimi iki tərəfə uzadaraq, getdikcə güclənən damcıları ovcuma toplamaq istədim. Onlar isə bütün gücləri ilə ovcuma bircə yumruq vurur, sonra isə yoxa çıxırdılar.

Elə bu vaxt zəif bir səs eşitdim. Kimsə ağacların arxasında astadan ağlayırdı. Bir anlıq yerimdən tərpənmədən dayanmaq istədim. Zəif inilti yağmurun və küləyin səsinə qarışaraq elə gözəl ahəng yaradırdı ki, onu pozmaqdan qorxdum. Yaralı ruhunu sağaltmaq üçün göz yaşlarını axıdan bir qızın həzin səsi təbiətin hüznlü melodiyasını daha da mükəmməlləşdirirdi...


Bu qədər romantika bəs idi! Bəlkə də o ağlayan qız hər kimdirsə, köməyə ehtiyacı vardı. Mən isə dəli kimi gözlərimi bağlayıb onun “melodiya”mı gözəlləşdirmək üçün ağladığını fikirləşirdim. Sən bir eqoya bax!

Gözlərimi açdım. Səs gələn tərəfə boylandım. Çox düşünmədən asta addımlarla həmin istiqamətə üz tutdum. O da addım səslərimi eşitdi. Ağlamağı kəsib mənə tərəf çevrildi. Gördüyüm sima məni heyrətləndirdi. İşə bir bax! Ağlayan qız bizim Səda imiş ki! Heç vaxt dediyindən döyməyən, hamı ilə sona qədər mübarizə aparan, danışmaqdan yorulmayan, dərslərdə dayanmadan ağlını nümayiş etdirməyə çalışan Səda.

Məni görəndə nə edəcəyini bilmədi. Lakin yerindən də qalxmadı. Yaxınlaşıb yanında əyləşdim. İkimiz də bir müddət susduq. Nə deyəcəyimizi bilmədik. Yaxın münasibətimiz yox idi. Ünsiyyətimiz dərslər, ev tapşırıqları ilə bağlı olan söhbətlərdən o tərəfə keçməzdi. Amma sözə hardansa başlamaq lazım idi. “Bölüşmək istəyirsən?” – deyə soruşdum. Susdu. “Getməyimi istəyirsənsə, problem deyil” – dedim. Onu narahat eləmək yox, yardımçı olmaq niyyətində idim. “Yox, getmə” – dedi. Sonra isə əlavə etdi: “Elina ilə bağlı dediklərində haqqlı imişsən. O, şeytanın özüdür ki var!” “Nə olub?” – deyə soruşdum. Elə bir himə bənd imiş kimi başladı hönkürə-hönkürə mənə ürəyini boşaltmağa…

Son günlərdə Sədanın arabir Elina ilə söhbətləşdiyini görürdüm. Ümumiyyətlə, bir-birlərini xoşlamırlar (Elina özündən başqa kimi xoşlayır ki?). Səda sinif rəhbərinin qızı və sinif nümayəndəmizdir. Qayda-qanuna riayət edən, ədəb-ərkana önəm verən, səliqəli, dərsə həmişə hazır gələn nümunəvi şagirddir. Amma bu obraza girmək üçün o qədər dəridən-qabıqdan çıxır ki, çoxumuzda ona qarşı bir ikrah hissi baş qaldırıb. Onun hər sözə fikir bildirməyi, ağıllı görünmək üçün təzə sözlər öyrənib yerli-yersiz işlətməyi bizi qıcıqlandırır. Həmişə müəllimlərin tərəfini tutur və hər mövzu ilə bağlı danışmağa nə isə tapır. Duman ona əbəs yerə “demaqoq” ləqəbini qoymayıb ki… Özünü elə aparır ki, sanki bizlər yolunu azmış, günahkar, islaholunmaz adamlarıq, o isə hamıdan ali bir varlıqdır.

Sədanın nizam-intizama riayət etməyən sinif yoldaşlarına münasibəti hamımıza bəllidir. Xüsusilə də Duman onun gözünün düşmənidir. Heç vaxt sözləri düz gəlmir. Duman ona tez-tez sataşır, o da cavab qaytarır, mübahisə edirlər. Sabah müəllimə isə qızı ilə “sevimli” şagirdinin arasında qalmaqdan bezir…

Sədanın bu gün ağlaya-ağlaya danışdıqları çox fəxr etdiyim müşahidə qabiliyyətimin əslində nə qədər zəif olduğunu üzə çıxartdı. Sən demə, Səda Dumana qarşı gizli bir sevgi bəsləyirmiş. İndi Dumanın ona sataşanda nəyə görə bu qədər kəskin reaksiya verdiyini daha yaxşı anlayıram. Daha da betəri odur ki, mənim sərt, möhkəm zənn etdiyim Səda sadəlövhcəsinə bu sirri Elina ilə bölüşübmüş. Daha doğrusu, bir neçə gün öncə Elina Sədanın Dumana tuşlanan gizli baxışlarını görəndən sonra ona yaxınlaşıb və deyib ki, onun Dumana olan hisslərindən xəbərdardır. Səda əvvəlcə inkar eləyib. Sonra isə görüb ki heç cür vəziyyətdən çıxa bilmir. Ona görə də etiraf edib və duyğularını ağla gələ biləcək ən axırıncı adama daşınıb. Elina da başlayıb ona təsəlli verməyə. O “tülkü” gözlərini qıyaraq, öz qlamur həyatının “keşməkeş”lərindən danışmaqla Sədanı necə ovcunun içinə aldığını təsəvvür edə bilirəm...

Oğlanların Elinaya olan heyranlığına haqq qazandırıram. Həqiqətən çox gözəldir. Uzun, ipək saçları, hamar dərisi, qələmlə çəkilmiş kimi gözəl üz cizgiləri, hündür boyu ilə həqiqətən də “Şahzadə”yə bənzəyir. Lakin qızların onun qarşısındakı zəifliyini anlaya bilmirəm. Heç kəs onu ürəkdən sevmir. Bununla belə, onun əhatəsində olmağa can atırlar. Elina özünün qayğısız, zəngin həyatından danışaraq asanlıqla onları ələ alır. Yəqin ki həmin qızlar onun timsalında öz xəyallarındakı gələcəyi görürlər. Elinanınki kimi bir həyatları olacağına dair inamları yaranır. Həm də məktəbin ən gözəl qızı tərəfindən “təsdiq olunmaq” istəyirlər. Elina o avamların quş beyinlərinin təsəvvür etməyə qadir olduğu yeganə “güclü qadın” modelidir. Və nədənsə, insanlar çox zaman gücün yanında olanda, elə bilirlər ki həmin gücə ortaqdırlar (Arzu və Çiçək, Tunar və Torpaq kimi). Beləliklə, onların şüarı belədir: Gücə yaltaqlan! Nəticədə, bir nəfərin yanında zəif olsan da, yerdə qalan hamıdan güclü ol!

Nə isə. Qayıdaq mövzuya. Elina Sədaya and içib ki, sirrini qoruyacaq. Heç kəsə deməyəcək. Həqiqətən də qoruyub. İndiyə qədər bu barədə heç kimə bir söz deməyib. Buna baxmayaraq, bu gün sinifdəki uşaqların əksəriyyəti (mən 1-ci dərsdə iştirak etmədiyimə görə xəbərim olmayıb) günün əvvəlində sinifdə yeni bir cütlüyün yarandığını öyrəniblər. Bu cütlük Elina və Dumandır. Elina və Duman! Təsəvvür edirsən? Artıq sinfimizdə Bonni və Klayddan daha təhlükəli sevgililər var!

Sədaya ən çox pis təsir edən Elinanın hərəkətləridir. Onun dərdinə şərik olan qayğıkeş “rəfiqə”si indi gözü qarşısında onun sevdiyi oğlanla flirt edir. Üstəlik, baxışları və hərəkətləri ilə də Sədaya acıq verir. Nahardan sonrakı dərslərdə özüm də fikir verib gördüm ki, düz deyir. Elinanı Dumandan da çox Sədanı yandırıb yaxmaq maraqlandırır. Axı niyə? Bu necə bir vicdansızlıqdır?

Səda ilə zəng vurulana qədər danışdıq. Onu dinlədikcə, halına ürəkdən yanırdım. Amma bir tərəfdən də daxilimdəki iblis məni dümsükləyərək deyirdi: “Səda da bütün məktəb kimi sənə qarşı edilən haqqsızlığa göz yummadımı? Heç olmasa anasını bu vəhşiliyə ortaq olmamağa, Elinagili cəzalandırmağa razı sala bilməzdimi?” Haqqsızlığa göz yummaq elə ona ortaq olmaq deməkdir və əvvəl-axır həmin ortaq da qurban olmağa məhkumdur. Bu dəfə Səda qurban idi. Qurbanı mühakimə etmək isə mənə yaraşmaz…

Sinfə qayıtmazdan öncə onu ayaqyoluna aparıb əl-üzünü yumasına kömək etdim. Saçlarına əl gəzdirdim. Ona özünü əzdirməməyi, heç nə olmamış kimi davranmağı, qətiyyən əsəbi, gərgin, kobud və ya yazıq, çarəsiz kimi görünməməyi məsləhət gördüm. Elina Sədaya qarşı mənə etdiyi kimi vəhşilik eləməmişdi. Bu, açıq-aşkar mübarizə aparılacaq, dava ediləcək tipdə bir məsələ deyildi. Ona görə də bildirdim ki, qalib gəlməyin yeganə yolu Elinaya nə qədər bəsit və dəyərsiz olduğunu laqeyd davranmaqla nümayiş etdirməkdir.

Sinfə girməzdən öncə Səda son bir təsəlli üçün gözlərimin düz içinə baxdı və soruşdu: “Səncə Duman onu sevir?” Baxışları üç hərfli sözü deməyim üçün sanki yalvarırdı. İnsanların daxili dünyalarını bilmədən onların hissləri barəsində konkret fikir yürütməyi xoşlamasam da, ona istədiyi cavabı verdim: “Yox.” Dərindən nəfəs aldı və içəri keçdi.

Əslində necə düşündüyümü bilmək istəyirsən? Məncə sevgi ən saf, müqəddəs duyğudur və yalnız daxilən saf olanlar, ya da bu yolda addımlayanlar onu duya bilərlər. Mən nə Elinanın, nə də Dumanın mənəvi baxımdan saf olduğuna inanmıram. Onların münasibəti məktəbin ən populyar oğlanı ilə ən gözəl qızının ənənəvi, gələcəyi olmayan qısamüddətli məşğuliyyətdən başqa bir şey deyil. Bəs Sədanın sevgisi necə? Bu gün etdiyimiz söhbətdən sonra onun mənəvi cəhətdən inkişafa doğru irəlilədiyinə inanmağa başladım. Onun hissləri mənə səmimi gəlir.

Bax belə… Yağış hələ də davam edir. Mənə elə də dəxli olmayan üç müxtəlif insanın məhəbbət üçbucağı barəsində danışmaq məni acdırdı. Yadıma indi düşdü ki, axırıncı dəfə səhər tezdən yemişəm. Nə məktəbdə, nə də evə gələndən sonra iştahım olmayıb. Həyatdakı tək-tük bacarıqlarımdan biri uzun müddət ac qalmağa dözmək qabiliyyətimdir. Lap dəhşət bacarıqdır ki! Görəsən bu “istedad” mənə hansı işimdə kömək edə bilər? Nə vaxtsa, kimsəsiz bir adaya düşsəm, yəqin ki karıma gələr. Mənim tənha adada nə işim olacaq ki? Nə isə. Yaxşısı budur, gedib bir şey yeyim.



Gecənin qaranlığında bir cüt göz tavana zillənmişdi. Afşin baş verənləri və onlardakı rolunu götür-qoy edirdi. Onu sığınacaqda dustaq olmaqdan çox tanımadığı adamlarla bir yerdə qalmaq narahat edirdi. Üstəlik bu insanların demək olar ki hamısı bir-biri ilə öncədən tanış idi. “Əgər vəziyyət daha da çətinləşsə, aclıq, susuzluq yaransa, bu mədəni adamlar vəhşi heyvanlara çevriləcəklər” – deyə ağlından keçirdi. “Və özlərinə hədəf axtarmağa başlayacaqlar. İlk hədəf kimi yəqin ki məktəb dövrünə mənsub olmayanlar seçiləcək” – o, zehnində təhlil aparırdı. “3 nəfər yad adam var: Mən, Cabir və Nil. Cabir həm Xürrəmin əridir, həm də yemək işinə baxır. Nil də Arzunun qızıdır. Onsuzda uşaqla hələ ki heç kimin işi olmaz. Mən isə heç kəsin heç nəyi deyiləm. Uşaqlıq xatirələrində də yoxam. Deməli, burada ən lazımsız adam mənəm.” Otağın zülməti Afşinin üzündəki narahatlığı, çatılmış qaşlarını və qorxularını ört-basdır edirdi. Qaranlıq tavan onun üçün bir növ monitor rolunu oynayırdı. Həmin “monitor”da içəridə olduğu müddət ərzində baş verənləri canlandırırdı. “Duman məni görən gündən qaralayıb. Yanındakılar da həmçinin” – o, Tunar və Torpağı nəzərdə tuturdu. “Səlimin heç kəslə işi yoxdur. Sabah müəllimə canının hayındadır. Adnanın baxışları birtəhərdir. Ondan nə gözləyəcəyimi bilmirəm. Sonra…” – o, zehnində bir-bir sığınacaqdakı bu “oyun”un “iştirakçı”larını canlandırır, hansının nə dərəcədə təhlükəli olduğunu qiymətləndirirdi. “Arzunun başı xarabdır. Cabir qorxağın biridir. Bircə çırtma vursan, ağlayar. Kərəm və Azadla aram yaxşıdır. Yaxşı ki onlarla münasibət qurmuşam. İkisinin də sinif yoldaşları arasında hörməti var” – deyə düşündü və sağ tərəfdəki ikimərtəbəli çarpayıda yatan Kərəm və Azada tərəf çevrildi. Azad astadan xoruldayırdı. Kərəm də çoxdan yuxuya getmişdi. Qaranlıqda heç birinin üzü seçilmirdi. Yenidən öz “monitor”una qayıtdı: “Hmm… Sonra… Diyar sümsük gədənin biridir. Mənə ilişməz. Yerdə qalanların da heç birinin başı işləyənə oxşamır” – deyə düşündü. Qadınların gücünü küçümsəyirdi, amma daxilində nə isə narahatlıq da vardı. “Səda boşboğazdır. Dəfnə də dindirməsən danışmaz. Nə ətdir, nə də ki balıq. Elina… Elina lazım ola bilər. Gözəldir, imkanlıdır. Hamıya maraqlı gəlir. İstəsə, çoxuna hökmünü yeridə bilər. Gərək onunla ünsiyyət yaradım. Heç olmasa bir neçəsini öz tərəfimə çəkməsəm, hədəf olaraq qalacağam.”

Təhlilini başa çatdırandan sonra, üzü üstə çevrildi. Sağ əlini çarpayının divara söykənmiş tərəfindən aşağı uzadaraq döşəyin altına saldı və gizləncini çıxardı. “Tangoflio T95” markalı silah onun iri əllərinə yaraşıq verdi. Əlləri ilə silahın lüləyini, tətiyini, tutacağını sığallaya-sığallaya yenidən arxası üstə çevrildi. Üzündə hiyləgər bir təbəssümlə baş verənləri yadına saldı. Sığınacağa girməzdən öncə Sabah müəllimə Afşindən xahiş eləmişdi ki, silahını mühafizəçilərin otağında qoysun. Çünki Torpağın uşaqlıqda silahlara qarşı xüsusi bir marağının olması müəllimənin xatirində qalmışdı. Qorxurdu ki Torpaq hələ də bu həvəsi itirməmiş olar və Afşinin silahını qurdalayaraq nə isə xəta törədər. Afşin Sabah müəllimənin xahişini yerə salmamışdı. Lakin ona yalan demişdi. Silahından ayrılmağı xoşlamırdı. Ona görə də silahı uniformasının içəridəki gizli cibində gətirmişdi.

Üzündəki təbəssüm yavaş-yavaş silindi. “Monitor”a kilidlənmiş gözlər qısıldı, qaşlar çatıldı, dişlər bir-birinə sıxıldı. “Nə olursa olsun, burdan sağ-salamat çıxacağam!” – deyə qətiyyətlə pıçıldadı.

***

“Dəfnə, yatmısan?” – Qəmzə soruşdu. Dəfnə üzünü divar tərəfə çevirib fikrə getmişdi.

“Yox. Gözümə yuxu getmir” – o, cavab verdi.

“Nə fikirləşirsən?”

“Fikirləşirəm ki, necə eləyim ki heç nə fikirləşməyim” – Dəfnə asta səslə dedi.

Qəmzə gülümsədi. “Bilirsən, məncə bütün bu baş verənlərin nə isə bir səbəbi var. Neçə ildən sonra birtəhər planlaşdırıb görüşdük, amma ayrıla bilmədik. Deməli, hələ natamam qalan şeylər var…”

“Məsələn nə kimi?” – Dəfnə soruşdu.

“Hmm… Dəqiq bilmirəm. Amma həmişə fikirləşirdim ki, təzədən o illərə qayıtsam nəyisə dəyişərdim. Nə bilim… Məsələn, daha ünsiyyətcil olardım, xarici görünüşümə daha çox fikir verərdim, dərslərə bir o qədər də baş qoşmazdım…” – o, üzündə təəssüf dolu bir təbəssümlə sadaladı və ürəkdən ah çəkdi.

“Qəmzə, zamanda səyahət etməmişik. Heç nəyi dəyişə bilməzsən. Sadəcə davam edə bilərsən.” Qəmzənin uşaqsayağı sözləri Dəfnənin üzündə gülüş doğurmuşdu.

“İstəsəm, sinif yoldaşlarımın haqqımdakı fikirlərini indi dəyişdirə bilərəm” – Qəmzə bu dəfə daha ciddi tərzdə dedi.

“Amma heç kəs keçmişi unutmayıb, unutmayacaq da. Sadəcə hamı özünün böyüdüyünü, yaxşıya doğru dəyişdiyini göstərmək istəyir. Sən tək deyilsən” – Dəfnə dedi.

Qəmzə bir qədər fikrə gedəndən sonra çiyinlərini çəkərəm “Eh… Nə isə” dedi və mövzunu dəyişdi: “Dumanla Elinaya fikir vermisən? Bir-birlərinə necə baxırlar!”

“Necə baxırlar ki?” – Dəfnə kinayə ilə soruşdu.

“Sevgiylə, maraqla…”

“Məncə əksinə, nifrətlə” – Dəfnə dedi. “Deyəsən onların o vaxt necə ayrıldıqlarını unutmusan. Hələ də bir-birlərinin üzünə baxa bilirlərsə, böyük şeydir. Üstəlik, mən bilən Elina ailəlidir.”

“Hmm…” – Qəmzə fikrə getdi. Bir qədər sonra “Bura artıq uyğunlaşmağa başlamışıq. Bu, qətiyyən yaxşı hal deyil” dedi. “Heç kəs açıq-aşkar etiraf eləmir, amma belə görünür ki, çıxış yolumuz yoxdur.”

“Bu qədər bədbin olma. Səlim bir yolunu tapar.”

“Səlim heç nə eləyə bilmir. Bütün gün yanında olmuşam” – Qəmzə ümidsiz bir tonda dedi.

“Asan məsələ deyil. Məncə, uzağı 1-2 günə bizi buradan çıxaracaq” – Dəfnə dedi.

“Təki sən deyən olsun. Gecən xeyrə qalsın.”

“Sənin də” – Dəfnə dedi və yenidən divara tərəf çevrildi. O, bütün gün kitabları ələk-vələk etməkdən yorğun düşmüşdü. Gözünə yuxu getməsə də yatmağa çalışdı. Sabah sığınacağın çertyojunu axtarmağa davam edəcəkdi. Çertyoj olmasa belə ümumiyyətlə bu cür kütləvi sığınacaqlar üçün ortaq xüsusiyyətlərin göstərildiyi hansısa qeydləri tapa biləcəyinə inanırdı. Bəlkə də Səlim yeganə ümid yeri deyildi? Kim bilir?

3-cü gün

Sığınacaqdakı növbəti gün hər kəs daha bədbin ovqatda idi. Səhər yeməyi zamanı yeməkxana o qədər səssiz idi ki, milçək vızıldasa eşidilərdi. Sabah müəllimə ilə Səda hamıdan axırda gəldi. Klara dünəndən bəri Sabah müəlliməyə çoxlu maye içirtmiş, ilk yardım göstərmişdi. Artıq temperaturu enmiş, zəhərlənmə əlamətləri aradan qalxmışdı. Klaranın anası tibb bacısı idi. Ona görə də ilk yardım barəsində müəyyən qədər məlumatı vardı.

Hər kəs sakitcə əyləşib yerində qurdalanırdı. Ümumi bir ümidsizlik dalğası hər kəsi öz ağuşuna almışdı. Cabirlə Xürrəm səhər yeməyi üçün bu dəfə olduqca az ərzaq işlətdilər. Əldə olan ərzaqlardan minimum istifadə etməklə, 10 ədəd müxtəlif tərkibli omlet bişirdilər. Xürrəm masanı hazırlamağa başladı. Cabir isə içəri girən kimi üzünü gənclərə tutub az qala səsi əsə-əsə dedi: “Ərzağın bir hissəsi yoxa çıxıb!” Masa arxasından müxtəlif səslər eşidildi.

“Necə yəni yoxa çıxıb?” – Kərəm hiddətlə dedi.

“Mən də elə bu sualı sizə vermək istəyirəm. Dünən axşam yuxarı qalxmadan öncə siyahını dəqiqləşdirmişdim. İndi yoxlanda gördüm ki nə qədər əskiyimiz var. Kimsə götürüb” - Cabir dedi.

Duman qəzəblə yumruğunu masaya çırpdı. “Bircə bu çatmırdı!” – dedi. “Sən niyə qapını qıfıllamamışdın ki?” – qınaq dolu bir tərzdə soruşdu.

“Çünki kiminsə oğurluq eləyəcəyini gözləmirdim!” – Cabirin səsindən qətiyyət hiss olunurdu. Onduzda qidanın oğurlanmasına görə kifayət qədər narahat olmuşdu. Hələ üstəlik bu məsələyə görə mühakimə olunmaq fikrində deyildi.

“Hardan bilirsən ki oğurluq edilib?” – Afşin soruşdu. “Bəlkə səhv hesablamısan?”

Cabir cibindən bir kağız çıxarıb oxumağa başladı: “Deməli, bir qutu peçenye, 2 litr su, 1 ədəd balıq konservi,1 ədəd tərəvəz konservi, 2 ədəd alma, 1 portağal və 1 qutu qidalandırıcı həb.” O, sadaladıqca gənclərin gözlərindəki təəccüb daha da artırdı. “Bir sözlə, kimsə özünü yaxşıca sığortalamaq fikrinə düşüb.”

“Şübhələndiyin kimsə var?” – Duman soruşdu.

Bayaqdan qanı qara halda süfrəni hazırlayan Xürrəm nəhayət söhbətə qoşuldu: “Bizdən başqa ərzaq anbarına kiminsə girdiyini görməmişik. Ərzaqdan da eybi yox, amma həblərin oğurlanmasına görə çox pis oldum. Orada ərzağımız qurtarsa belə, hamımızı 3-4 gün idarə eləyəcək qədər həb var idi. Heyf!” – Xürrəm dedi. “Nə yaxşı ki 2-ci qutunu götürməyib. Lap arxaya qoymuşdum. Yəqin oğru hər kimdirsə, görməyib.”

Onun nəzərdə tutduğu doyurucu həblər 20 ildən çox idi ki kütləvi şəkildə istifadə olunurdu. Bu həblərin tərkibində olan xüsusi maddələr insan bədəninin qidaya olan tələbatını tam olaraq ödəyirdi. Gündə 2 həb bəs edirdi ki, şəxs dilinə heç nə vurmadan günü başa vura bilsin. İştahı küsdürür, pəhriz saxlayanların işini asanlaşdırırdı. XXIII əsrdə xarici görünüşünün və sağlamlığının qeydinə qalan hər kəs, ələlxüsus da xanımlar bu həblərdən geniş istifadə edirdilər. Lakin mütəxəssislər bildirirdilər ki, onlarıdan ən çoxu həftənin 3 günü istifadə eləmək məsləhətdir. Bu həblərin fasiləsiz istifadəsi mədənin sıradan çıxmasına, xərçəngə və digər həyati əhəmiyyətli xəstəliklərə gətirib çıxara bilərdi.

Afşin duyduğu təəssüf hissini boğa bilmədi: “Mən bilirdim ki axrı bu işin bir zibili çıxacaq. Ciddi nəzarət eləmək lazım idi!”

Duman elə bunu gözləyirmiş kimi onun üstünə çəmkirdi: “Sənə görə oldu da! Ərzağa qənaət eləyək, çatmayacaq, hələ çox qalacağıq deyə-deyə dəlinin yadına daş saldın!”

“Eeee… Sən də boğaza yığmısan məni! Elə bil hər şeyin günahkarı mənəm! Öz için qurdludur, elə bilirsən hamı sənin tayındır!” – Afşin hirsləndi.

“Bura bax! Ağzının danışığını bil yoxsa yaxşı olmaz!” – Duman qışqırdı.

“Neyləyərsən? Sən kimsən axı? Nə qoçulanırsan üstümə?”

“Səni ayağımın altına salıb əzərəm! O dediyin balaca qurdlar kimi!”

“Əz, görüm necə əzirsən!” – Afşin dedi və Dumanın üstünə yeridi. Əlbəttə, Duman da tərəddüd etmədən onun üzərinə atıldı. Ətrafdakıların çoxu qladiator döyüşünə tamaşa edirmiş kimi sakitcə baxırdılar. Çox keçmədən Kərəm və Torpaq araya girməyə cəhd etdi. Tunar, Azad və Adnan da qoşuldu. Amma Afşinlə Duman bir-birlərini nifrətlə əzişdirməyə elə alüdə olmuşdular ki, onları ayırmağa çalışanlar da yumruqlardan payını alırdı. Qəzəbdən şirə dönmüşdülər. İkisi də elə hiddlətlə bir-birini qamarlayıb yerə çırpır, yumruqlarla ağız-burnunu döyəcləyirdi ki, elə bil hər şeyin – burada əsir qalmaqlarının, ərzağın oğurlanmasının, lap elə baş verən terror hadisəsinin günahkarı indicə öldürməyə hazır olduqları adamdır.

İkisi də iricüssəli və güclü idilər. Məğlubiyyətlə barışmaq hər ikisinin də təbiətinə yad bir xüsusiyyət idi. Qızların çoxu qorxub kənara çəkilmişdi. Oğlanlar onları aralamaq üçün əllərindən gələni edirdilər. Nəhayət, Afşinin bir anlıq zəifliyindən istifadə edən Duman onu yerə yıxa bildi. “Səni öldürməməyim üçün mənə bir səbəb de!” – o, ətrafa toplaşan izdihamın qarşısında qazanmaq üzrə olduğu qələbənin dadını bir az erkən çıxarmağa çalışdı. Afşin heç nə demədi. Var gücü ilə sağ əlini Dumanın sol dizinin altından dartdı və peşə vərdişi olan cəldliyi sayəsində silahı cibindən vaxtında çıxara bildi. Bu dəfə o, Dumanın bir anlıq çaşqınlığından istifadə elədi və onu itələyib ayağa qalxdı. Silahı Dumana tərəf tuşlayaraq dedi:

“Çünki buna cəhd eləsən, özün öləcəksən, balaca qurd!” Üzündə nifrət və istehzanın vəhdətindən doğan vəhşi bir ifadə vardı.

Hamı mat məəttəl qalmışdı. Silah Dumana tərəf tuşlansa da, digərləri də təşvişə düşmüşdülər. Dumanın hiss etdiyi qorxu onu yerindən tərpənməyə qoymasa da, dilini saxlamasına bəs eləmədi: “Deməli, bizdən silah gizlətmisən?! İki ədəd silah tapmısan, amma bizə birini göstərmisən?”

“Bu mənim öz silahımdır. Burdan tapmamışam!” – Afşin kobud tərzdə dedi.

“Nə? Bəs mənə söz vermişdin ki…” – Sabah müəllimə özünü saxlaya bilmədi.

“Hə, söz vermişdim, amma üstündə durmadım. Yaxşı ki durmamışam!” – Afşin bu dəfə nisbətən daha mülayim formada dedi.

“Hamımızı aldatmısan?!” – Çiçək heyrət içərisində dedi.

“Bəlkə sığınacağa gələndə kartı da bilərəkdən götürməmisən? İndi sənə niyə inanaq ki?” – Səda soruşdu.

“Ona görə ki əlində silah olan mənəm!” – Afşin hakimiyyətin əlində olmasından sonsuz bir həzz alırdı.

“Bəlkə də kartı götürmüsən və hamımızı aldadırsan? Bizi bilə-bilə içəridə saxlayırsan?” – Duman kinayə ilə ona tərəf tuşlanan silahın sahibinə dedi.

“Zibilin biri zibil! Səni it kimi peşman eləyəcəyəm!” – Torpaq başını yelləyərək dedi.

“Nə?! Deyirsən bizi bilərək bura həbs eləyib?” – Klara Dumandan soruşdu.

“Əgər elədirsə, onda bizdən qorx!” – Elina da özündə cəsarət tapıb qoşuldu. “Səndən bunun əvəzini çıxacağıq!”

Arzu yenə sevimsiz qəhqəhəsini səsləndirdi. “Bravo, Afşin! Səndən belə cəsarət gözləməzdim!”

“Eeee! Hamınız kəsin səsinizi!” – Afşin qışqırdı və silahı gah Arzuya, Elinaya, gah da Torpağa tərəf çevirdi. Sonda yenə Dumanın üzərində saxladı. “Bu dəqiqədən etibarən, mən nə desəm, o da olacaq! Sözümdən çıxan olsa, özündən küssün!” Sonra isə bir-bir otaqdakılara göz gəzdirdi. Bildiyi qədərilə, hamı yeməkxanada olmalı idi. Amma atmacalara cavab verməkdən heç cür onları saymağa fürsət tapa bilmirdi.

Duman isə gözlərini Afşinin gözlərindən çəkmir, özünü soyuqqanlı aparırdı. Bu, Afşini daha da qıcıqlandırırdı. Çünki məqsədi Dumanı qorxutmaq idi. Duman isə ağıllı tərpənərək, qrupun üzvlərinin ürəyinə şübhə toxumları səpmişdi. İndi hamı ən yaxşı halda Afşinin nə isə gizli niyyəti olan bir yalançı, ən pis halda isə qana susamış bir manyak olduğunu düşünürdü. Məqsədi hamını öz tərəfinə çəkib Dumanı təkləmək olan Afşinin istəyi iflasa uğramışdı. Ona görə də məcburən özünümüdafiəyə keçdi. Bununla da bilməyərəkdən özünün təklənməsinə səbəb oldu.

“Bizimlə tanış olmaq istəyirdinsə, sadəcə yanımıza gələ bilərdin. Daha sığınacaqda əsir eləməyə gərək yox idi” – Duman ironiya ilə dedi.

“Bir də ağzını açsan, beynini dağıdacağam!” – Afşin qışqırdı.

Elə bu vaxt qəfildən kimsə onu arxadan itələdi. Nə olduğunu anlamayan Afşin üzü üstə yıxılmadan öncə vaxtında tətiyi basmağa çatdıra bildi. Atəş səsi və dörd bir tərəfə qaçışanların hayqırtısı otağı lərzəyə saldı. Lakin artıq güllə öz yuvasından çıxmışdı və yeni “sığınacağ”ına doğru sürətlə irəliləyirdi…

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ