Sinif yoldaşları- Povestdən hissələr

Tarix:18-08-2017, 13:28 Baxış Sayı:166

Sinif yoldaşları- Povestdən hissələr


Xülya Cəfərova

“Sinif yoldaşları” anti-utopik psixoloji triller janrındadır. Hadisələr XXIII əsrdə cərəyan edir. Bir zamanlar bir sinifdə oxumuş məktəblilər 10 ildən sonra yenidən məzun olduqları məktəbdə görüşürlər. Bir neçə saat davam etməsi nəzərdə tutulan görüş həyatlarının sınağına çevrilir. Kiçik bir diqqətsizlik nəticəsində məktəbin fövqəladə hallar üçün nəzərdə tutulan sığınacağında dustaq olurlar. Bir-birindən fərqli 20 insan qapalı məkanda yaşamaq uğrunda mübarizəyə başlayır. Bu mübarizə onları həm tanınmaz hala salacaq, həm də əsl üzlərini meydana çıxaracaq. Artıq onların qarşısında bircə məqsəd var: sağ qalmaq. Məqsədə hansı yolla çatdıqlarının isə heç bir fərqi yoxdur.


4.

9 oktyabr, 2205

Əziz gündəliyim,

Bu sətirləri ağlaya-ağlaya bölüşürəm səninlə... İki gün öncə baş verənlərdən sonra özümdə necə güc taba bildiyimi heç özüm də anlamıram. Bircə onu bilirəm ki, ruhumu sarsıdan, mənliyimə toxunan bu hadisəni kiminləsə bölüşməsəm rahatlıq tapan deyiləm. Nə edək, mənim də gücüm yalnız sənə - dilsiz, ağılsız, sükutu ilə mənə təsəlli olan yeganə ruh ortağıma çatır. Sənə indi heç olmadığı qədər çox ehtiyacım var...

Hər şey iki gün əvvəl coğrafiya dərsində başladı. Həmişəki kimi sinfin yarısı dərsə qulaq asırdı, digər yarısı isə öz aləmində idi. Mən isə bütün diqqətimi müəllimin nümayiş etdirdiyi təqdimata cəmləmişdim. Çünki mövzu olduqca maraqlı idi – son iki əsr ərzində nüvə partlayışları nəticəsində xəritədən silinmiş ölkələrdən, şəhərlərdən bəhs olunurdu. Təhlükənin, təhdidlərin, hədə-qorxuların qoynunda dünyaya göz açmış bizlər – gənc nəsil üçün daha maraqlı mövzu təsəvvür edə bilmirəm. Amma çoxları gündəlik məişət “libasının” rəngarəngliyinə, sonsuza kimi təkrarlanmağı vəd edirmiş kimi görünən yalançı yeknəsəqliyinə o qədər aludə olublar ki, ölümün hər saniyə burunlarının dibində olduğunu görə bilmirlər...

Elina və dəstəsi dərsin ortasında arsız qəhqəhələrlə diqqətləri üzərlərinə çəkməyə başladı. Yəqin ki yenə aralarında kimisə lağa qoyurdular. Onların bəsitliyini və cılızlığını heç vaxt qəbul edə bilməmişəm. Lakin fikrimi çox vaxt ürəyimdə saxlamışam. Bu dəfə isə özümü saxlaya bilməyib onların üzərinə qışqırdım. “Bəsdir də! İmkan verin dərsə qulaq asaq!” – dedim. Səncə Şahzadə söz altında qala bilərdi? Əlbəttə ki yox. Cavab qaytardı: “Bizimləsən?! Nə eləyəcəyimizi səndən soruşmayacağıq ki!” Özünü həqiqətən də şahzadə kimi aparırdı. Dumanın verdiyi ləqəb bu gözəlçəni bir az da şişirtmişdi. “Mən dərsə qulaq asmaq istəyirəm. Siz isə mənim hüququmu pozursunuz!” – deyə cavab verdim. Qızlar mənə baxıb nə isə pıçıldaşdılar və bu dəfə daha bərkdən, kinayə ilə gülməyə başladılar. Bayaqdan ağzına su alıb oturmuş müəllimimiz yalnız bundan sonra müdaxilə elədi və aranı sakitləşdirdi.

Tənəffüs olan kimi ayaqyoluna üz tutdum. Elina, Arzu və Çiçək də arxamca gəlirdilər və mənə söz atırdılar. “Arzu, sakit ol, bir nəfər dərsə qulaq asır. Ha ha ha!”, “Çiçək, görürsən? Camat alim olmaq istəyir. Biz geridə qalmışıq. Ha ha ha!” və sairə bu kimi yüngül atmacaları eşidə biləcəyim bir tonda səsləndirirdilər. Onlara fikir verməməyə çalışırdım. İçəri girdim. Ardımca daxil oldular. Güzgüdə saçıma əl gəzdirdim. Əslində məqsədim saçımı düzəltmək deyildi. Sadəcə onlara kefimi qətiyyən pozmadıqlarını, əksinə xarici görünüşümün qeydinə qalacaq qədər nikbin əhval-ruhiyyədə olduğumu göstərmək istəyirdim. Sonra da kabinələrdən birinə daxil olub qapını qıfılladım. Mən içəridə olanda qızlar hələ də atmacalara davam edirdilər. Sonra kimsə mənim olduğum kabinənin qapısını qurdalamağa başladı. Düşündüm ki, yəqin kimdirsə girmək istəyir və içəridə adam olub olmadığını yoxlayır. Elə bu vaxt Elinanın həyasız səsini eşitdim:“Bacarırsansa bundan sonrakı dərslərə də gəl, qulaq as! İndi görəcəyik nə dərəcədə yaxşı şagird olduğunu.” Nə demək istədiyini anlamadım. Qızlar gülüşərək çıxıb getdilər. Zəng vuruldu. Qapını açmaq istədim. Açılmadı. Yalnız indi Elinanın nə demək istədiyini başa düşə bildim. Bayırdan qapıma necəsə müdaxilə eləmişdilər. Məni darısqal kabinəyə kilidləyib getmişdilər.

Qapını nə qədər açmağa çalışsam da, açılmırdı ki açılmırdı. Qışqırıb kömək istədim. Səsimə səs verən olmadı. Beləcə, dərsin sonuna qədər təsəvvür edə biləcəyin hər yola əl atdım: kömək istədim, var gücümlə qışqırdım, qapını qırmağa çalışdım, nə isə görmək ümidilə əyilib altdakı boşluqdan baxdım... Təəssüf ki kabinələrin yuxarı hissəsi tavana qədər uzanırdı. Ona görə də yuxarıdan dırmaşıb çıxmaq kimi şansım yox idi. Dəli kimi tərləməyə və əsməyə başladım. Amma tənəffüsə az qalmışdı. Mütləq kimsə gələcək və mənə kömək edəcək deyə düşünərək, özümə təsəlli verirdim. Zəng vuruldu. Həqiqətən də gələnlər oldu. Özü də düz 3 nəfər: Elina, Arzu və Çiçək. Özlərindən başqa heç kəsi ayaqyoluna buraxmadılar. Arzu qapını taqqıldatdı və “Sağsan ya ölmüsən?” deyə soruşdu. Var gücümlə qapını döyəcləməyə və ağlıma gələn hər cür hədə-qorxu dolu sözü qışqırmağa başladım. Onlar isə nə desəm gülür və məni bir az da yandırıb yaxırdılar. Axırda “Səni çıxmağa qoyan deyilik. Gecəni burdasan” – Elina dedi və çıxıb getdilər.

Növbəti tənəffüsə qədər gəlib gedən olmadı. İçəridə nəfəsim çatmırdı. Ürəyim sanki sinəmi yarıb çıxacaqdı. Sinəmə qəribə bir ağrı qonmuşdu. Sanki ürəyim zəif işləyən bir su kranı idi və hansısa bir canlı vücudumun qan dövranını tənzimləyən bu kranı var gücü ilə sıxaraq, həmişəlik bağlamaq istəyirdi. Yanaqlarımın alışıb yanmağından hiss edirdim ki, get-gedə qızarıram. Başım gicəllənir, tez-tez gözüm qaralırdı. Bir ara dəli kimi susadığımı və tərəddüd etmədən duşdan ovcuma su tökərək içdiyimi xatırlayıram. Qarnımda sanki kəpənəklər uçuşurdu...

Beləcə, 2-ci dərsdən düz 8-ci dərsə qədər Elinagil hər tənəffüsdə gəldilər. Heç kəsi içəri keçməyə qoymadılar və özbaşına kəsdikləri hökmə uyğun olaraq məni azadlıqdan məhrum etdilər. Mən içəridə havasızlıqdan havalanmaq üzrəykən, müəllimlər dərsdən qaçdığımı zənn edərək ata-anama xəbər veribmiş. Yəqin ki onların təlaşla məktəbə gəlməkləri qəsdimə durmuş qızları da qorxutdu. Sonuncu dərsdə gəlib qapını açdılar. Yadımdadır ki, qapı açılan kimi onların üstünə atılıb gücüm yetdiyi qədər hər birini əzişdirmək istədim. Amma huşum tam özümdə deyildi. Ətrafda uçuşan əcaib həşəratların hansının gerçək, hansının xəyal olduğunu ayırd edə bilmirdim. İçəridə qaldığım müddətdə zaman anlayışını sanki itirmişdim. Gah düşünürdüm ki, saatlarla küncdə yatıb qalmışam və uzağı bir saat oyaq olmuşam, gah da mənə elə gəlirdi ki, gecəni də ayaqyolunda keçirmişəm və bu gözəlçələr yalnız növbəti dərs gününün sonunda insafa gələrək məni buraxıblar.

Özümə gələndə başımın üstündə anamla atam, Sabah müəllimə və məktəbin həkimi Zara xanım vardı. Sən demə, qapı açılanda huşumu itirmişəm. Qızlar məni elə ordaca qoyub qaçıblar. Çox keçmədən yuxarı siniflərdən bir qız məni görüb və Sabah müəlliməyə xəbər verib. Məni kimin kilidlədiyini isə bilmirdilər.

Ayılan kimi baş verənləri bütün təfərrüatı ilə müdiriyyətə danışdım və o azğınlaşmış yaratıqların məktəbdən qovulmasını tələb etdim. Hər kəs məni sakitləşdirməyə çalışaraq, bu qəddarlığın cəzasız qalmayacağını deyirdi. Mən parçalanmış, əzilmiş və məhv olmuş bir halda evə gəldim. Anamgil də qəzəbli və pərişan idi, amma mənim fikrimi başqa yerə yönəltməyə, sakitləşdirməyə çalışırdılar.

Gecə boyu bir an belə gözümü qırpmadım. Nədənsə mənə elə gəlirdi ki, gözlərimi bağlayan kimi məktəbin qaranlıq, vahiməli, darısqal ayaqyoluna qayıdacağam. Elinanın iyrənc səsi, kəskin sözləri qulağımdan getmək bilmirdi.

Səhəri gün anamın bütün israrlarına rəğmən məktəbə getdim. Elinaya, Arzuya və Çiçəyə cəza verilərkən orada olmaq istəyirdim. Qızların 3-ü də dərsə gəlməmişdi. Gün boyu heç bir xəbər çıxmadı. Yenidən müdiriyyətə və Sabah müəlliməyə şikayət etdim. Məni səbrli olmağa çağırdılar. Bu minvalla da günü başa vurduq.

Və nəhayət bu gün... Gəlmişdilər. Yenə atmacalar, nifrət dolu sözlər havada uçuşdu. Lakin bu dəfə davanı başladan mən idim. Dərs başlamazdan əvvəl qızlar sinfə girən kimi üstlərinə gedərək, “artıq səltənətlərinin süqut uğradığını və daha heç kəsi incidə bilməyəcəklərini” bağıraraq dedim. Onlar da mənim “bəzəkli sözlər”imi lağa qoymağa başladılar. Sinif yoldaşlarımız araya girməsəydi, çox güman ki əlbəyaxa olacaqdıq.

Dərs başlayan kimi Sabah müəllimə dördümüzü də yanına çağırdı və aqibətimizi elan etdi: Elina, Çiçək və Arzu hər biri 3 gün müddətinə məktəbdən uzaqlaşdırılacaqdı. Vəssalam! Bu qədər! Bu vəhşilər məni az qala öldürdüklərinə görə 3 günlük istirahətə layiq görüldülər! Hə... İndi isə növbə gəlib çatdı mənə... Aha! Sabah müəllimə əslində mübahisəni başladan tərəfin mən olduğuma, hamının içərisində qızlara çəmkirdiyimə eyham vurdu. Amma əlbəttə, bunun onların etdiklərinə heç bir halda haqq qazandırmadığını və cəzalarını çəkəcəklərini dəfələrlə vurğuladı. Dəhşət cəzadır ki! Axı onların 3 gün məktəbdən və məktəbdəkilərin diqqətindən kənar qalmaqları mənim yaşadıqlarımla müqayisədə hədsiz dərəcədə gülüncdür! Guya bu cəza onların şəxsi işlərinə də yazılacaq. Doğrusu, artıq heç bir sözlərinə inanmıram... Bəs ədalət hardadır? Həqiqət hardadır? Məktəb müdiriyyətinin hər dəfə “vəzifələrimiz”ə yamaq eləyərək dönə-dönə təkrarladığı o hüquqlarımız harda qaldı?

Hamısı boş imiş... Sonsuzluğun içərisində hər biri saniyəyə bərabər olan cılız ömürlərimiz ədalətə layiq deyilmiş... Əziz sirdaşım, sənə söz verirəm ki, mən nə olursa olsun heç vaxt kiməsə qarşı haqqsızlıq etməyəcəyəm!


5.

1-ci gün

Əsəblər tarıma çəkilmişdi. Hamı gərgin, narahat, amma eyni zamanda ümidli idi. Texnoloji inkişafın özünün ən yüksək həddinə çatdığı bir dövrdə sığınacaqda uzun müddət qalası deyildilər ki. Ən azından, içəridəki 20 nəfər belə düşünürdü. Lakin xarici aləmlə xəbərləşmək üçün nəzərdə tutulan bütün avadanlıqlar – kompyuterlər, monitorlar, səsötürücü qurğular, sığınacaqlardan məsul olan qurumlara S.O.S siqnalı ötürən cihazlar hələ işlək vəziyyətdə deyildi. Görünür, sığınacağın tamamlanması üçün hələ azı 1-2 həftə gərəkliymiş. Beləliklə, məlum oldu ki, heç Afşin belə buradakı vəziyyətdən tam olaraq xəbərdar deyilmiş.

“Telefonlar da işləmir. Əlbəttə, işləməz. Cəhənnəmin dibindəyik” – Elina əlindəki telefonu qurdalaya-qurdalaya deyinirdi.

“Uşaqlar, bəs izaxtaranlar necə? Onlar da burada işləmir?” – Çiçək soruşdu. O, doğulan kimi bütün körpələrin sol qolunun yuxarı hissəsinə yeridilən mikroçipləri nəzərdə tuturdu. Az qala mikroskopik ölçüdə olan bu qurğu dünyanın hər yerindəki insanların izlənilməsini təmin edirdi. Cəmi yüz ilə yaxın idi ki bu texnologiya tətbiq olunurdu. Onun sayəsində qəza vəziyyətində olan, fövqəladə halla üzləşən və ya terrora qurban getmək üzrə olan insanlar bir çox hallarda vaxtında xilas edilə bilirdi. Əlbəttə, bu cihaz insanların bir-birlərini izləməsi üçün nəzərdə tutulmamışdı. Bu hüquq yalnız ayrı-ayrı hökümətlərin təyin etdiyi məsul qurumlara məxsus idi.

“Aaa doğurdan! Bu ki heç ağlımıza gəlməyib!” – Xürrəm sevincək dedi.

Uşaqlıqda olduğu kimi, söhbət texnologiyadan gedirsə, fikir bildirməyi özünə borc bilən Səlim bu dəfə də bildiklərini yoldaşlarından əsirgəmədi: “Mənim də ağlıma elə birinci bu gəlmişdi. Lakin məsələ burasındadır ki, o cihazlar yerin üstündə işləyir, altında yox.”

“Onda daha nəyə lazımdır ki?” – bir anlıq çöhrəsində ümid işığı yaranan və Səlimin sözlərindən sonra yenidən üzünə qaranlıq çökən Arzu əsəbləşdi.

“İzaxtaranlar yerin üstündəki fövqəladə vəziyyətlərdə köməyə gəlir. Onlar yeraltı üçün nəzərdə tutulmayıb. İşdir, birdən izaxtaranlardan məsul olan qurumlar terror qruplaşmaları tərəfindən ələ keçirilərsə, sığınacaqların dəqiq yerinin və içəridə kimlərin olduğunun bəlli olmaması üçün onlara belə bir funksiya əlavə edilməyib. Sığınacaqların hamısında xəbərləşmə üçün cihazlar quraşdırılır. Onların hər biri yalnız içəridən razılıq bildirən düymələrə basılandan sonra bayırdakı instansiyalara xəbər ötürə bilər. Həmin qurumlarda pult başında oturanlar isə müəyyən gizli şifrələri yığdıqdan sonra sığınacaqla əlaqə saxlaya bilərlər.” – Səlim dedi və köks ötürərək davam etdi – “Bizim bəxtimizdən də burada həmin cihazlar quraşdırılmayıb.”

Hamının qanı daha da qaraldı. Heç kəs çarəsizliyi qəbullanmaq istəmirdi.

“Nə isə bir çıxış yolu olmalıdır axı!” – Arzu az qala ağlayaraq dedi.

Bir müddət heç bir ağızdan səs çıxmadı. “Özünütəsdiq” motivi daşıyan görüş birdən birə “özünütəslim” halını almışdı. Dəfnə köhnə adəti üzrə, öz küncünə çəkilib yoldaşlarını müşahidə edirdi. Arzunun qorxaqlığı, Afşinlə Dumanın bir-birlərinə tuşlanan qəzəbli baxışları, Sabah müəllimənin içəridə qapalı qalmaqdan savayı digər əndişəsi (O, məktəb rəhbərliyinin xəbəri olmadan gəncləri sığınacağa toplamışdı. Əgər Afşin öz işinin başında olsaydı, bəlkə də hadisədən vaxtında xəbər tutar və xeyli şagirdin həyatını xilas edə bilərdi. İndi buradan çıxan kimi hadisəyə müvafiq don geyindirmək lazım gələcəkdi), Xürrəmin təəccüblənəndə daha da irilələşərək az qala hədəqəsindən fışqıracaq domba gözləri, anasına qısılsa da, baxışları böyüklərinkindən daha müdrik təsir bağışlayan balaca Nilin təmkini təkcə Dəfnənin diqqətində idi. O, düşdüyü hər vəziyyətdə soyuqqanlı davranmağı güc-bəla ilə də olsa özünə təlqin edə bilmişdi. İstənilən situasiyada həm çıxış yolu tapmağa çalışar, həm də düşdüyü vəziyyəti lazımınca müşahidə edərək, öz əqlinin süzgəcindən keçirərdi. Hərçənd indi onun da ağlına bir şey gəlmirdi...

Beləcə, bir neçə saat keçdi. Daha bayırdan heç bir səs gəlmirdi. Duman təklif etdi ki, qapını Afşindəki kartla açmağı yoxlasınlar. İşdir, bəlkə alındı? Onun fikrincə, Afşin içəridəki vəziyyətdən yetərincə xəbərdar deyildi: Xəbərləşmə üçün nəərdə tutulan cihazların quraşdırılmadığını belə onlarla eyni vaxtda öyrənmişdi. Deməli, ola bilsin ki kart məsələsində də yanılır. Dumanın təklifi ürəklərə yeni bir ümid qığılcımı gətirdi. Afşin əvvəlcə etiraz elədi, amma sonra gördü ki haqqlı olduğunu əyani şəkildə sübut etməkdən başqa əlacı yoxdur. Ona görə də razılaşdı. Səlimlə Azad da etiraz etdilər. Əgər qapı açılarsa, bayırda onları nəyin gözlədiyini bilmədiklərinə görə ehtiyat edirdilər. Bəlkə terroristlər düz elə başlarının üstündədir? Ya da kim zəmanət verə bilərdi ki, havava heç bir zəhərli qaz buraxılmayıb? İkinci ehtimal gəncləri daha çox qorxutdu. Ona görə də gecəyə qədər gözləməyə qərar verdilər. Əgər yenə də heç bir səs-küy eşidilməsə, oğlanlardan ibarət bir qrup gedib kartı yoxlayacaqdı. Qapı açılarsa, onlar bayıra çıxıb vəziyyəti öyrənəcək və gəlib içəridə qalanları çıxaracaqdılar. Əgər açılmasa, onda itiriləcəsi heç nə yox idi.

Gecə yarısına az qalırdı. Planı həyata keçirməyin vaxtı gəlib çatmışdı. Qrupa Duman, Torpaq, Afşin, Kərəm və Azad daxil edildi. Tunarla Səlim də qoşulmaq istəyirdi. Lakin Duman onlara vəziyyətə içəridən nəzarət etməyi tapşırdı. O, Səlimi təhlükəyə atmaq istəmədiyini bildirdi. Əgər başlarına nə isə gələrsə, Səlim içəridəkilərə lazım olacaqdı. Yüksək texnologiya ilə təchiz edilmiş (bir çox funksiyalar işlək vəziyyətdə olmasa da) bir sığınacaqda ən gərəkli adam təbii ki texnologiya dəhası olan Səlim idi. Tunarı isə Duman min bir bəhanə gətirərək başından elədi. Qrup böyük ümidlərlə qapının olduğu girişə yollandı. Çox keçmədən, əlləri ətəklərindən uzun halda qayıtdılar. Afşin haqqlı çıxmışdı. Hamı çarəsiz halda düşünməyə başladı. Dəfnə sinif yoldaşlarına kənardan baxaraq ağlından keçirirdi ki, çıxış yolunun olmaması hətta eqosu ən yüksək olanları belə yazıq hala sala bilərmiş...

Afşin ümidsizlik dolu sükutu pozdu: “Uşaqlar, artıq gecdir. Gedib yataq. Səhər durub ayıq başla nə edəcəyimizi götür-qoy edərik.”

Bu təklif heç kəsin ürəyincə deyildi. Amma razılaşmaqdan başqa çarə yox idi. Cabir yatmazdan öncə nə isə yemək istədiyini bildirdi. Anbara düşəcəyini dedi və ona qoşulmaq istəyənin olub olmadığını soruşdu. Onun bu təklifi Afşini təşvişə şaldı. Afşinin qəfildən dəyişən siması Dəfnənin də nəzərindən yayınmadı.

Afşin ehtiyatla sözə başladı: “Cabir, yaxşısı budur, bu gecəni birtəhər dözək. Yəqin ki uşaqların çoxu açdır. Başa düşürəm. Elə mən də günorta yediyimin üstündəyəm. Amma...”

“Amma nə? Onsuzda sabah bir variantla buradan çıxacağıq da. Nəyə görə imkan vermirsən bir şey yeməyə?” – Duman bayaqdan bu fürsəti gözləyirmiş kimi Afşinin üstünə çəmkirdi. Lakin bu əsəbi səs tonunun altında gizli bir qorxu var idi. Bunu isə illərin müşahidə vərdişinə yiyələnmiş Dəfnədən başqa heç kəs duymadı.

“Duman, gəl real düşünək. Burada nə qədər qalacağımızı heç birimiz bilmirik. Bəlkə sabah axşama qədər burda olacağıq? Ya da bir neçə günü burda keçirəcəyik? Ərzağa qənaət eləmək lazımdır.” – Afşin təmkinini pozmadı və bayaqdan dilinin altında gizlətdiyi sözləri dedi.

“Nə?! Səni bilmirəm, amma mənim burda günlərlə qalmaq planım yoxdur. Onsuzda sənə görə burda tıxılıq qalmışıq. O zibilə qalmış kartı götürsəydin, indi hamı öz evində, eşiyində olardı!”- Duman qışqırdı. Kənardan bir neçə nəfər də onun fikrinə şərik olduğunu bildirən nidalar səsləndirdi.

“İçəriyə 5-cə dəqiqə girmək üçün baş-beynimi aparan siz deyildiniz?!” - Afşin Dumana, ona dəstək olan Arzuya, Xürrəmə və Tunara baxaraq qəzəblə bağırdı. “Mən sizin ucbatınızdan indi burdayam! İş növbəm başa çatmaq üzrə idi. İndi ailəmin yanında ola bilərdim.(Əslində iş növbəsi başa çatmaq üzrə deyildi. Sadəcə boşluqdan istifadə edərək, aradan çıxmağı planlaşdırırdı). Əlbəttə, əgər siz yalvar-yaxar eləyib məni özünüzlə bura sürüməsəydiniz...” Afşin birdən özünü sinfə təzə gələn məktəbli kimi hiss etdi. Sinif yoldaşları onu təkləyir, aralarına buraxmırdılar. Afşinə elə gəlirdi ki, hamı ona qarşı birləşib. Səs-küy yaranmağa, hər ağızdan bir söz çıxmağa başladı.

Nəhayət Kərəm sakitliyi bərpa edə bildi: “Dalaşaraq heç nəyi həll edə bilmərik, uşaqlar. İndi düşmən olmaq vaxtı deyil. Hamımız birləşib əlimizdən gələni eləməliyik. Gəlin, indi gedib yataq. Afşin dediyi kimi, sabah ayıq başla düşünərik.” Hamının simasından yorğunluq yağırdı. Heç kəs etiraz edəcək halda deyildi. Ona görə də müvafiq qruplara bölündülər və onlara uyğun olaraq yataq otaqlarına üz tutdular.

***

Otaq yoldaşları çoxdan yuxuya getsə də, Dəfnəni yuxu tutmurdu. Sabahın nə gətirəcəyini bilmədən belə rahat yata bildiklərinə görə, hətta onlara təəccüblənirdi. Otaqda iki ədəd ikimərtəbəli çarpayı vardı. Aşağıda Dəfnə, yuxarıda isə Qəmzə yatırdı. Səda ilə anası isə üzbəüz çarpayılarda şirin yuxuya qərq olmuşdular.

Dəfnə bir xeyli yerində eşələnəndən sonra qalxıb əynini geyindi və yuxarı qalxdı. Kitabxanaya üz tutdu. Yuxusu gəlməyəndə kitab oxumağı xoşlayardı. İçəri girən kimi avtomatik işə düşən bəyaz işıqlar böyük rəfləri aydınlatmağa başladı. Dəfnə rəflərin arasında gəzərək, ona maraqlı gələn kitablara bir-bir nəzər yetirirdi. O, kitabxanaları çox sevirdi.

Müasir dövrdə çox az adam kitabxanaya gedərdi. Çünki hər bir uşaq doğulan kimi onun şəxsi hesabı yaradılırdı. Həmin şəxsi hesabda bəşər tarixi yarandığı gündən bugünə qədər olan bütün məlumatlar – janrından asılı olmayaraq dünyanın bütün dillərindəki bütün kitablar, dərsliklər, jurnallar, tarix boyu nəşr olunmuş bütün qəzetlərin arxivi, tarixi materiallar, bir sözlə, xüsusi səlahiyyət tələb edən gizli sənədlər xaricindəki hər şey öz əksini tapırdı. Şəxs monitoru olan istənilən elektronik cihaz vasitəsilə istənilən yerdə həmin materiallara baxa bilərdi. Ona görə də, XXIII əsrdə kitablar keçmişin qalıntıları sayılırdı. Buna baxmayaraq, onlar olduqca baha qiymətə satılırdı. Çünki yalnız kitab qoxusuna, keçmişə marağı olan zəngin kolleksionerlər kitab alırdı.

Dəfnənin şəxsi kitabxanası olmasa da, nə vaxtsa bu arzusunu reallaşdıracağına inanırdı. O, incə barmaqlarını kitabların üzərində gəzdirərək, ona tanış olan adlardan birinin – “İlahi Komediyanın” üstündə dayandı. Kitabı əlinə alıb vərəqləməyə başladı. Dante Aligyerinin 9 əsr öncə qələmə aldığı bu möhtəşəm əsəri az-çox anlaya bilməsi üçün 3 dəfə oxuması lazım gəlmişdi. Sonuncu dəfə oxumağının üstündən isə azı 7 il keçirdi.

O, əvvəldəki səhifələrdən birini açıb oxumağa başladı:

Bu dünyada ömrümün yarısı keçəndə
Mən girdim zülmət kimi qaranlıq bir meşəyə
İtirdim doğru yolu zülmət dərə içində...

Nədənsə, zövqlə oxumağa başladığı sətirlər Dəfnəyə narahatlıq hissi gətirdi. Görəsən o da bu zülmət dərə - sığınacaq içində öz yolunu itirməyəcəkdi ki? Kitabı vərəqləməyə başladı. Səhifələrə ötəri nəzər saldıqca, özünü kitabda sözü gedən “Əraf”da hiss etdi. Ona elə gəldi ki, sığınacaq bu 20 nəfərin öz günahları və savabları ilə üzləşəcəyi bir “Əraf”dır. Buradan sonra isə onları ya “Cənnət”, ya da “Cəhənnəm” gözləyir. Təsəvvüründə canlandırdığı məcaz Dəfnənin ürəyinin bir az da sıxılmasına səbəb oldu. Kitabı bağlayıb yerinə qoydu və kitabxanadan çıxdı.

***

Otağına qayıdarkən, aşağı mərtəbələrdə ayaq səsləri eşidildi. Dəfnə ondan başqa da kiminsə yuxusunun qaçdığını yəqin edərək fikir vermədi. Fikirli halda qaranlıq otağına girən kimi qorxudan səksəndi. Sığınacağın yuxusu qaçmış digər sakini – balaca Nil qapının ağzında heykəl kimi dayanaraq kimisə gözləyirdi.

“Nil, nə isə olub?” – Dəfnə həyəcanla soruşdu.

“Mənimlə ayaqyoluna gələrsən? Tək qorxuram” – Nil dedi. O, qorxmuş bir qız üçün kifayət qədər təmkinli təsir bağışlayırdı.

Dəfnə anası yanında ola-ola qızın onu çağırmağına təəccüblənsə də, özünü o yerə qoymadı: “Əlbəttə, gedək.”

Ayaqyolu mərtəbənin qurtaracağında idi. Nil, anası, Elina və Çiçək Dəfnə ilə qonşu otaqda qalırdılar. Həmin otağın qapısı açıq idi. Yanından keçəndə Dəfnə gözucu içəri baxdı. Qaranlıqda içərini aydın görmək olmurdu. Amma deyəsən hamı yatmışdı.

Yol boyu Nil daha heç nə demədi. Lakin qayıdarkən, üzünü Dəfnəyə tutaraq, “Yəqin indi fikirləşirsən ki, nəyə görə anamı yox, səni çağırdım” – dedi.

“Yox, əzizim. Yəqin ki ananı oyatmaq istəmədin. Mənim də səsimi eşidib yanıma gəldin. Nə problem var ki?” – Dəfnə bayaq otaqdan içəri baxdığına görə ürəyində özünü danladı. Görünür, bu, Nilin diqqətindən yayınmayıbmış.

“O, mənim anam deyil” – balaca qız qətiyyət və soyuqqanlılıqla dedi.

Dəfnə nə deyəcəyini bilmədi. Nil davam elədi: “Arzu mənim ən böyük düşmənimdir. Onun ucbatından atam anamdan ayrıldı. Bir ildən çoxdur ki anamı görə bilmirəm.”

Dəfnə qulaqlarına inana bilmirdi. Axı Arzu Nili hər kəsə öz doğma qızı kimi təqdim eləmişdi. “İnanmırsan mənə?” – Nil Dəfnənin tərəddüd dolu baxışlarına biganə qala bilmədi. “Səni baş düşürəm. Arzu mənə hədə-qorxu gəlmişdi ki sizin yanınızda heç nə bildirməyim.”

“Arzu niyə hər şeyi olduğu kimi demir ki?” – Dəfnənin nəhayət ki dili açıldı.

“Bilmirəm. Yəqin sizin yanınızda ailə dağıtmış kimi görünməkdən qorxur. Sizin yanınızda nə isə deyib onu pis göstərərəm deyə məni danışmağa da qoymur” – Nil cavab verdi.

“Bəs atan ananla görüşməyinə icazə vermir ki?” – Dəfnə soruşdu.
“Arzu atamı anama qarşı doldurur. Atam doğma anamın mənə pis nümunə olacağını fikirləşir.” Araya səssizlik çökdü. “Xahiş eləyirəm ki, dediklərim aramızda qalsın” – Nil əlavə etdi.

“Əlbəttə, əzizim. Narahat olma” – Dəfnə nəvazişlə dedi.

O, Nili ötürəndən sonra öz otağına üz tutdu. Elə bu vaxt ayaq səsləri yenidən eşidildi. Nil otağından çıxmamışdı. Səslər isə bayaq eşitdiyinin eynisi idi. Dəfnə otağına girib qapını bağladı. Yerinə girdi və eşitdiyi səsləri yaddan çıxarmağa çalışaraq gözlərini yumdu. Bir gün üçün bu qədər təəccüb yetərli idi. Qonşu otaqda onu illər öncə darısqal kabinəyə kilidləyən qızların yatdığı, az öncə yenicə tanış olduğu bir qızcığazın ona həyatının faciəsini danışdığı, saatlar əvvəl çoxu azyaşlı uşaqlardan ibarət olan, bəlkə də yüzlərlə günahsız insanın öldürüldüyü bir vaxtda, Dəfnəni həmin cəsədlərin qalıqlarının səpələndiyi yerin altında, sığınacaqdakı rahat çarpayısında yatmaqdan başqa heç nə maraqlandırmırdı. O, gözlərini yuman kimi sabahın nə gətirəcəyini bilmədən yuxunun şirinliyinə təslim oldu...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ