Bakı, sevgilimə yaxşı baxarsan - Şeirlər

Tarix:12-08-2017, 12:00 Baxış Sayı:169

Bakı, sevgilimə yaxşı baxarsan - Şeirlər
Manera.az gənc şair Sərvər Kamranlının şeirlərini təqdim edir:

Rahat olasan

Durasan ayağa... özün-özünə,
Bir əlac qılasan, rahat olasan.
Tanrının əlindən qanı qaralmış,
Qələmin alasan, rahat olasan.

Artırıb sevincin, dəmin sayını,
Verəsən kədərin, qəmin payını.
Tapasan dərdlərin şah sarayını,
Taxtından salasan, rahat olasan.

Əzab qan ağlaya, gözlərin sıxa...
Ömürdən getməyə yaman darıxa...
Kədər qız cildində qarşına çıxa,
Saçını yolasan, rahat olasan.

Yerdə gün atılır ömürdən hələ...
Göylərin adama yazığı gələ...
Asa yaxasından, yağmasan belə,
Buludtək dolasan, rahat olasan.

Sənsizlik

Xəyalların qoluna girib,
uzaqlarda özünü axtarmaqdır
Sənsizlik.
Zamanından, məkanından asılı olmayaraq,
bəzən qollarını alnına yastıq edib
görüşmək eşqilə özünü yuxuya məhkum etmək,
Bəzən də gecələri yuxusuz açmaqdır
Sənsizlik...
Gündə geyilməkdən
yamaq-yamaq olan yollarda
yolunu azmaqdır
Sənsizlik...
...Telefonun bir zənginə həsrət qalmaq,
Saatın əqrəbindən asılıb
ötənlərə nəzər salmaq,
səbəbsiz yerə gülüb,
səbəbsiz yerə ağlamaqdır
Sənsizlik.
Sənsizlik həm də
ələ qələm alıb
ağ vərəqlərə ləkə salaraq
günaha batmaqdır.
...Hə, bir də
Sənsizlik sənin yoxluğunda sənli olmaqdır,
sənlə olmaqdır.
Bax, budur sənsizlik...

Qol açıb göylərlə qucaqlaşasan

Göz yumub dünyanın halına bir gün,
Özündən ayrılıb, uzaqlaşasan.
İnciyib, gedəsən bu yerüzündən,
Qol açıb göylərlə qucaqlaşasan.

Sevməyə ürəyin kimi, kimsəni,
Axtarıb tapmaya ta heç kim səni...
Qocalıq səpdikcə saçına dəni,
Sənsə yavaş-yavaş uşaqlaşasan.

Hardasa bir yetim uşağı görsən,
Boynunu bükülmüş, aşağı görsən...
Soyuqdan titrəyən dodağın görsən,
Girəsən qəlbinə, ocaqlaşasan.

Yuxuma bir gözəl girəndən bəri

Yaman uşaqlaşıb, tənbəlləşmişəm,
Ta heç kim tanımır bu gənc qoçağı.
Yuxuma bir gözəl girəndən bəri,
Yuxudan qalxıram günorta çağı.

Yuxuda görürəm bizdən danışır,
Daha gizli - gizli günəş də, Ay da.
Bir dəli adamın kənd ürəyində,
Sevgi yaşayırmış bir ölkə boyda.

Bu ömrün içində kaş neçə-neçə,
" Sabah " dediyimiz "yox"u da tapaq...
Bizim sevgimizi ölüm tapmaya,
Tapsa da, tapsa da, yuxuda tapa.

Doğulandan sonra...

…Əvvəl dörd əllə yapışarsan yerdən,
Sonra yavaş-yavaş böyüyərsən.
Tamahkar olarsan-
Təkcə yerlə gözün doymaz.
…ayaq açarsan,
qalxarsan ayağa,
boylanarsan göylərə…
Ayaqlarınla yerdən tutub,
əllərinlə göydən tutmaq istəyərsən…
Eşqə düşərsən.
Gah yerdəkilərə sevdiyini deyərsən,
gah da ki, göydəkilərə…
Tapdaladığın torpağı sevərsən,
…dünyanın belində fırlanarsan
bir oxun ətrafında.
Günəşə çatmaq üçün,
hərəkətin sürətlənməsini istəyərsən,
Arzuların qanad açmaz.
Hərəkətin bərabərliyindən
dəyişməz aradakı məsafələr,
Yorularsan.
Düşmək istəyərsən dünyanın belindən,
Fırlandığından düşə bilməzsən.
Sonra bütün canlı və cansızların da
dünyanın belində olduğunu dərk edib,
təskinlik verərsən özünə.
Hətta lağ edərsən dünyaya:
"Dünya, sanma fırladırsan hey məni,
Hünərin var dövr eyləmə, fırlanım!
…Nəhayət bir gün gələr-
Gözləmədiyin anda, hansısa bir
varlıq alar səni dünyanın belindən.
Bir vaxtkı arzuların gerçək olar,
O zaman sevindiyindən bölünərsən iki yerə.
yerlər özünün olar, göylər ruhunun.

Gedirəm kəndimə uşaqlaşmağa

Yenə də yolları geyib əynimə,
Gözüm işlədikcə uzaq, gedirəm.
Hələlik dostlarla sağollaşmışam,
Özümdən-özümə qonaq gedirəm!

Ora Vətənimin uca zirvəsi,
Orda ulduzlar da yaxındır yerə...
Orda bir qız ola səni sevəsi,
Hələ gəldiyini yuxuda görə.

...Özümü unudub, bənzəyib yada,
Xəyalım yol alıb, dərəyə, dağa.
Çəkdiyim qayğını qoyub Bakıda,
Gedirəm kəndimə uşaqlaşmağa.

Daha varlığın da məni üşüdür

Daha varlığın da məni üşüdür,
Daha buz bağlayıb əlində əlim.
Bir vaxt danışardı baxışlarımız,
İndi o baxışlar laldı, gözəlim.

Alma yanaqların niyə qızarmır,
Hanı gözlərində gizli baxışlar?
Deyəsən, yamanca peşman olmusan,
Gözündən boylanır sözlü baxışlar.

Yaman dəyişmisən yaman, a zalım,
Beləcə tanıya bilmirəm səni.
Nə ola, bu görüş sonuncu olsun
Özümdə qınaya bilmirəm səni.

Gəl ağlayım, düş gözümdən...

Yük olmusan, gözlərimə nə vaxtdı...
Gəl ağlayım, düş gözümdən, a zalım!
Bir damcıya sığıb, doğul baxışdan,
Canım çıxsın yer üzündən, a zalım!

Tutub boğur gözlərimi varlığın,
Gücdən salıb dizlərimi varlığın,
Əsir alıb sözlərimi varlığın,
Adın çıxır hər sözümdən, a zalım!

İçimdəki yaşadığım ömürsən,
Niyə mənə "yaşatdığım" -demirsən,
Alovunam közümdəki kömürsən,
Usanmışam ta közümdən a zalım!

Bakı, sevgilimə yaxşı baxarsan

Ana ol, balan da sevgilim olsun,
Əzizlə, qoy sevinc qəlbinə dolsun.
Küləyin saçına xəfifcə dalsın,
Sən də saçlarına örpək taxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!

Darıxsa, yol çəkib gözləri dolsa,
Həsrətim gözündən gülüşü alsa.
Fikri xəyalımın izində qalsa,
Dost olub dərdinə şərik çıxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!

Günəşin istisi yandırsa onu,
Geydirsin günəşə buludlar donun.
Görsən soyuq oldu, üşüyür canı,
Qəlbini qızdırıb, güntək yaxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!

İndi...

Yerdə görən nə görüb,
Hara qaçır adamlar...
Ta bilmir çəkilməyə
dara qaçır adamlar.

İndi kimsə kimsəni
vurmağa qar düzəltmir.
Vuranlar, elə vurur,
Yüz yerdən sar, düzəlmir!

Köhnə damlar altından
nağıl səsləri gəlmir...
Nəvələrin bildiyin,
Nənələr indi bilmir.

Eşqlə alışan qəlblər,
Soyuyub buza dönüb...
Neçə qəlbdə neçə qız,
Daha "qarqız"a dönüb.

Asılıb qalmışam dərd yaxasından

Soyuqluğu necə yaman üşüdür,
Ağladır ruhumu, ağladır, Allah!
Atıb ev-eşiyin o qız gedəndən,
Bağlıdır qapısı, bağlıdır, Allah!

Asılıb qalmışam dərd yaxasından,
Özümdə özümə qənim olmuşam.
Hardadı bəxt yazan... tapıb soruşun,
Görün bu taleyi ondan almışam?

İçimdə oxunmur eşqin nəğməsi,
Yox olub könlümdən sevgili çağlar.
Gəl, qayıt evinə, ay ev yiyəsi!
Nə qədər evinin divarı ağlar...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ