İlahə İmanova: "Elçi Zanbaqlar"

Tarix:14-07-2017, 12:00 Baxış Sayı:47

İlahə İmanova: "Elçi Zanbaqlar"

3-cü hissə



Bu gün anamın doğum günü idi. Səhər-səhər valideynlərimi ziyarət edib, məzarları üstünə gül qoydum. Ruhlarına fatihə oxuyub, bir qədər ürəyimdə dərdləşdim. Həm uğurlarımdan, həm də tənhalığımdan danışıb, darıxdığımı, onlara nə qədər ehtiyacım olduğunu pıçıldadım.

Əvvəllər tez-tez onları ziyarət etsəm də, sonralar işlərimin çoxluğundan ayda bir dəfə gedə bilirdim. Doğrusu, son zamanlar tez-tez getmək də istəmirdim heç. Bilirdim ki, valideynlərimin ruhu mənə görə narahatdır. İşlərimin yaxşı olmasına baxmayaraq, şəxsi həyatımı qaydaya sala bilmədiyim üçün özümü günahkar hesab edirdim. Məzar daşından boylanan baxışlarının qarşısında belə davam gətirə bilmirdim. Elə bilirdim, indicə anam dil açıb məni danlayacaq, sözünün sonunda da “Sən düzəlmədin də!” deyib məzəmmətlə başını yelləyəcək. Darıxırdım onlar üçün.
Qızlar atalarını daha çox sevir, deyirlər. Atamın münasibəti, məni daha çox sevib-əzizləməyi bacımın qısqanclığına səbəb olurdu. Mən isə atanın, həmçinin nənənin sevimlisi olmaqdan zövq alırdım, düzü. Diqqət mərkəzində olmağı uşaqlıqdan xoşlayırdım.

Xeyir-duasını aldığım nənəmin vəfat etdiyini geri döndüyüm gün öyrənmişdim. Hələ Almaniyada olduğum zaman evə zəng edərkən bir neçə dəfə anamdan, bacımdan nənəmi soruşmuş, onunla danışmaq istədiyimi bildirsəm də, uzaqda olduğum üçün bilərəkdən məndən bu xəbəri gizlətmiş, üzülməyimi, dərslərimdən yayınmağımı istəməmişdilər. Hər nazımı çəkən, şıltaqlıqlarıma göz yuman, dəcəllik etdiyim zaman anamın qarşısına keçib məni onun əlindən alan nənəmin yoxluğu məni hədsiz sarsıtmışdı. Hər səhər, hər axşam üzündən öpdüyüm, qanım qara olanda başımı dizinin üstünə qoyduğum nənəmi gah mətbəxdə, gah öz otağında axtarırdım. Saatlarla oturduğu divanın küncünə qısılar, kürəyinə saldığı tirmə şalı burnuma tutar, hopub qalmış qoxusunu içimə çəkmək istəyirdim.

Bir gecə yatıb bir səhər yuxudan oyanmayan anamı isə işlərimin yoluna düşməyə başladığı bir zamanda itirdim. Hər dəfə ailə qurmağımdan, nəvə sahibi olmaq istədiyindən söz açsa da, qulaqardına vurar, mövzunu dəyişərdim. Arzusunu gözündə qoyduğum anam, yəqin ki hələ də məndən incikdir.

Gərgin və sıxıntılı bir günü dörd divar arasında başa vurmamaq üçün işə getməyə qərar verdim. Fikirlərimi dağıtmaq, keçmişin acı xatirələrindən xilas olmaq üçün iş ən gözəl çarəm idi.

İşə qayıdarkən gün yarı olmuşdu.

Katibəmə mənə qəhvə hazırlamağı tapşırıb qapının dəstəyini burdum. Ayağımı içəri qoyduğum an dörd bir tərəfə düzülmüş çiçəklər dərhal nəzərimi cəlb etdi. Bütün buketlərin sarı çiçəklərdən ibarət olması eyni ünvandan göndərildiyindən xəbər verirdi. Çiçəklərin kimdən olduğunu bilmək üçün üstündəki vizitkaya deyil, masamın üstündəki kiçik zanbaq dəstəsinə nəzər salmaq kifayət idi. Altı sarı zanbağın arasına yerləşdirilmiş tünd çəhrayı zanbaq sahibinin əvəzindən danışa, gizli mətləblərə aydınlıq gətirə bilərdi.

...Hər səhər, hər axşam dibçəkdəki zanbaqlarıma nəzər salar, səbirsizliklə sonuncu –yeddinci zanbağın açacağı günü gözlərdim. Bəzən isə onun heç vaxt açmayacağını da fikrimdən keçirirdim.

Həmin səhər də yuxudan ayılan kimi çarpayıdan sıçrayıb pəncərənin qarşısına yaxınlaşdım. Budur, sonuncu zanbaq bu səhər açmışdı. Artıq solan digər zanbaqların yanında daha gözəl, təravətli, zərif görünən bu çiçək özünün sarı rəngi ilə könlümü oxşaya bilmişdi. Sarı rəng ayrılıq, bəzən nifrət anlamına gəlsə də, mənim üçün günəşin rəngi idi: şəfəq və nur idi. Sevindiyimdən zanbağın ləçəklərini, yarpaqlarımı sığallayıb, barmaqlarımla oxşayıb, hətta dodaqlarımı belə toxundurmuşdum. Ayın yeddisi, həftənin bazar günü açan bu yeddinci zanbağa rəmzi məna verməyə də çalışmışdım. Münasibətlərimizə xeyir-dua almış qədər xoşbəxt hiss edirdim özümü. Sevincimi bölüşmək üçün Raufa mesaj yazıb, sonuncu zanbağın açdığını bildirdim. “Gözün aydın! Nəhayət ki!” cavabını aldım.

Elə həmin axşamkı görüşdə Rauf əlimi ovcunda sıxıb əzizləyərkən qəfil xatırlayıb soruşdu:
─Doğrudan, demədin, axı, sonuncu zanbağın nə rəng açdı...
Tez dilləndim:
─Sarı rəngdədir. Elə gözəldir ki! Sanki günəşin özüdür!
Təəccüblə üzümə baxdı:
─Sarı? Sarı rəngi xoşladığını bilmirdim.
─Sarı rəng ayrılıqdı deyirlər... Amma bu fərqlidir. Həftənin bazar günü, ayın yeddisi, yeddinci zanbağım...Görürsən, hamısı yeddidir.
─Rəmzlərə inanırsan? Simvolikaya çox da qapılma!
─Yeddi rəqəmi müqəddəsdir! Bilirsən, nə düşünürəm?
─...
Ona ağzını açmağa imkan verməyib sözümü bitirdim:
─Bu yeddilərdə bir məna var! Allah özü münasibətlərimizə xeyir-dua verib. Günəşin bir parçasını bizə elçi olaraq göndərib.
Başını bulayıb sözlərimə güldü. Dedi:
─Məncə bir qədər şişirtdin... Sənə elə gəlmir?
Başımı yellədim:
─Yox! Əgər ürəkdən inansaq, belə də olacaq!
Saçlarımı, yanaqlarımı sığalladı, üzümü əlləri arasına aldı:
─Sən deyən olsun! Sənə inanıram. Sən də mənə inan! Həmişə inan və zərrə qədər də şübhən olmasın!
Artıq ikinci dəfə eşitdiyim bu söz mənə qəribə gəlməyə başlamışdı. Bu sözləri deməyi, həm də vurğulamağı səbəbsiz deyil, düşünürdüm. Soruşmağa çəkinir, həm də hər şeyi özündən eşitmək istədiyim üçün üstünə getmək, məcbur edib sıxışdırmaq istəmirdim. Özü isə, görünür, hər hansı bir söhbətə bu gün hazır deyildi. Ən doğru qərar zamana buraxmaq idi...
Bir zamanlar sarı rəngə günəşin rəngi kimi dəyər vermişdim. Bu gün isə sarıya bürünən otağım məni qıcıqlandırır, üzdüyü qədər də əsəbləşdirirdi. Nifrət edirdim sarı rəngə. Kədərli xatirələrlə açdığım səhəri həyəcan və əsəblə başa vurmaq istəmirdim.
Əsəbi halda katibəni səslədim:
─Elə bu dəqiqə bütün buketləri –hamısını rədd edin otağımdan! Üstündə vizitkası olmayan, kimdən olduğu bəlli olmayan heç bir gül dəstəsini də otağıma gətirməyin bundan sonra!

Qızın təəccüb dolu nəzərlərini üzümdə hiss edərkən hövsələdən çıxdığımı, hisslərimə hakim ola bilmədiyimin fərqinə vardım. Katibə buketlərin hamısını qucağına alarkən masamın üstündəki kiçik zanbaq dəstəsi ilə sayının yeddi olduğu nəzərimdən qaçmadı. Qucaq dolu çiçəklə masama yaxınlaşıb əlini zanbaqlara uzatmaq istəyən qız bir anlıq ayaq saxladı, nə düşündüsə geri addım atdı. Sakitcə otaqdan çıxdı.
Başımı masanın üstünə qoydum. Ürəyim boşalıncaya qədər ağlamaq istəyirdim. Qeyri –ixtiyari əlimi vazın içindəki zanbaqlara toxundurdum. Onları ovcumun içində əzmək, qırmaq, ayağımın altında tapdamaqla hisslərimin, sevgimin heyfini almaq istəyirdim. Ovcumda sıxa, əzə bilmədikdə isə hönkürüb ağladım. Altı sarı zanbağın arasından mənə boylanan zərif çəhrayı zanbaq mənə mənim özümü xatırladırdı. Gözlərimdən axan göz yaşı yanaqlarımdan süzülüb şeh damcısı kimi əlimdə tutduğum çəhrayı zanbağın ləçəyində qaldı.
Sarı çiçəklərdən ibarət hər böyük buket ayrılığımızın bir ilinə işarə idi. Yalnız zanbaqlardan ibarət olan kiçik gül dəstəsi də aradan yeddi ilə yaxın zaman ötdüyündən xəbər verirdi. İllər əvvəl rəngarəng altı zanbağın arasında bitən sarı gülün ayrılacağımıza işarə olduğunu anlamaq, qəbul etmək istəməmişdim. Bu gün isə altı sarı zanbağın arasındakı çəhrayı çiçək yoxsa bir sevgi etirafı idi?

Bu axşam hava çox küləkli və soyuq idi. Dənizdən əsən yel, yağan leysan yağış belə məni çəkindirmirdi. Ağlayıb ürəyimi boşaltmaq üçün ən münasib zaman idi. Yanaqlarımdan süzülən yağış suları əslində göz yaşlarımı gizlədirdi. İçin –için ağlamaq üçün uzun zaman idi belə fürsətim olmamışdı.
...Son bir həftədə Rauf çox fikirli və dalğın görünürdü. Üzündən oxunan gərginliyi ciddi problemlərlə üzləşdiyini bəlli edirdi. Əsəbiliyini, dilxorluğunu asan olmayan zabit həyatının qayğıları ilə əlaqələndirir, hər dəfə içindəkiləri mənimlə bölüşmək istəməməsinin səbəbini də buna bağlayırdım. Əslində isə, susqunluğu işinin məsuliyyət və öhdəliklərindən deyil, təbiətindən irəli gəlirdi. Nə gizlədim, bəzən inciyirdim. Amma sonra özümü danlayır, əksinə söz danışan olmadığına, bəziləri kimi sızlamağı xoşlamadığına, təkbaşına hər işin öhdəsindən gəlmək istəyi kimi əsl kişi xarakterinə xas cəhətlərinə görə daha çox heyran olurdum ona. Mümkün qədər anlayışlı davranmağa çalışarkən, ailəsində hər hansı bir narahatçılığın olduğunu çox az ehtimal edirdim.
Bir axşam mənə dediyi:
─Səndən bir söz soruşacam, səmimi cavab ver: Əgər təyinatımı başqa bir şəhərə, rayona alsam, mənimlə gedərsən?–sözlərindən sonra gərginliyinin səbəbinin yalnız işi ilə bağlı olduğuna heç bir şübhəm qalmadı.
Düşünmədən:
─Hə, gedərəm, –demişdim.
Yaş fərqimiz, bəlkə də yaşadığı həyat tərzi ona görə bilmədiyim, görmək istəmədiyim gerçəkləri daha aydın göstərirdi. Məndən daha təcrübəli və dərin dünyagörüşünə sahib olan zabit asanlıqla vaz keçilməsi mümkün olmayan dəyərləri daha yaxşı anladığından sualının ciddiyyətini də dərk edirdi:
─Bəlkə sənə indi tələsik cavab vermək asan gəlir. Əslində çox ciddi sualdır. Seçim edərkən kimdənsə, nədənsə vaz keçməli olacaqsan. Bunu anlayırsan? Razılıq versən, daha “sən” və “mən” olmayacaq, “biz” olacaq. “Biz” uğruna təhsilini yarımçıq buraxıb, ailəndən ayrıla biləcəksən?
Düşünmədən, tələsik dediyim sözlərin ciddiliyini, məsuliyyətini yalnız indi anlayıb başımı aşağı salıb susdum. Ən yüksək balla Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və tərcümə fakultəsinə qəbul olarkən çox böyük ümidlərim, xəyallarım vardı. İndi bir anın içində bir neçə ay tanıdığım insana görə bütün arzu və istəklərimdən imtina etməyə dəyərdimi?Həyatımda kiminsə olduğunu hiss etsə də, nədənsə üzümə vurmayan, hisslərimi, sirlərimi ona açıb danışacağım günü gözləyən anamı, az qala mənimlə nəfəs alan nənəmi qoyub gedə biləcəkdim?
Arzu və istəklərimdən asanlıqla vaz keçmək çətin olduğu kimi sevdiyim insanı itirmək qorxusu ilə də qarşı-qarşıya idim. Həmin an içimə dolan şübhələr də məni narahat etməyə başlamışdı. Öz –özümə düşünürdüm:
─İllərin zəhməti, əziyyəti bahasına tələbə adı qazandın. Adından, soyadından başqa heç nə bilmədiyin yaraşıqlı bir zabitə görə bütün arzu və istəklərindən vaz keçməyə dəyərmi, Afət?! Bəlkə səni aldadır... Heç yeddi ay deyil tanışsız...Dünənə qədər qınadığın qızlar kimi toysuz, nikahsız tanımadığın, bilmədiyin bir insana qoşulub qaçacaqsan? Sən başını götürüb getdikdən sonra yaxınların qohum-əqrəbanın, qonum-qonşunun dilində qalacaq. Kiməsə görə ailənə, əzizlərinə rəzalət hissini yaşatmağa dəyərmi?
Araya çökən sükutu Rauf pozdu. Sanki fikirlərimi oxuyurmuş kimi içimdəki narahatlıqları da hiss edib şübhələrimə, fikirlərimə aydınlıq gətirdi:
─Səndən nə istədiyimin fərqindəyəm. Həyatımda olmağını istərkən nələri qurban verəcəyini, hansı dəyərlərdən, arzu və istəklərindən imtina etməyə vadar etdiyimi də gözəl anlayıram. Əgər gələcəyini mənimlə görürsənsə, həmişə bir yerdə olmağımızı və heç vaxt ayrılmamağımızı istəyirsənsə, qərarını qətiləşdir, münasibətlərimizi rəsmiləşdirək. Hərbçi olduğum üçün ləngitməyəcəklər, ərizə ilə müraciət etdiyimiz günün səhəri nikahımızı kəsəcəklər.
Bir qədər əvvəl haqqında yanlış düşündüyüm üçün gözlərinə baxmağa utandım, nəzərlərimi döşəməyə dikdim. Barəsində necə pis düşünə bilərdim,axı. Məgər bir insanı tanımaq üçün illər lazımdır? Qarşındakı insanın dürüstlüyünə, səmimiyyətinə şübhən olmadıqdan sonra, sadəcə qəlbin, ruhunla onu hiss etmək kifayət idi. Həmin an içimdəki səs Raufa inanmağı, heç vaxt ona şübhə etməməyi pıçıldayırdı mənə.
─Razıyam, –dedim,–Səninlə dünyanın hər yerinə gedərəm, yetər ki, yanımda ol, inamımı, etibarımı qırma!
Əlimi dodaqlarına yaxınlaşdırıb öpdü:
─Bizlərdə belə bir deyim var: Mən də zabit şərəfim üstünə and içirəm ki, heç vaxt ümidlərini, inamını qırmayacam! Etibarını, güvənini sındırmayacam! Sənə, sevgimə sadiq qalacam, xəyalımdan belə xəyanət keçməyəcək!
Gülüb:
─Deyəsən axı, qərar verməyə tələsdim bir az,–dedim. Təəccüblə üzümə baxarkən bəlkə də fikrimdən vaz keçdiyimi düşünmüşdü. Həmin an bir az onu gərgin vəziyyətdə saxlamaq istəsəm də, qərarımdan daşındım, –Əsas məsələni unutdum... Demək ki, bütün həyatımı hərbi nizamnaməyə uyğun yaşamalı olacam...
Ciddi və sərt təbiəti ilə seçilməsinə baxmayaraq, dəcəlliyimə, ərköyünlüyümə dözürdü, bəzən isə şıltaqlıqlarım kefini açırdı.
─Bax da! Nikah bağlamadan sözünü geri götürə bilərsən, hələ vaxt var...
─Yaxşı fikirdir! Bir daha təklifinizi düşünərəm! –deyib güldüm.
─Bütün yollar Romaya apardığı kimi, bütün fikir və düşüncələrin də onsuzda gec, ya tez səni mənimlə bərabər nikah masasına oturdacaq, xeyri yoxdur! –deyə göz vurdu.

Həyatın qəribə təzadları var. Həyatda nəyisə əldə etmək üçün bəzən nə qədər səy etsən, arzuna çatmaq üçün nə qədər çox xəyal qursan, ümidsizliyə düçar olarsan, istədiyini əldə edə bilmərsən. Bəzən isə heç nə arzu etməz, xəyal da qurmazsan, ya da mübarizə aparmaqdan usanıb istəklərindən imtina edərsən ki, şans özü arxasıyca qaçıb yorulduğun həmin kəpənək kimi gəlib çiyninə qonar.
Arzu və xəyallarımdan əl çəkməyə qərar verdiyim gecənin səhəri dekanlığa çağırıldım. Savadına görə dəyərləndirdiyim, tələbələrlə gözəl rəftarına görə sevdiyim, insanlığına heyran olduğum dekanımız məni gülərüzlə qarşılayıb oturmağa yer göstərdi. Çox uzatmadan dekanlığa çağırılmağımın səbəbini açıqladı:
─Bilirsən ki, Universitetimizin digər ölkələrin elm, təhsil, mədəniyyət müəssisələri ilə sıx münasibətləri var. Tələbələrimiz müntəzəm olaraq Avropanın, həmçinin MDB ölkələrinin ali məktəblərində təşkil olunan konfranslarda, seminarlarda iştirak edir, təcrübə keçir, təhsillərini davam etdirirlər. Hər il bir çox dövlətlərin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi edir, yetirmələrimizin təhsilini artırmaq məqsədi ilə başqa ölkələrdə dil təcrübəsi keçməyinə zəmin yaradırıq. Bu il də Universitetimizin ən savadlı gəncləri arasından bir neçəsini seçmişik. Sənin adını da öz siyahımıza əlavə etmişik. Polyak dilindən əlavə alman dilini də gözəl mənimsədiyin üçün qərara aldıq ki, təhsilini davam etdirmək üçün səni Almaniyanın Tübingen Universitetinə göndərək.
Doğrusu həmin an nə deyəcəyimi bilmədim. Donub qalmışdım. Bu cür təklifi xəyal belə etməmişdim. Başqa vaxt olsa, sevindiyimdən dekanımızın boynuna sarılar, mənə göstərdiyi etimada, verdiyi dəyərə görə necə minnətdarlıq edəcəyimi bilməzdim. Nitqim qurumuşdu. Başımı aşağı salıb təşəkkür edib, yoxsa təklifdən imtina etməyi düşünürdüm. İki od arasında qalmış insanlar kimi hiss edirdim özümü. Dünən Raufa verdiyim sözü xatırlayaraq, bir neçə dəfə təklifdən imtina etmək istədim. Lakin nədənsə dekanımızın nurani, gülərüz simasına, ümid dolu gözlərinə baxınca onu qırmağa cəsarətim çatmadı bu an.
─Həftə sonu yola düşürsüz. Hazırlaşmaq üçün bir neçə gününüz var. İnanıram ki, sənə olan bütün ümidlərimizi doğruldub, böyük nailiyyətlər əldə edəcəksən.
Mənə böyük ümidlər bəsləyən dekanımıza sadəcə gülümsəyə bildim.
Həmin gün nə Raufa, nə də evdəkilərə bu xəbəri deyə bildim. Dalğın halda gəzib dolanır, taleyin ironiyasını –həyatımın ən vacib qərarını qəbul etməyə hazır olduğum bir anda Almaniyada təhsili davam etdirmək kimi qəfil təklifin gəlməsini düşündükcə fikirlərim daha da qarışırdı. Bu həyatımın ən böyük şansı idi. Və mən anlayışlı şəkildə bu şansımdan imtina edirdim.
Həyatımda ən uzun və ən gərgin gecəm idi. Səhərə qədər gözümü yummadım. Hər şeyi ölçüb –biçir, bir daha heç vaxt qarşıma çıxmayacaq bu şansdan imtina edərkən hisslərimin ağlıma güc gəldiyini, hətta nə vaxtsa peşman belə olacağımı da anlayırdım.
İçimdə qəribə bir sıxıntı hiss edirdim...
Həmin səhər mənə doğma olan bu məkana son dəfə imiş kimi baxır, əzizindən ayrılmağa hazırlaşırmış kimi gördüyüm, nəzər saldığım hər şeylə vidalaşırdım sanki. Baxdığım, toxunduğum hər şeyi xatirəmə yazmağa çalışırdım.
Qapı üzümə açıldığı zaman dekanlığın qarşısında olduğumu fərq etdim. Dünəndən bəri fikir və düşüncələr varlığıma hakim kəsildiyindən ayaqlarımın məni nə zaman və necə bura çəkib gətirdiyini hiss etməmişdim.
─Afət! Qapıda dayanma,qızım, gəl içəri,–deyərək dekan məni içəri dəvət etdi. Başımı aşağı salıb susurdum. Mehriban və nurani üzlü yaşlı dekan gülümsəyərək sözünə davam etdi, –Artıq biletləriniz də sifariş verilib. Getdiyiniz gün sizə təqdim edəcəyik.
─Asəf müəllim, elə mən də sizinlə bu barədə danışmaq istəyirdim.
─Buyur,qızım, dinləyirəm səni.
─Əslində bu təklif mənim üçün o qədər gözlənilməz oldu ki! Xəyal belə edə bilməyəcəyim bir şansla üzləşməyin sevincini yaşamaqdan gözəl hiss ola bilməz...
─Savadına, bacarığına, mühakimə və nitq qabiliyyətinə bələd olduğum üçün ilk ağlıma gələn ad sən oldun...
Mənə bu qədər dəyər verən insanın gözlərinin içinə baxa bilmirdim:
─Təşəkkür edirəm, professor. Sizin etimadınızı qazanmaq mənim üçün şərəfdir, həqiqətən. Mənə verdiyiniz dəyərə görə də Sizə hədsiz minnətdaram. Amma... Çox üzgünəm... Mən bu təklifdən imtina etməli olacam.
─Anlayıram,–deyən dekan təəssüf hissi ilə köksünü ötürdü,–Bir çox Azərbaycan ailəsində qızlarımızın xaricdə təhsil almasına qarşı çıxırlar. Mən valideynlərinlə görüşüb bunun sənin, həmçinin dövlətimizin, təhsilimizin gələcəyi üçün nə qədər vacib olduğunu onlara izah edə, razı sala bilərəm. Elə bu gün atanla görüşümüzü təşkil et.
Dekanın sözləri, diqqət və qayğısı məni kövrəltdi. Güclə eşidiləcək tərzdə:
─Atam hələ biz uşaq olanda rəhmətə gedib, –deyə bildim.
─Bacın, qardaşın?
─Bacım ərdədir. Anam və nənəm...
─Aydındır...
Təklifdən imtina etdiyimə görə dekanımız mənim özüm qədər üzülmüşdü. Onun təəssüf dolu baxışları hələ də gözümün önündədir.
─Bax, qızım, həftə sonuna qədər vaxt var. Adını siyahıdan çıxarmıram. Düşün, bir daha ananla danış. Son günə qədər təklifim qüvvədə olacaq.
Minnətdarlıq edib dekanlıqdan çıxdığım an qərarımın qəti və dəyişməz olduğuna əmin idim...

Sanki içimdəki təlatümləri hiss edirmiş kimi dəniz də fırtına qopartmaqda idi. Küləyin vıyıltısı səsimi batırırdı:
─Mənə yaşatdıqların az idi? Yenə niyə gəldin? Nə istəyirsən məndən? Niyə həyatımı yaşamağa imkan vermirsən?! Nifrət edirəm sənə!!!
─Çünki səni sevirəm!–deyərək güclü bir əl qolumdan yapışdı, qarşıma keçib gözlərimin içinə baxdı, –Səni dəli kimi sevirəm! Sənsiz yaşaya bilmirəm!
Bu bir həftə ərzində Raufun məni izlədiyinə əmin idim. Bu gün də heç şübhəsiz ki məni izləmişdi.
Baxışlarımdakı nifrət, qəzəb, dartınıb əlindən xilas olmaq istəyim ona təsir etmirdi:
─Məni sevdiyinə əminəm! Etiraf et ki, hələ də məni sevirsən!
─Həddindən çox xəyallar qurursan! Sənə elə gəlmir?
─Bilirəm, dəli kimi sevirsən məni. Bilirəm ki, bütün bu illər ərzində məni bir an belə unutmamısan!
İstehza ilə güldüm:
─Özündən müştəbeh olmusan! Belə deyildin, illər səni dəyişib.
─İstəməyərəkdən məni düşündüyünü öz dilinlə etiraf etdin,–deyib gülümsədi.
─Yadıma belə düşmürdün!
─Yalan! Zibilə atdırdığın günahsız sarı çiçəklər suallarıma cavabın idi: unuda bilmədiyin sevgindən doğan pərişanlığın idi.
Özlüyümdə hər addımımdan xəbərdar olduğunu düşünüb anladım ki, bu izləmələr bəlkə də bir həftədən daha uzun müddət davam etmişdir.
─Sevgin kimi göndərdiyin çiçəklər də mənə gərəksizdir! Çəkil, get, bir daha da qarşıma çıxma! –deyərək əsəbi halda əlini itələdim.
─Heç vaxt dinləməyi bacarmadın! Qaçıb getmək daha asandır, elə? O vaxt da məni dinləmək istəmədin. Amma bu gün məni dinləyəcəksən!
Əsəblərimə hakim ola bilmirdim:
─Axı, nə deyəcəksən?! Deməyə sözün də var? Ümumiyyətlə, nə üzlə qarşıma çıxmısan?!
─Deyəcəyim və dinləməli olduğun çox söz var!
─Səni dinləmək istəmirəm! Deyəcəklərin mənə maraqsızdır!
Dartınıb əlindən xilas olmağa çalışdıqca daha bərk qolumdan tutur, getməyimə icazə vermirdi. Hər zaman özümdən daha təmkinli hesab etdiyim zabit səsini yüksəldib bağırdı:
─İstəsən də, istəməsən də bu gün məni dinləməli olacaqsan, Afət xanım! İndi, elə burada hər şey aydınlaşmadan heç yerə getməyəcəksən!
Küləyin səsinə qarışan bağırtısı, səsindəki hiddəti bir anlıq məni susmağa məcbur etdi.

Axşamın bu saatında, özü də belə bir yağışlı havada dəniz kənarındakı bütün kafelər kimi burada da bir neçə işçidən başqa heç kim gözə dəymirdi. Zəif işıqlandırılmış zal, az qala eşidilməyən həzin musiqi, içəridəki sakitçilik həqiqətən insanın ruhuna dinclik gətirirdi.
İllər sonra yenidən Raufla üzbəüz oturmuşdum. Gözlərinin içinə baxmamaq üçün nəzərlərimi yayındırır, pəncərədən çölə baxır, hələ də kəsmək bilməyən leysan yağışı izləyirdim.
İradəmin ziddinə olaraq məcbur gətirmişdi məni bura. Özüm qədər tərs və inadkar birini, görünür, bu axşam dinləmək məcburiyyətində idim.
Qarşısındakı isti qəhvədən bir neçə qurtum içdi. Fincanı qarşıma çəkib:
─Soyutma, isti –isti iç. Nə qədər soyuq canına təsir etməyib, iç, –dedi.
Payızın soyuğu həqiqətən canıma hopmuşdu. Hələ tam qurumayan saçlarımın nəmini hiss etdikcə bir az da üşüdürdüm. Dəfələrlə yağışdan daldalandığımız kafelərdə isti çay, qəhvə sifariş verib saatlarla beləcə üz-üzə oturub şirin –şirin söhbət edərdik. Bu gün isə bayaqdan bəri bir kəlmə də kəsməmişdim.
Raufun nəzərlərini üzümdə hiss etdikcə, eyni zamanda həm nostalji hisslər yaşayır, həm də əsəbləşirdim.
─Daha uşaq deyilsən! Odur ki, iki yetkin insan kimi söhbət edə bilərik. Ən azından bir-birimizi dinləyə bilərik.
Fincanı əlimə aldım. Bir qurtum içdim:
─Yaxşı. Buyur, səni dinləyirəm.
Rauf barmağını fincanın ağzında gəzdirib söhbətə necə başlayacağını düşünürdü bəlkə.
─Həmişə o günü xatırlayıram. Sənə “Məni dinlə! İcazə ver, hər şeyi izah edim...” deyərək nə qədər dil tökdüm. Dinləmədin. Məni dinləsəydin, mənə inanıb güvənsəydin, bu gün həyatımız tamamilə başqa cür olardı. Sən isə nə məni dinlədin, nə də mənə inandın. Güvənmədin mənə...
Gözlərim yol çəkirdi. Bu qədər yaxın ikən bu qədər uzaq olan insanın səsi uzaqlardan gəlirdi sanki. Pəncərədən süzülən yağış damlalarından nəzərlərimi ayırmırdım.
...Bu gün olduğu kimi soyuq və yağışlı noyabr günü idi. Xəyallarımdakı sevgi dünyamın dəniz qumundan düzəldilən, elə dənizin göz yaşım tək şor suları ilə dağılan qəsr kimi ümidlərimin, arzularımın məhv olduğu soyuq noyabr günü... Ruhumu üşüdən həmin gün...
Bir qız üçün sevgi xəyalları qurmaq daha asandır. Bütün varlığımızla sevərkən, qarşımızdakı insanı həddindən artıq ideallaşdırır, hər sözünə inanıb tamamilə etibar etməyə başlayırıq. Bəzən ruhumuzun bir parçası,elə özümüz hesab edirik. Sevir, sevildiyimizə də özümüzü inandırmağa çalışırıq, adi diqqəti,qayğını da ilahi eşq kimi qəbul edirik. Bir gün isə yuxudan ayılır, xəyalımızdan keçənlərin sadəcə bir ilğım olduğunu anlayırıq.
Bu gün səhərdən bütün işlərim tərs gedirdi. Yuxudan durandan hər şeyi əlimdən saldığım, bir neçə tələbə yoldaşımla mübahisə etməyim azmış kimi, günün sonunda daha böyük sürprizlə qarşılaşacağımdan xəbərsiz idim.
Universitetin qapısından çıxarkən bir qadın mənə yaxınlaşdı:
─Afət, sənsən?
İlk dəfə gördüyüm qadına gülümsəyib:
─Bəli, mənəm.
Qadın sınayıcı nəzərləri ilə məni başdan –ayağa süzdükdən sonra dilləndi:
─Mən Raufun anasıyam.
Raufun anası ilə belə qəfil görüşəcəyimi düşünmədiyim üçün bir qədər özümü itirdim. Doğrusu, həmin an çaşqınlıqla bərabər içimdə sevinc hissi də yaşadım. Özlüyümdə, Raufun barəmdə ailəsi ilə danışdığını, fikrinin ciddi olduğunu xəyal edirdim. Əlbəttə, əgər belə olmasaydı, anası nə üçün bura qədər gəlib mənimlə görüşmək istəyəydi ki.
─Vaxtın varsa, səninlə bir az söhbət etmək istərdim, –qadın dedi.
Qarşımda dayanan ağbənizli, ala gözlü qadına baxdıqca, Raufun gözəllik və yaraşığını anasından aldığını düşünürdüm öz-özümə. Son dərəcə gözəl, xanım-xatın qadında kübarlıq dərhal hiss olunurdu. Zövqlü bir xanım olduğu da geyim tərzindən bəlli idi.
─Əlbəttə, buyurun, –deyə cavab verərkən, yəqin ki bütün qızların keçirdiyi həyəcanı hiss etməkdə idim.
Bir neçə addım atıb, bir qədər aralıda dayanmış avtomobilə yaxınlaşdı. Başının hərəkəti ilə mənə də keçib əyləşməyi işarə etdi. Cinayət işlərinə çox baxan anamdan və nənəmdən fərqli olaraq, ağlıma heç bir pis fikir gətirmədən, çəkinmədən avtomobilə əyləşdim. Görünür, əvvəlcədən təlimatlandırılmış sürücü, mən oturduqdan sonra qapını bağlayıb uzaqlaşdı.
Raufun anası ilə üz-üzə idik. Baxışlarından mənə münasibətini anlaya bilmirdim. Üzündəki xəfif təbəssümün mənə olan xoş münasibətindən, yoxsa ki, sadəcə kübarlığından irəli gəldiyini ayırd etmək çətin idi. Ilk dəfə gördüyü qıza qarşı, bəlkə də elə belə olmalı idi münasibəti, nə bilim...
─Görürəm, ağıllı qıza bənzəyirsən. Odur ki, düşünürəm, bir-birimizi çox gözəl başa düşəcəyik. Barəndə də hər şeydən xəbərim var: Ailə vəziyyətindən tutmuş, getdiyin ünvanlara qədər hər şeydən məlumatlıyam. Raufla aranızdakı münasibətləri də bilirəm...
Sözlərinə bilərəkdən fasilə verdi bəlkə də.
Başımı aşağı salıb susur, həyəcandan əllərimin, ayaqlarımın əsdiyini hiss edirdim. Həmin an mənə elə gəldi ki, nəfəsim daralır. Bəlkə də avtomobilin pəncərələrinin bağlı olduğundan sıxılmağa başlayırdım. İçimdə qəribə hiss vardı. Və bu hiss mənə bu söhbətin düşündüyüm kimi davam etməyəcəyini söyləyirdi.
─Raufu qınamıram, gözəl qızsan, cazibənə uyub. Səninlə münasibətləri kəsmək istəmədiyindən də, görünür, sənə nişanlı olduğunu, hər iki ailənin artıq toy hazırlıqlarına başladığını bilərəkdən söyləməyib... bəlkə də həqiqəti deməyə cəsarəti çatmayıb...
Deməyə sözüm yox idi. Qulaqlarımın eşitdiyinə inanmaq istəmirdim hələ də. Mən nələr eşidirdim! Aylardan bəri görüşdüyüm, bütün varlığımla səmimiyyətinə inandığım insan inamımdan, etibarımdan necə istifadə edə, məni necə aldada bilərdi.
Qadın çantasından çıxartdığı şəkli mənə uzatdı. Əlimə alıb gah şəklə, gah da qadının üzünə nəzər saldım. Heç vaxt Raufun hisslərinə, sevgisinə şübhə etmədiyimdən, ailəsi ilə bərabər bir masa arxasında yanaşı oturduğu incə və zərif üz cizgilərinə sahib son dərəcə gözəl qızın üzündəki xoşbəxt təbəssümünü görüncə, ilk dəfə qısqanclıq hissi keçirtdim.
─Keçən yay Raufun qaynının toyunda çəkilmiş şəkildir. Özünü həmin qızın yerinə qoy. Yəqin ki, sən də barmağında üzüyünü gəzdirdiyin nişanlının soyuq münasibəti ilə üzləşmək, özgə birisi ilə gün keçirtməyini istəməzdin. Başqa birisinin bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Ağıllı, savadlı qızsan, Rauf kimi oğlanlar hələ qarşına çox çıxacaq.
─...
─Raufla münasibətlərinizə son qoy! Belə hər ikiniz üçün yaxşıdır. Rauf səninlə gün keçirə bilər, amma heç vaxt sənə evlənməyəcək. Nə mən, nə də atası ailəmizə soxulmaq istəyən sənin kimi bir qızı gəlin kimi qəbul etməyəcəyik!
Hələ heç vaxt özümü bu qədər alçaldılmış, təhqir olunmuş hiss etməmişdim. Daha çox qadının son sözlərinə, yoxsa ki sarsılan inam və etibarıma üzüldüyümü bilmirdim.
─Narahat olmayın, xanım, Rauf bu gündən sonra bir daha heç vaxt üzümü görməyəcək! –deyib avtomobildən endim.
Arxama baxmadan qaçmaq, uzaqlaşmaq istəyirdim. Keçdiyimiz yollardan, ayaqlarının izi qalan cığırlardan bir daha keçməmək üçün heç vaxt getmədiyim yollardan,küçələrdən addımlayırdım. Onu mənə xatırladan, bağlayan hər şeyi məhv etmək, dağıtmaq, ümidlərim kimi qırmaq, alçalmış qürurum kimi sındırmaq istəyirdim. Eyni səmaya, eyni dənizə baxmaq, eyni şəhərin havasını belə udmaq istəmirdim.
Bütün günü yağan yağış kəsənə bənzəmirdi, arada daha da bərkiyirdi. Yalnız bu şəhərə deyil, ömrümə, xəyallarıma, arzularımın üstünə yağırdı leysan tək.
─Yaxşısız, xanım?–yaxınlaşan polis nümayəndəsi soruşdu. Görünür, axşamın bu saatında, yağışlı, küləkli belə bir havada bayaqdan bəri tək –tənha dəniz kənarında olmağım, nəzərlərimi eyni nöqtəyə zilləyib dayanmağım diqqətini çəkmişdi.
Əvvəllər o qədər də diqqətimi çəkməyən bir məqam –sahildən aralanan gəminin fiti sanki bir işarə idi mənə. Nəzərlərimi uzaqlaşan gəmidən ayırıb polisin üzünə baxdım:
─Hər şey bundan sonra yaxşı olacaq! Hər şey dəyişəcək!
Özlüyündə qəribə təsir bağışlayan qızın nədən bəhs etdiyini anlamayan polis başını yelləyib əlavə bir söz demədən aralandı. Hiss edirdim ki, özümə qəsd edə biləcəyimdən ehtiyat etdiyi üçün kənardan məni izləyir.
Gec idi. Yəqin ki, anam da narahat qalmışdı məndən. Barmaqlarımın ucu ilə yanaqlarımdan yağış sularına qarışan göz yaşlarımı sildim:
─Dənizim! Gözəl, doğma olduğun qədər də amansız və qəddarsan! Hər gün neçə –neçə insan sənin sularında qərq olur. Kimilərini özün udursan, kimiləri isə cəmiyyətin amansız qanunlarına, sərt qaydalarına dözməyib ümidsizlik içərisində bilərəkdən özünü qərq edir. Heç vaxt intihar edənləri anlamasam da, bu gün anladım ki, insan ümidləri öldüyü gün ölür. Dənizim! Bu gün mən də arzularımı, ümid və xəyallarımı ruhumla bərabər sularında qərq edib gedirəm. Nə incilər, nə xəzinələr qoruyub saxladın dərinliklərində. Al, qoy ruhum göz yaşlarımla, nakam sevgimdən doğan xəyal və arzularımla bərabər qiymətli inci,mirvari kimi sənə əmanətim olsun, özündə saxla. Ruhsuz cismimi götürüb gedirəm bu şəhərdən. Əgər bir gün qayıtsam, özümü yenidən doğulmuş kimi hiss edib xoşbəxt ola biləcəyimə əmin olsam, hamısını səndən geri alacam.
Qapıdan içəri ayağımı basar –basmaz anamın səsi eşidildi:
─De, gəldi əzizxələf nəvən!
Əlində oxlov, unlu əlləri ilə dəhlizə çıxıb həmişəki kimi deyinməyə başladı:
─Saatdan xəbərin var? Hardasan bu saata qədər? Evin –eşiyin yoxdur sənin?!
İki balaca otaqdan ibarət evimizin mətbəxi də olduqca darısqal olduğundan anamla nənəm çox zaman yerdən süfrə salar, elə oturaq vəziyyətdə qutab, düşbərə hazırlar, dolma bükər, küftə tutardılar.
Havalar soyumağa başlayandan həm ətə qənaət etmək üçün, həm də xoşladığım üçün çox zaman anam düşbərə bükərdi. Necə deyərlər, həm canımız qızırdı, həm də gündə ət almağa imkanı olmayan kasıb ailə üçün bundan daha münasib, daha dadlı təam tapılmazdı.
Qəfil boynuna sarılıb üzündən öpməyim, deyəsən, anamı çaşdırdı. Nə isə demək istədi. Susdu.
Gəncliyində kəndin ən gözəl qızı hesab edilən nənəmin də əlindən, yanaqlarından öpüb birbaş yataq otağına getdim. Çarpayıma uzanıb yorğanı başıma çəkdim. İsti nəfəsim soyuq yatağımı qızdırsa da, üşüyürdüm. Üşüyən tərk edib gedən ruhumun boş qalmış cismi idi. Dörd səmtə əsən küləklərin dolaşıb tüğyan etdiyi tərk edilmiş bütün məbədlərə bənzəyən boş qalmış cismimi heç səhra günəşinin özü də isindirə bilməzdi indi.
─Nolub? Xəstələnmisən? Sənə diyəndə ki, day yay döyül, üzü qışa gedir, küləkli, yağışlı havalarda az gəz bu küçələri, qulaq asmırsan ki mənə!
Anamın susmağını istəyirdim. Onun nəinki iradlarını, hətta xoş sözlərini belə dinləyəcək halda deyildim indi.
─Gözlə, indi isti bir zoğallı çay gətirim.
Anam sinini dolabçanın üstünə qoyarkən nəzəri telefona sataşdı:
─Telefonun səsini almısan? Zəng gəlir sənə.
Doqquz buraxılmış zəng, yeddi oxunmamış mesaj ekranda görünürdü. Telefonu əlimə aldım. Düyməsini sıxıb, söndürdüm. Bir kənara atıb yenidən yorğanı başıma çəkdim. Hərəkətlərim anama qəribə görünsə də, heç bir sual vermədi.

Yaxşı deyirlər ki, heç vaxt “Heç vaxt!” demə. Bir neçə gün əvvəl qərarımın qəti olduğuna əmin olduğum qədər bu gün də fikrimdə qəti idim.
─Asəf müəllim, mən çox düşündüm və qəti qərara gəldim. Təhsilimi Almaniyada davam etdirmək,dövlətimə, xalqıma faydalı olmaq istəyirəm,–deyərkən ağsaçlı dekan sevindiyindən alnımdan öpdü.
─Bilirdim ki, fikrindən dönəcəksən. Hər bir savadlı, bacarıqlı, istedadlı gənc Azərbaycanın gələcəyi deməkdir! Hamımız üçün xeyirli olsun!

Bir çoxlarının yerimdə olmaq istədiyi, bəlkə hətta ürəklərində həsəd aparıb, bəxtəvər belə adlandırdığı mən, əvvəlkindən daha artıq deyib-gülməyimə, şən görünməyimə, dodaqlarıma saxta təbəssüm taxmağıma baxmayaraq, çox gərgin və fikirli idim. Şəhərdən, ölkədən qaçmaq istərkən, özümdən heç yerə qaça bilməyəcəyimi anlasam da, artıq günləri, hətta saatları sayırdım.
Ümidlərimi itirdiyim gün sanki güvən hissimi də itirmişdim. Dalğın olduğumdan arxamdan gələnin ayaq səslərini, hənirtisini eşitməmişdim. Odur ki, qəfil qolumdan birisi tutunca diksindim. İçimə dolan qorxu, qaranlıq küçənin xofu bütün varlığıma hakim kəsildi.
─Yenə qorxutdum səni? –deyə gülümsəyən Rauf əlimi ovcuna aldı.
Kobud şəkildə əlimi çəkdim.
─Hə, qorxutdun.
Güldü:
─Sən ki həmişə ürəkli qız olmusan! Nədən qorxdun?
─...
─Sən özün bir bəlasan! Səndən qorxmaq lazımdır!Düşünmürəm ki, məndən başqa kiminsə sənə yaxınlaşmağa hünəri çata, cürət edə bilə.
Həmişə zarafatla dediyi sözlər indi məni qıcıqlandırırdı:
─Elədirsə, o zaman sən də məndən uzaq ol! Başına bəla olmayım!
─Gecdir, sən artıq başımın bəlasısan! –deyərək gülümsəyib təkrar əlimi tutdu.
Özümdən asılı olmadan əsəbi şəkildə:
─Toxunma mənə! –dedim.
Çox az hallarda adımı deyərdi. Üzündəki təbəssüm bir anın içində çəkildi. Ciddi görkəm aldı. Soruşdu:
─Afət! Nə olub? Nə baş verir?
Nəzərlərimi yayındırır, üzünə baxmaq istəmirdim:
─Heç nə.
─O zaman bu nə soyuqluqdur? Dünəndən bəri də nə zənglərimə, nə mesajlarıma cavab vermisən. Bu gün də bütün günü telefonun sönülü olub. Narahat qaldım, növbəmi uşaqlarla dəyişib səni görməyə gəldim.
Susurdum...Həqiqətləri üzünə çırpmaq, hər şeydən xəbərdar olduğumu bildirmək, ürəyimdən keçənləri demək istəsəm də, susurdum... Şikarını parçalamağa hazırlaşan pusquda durmuş pələng kimi idim, məqamımı gözləyirdim. Gözlərimin içinə baxaraq mənə utanmadan yalan söyləyən zabitin əynindəki mundirə nəzər saldıqca dəfələrlə zabit şərəfinə and içdiyini bir anlıq xatırlayaraq həm qəzəblənir, həm də içimdə istehza ilə gülürdüm. Mənim üçün müqəddəs olan dəyərlərə bu qədər dəyərsiz yanaşan bir insandan daha nələr gözləyə biləcəyimi düşünürdüm.
─Başımın bəlası, nə olub axı, sənə? Niyə susursan? Məni gördüyünə sevinmədin?
Üzündəki günahsız ifadəni, mülayim təbəssümünü gördükcə, mehriban səsini eşitdikcə bir insanın nə qədər saxta ola biləcəyini, riyakarlığının son həddini ağlıma sığışdıra bilmirdim. Əllərinin toxunuşu belə məndə ikrah hissi yaradırdı.
─Yox! Bir daha qarşıma çıxma! Səni görmək istəmirəm! Bir dəfəlik həyatımdan yox ol!
Sanki sözlərimdən diksindi. Heç nə anlamayaraq qeyri –ixtiyari:
─Nə? –dedi, –Nə dedin?
─Düz eşitdin. Qarşıma çıxdığın, səni tanıdığım günə lənət olsun! Sənə baxdıqca ikrah hissi duyuram.
Qürurunu, mənliyini alçatdığıma baxmayaraq, əsəblərinə hakim olmağı bacaran zabit təmkinini pozmamağa çalışırdı:
─Bu nə sözlərdir dilə gətirirsən? Öz dediyini özün eşidirsən?Dediyin sözlərin fərqindəsən?
─Deyə biləcəyim ən yumşaq ifadələrdir. Riyakarlığına, şərəfsizliyinə layiq sözlər tapa bilmirəm.
Üzünün ifadəsi kimi, səsi də dəyişildi həmin an:
─Afət! Həddini aşırsan!
Fərqinə varmadan səsimi yüksəltmişdim:
─Həddimi aşsam, nə olacaq? İç üzünü göstərəcəksən? Göstər! İç üzünü tanıdım, daha betərləri ilə məni təəccübləndirə biləcəyini düşünürsənsə, buyur.
─Səni tanıya bilmirəm, Afət...
─Mən isə səni yaxşı tanıdım, Rauf!
─Anlaya bilmirəm...Bir gecədə necə bu qədər dəyişdin? Nə baş verdi? Mənə qarşı kəskin dəyişilən münasibətinin səbəbini izah et, mən də öz qəbahətimin, günahımın nə olduğunu bilim. Bilərəkdən, bilməyərəkdən etdiyim səhvlərimə görə də səndən üzr istəyim.
Dözməyib əsəbimdən güldüm:
─Səhv? Qəbahət? İki qızın hissləriylə birdən oynamaq səhv adlanır?
─İki?–təəccüblə üzümə baxdı,–Həyatımda yalnız sən varsan! İkincisi yoxdur!
─İlahi! Səmimiliyinə inandığım, dəyər verdiyim insan gözlərimin içinə baxaraq həyasızcasına nə yalanlar söyləməyə qadirmiş! Sən necə insansan, Rauf?! Axı, mən səni necə tanıya bilmədim!
─Peşman olacağın sözləri dilinə gətirmə, Afət!
Hisslərimə hakim ola bilməyib əsəbimdən ağladım. Hirslə bağırdım:
─Artıq peşmanam! Səni tanıdığıma, sənə inandığıma, səni sevdiyimə peşmanam!
─Afət!
─Mən hər şeyi bilirəm. Nişanlı olduğunu, hər iki evdə toy hazırlıqları getdiyini bilirəm! İki qızın hissləriylə oynayacaq qədər şərəfsiz birisən! Sənə nifrət edirəm!!!
─...
Gözlərimin içinə baxmağa cəsarəti çatmadığı üçün baxışlarını yerə dikib susan Raufa hələ də inanmaq istəyirdim. Özümü nə qədər ələ almağa çalışsam da, bacarmadım. Hönkürüb ağladım. Göz yaşlarında boğularaq səsimi yüksəltməyə özümdə güc tapdım:
─Niyə susdun? Susma! İnkar et! Nişanlı olmadığını söylə! Bütün dediklərimi təkzib et, yalan olduğuna inandır məni!
─Sakitləş, mən sənə hər şeyi izah edəcəm,–deyərək əlimdən tutmağa çalışdı.
─Nəyi izah edəcəksən? Başqa bir qızın barmağında sənin üzüyünü gəzdirdiyini inkar edəcəksən?!
Divara sıxışdırılmış müqəssirlər kimi həqiqətləri etiraf etməkdən savayı əlacı qalmadı.
─Yox, etməyəcəm...
Son ana qədər Raufa inanmaq istəyirdim. Özümü aldatmağa çalışırdım. Anasının bizi ayırmaq üçün bu yalanları uydurduğuna özümü inandırmaq istəyirdim. Sevdiyim insanın yalanlarını qəbul etmək, həqiqətləri görməkdən daha asan gəlirdi mənə. Məhv olan arzularımın, yıxılan xəyal dünyamın səsi üzünə vurduğum şillə ilə diksindirdi, silkələyib oyatdı məni.
Geriyə baxmadan, hönkürüb ağlaya-ağlaya qaçarkən Raufdan deyil, əslində elə özümdən qaçırdım. Mənim üçün bitmiş münasibətlərin son həddinə gəlib çıxmışdım. Yanağında buraxdığım əlimin izi ilə bu sevginin ayrılıq fərmanını verib,möhürünü də basmışdım.
Arxamca qaçıb gələn Raufun məni tutub saxlamaq cəhdləri boş idi. Var gücümlə qaçmaqdan dizlərimdə taqət qalmamışdı. Təngnəfəs idim. Qolumdan yapışıb dartdı:
─Afət! Məni dinlə! Hər şey sənin düşündüyün kimi deyil! Bilmədiyin çox şey var... İcazə ver sənə hər şeyi izah edim... Qulaq as mənə! Mənə inan, mən hər şeyi yoluna qoymağa çalışacam. Sadəcə zaman ver! Səni çox sevirəm! Sənin də məni sevdiyini bilirəm. Bu şəkildə münasibətlərimizə son qoya bilməzsən! Evlənəcəyim qız varsa, o da sən olacaqsan!
Yanaqlarıma süzülən göz yaşlarım, pıçıltı ilə dediyim sözlər vidamız oldu:
─Bir daha məni axtarma! Bir daha qarşıma çıxma! Bitdi...

Hələ orta məktəbdə oxuyarkən “İnsan və cəmiyyət” dərsində müzakirəyə çıxarılan məhəbbət mövzusu ilə bağlı mənim də fikrimi bilmək istəyən tarix müəllimimizə “Ən böyük sevgilər həyatda olmur, yalnız bədii ədəbiyyatda, filmlərdə olur. Leyli və Məcnun, Romeo və Cülyetta aramızda yaşasaydılar, kim bilir, bir müddət sonra ayrılardılar bəlkə” –deyə cavab vermişdim. Və yekun olaraq, özüm üçün belə bir qənaətə gəlmişdim ki, eşq zirvəsinə yüksələn hər sevginin yolu ayrılıq və ölümdən keçir.
Sevirdim... Həyatımda ilk dəfə sevirdim... Bütün varlığımı, ruhumu bu sevgiyə təslim etmişdim. Hər kəs sevməyi bacarmır, sevməyi bacarmaq fərqli ürək sahibi olmaqdır, deyirlər. Sevə bilmək bacarığımı özümdə kəşf etdiyimə görə, ən azından bu hissi anlamağıma, yaşamağıma, həmçinin həyata gözlərimi açıb, insanların xislətini aşkarlamağıma səbəbkar olan Raufa minnətdar idim. Sayəsində, həyatın şilləsini dadıb sadəlövh birindən bir daha insanlara inanmayacaq, güvənməyəcək bir insana çevrilməkdə idim.
Yorğun olduğumu, başımın ağrıdığını bəhanə edərək, yatağıma uzanıb yorğanı başıma çəkmişdim. Anam, nənəm ağladığımdan xəbər tutmasınlar deyə, üzümü göz yaşlarımdan islanmış yastığımda gizlədirdim. Eh, kimi aldadırdım! Aldatmaq istəyən də, aldanan da elə özüm idim.

Ertəsi günü Raufla qarşılaşmamaq üçün axırıncı dərsdən icazə alıb evə getdim. Yazıb- yazmayacağını maraq etdiyimdən telefonu yandırsam da, mesajları oxuyub heç birinə cavab yazmır, zənglərə isə cavab vermirdim; ikinci zəngdən sonra isə söndürüb sanki kiminsə görəcəyindən ehtiyat etdiyim üçün ya çantamda, ya da yastığımın altında gizlədirdim. Təsadüfən pəncərəyə yaxınlaşan zaman Raufun qonşu evin divarına söykənib nəzərlərini pəncərəmizdən ayırmadığının da şahidi olmuşdum. Bir anlıq beynimdən inad etdiyim üçün qapını döyüb evə gələ və anamın yanında belə məndən hesab sora biləcəyi fikri keçdiyindən ehtiyat etdim, lakin sonra heç vaxt buna cəsarəti çatmayacağına özümü inandırdım.

Son bir neçə gündə mühazirələr mənə daha ağır gəlirdi, heç on dəqiqə keçməmiş yorulur, diqqətim yayınırdı. Nə qədər diqqətimi toplamağa çalışsam da, əlimdə deyildi. Hətta ən sevdiyim fənlər belə mənə maraqsız görünməyə başlamışdı. Dərs başlamadan onun bitməsini, günün sonunu gözləyirdim. Əsəblərim çox gərgin idi. Son günlər baş verənlər, dünən axşam anamla aramızdakı çətin söhbət, bir yandan da hələ ölkəni tərk etməmiş duymaqda olduğum həsrət qəlbimə təsirsiz keçməmişdi.
Tənəffüs olsa da, çox zaman auditoriyadan çıxmazdım. Bufetə də nadir hallarda düşərdim.
Tələbə yoldaşım otağa daxil olub dedi:
─Afət! Bu xanım deyəsən səni axtarır.
Qapı ağzında dayanmış qızı heç vaxt həyatda görmədiyimə baxmayaraq, dərhal tanıdım. Bu həmin qız idi. Şəkildə gördüyüm, Raufa qısqandığım qızı nə vaxtsa qarşımda görəcəyimi ağlıma belə gətirməzdim.
Səsi də özü qədər incə və lətafətli idi:
─Salam. Afət xanım sizsiz?Sizinlə söhbət etmək istərdim. Mən...
Kim olduğunu söyləməsinə imkan verməyib sözünü kəsdim:
─Aşağı düşək.
Rahat söhbət edə bilmək üçün pilləkənlərlə bufetə endik. Ən axırdakı masalardan birini seçdim. Çay və şokolad sifariş verib qızla üzbəüz keçib oturdum.
Allahın əhvalının ən xoş vaxtında xəlq etdiyi bu qızın gözəl üz cizgilərinə, uzun və sıx kirpiklərinin arasından bir cüt ulduz kimi parlayan qara gözlərinə, uzun saçlarına nəzər saldıqca onun zərifliyinə, incəliyinə qızlığımla heyran qalırdım. Etiraf edim ki, hətta içimdə ona qarşı bir həsəd də baş qaldırdı. Özlüyümdə düşünür, özümlə onu müqayisə edir, vaz keçilməyəcək bu gözəllikdən Raufun imtina etməyəcək qədər ağılsız olmadığını anlayırdım. Başını aşağı salıb susan qıza, nədənsə birdən yazığım gəldi. Rəqibinin qarşısına çıxıb öz qürurunu, mənliyini alçaldan bir qızın mənə nə deyə biləcəklərini ehtimal edirdim.
─Sizi dinləyirəm.
─Mən...
─Kim olduğunuzu söyləməyə ehtiyac yoxdur. Bilirəm...
Sözə necə başlayacağından çəkinən qızın qarşısında özümü ailə dağıdan biri kimi günahkar hiss etməyə başlayırdım. Qeyri –ixtiyari barmağına nəzər saldım. Üzük taxmamışdı.
─Sizinlə görüşmək öz qərarımdır. Raufun bundan xəbəri yoxdur.
─Aydındı...Arxayın olun.
─Raufla aranızdakı münasibətlər məni narahat etdiyi üçün görüşmək və hər şeyi aydınlaşdırmaq istədim.
Bir qız və ya qadın üçün rəqibinin qarşısına çıxmaq qürur və mənliyini, ləyaqətini alçaltmaqdan əlavə, həm də qarşısındakının ondan daha yaxşı olduğunu etiraf etmək demək idi. Qarşımda dayanmış gözəl qıza bu cəhəti yaraşdıra bilmədiyimdən halına acıyırdım. Yəqin ki, onun yerinə olsam, mən heç vaxt bunu etməzdim.
─Deyəcəyiniz sözləri təxmin etdiyim üçün, sizə yalnız bunları deyə biləcəm. Qayınananızla görüşdüyüm günə qədər barənizdə heç nə bilmirdim. Bilsəm, heç vaxt bu münasibətlərə yol verməzdim. Bir qızın xoşbəxtliyini, səadətini əlindən alacaq qədər vicdansız deyiləm. Başqasının bədbəxtliyi, göz yaşları üzərində xoşbəxtliyimi qurmaram heç vaxt. Narahat olmayın, Raufla münasibətlərimizə birdəfəlik son qoyulub.
Qızın həyəcanla dediyi:
─Əslində elə mən də bu barədə danışmaq istəyirdim, –sözlərinə
─Raufun həyatından bir dəfəlik çıxıb gedirəm. Sizin xoşbəxtliyinizə mane olmayacam, –deyə cavab verdim.
─Siz məni səhv anladınız. Mən...
─Bizim münasibətlərimiz özü bir səhv idi. Mən bu səhvi düzəltdim.
─Rauf sizi həddindən çox sevir. Sizin də onu sevdiyinizə şübhəm yoxdur.
─Raufla aranıza girdiyim üçün, bilməyərəkdən sizdən onun sevgisini oğurladığım üçün son dərəcə üzgünəm. Səmimiliyimə inanın, belə olmasını istəməzdim.
─Rauf...
─Həyatından çıxdığım kimi, sabah axşam şəhəri də tərk edəcəm. Ondan sonra xoşbəxtliyinizə heç nə mane olmayacaq. Bacarırsınızsa, məni bağışlayın.
─Siz mənə danışmağa imkan vermirsiz!
─Buna ehtiyac da yoxdur. Hisslərinizi anlayıram.
─Amma siz bilməlisiniz ki, ...
─Rauf sənə əmanət. Onu xoşbəxt et! Xoşbəxt olun! –deyib masadan qalxdım.
Bu sözləri dediyim ana qədər hələ də qəlbimin dərinliklərində Raufla münasibətlərimizin mümkünlüyünə inanırdım. Dilimdən qopan kəlmələri –dediyim son sözlərimi qulaqlarımın eşitdiyi an, artıq münasibətlərimizin qeyri–mümkün olduğunu anladım. Sevdiyim insana xoşbəxtlik arzu edib onu başqasına əmanət etməklə hər şeyə son qoymuşdum.

********
Fərq etməz nə qədər müddətə, vidalaşmaq son dərəcə ağır duyğudur. Ən əvvəl, evinin daş –divarına nəzər salarsan: bu günə qədər bəlkə heç diqqətini çəkməyən əşyalar belə, sənə o qədər doğma və dəyərli görünər ki bir anda. Nə vaxtsa kənara atıb unutduğun, üstünü toz basmış oyuncağın, ad günlərinə hədiyyə edilmiş kiçik suvenirlər, rəflərdəki kitabların, masanın üstündəki yazıb qaraladığın köhnə dəftərin belə sanki dil açıb sənə nələrsə demək istəyirmiş kimi diqqət kəsilərsən. Sevimli ayını belə bağrına basıb “Darıxma mənsiz. Sənin üçün çox darıxacam” deyərsən pıçıltı ilə. Hər kəsə təsəlli verib, hər şeyin yaxşı olacağına özün qarışıq hamını inandırmağa çalışsan da, ilk özün kövrələr, gizlincə göz yaşlarını silərsən ki, arxanca gözləri qalmasın, səndən narahat olmasınlar. Üzündəki təbəssüm həm dodaqlarına, həm də qəlbinə yük olar.
Mənim üçün darıxmamaları üçün bütün günü deyib-gülməyə çalışır, gələcəklə bağlı elə gözəl xəyallar qururdum ki. Anama zarafatla bundan sonra qohum və qonşuların yanında daha çox hörmətli olacağını deyib, kasıb bir ailənin qızının Almaniyada təhsil almasının necə böyük fəxr hissi və qürur bəxş etdiyini bilərəkdən vurğulayırdım.
─Həmişəlik getmirəm ki! Gələcəm də.
─Yad ölkədə təkbaşına necə olacaqsan... Dünyanın o başıdır! Yaxın da deyil ki, biş –düş edib tez –tez yanına gələm...
Güldüm:
─Yaxşı ki də yaxın deyil! Yoxsa bir gündən bir babadan qalma həsir zənbili, səbəti doldurub durub gələrdin. Narahat olma, dövlət bizim təhsilimiz üçün bütün vəsaitləri ayırıb. Heç nəyə ehtiyacımız olmayacaq. Yalnız sizin dualarınıza ehtiyacım olacaq.
Anam və nənəm sözlərimdən kövrəldi. Elə mən özüm də kövrəlmişdim. Onların üzündəki kədərli ifadəni gördükcə, hətta fikrimdən vaz keçmək, bu səfərdən imtina etmək istəyirdim.
Qürbət ölkədə bəlkə də ən çox nənəm üçün darıxacaqdım. Nənəmin boynuna sarılıb əllərindən, üzündən öpməkdən doymurdum. Qoxusunu içimə çəkib özümlə aparmaq istəyirdim. Yad yerdə nənəm qədər kim çəkəcəkdi nazımı mənim... Kim səhvlərimi ört –basdır edib, himayə edəcəkdi...
Anam məni bağrına basarkən içimdə qəribə bur duyğu yarandı. Sanki ilk dəfə idi içindəki bütün sevgisini hiss etdirirdi. Qolları arasında sıxıb bağrına basır, arada da “Özündən muğayat ol. Bayıra çıxanda əynini qalın gey. Hava qaralanda küçələrdə tək gəzib dolaşma, qürbət diyardır. Fikrin bizim şəhərə getməsin, oraların adamları bir başqa cürdür, bizimkilərə bənzəməzlər.” –deyə öyüd və nəsihətlərindən son anda da əl çəkməzdi. Gülümsədim. Anlayanda ki, anamın danlaqlarını, hər səhər deyintisini eşitməyəcəm, indidən qəribsədim.

Təkidlərinə baxmayaraq, anamın və nənəmin hava limanına qədər məni ötürmək istəyinə etiraz etdim. Hava limanları, vağzal məndə hər zaman kövrək hisslər oyadır. Bu məkanların özündə cəmlədiyi ayrılıq , həsrət qoxan duyğusunu bir də əzizlərimin vidası ilə ağırlaşdırmaq istəmirdim. Buna tab gətirməzdim.
Bacım və yoldaşı ilə görüşüb, anamı, nənəmi onlara əmanət etdim. Söz verdilər ki, onları darıxmağa qoymayacaqlar. Heç kəs baş bəlasını əvəz edə bilməsə də, amma bacımın uşaqlarının nənələrinin başını qatacağına əmin idim. Nəvə şirin şeydir, yorulub əldən düşən iki nənənin bəlkə heç məni xatırlamağa belə vaxtları qalmayacaqdı.
Təyyarəyə minik başladı. Trapın pillələri ilə yuxarı qalxdıqca son dəfə imiş kimi ətrafa boylanıb səmaya, geniş aerodroma nəzər saldım. Ayaqlarımın həqiqətən vətən torpağından üzüldüyünü hiss edincə kövrəldim, kirpiklərimdə donub qalmış yaş az keçmədən yanaqlarıma süzüldü. Vətənimin havasını ciyərlərimə çəkdim. Bacardığım qədər daha çox bu havanı içimə çəkmək, ehtiyac duyacağım günlərə ehtiyat saxlamaq istəyirdim. Hər gün onlarla insanın yanından ötüb keçərkən nə danışdıqlarına, səslərinə diqqət etməzdim. İndi isə tanımadığım, lakin mənə yad olmayan bu insanları daha çox eşitmək istəyirdim. Həmyerlilərimin söhbətləri üçün, öz dilimiz üçün nə qədər darıxacağımı bilirdim. Öz vətənindən üz döndərən, qürbət ellərdə öz xoşbəxtliyini tapmağa çalışan insanları heç vaxt anlaya bilməsəm də, tək olmadığımı, mənim kimi öz millətini, dövlətini, dilini sevən yüzlərlə, minlərlə vətənpərvərlərimizin olduğuna əmin idim. Yaşadığımız müvəqqəti ayrılığın əslində dövlətimizə, insanlarımıza faydalı olacağını anlayan kəslərdən biri kimi mən də özümə bununla təskinlik verirdim.

Təyyarənin pəncərəsindən baxıb harada olduğumuzu müəyyən etməyə çalışırdım. Üstündən uçduğumuz tarlalar, çay və dənizlər xəritədə olduğu kimi görünürdü. Bu qədər yüksəklikdə kiçik nöqtəyə bənzəyən tikililəri gördükcə böyük bir qalaktikanın nə qədər kiçik bir zərrəsi olduğumu anlayır, həmçinin özümü Allaha həmişə olduğundan daha yaxın hiss edirdim.
Stüardessa gülümsəyərək:
─Azərbaycan sərhəddini keçdik,–dediyi zaman da kövrəldim,sanki canımdan can ayrılırdı. Geridə qoyduğumuz hər mil məni doğma Bakımdan, vətənimdən uzaqlaşdırırdı. Azərbaycan hava yollarına məxsus təyyarədə olduğumu xatırladıqda isə,bu həsrət azalır, hələ də özümü vətəndə hiss edirdim.
Başımı oturacağa söykəyib düşüncələrə dalmışdım. Üzümə tökülən saçlarımı arxaya verdim. Əlim qeyri –ixtiyari qulağıma toxunduğu zaman sırğamın bir tayını itirdiyimin fərqinə vardım. Üzüldüm. Görünür, həyatda nəyisə qazanmaq üçün yola çıxarkən, sənin üçün dəyərli olanları itirmək şərtdir. Mənim üçün son dərəcə dəyərli olan bu qızıl sırğa nənəmin yadigarı idi, on səkkiz yaşım tamam olarkən mənə bağışlamışdı.
Sırğanın tək tayını bir müddət ovcumda tutduqdan sonra onu da itirməmək üçün çantama qoydum. Üzünə baxmaq belə istəmədiyim telefonu çıxardım. Adət etdiyimdəndir bəlkə, mesaj bölməsinə daxil oldum. Yazdığı mesajların heç birini silməmişdim. Təkrar –təkrar oxuduqca daha da kövrəlirdim. Öz –özümə:
─Hisslərin ən güclüsü ayrılıq imiş! Bildim. Təkcə ailəmi, yaxınlarımı deyil, sevdiyim insanı da sənə əmanət edib gedirəm, Vətən! –pıçıldadım...”

Raufun səsini eşidib fikirdən ayıldım. Bir anlıq hisslərə necə qapılmışdımsa, kafedə olduğumu, onunla üzbəüz oturduğumu belə unutmuşdum.
─Afət! Dinləyirsən məni?
Bir zamanlar sevgisinə alışıb həsrətiylə gecələri sabah etdiyim insana laqeydliklə astadan:
─Mümkünsə, birbaşa mətləbə keç, –dedim.
Rauf nəzərlərini üzümdən çəkmədən əlimi tutdu:
─Sənə deyiləsi o qədər sözüm var ki! Yeddi ildə ürəyimdə yığılıb qalmış sözləri bir neçə kəlmə ilə ifadə edə bilməyəcəm...
─O zaman demək istədiklərini qısa və aydın ifadə et. Vaxtımı alma!
─Bu yeddi il ərzində səni xatırlamadığım, səni düşünmədiyim gün olmadı. Sənsiz yaşanan bu illər ərzində anladım ki, mənim xoşbəxtliyim sənin yanındadır. Səni bir daha itirə bilmərəm, Afət! Gəl, unudaq hər şeyi, sanki arada bu yeddi il olmamış kimi münasibətlərimizi yenidən, qaldığı yerdən davam etdirək.
İllər sonra sevdiyim insanın gözlərinə baxdım. Sevgi ilə dolu gözlərinin səmimiliyinə inanmaq istəsəm də, yaşadıqlarım mənə dərs olmuşdu. Bir daha peşmançılıq hissi keçirməmək üçün bir daha insanların səmimiyyətinə inanmayacağıma and içmişdim.
İstehza ilə güldüm:
─Qaldığı yerdən? Mənə boş ümidlər verib xoşbəxt gələcəyi vəd etdiyin, yoxsa sonuncu görüşdə bütün həqiqətləri etiraf etdiyin yerdən?
─Bir-birimizin əlini buraxmayacağımız, ömrümüzün sonuna qədər bərabər olmağa and içdiyimiz yerdən. Mən sənə verdiyim vədi unutmadım. Səni hələ də sevirəm. Bilirəm ki, sən də məni sevirsən. Bir-birimizi incitməyin mənası yoxdur.
─Bu mümkün deyil!
Əlimdən tutdu, ovcunda sıxdı:
─Niyə, axı, başımın bəlası? Öz əlimizdə deyilmi? Xoşbəxt olmağa gecikmişik, illərin ayrılığından sonra yenidən səadətimizə qovuşmaq haqqımızdır.
Raufun səsindəki səmimiyyətə illər əvvəl olduğu kimi inanmaq istədim yenidən. İllərlə eşitmək istədiyim sözləri həsrətinə dözə bilmədiyim insanın dilindən eşidirdim. Ayağa qalxmaq, boynuna sarılmaq, səsim yetəcək qədər hündürdən onu sevdiyimi söyləmək istəyirdim. Bir anlıq xəyal belə qurmuşdum ki...
Telefon zəngi. Raufa zəng gəlirdi. Masanın üstündəki telefonun ekranına görüşdüyüm həmin qızla boynunu qucaqlayan özü kimi gözəl balaca bir qız uşağının rəsmi və “Günəşim” adı çıxdı. Diqqətlə üzünə baxır, zəngə cavab verib –verməyəcəyini bilmək istəyirdim.
Rauf üzr istəyib masadan qalxmadan, nəzərlərini üzümdən ayırmadan, gözlərimin içinə baxıb gülümsəyərək zəngə cavab verdi:
─Ay caan!...Bir az işlərim var, yubanacam, məni gözləməyin... İşlərimi yoluna qoyub gələcəm... Yox, canım, narahat olma, hər şey yaxşıdır... Nə? Nə deyir? Dəstəyi ver ona görüm... Mələyim mənim! Caaaan! Dilinə qurban!.. Nə alım? Yaxşı, gözəl qızım, gələndə alacam.
Heç vaxt onu belə xoşbəxt görməmişdim. Qızcığazın ətrafa yayılan səsi üzündəki bütün ciddiliyi, gərginliyi aradan qaldırdı, parlayan gözlərində sevinc əks olundu. Hətta səsi belə dəyişdi.
Bir daha özümü alçalmış, təhqir olunmuş hiss edirdim. Bir az əvvəl mənə sevgisini etiraf edən insan mənimlə üzbəüz oturub qarşı tərəflə necə bu qədər sərbəst və rahat danışa, xoşluq edə bilirdi! Həyasızlığın son həddi idi! Raufun gözlərimin içinə baxaraq utanmadan, çəkinmədən söylədiyi yalanları daha artıq dinləmək istəməyib ayağa qalxdım. Bura gəlib oturduğuma, onu dinlədiyimə, az qala səmimiyyətinə inanıb həyata yenidən başlamaq üçün hər ikimizə şans vermək istəyimə peşman oldum yenidən. Nə yaxşı ki bu zəng vaxtında gəldi. Gözlərim açıldı. Allahıma qurban olum, həmişə zamanında məni agah edir.
Təhqir olunmuş hisslərim yenidən tüğyan etdi. “Başımın bəlası”adlandırdığı qızın xoşbəxt olmağa haqqı yox idi. Bu haqq “Günəşim”kimi adını qeyd etdiyi həmin qadının, xoşbəxt həyat yoldaşı və xoşbəxt ananın haqqı idi, mənim yox! Bir qadının səadətini, bir mələküzlü körpənin ata sevgisini oğurlaya bilməzdim!
Hisslərimə, göz yaşlarıma hakim olmalı idim. Çantamı əlimə alıb bir neçə addım atmışdım ki, qarşıma keçdi. Çantamı əlimdən alıb oturacağın üstünə atdı. Qolumdan yapışıb geri çəkdi məni. Başını tərpətməklə narazı olduğunu və mənə keçib oturmağı işarə etdi. Qolumu buraxmadan tələsik söhbəti bitirməyə çalışdı:
─Yaxşı, canım, dovşan da alacam,barni də... Ananı incitmə, sözünə qulaq as! Get yat! Yat ki tez böyüyəsən... Mən də öpdüm, mələyim.
Çiyinlərimdən tutub:
─Hara gedirsən?
Var gücümlə əlini itələyib:
─Getməli olduğum yerə, –deyə cavab verdim.
Rauf gözlərimin içinə baxaraq səsini yüksəltdi:
─Heç yerə getmirsən! Keç otur! Söhbətimiz bitməyib hələ!
Mənə təzyiq göstərən, masaya oturtmağa məcbur edən insana nifrət edirdim artıq. Təəssüf hissi ilə başımı buladım:
─Görürəm,Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ