manera.az
manera.az

"Bəkir kompleksi"- İkinci Mahmudun hekayəsi/ MANERA.AZ

"Bəkir kompleksi"- İkinci Mahmudun hekayəsi/ MANERA.AZ


İkinci Mahmud

-1-

Avtobus tərpənəndən arxa oturacağa qısılıb burnunu buxar bağlamış soyuq şüşəyə necə söykəmişdisə, bütün yol boyu da bax eləcənə, getdikcə böyüyən, qəbir daşları kimi cansız meqapolis göydələnlərinə tamaşa edə-edə, bir allah bilir, nə qədər qarmaqarışıq fikir keçirmişdi beynindən. Şirkətin xidməti avtobusu hava qaralana yaxın şəhərə yetimişdi; işçiləri birbəbir düşürə-düşürə şəhəri dolanmış, əvvəlcə mühəndislərin, sonra fəhlələrin evlərinin yanında dayanmışdı və nəhayət, küçə işıqları şəhəri gecənin qaranlığından xilas edib qurtaranda bu xəstəxananın qabağına çatmışdı.
-Məllim, yenə burda düşəcəksiz, – soruşmuşdu sürücü, – yoxsa evə sürüm? – amma heç cavab da gözləmədən avtobsusu düz xəstəxananın qabağındaca saxlamışdı, sonra damağına bir siqaret qoyub güzgüdən Bəkiri seyr eləməyə başlamışdı.

-2-

Həmişə olduğu kimi bu gün də Bəkirin canında qəribə bir narahatlıq vardı, bu nə narahatlıq idi, heç özü də baş açmırdı. Kim bilir, bəlkə də, qəlbinin dərinliklərində – lap, lap, lap dərinliklərində – bu narahatlığın səbəbini çox yaxşı bilirdi, amma bir allah bəndəsinə, heç özünə də etiraf eləməyə ürəyi gəlmirdi. Əvvəllər hər axşam işdən evə qayıdan başı – Bəkir onda neftayırma zavodunun siravi işçisi idi – həmin bu narahatlıq taxta birələri kimi canına daraşardı. Taxta birələrinə ta uşaqlıqdan bələd idi Bəkir – kəndəki, akasiya ağaclarından tikilmiş kasıb komalarını heç unutmamışdı. Hər axşam işdən evə qayıdan başı taxta birələri kimi canına daraşan həmin bu narahatlıq da, tərs kimi, yenidən uşaqlığını yadına salardı. “O şeyi ki, unutmağa çalışırsan, deməli, o şeyi heç vaxt unuda bilməyəcəksən!” – düşünərdi Bəkir.
Bu narahatlıqdan qurtulmaqçün hər şeyə razı idi. Bəlkə, məhz ona görə də, düz iki il bundan qabaq dənizdəki neft buruğunda bir həftəlik növbə ilə işləmək məsələsi qalxanda canla-başla razı olmuşdu, Zəki müəllimin sözünü yerə salmamışdı; düşünmüşdü ki, hər axşam evə qayıtmaqdansa, həftə də bir dəfə evə qayıtmaq daha yaxşıdır…
-Hə, ağsaqqal, – nəhayət, Bəkir dilləndi – burda düşəcəm..
Hər dəfə bir həftəlik növbədən evə qayıdanda burda – bu xəstəxananın qabağındaca düşər, o saat da telefonunu çıxarıb evə zəng edərdi. Bəzən saatlarla ev telefonu cavab verməzdi, onda xəstəxanın geniş həyətinda sakitcə o baş- bu başa gəzişər, nəhayət, Uğur telefona cavab verəndə heç nə olmamış kimi soruşardı:
– Çatmışam, – deyərdi – evə qalxıram, nəsə lazımdı? – Nədənsə Bəkir həmişə “çatmışam” sözünü xüsusi vurğulayardı.
-Gəl, gəl, kişim, – Uğur da həmişə eyni cürə cavab verərdi – heç nə lazım deyil, bircə özün gəl!
Bəzən Bəkir bu “kişim” sözündə nəsə gizli, özgə bir məna sezərdi, amma tez də bu düşüncəni uşaqlıqdakı kimi – axşamlar qulağının dibində vız-vız vızıldayan sırtıq pox milçəklərini qovan tək – qovardı beynindən. Uğurun cavabını eşitcək, nəhayət, canındakı o narahatlıq da yoxa çıxardı. Elə ki, canındakı narahatlıq yoxa çıxdı, Bəkir evə tələsərdi. Bəzən heç özü də ayırd edə bilmirdi, niyə evə tələsir, Uğurçünmü daha çox darıxıb, yoxsa “Zulya” üçünmü. Amma qapıdan içəri girən kimi tələm-tələsik Uğurla salamlaşıb özünü düz “Zulya”anın yanına verərdı; ovucuna alıb əzizləyərdi, burnunu-burnuna tutub oxşayardı, tumarlardı, öpüb yerinə qoyardı. Bütün bunlardan sonra, nəhayət, Uğur süfrə açmağa məşğul olardı.
Həmin o sazaqlı payız axşamı da hər şey bax beləcənə olmuşdu: Bəkir xəstəxananın həyətində bir müddət o baş – bu başa var-gəl etdikdən sonra evin yolunu tumuşdu. Qapıdan girər-girməz “Zulya”nı xəbər almışdı, amma heç Uğurun cavabını gözləmədən, tələm-tələsik cummuşdu qonaq otağına, sevimli tutuquşusunu doyunca sevib-əzizləyəndən sonra süfrə arxasına keçmişdi. Bir gözü “Zulya”nın, o biri gözü Uğurun üzündə iştahla girişmişdi yarpaq dolmasına. “Bizim arvadın yarpaq dolmasını – deyərdi Bəkir – ölünün ağzına töksən, dirilər..”

-3-

Düz on il bundan qabaq, Bəkir neftayırma zavodunda adıcə işçi olanda sevmişdi Uğuru – Uğur onda Zəki müəllimin katibəsiydi. Uzun zaman ürəyində gizli sevgi bəsləmişdi, amma dərdini bir kimsəyə açamamışdı. Əlinin qabarını, üstünün kirini, biləyinin xəmirçəyini bu nazlı-qəmzəli, dünya gözəli şəhər qızına yaraşdırmamışdı, qabağına çıxmağa cürəti çatmamışdı. Fəhlələrin pıçhapıçına, süpürgəçi Adilə xalanın qeybətlərinə də bir o qədər də fikir verməmişdi Bəkir. Guya Uğuru Zəki müəllimin boynunu ovuşduranda görüblər; guya kimsə Uğuru Zəki müəllimin qucağında görüb; guya kimsə Uğuru Zəki müəllimin villasından çıxan yerdə görüb; guya süpürgəçi Adilə öz qulaqaları ilə eşidibmiş hər şeyi, guya ki, Uğur Zəki müəllimin yaxasından yapışıb: “Sən arvadından qorxursan, bəs mənin günahın nədi?” – deyib hönkür-hönkür ağlayırmış, guya Zəki müəllim də başını aşağı salıb dimməzcə dayanıbmış… Əlbəttə, Bəkir bu ara söhbətlərinə inanmamışdı. “İtin ağzı ətə çatmayanda adını iylənmiş qoyar” – demişdi öz-özünə.
Və günlərin bir günü Zəki müəllim Bəkiri kabinetinə çağırıb, təxminən, iki saat nala-mıxa vurandan sonra:
-Bacoğlu, səni özüm evləndirəcəm… Qızı da özüm tapacam.. – demişdi, sonra da guya fikrə gedib və bir müddət sonra guya fikirdən ayılıb əlavə eləmişdi – Gör nə deyirəm, bu bizim Uğur da yaxşı qızdı ha! Yetim qızdı, yola gedərsiz… Evi də var…
Əlbəttə, Bəkir Zəki müəllimin – bu xeyirxah qohumun sözünü yerə sala bilməzdi. Zəki müəllim onu akasiya ağaclarından tikilmiş birəli komadan xilas etmişdi, kəndin palçığından çəkib çıxarmışdı, yanında işə qoymuşdu, lazım olanda cibinə pul basmışdı, lazım olanda fəhlələrin arasından çağırtdırıb maşınını yumağı tapşırmışdı, sonra kabinetində mürəbbəli çay süzmüşdü, bir sözlə, əsl dayılıq eləmişdi. Lap Bəkir Uğuru sevməsəydi də, Zəki müəllimə yox deyə bilməzdi, amma indi xoşbəxtlikdən iş elə gətirmişdi ki, Bəkir Uğuru sevirdi, özü də, çox sevirdi. O gün Zəki müəllim onu kabinetinə çağırıb, təxminən, iki saat nala-mıxa vurandan sonra “Uğuru sənə alacam” deyəndə içində yamanca sevincək olmuşdu, amma yenə də özünü sındırmamışdı:
-Dayı, – demişdi – sən nə desən, mənimçün qanundu! – Zəki müəllim də Bəkirn cavabını eşitcək dərindən bir “oh” eləmişdi, elə həmin axşam Uğurla Bəkiri maşınına mindirib restorana aparmışdı, dünyanın naz-neymətini süfrəyə düzdürmüşdü, məclisin qızğın yerində guya birdən yadına düşmüşdü ki, bu axşam vacib bir görüşü var, tez-tələsik hesabı artıqlamasıyla ödəyib getmişdi.
Toydan sonra Bəkir şələ-şüləsini yığıb köçmüşdü Uğurun evinə. Azdan az, çoxdan çox tapıb dolanmağa başlamışdılar. Zəki müəllim də gözünü çəkməmişdi üstlərindən: tez-tez qoltuğuna bir rus arağı vurub qonaq gələrdi Bəkirgilə, əvvəlcə Bəkir Zəki müəllimlə badə toqqaşdırmağa çəkinərdi, arada pərdə saxlayardı, elə ki, Zəki müəllim “Bacoğlu, qorxma, vur getsin, sabah işə gəlməzsən, dayın ölməyib ki!” dedi, Bəkir ürəklənərdi. Amma ürəyinin dərinliklərində – lap, lap, lap dərinliklərində – Zəki mülləmin tez-tez qoltuğuna araq vurub qonaq gəlməyinə bir az əsəbləşən kimi olardı. Bəzən ağlına xoş olmayan fikirlər gələrdi, amma tez də bu fikirləri uşaqlıqdakı kimi – axşamlar qulağının dinində vız-vız vızıldayan sırtıq pox milçəklərini qovan tək qovardı beynindən.

-4-

Hər şeyin gözlədiyi kimi olmayacağını Bəkir elə toy axşamıca anlamışdı: nə illah eləmişdisə, Uğura yaxın düşə bilməmişdi. Gah yumşaq danışmışdı, dilə tutmuşdu, gah guya qəlbinin qırıldığını göstərməkçün çarpayının ayağında dimməzcə oturmuşdu, gah da guya əsəbdən yumruğunu divara çırpmışdı, amma bütün bu hoqqaların heç biri işə yaramamışdı: Uğur dediyindən dönməmişdi ki dönməmişdi. “Aybaşıyam, – demişdi – get, o xalana de ki, boş yerə gözləməsin!” Amma Bəkir bir kimsəyə bir söz deməmişdi, eləcə suyu süzülə-süzülə gedib divana sərilmişdi, bəylik kostyumu da əynindəcə yatıb qalmışdı divanda…
Beş – altı gün sonra Uğurun ürəyi yumşalmışdı, gecənin bir yarısı Bəkiri səsləmişdi. “Şkafın dalından şıqqıltı gəlir, – demişdi – gəl, gör bu şıqqıltıdı!” Amma o gecə də Bəkir muradına çata bilməmişdi: şkafı divadan aralayıb dalına guya yaxşıca-yaxşıca baxmışdı, – Uğur da, Bəkir də yaxşı bilirdi ki, şkafın dalından şıqqıltı gəlmir – sonra şkafı yerinə itələyib belini tutmuşdu, Uğurun dümağ baldırlarına tamarzı-tamarzı baxa-baxa: “Divanda yatmaq belim qurudu” – dodağının altında mızıldanmışdı. Sonra da siçan qapmağa hazırlaşan pişik kimi sinə-sinə Uğurun yanına yanaşmışdı. “Tər iyi verirəsən, – demişdi Uğur, amma bir az yumşaq demişdi – get, çim gəl.” Bəkir cummuşdu hamama, di gəl ki, qayıdan başı Uğuru yatan görmüşdü. Həmin gecə Uğurun şirin yuxusuna haram qatmaqdan qorxa-qorxa yorğanı qaldırıb altına girmişdi, amma səhərəcən gözünə yuxu getməmişdi. Ağlına xoş olmayan fikirlər gəlmişdi, amma tez də bu axmaq fikirləri uşaqlıqdakı kimi – axşamlar qulağının dibində vız-vızıldayan sırtıq pox milçəklərini qovan tək – qovmuşdu beynindən…
Və nəhayət, günlərin bir günü arzusuna çatmışdı: Uğur dümağ baldırlarına, şiş məmələrinə qonaq etmişdi Bəkiri. Bəkir onda birdəfəlik başa düşmüşdü ki, Uğurun dümağ baldırlarına, şiş məmələrinə qonaq olmaq onun istəyindən yox, arvadının lütfündən asılıdır. Elə ki, Uğur aybaşı bezlərini yataq otağındakı güzgünün qabağına düzdü, Bəkir başa düşürdü ki, gözləmək lazmdı, ta o vaxta qədər ki, aybaşı bezləri güzgünün qabağında yığışsın. Amma nədənsə Uğurun aybaşı bezləri güzgünün qabağından heç əskik olmazdı.
Bəzən Bəkir bu işdə nəsə xoş olmayan bir məna duyardı, amma tez də bütün xoş olmayan mənaları beynindən uzaqlaşdırardı. Uğuru anlamağa çalışardı, gecələr yuxusu ərşə çəkiləndə və ya işdə, nahar vaxtı yeməkdən sonra bir kənara çəkilib siqaret tüstülədəndə, yaxud da bu həmin o sazaqlı payız günü olduğu kimi, bir həftəlik növbədən evə qayıdarkən burnunu buxar bağlamış soyuq şüşələrə söykəyib getdikcə böyüyən, qəbir daşları kimi cansız meqapolis göydələnlərini seyr edəndə qara-qara düşüncələrə dalardı və hər dəfə də Uğur qalib çıxırdı bu xəyali mübahisədən. “Uğurda günah yoxdu, – deyərdi ürəyində – mən əli qabarlı, üstü kirli, biləyi xəmirçəkli bir kəndli babayam, oturub-durub Allahıma şükür etməliyəm ki, mənə ərə gəlib! – Bəkir bunları lap ürəkdən deyirdi – Hələ üstəlik, özüm də bilirəm ki, sonsuzam… Uşaq verə bilmirəm Uğura…”

-5-

Görünür, Bəkirin “Zulya”ya belə qeyri-adi və çoxları üçün anlaşılmaz bir sevgi ilə – ata sevgisinə yaxın bir sevgi ilə bağlanmasının da sirri məhz bunda idi – ata olmaq arzusunda. Belə baxanda, “Zulya” adicə tutuquşu idi – başqa tutuquşulardan heç fərqlənmirdi də. Düzünə qalsa, Bəkir hər bir həftəlik növbədən sonra evə qayıdarkən, xəstəxananın həyətində bir müddət gəzişdikdən sonra, Uğur “Gəl, gəl, kişim” deyən kimi evə niyə tələsməyini və Uğurçünmü, yoxsa “Zulya” üçünmü daha çox darıxdığı öz içində lap yaxşı ayırd edə bilirdi. Hələ iki il bundan qabaq o balaca ətcəbalanı evə gətirəndə hiss etmişdi ki, bu tutuquşu onların evini öz hənirtisilə isidəcək. Doğrudan da, hər şey Bəkir düşündüyü kimi olmuşdu: Uğur da meylini salmışdı bu quşa, bir az yumşalmışdı, sanki içindəki analıq hissləri baş qaldırmışdı.
Get-gedə daha da dərinləşmişdi bu sevgi və get-gedə Bəkirin ata olmaq istəyi də öləziməyə başlamışdı. Hələ o vaxt – iki il bundan qabaq Bəkir bu əlcəbalanı alıb evə gətirən axşamı nə qədər baş sındırmışdısa da, bir layiqli ad tapa bilməmişdi tutuquşusuna. Uğur da zarafatla – bəlkə də, gizli bir kinayə ilə – demişdi ki, çox da baş sındırma, rəhmətlik ananın adını qoy getsin. Amma Bəkir bu dəfə Uğurun sözündə heç bir xoş olmayan məna sezməmişdi. Heç düşünmədən anası Züleyxa qarının adını vermişdi tutuquşusuna. Hələ evlənməmişdən qabaq – Zəki müəllim onları maşınına mindirib restorana aparanda və guya birdən yadına nəsə vacib bir işi düşdüyü üçün yarımçıq çıxıb getdikdən sonra xeyli yarıgizli-yarıaçıq söhbət etmişdilər, elə onda Bəkir utana-utana, qorxa qorxa demişdi ki, qızım olsa, anamın adını qoyacam. Görünür, bu söhbət Uğurun yadında yaxşı qalmışdı.
Amma get-gedə Uğurun həvəsi ölmüşdü “Zulya”ya, bəzən günlərlə qabağına su qoymaq, altının kağızını dəyişmək yadından çıxardı və bu da Bəkiri yaman narahat edərdi. Hər dəfə bir həftəlik növbəyə yollananda “Zulya”ya yaxşı baxmağı bərk-bərk tapşırardı.
Bu iki ildə Bəkir tutuquşular haqqında xeyli kitab oxumuşdu – 33 illik həyatında heç bu qədər kitab ağzı açmamışdı. “Zulya”nın dimdiyinin rəngindən, tüklərinin bitimindən onu anlamağa başlamışdı. Evdə olduğu bütün bir həftəni “Zulya”ya sərf edərdi – saatlarla qabağına qoyub danışmağı öyrədərdi. Amma nə illah edirdisə, “Zulya” ağzını açıb bir kəlmə söz demirdi ki demirdi. Bəlkə də, indi bu işıqlı dünyada Bəkirin ən böyük arzusu “Zulya”nın danışmağını görmək idi – bunu Uğur da hiss etmişdi.

-6-

-Zəkiii… Zəkiii… Zəkiii… – həmin o sazaqlı payız axşamı Bəkir boşqabdakı sonuncu dolmanı ağzına qoyub ləzzətlə çeynəməyə hazırlaşırdı ki, “Zulya” danışmağa başladı.
Loxma Bəkirin boğazında düyünləndi, bir xeyli müddət eləcənə donub qaldı, sonra özünü toxdaq tutmağa çalışdı, amma nə illah elədisə, tikə boğzından keçmədi və nəhayət, özüylə mübarizədən yorulub loxmanı aldığı kimi də qaytarıb yerinə qoydu – yaxşı ki, Uğur bu mənzərəni görmədi. Gəlib düz qəfəsin yanında dayandı – Uğur onda mətbəxtdə idi. Bir müddət beləcənə durdu. “Zulya”dan səs çıxmadı. Hətta bir anlıq Bəkirə elə gəldi ki, qulağı səsə düşüb. Baxmayaraq ki, “Zulya”nın dil açıb danışamağını çox arzulayırdı, amma nədənsə indi – ona elə gələndə ki, qulağı səsə düşüb, içində qəribə bir yüngüllük hiss etdi. Üzündə qeyri-ixtiyarı təbəssüm yarandı, başını bulaya-bulaya geri çevrildi ki, yerinə qayıtsın.
-Zəkiii… Zəkiii… Zəkiii – bu dəfə “Zulya” daha bərkdən bağırmağa başladı, Bəkir yenidən çevrilib qəfəsin qabağında dayandı – Zəkiii… Zəkiii.. Zəkiii… – “Zulya” Uğur qonaq otağına daxil olanadək bağırmağa davam etdi.
-Eşitdin?! – Bəkir qorxa-qorxa, ehtiyatla Uğurdan soruşdu – danışdı..
-Nəyi eşitdim? – Uğur həmişə olduğu kimi Bəkirin sualına sakit və bir az da laqeydliklə cavab verdi – Nə danışırsan sən?
-Necə yəni nəyi? Zulyanı deyirəm də! – Bəkir bu on ildə ilk dəfə səs tonunu qaldırdı.
-Yox, mən heç nə eşitmədim… – Uğur sakitliyini pozmadı – Sənin sevimli quşunun danışan-zad deyil, əlini üz! – deyib yenidən mətbəxə qayıtdı.
-Zəkiii… Zəkii… Zəkiii – “Zulya” yenidən bayaqkı tək bağırmağa başladı – Zəkiii… Zəkiii… Zəkiii… – Bəkir onun səsində nəsə gizli bir kinayə hiss elədi və bu dəfə qədər etdisə də, beynindən keçən şübhələri uşaqlıqdaki kimi – axşamlar qulağının dibində vır-vız qızıldayan sırtıq pox milçəkləri qovan tək qovammadı, – Zəkii… Zəkii… Zəkiii… – tutuquşu Uğur yenidən qonaq otağına qayıdanadək bax beləcə dayanmadan bağırdı…
…Həmin o sazaqlı payız gecəsi Uğur ərini inandırmağa çalışdı ki, heç bir səs yoxdur, sadəcə Bəkirin qulağı səsə düşüb. Düzünə qalsa, elə Bəkirin özünə də buna inanmağı çox istərdi, odur ki, gecə saat 12-ni keçəndə yataq otağına yollandı – aybaşı bezləri həmişəki kimi güzgünün qabağında idi. O gecə nə illah elədisə, Bəkirin gözünə yuxu getmədi. Üstəlik, hər dəfə qonaq otağından “Zulya”nın səsi gəldikcə yuxusu bir az da ərşə çəkildi. Evdəki bütün işıqları söndürdü, hamam dəsmalını qəfəsin üstünə sərdi, amma “Zulya”nın səsini kəsmədi ki kəsmədi. Əli hər şeydən üzüləndə qəfəsin qabağında dayanıb uşaq kimi yalvarmağa başladı tutuquşuna: “Qurban olum, – dedi – kəs əsini! Məni dəli etmək istəyir?! Heç olmasa, başqa söz de, – dedi – mənə yazığın gəlsin! – dedi.”

-7-

Həmin o sazaqlı payız axşamının səhəri hava işıqlaşar-işıqlaşmaz Bəkir evdən çıxdı, – onda Uğur hələ də yatırdı – “Zulya”nın səsindən mümkün qədər tez qurtulmaqçün ayaqqabılarını tərs-düz ayağına keçirib özünü küçəyə saldı, yolu keçib dayanacaqda oturdu, əyilib ayaqqabılarının ipini bağlaya-bağlaya axşam olanları ayıq başla yenidən götür-qoy etməyə başladı. Düşündükcə xoş olmayan fikirlər beyninə hücum çəkdi, amma nə illah ədisə də, bu xoş olmayan fikirlərdən yaxa qurtara bilmədi… Küçənin o başındakı xaşxanaya verdi özünü, sonra bazarda dolaşdı bir müddət – axşamadək özünə müxtəlif məşəğulliyyətlər axtarıb tapmağa çalışdı, amma hara getdisə də, “Zulya”nın səsi gəldi qulağına.
…Hər dəfə “Zulya”nın səsi qulağına gələndə Bəkirin içindəki sübhələr biraz da böyüdü, şübhələr böyüyüb qorxuya çevrildi, qorxu da böyüyüb-böyüyüb nifrətə döndü və hər dəfə Bəkirin içindəki şübhə büyüyüb-böyüyüb niftərə çevriləndə mətbəxdəki ət baltası gəlib durdu gözünün qabağında…
Bəkir gecənin bir yarısı içindəki nifrətlə birgə evə qayıtdı. Zəki müəllimin maşını binanın qabağında idi. Həmişə olduğu kimi telefonunu çıxardıb evə zəng etmək istədi, amma telefonu yox idi cibində. Bir xeyli binanın qabağında dayanıb Zəki müəllimin getməyini gözlədi. Zəki müəlliminsə, deyəsən, getmək fikri yox idi. Onda Bəkir, nəhayət, bütün kişiliyini toplayıb evə qalxmaq qərarına gəldi. Qapının ağzına çatıb dayandı, ona elə gəldi ki, bütün gələcək həyatı indi bu qapıdan içəri girib-girməməyindən asılıdır. Amma qəlbinin dərinliklərində – lap, lap, lap dərinlikdəlində – anlayırdı ki, indi bu qapıdan içəri girməklə, həm də bu on illik narahatlığına son qoya bilər. Nəhayət, Bəkir içəri girməyə qərar verdi, amma tələsmədi, zəngi basıb dayandı. Qapının o tayından ayaq səsləri eşidildi, Uğur qapını açdı. Gözləri qıpqırımızı idi – deyəsən, çox ağlamışdı. Koridorun o başından Zəki müəllim göründü. Üçü də susmuşdu. Bəkir sakitcə gəlib divanda oturdu.
-Hardaydın, oğul?! – Zəki müəllim əsəbi idi – Yekə adamsan, adam belə işi tutar?! – mümkün qədər sakit danışmağa çalışdı – səhərdən bəri o yer qalmayıb ki, zəng etməyək! Telefonu da qoyub getmisən…
-Yuxum gəlir… – Bəkir bircə bunu deyə bildi, özü də çox sakitcə dedi.
Zəki müəllim əvvəlcə nəsə demək istədi, sonra fikrindən daşındı. Pencəyini götürüb qapıya getdi… Uğur qapını bağlayıb yataq otağına yollandı.
-Zəkiii… Zəkiii… Zəkiii… – “Zulya” yenidən bağırmağa başladı.

-8-

Səhər o başdan Bəkir ət baltasını da götürüb evdən çıxdı – Uğur ondan oyanmışdı. Birbaş bazara yollandı. Baltanı yaxşıca itilətdi. Sonra ucuz kafelərin birinə girib iki şiş kabab və bir şüşə araq sifariş etdi. Ət baltasını masanın üstünə qoyub sakitcə sifarişini gözləməyə başladı…
Araq şüşəsi dibinə enəndə günortaya bir şey qalmamışdı. Bəkir sonuncu badəni başına çəkib ayağa durdu. Cibindəki bütün pulları masanın üstünə səpələyib baltanı götürdü. Birdən ağlına nə yerləşdisə, gəlib düz kafenin ortasında dayandı:
-Zəkiii… Zəkiii… Zəkiii! – bağırmağa başladı – Hamınız peyrəsiz! – baltanı havada yellədi – Hamınızın arvadı qəhbədi! – səndələyib yıxıldı, amma baltanı əlindən buraxmadı, əksinə bərk-bərk qucaqladı. Sonra sürünə-sürünə qapıya tərəf getdi. Bəkirin xata-bəlasız qapıdan çıxdığına əmin olandan sonra hamı öz yerinə oturdu…

-9-

Uğur qapını açanda Bəkiri – on illik ərini tanıya bilmədi, sanki indi onun qabağında başqa bir adam dayanmışdı, bu on ildə ilk dəfə idi ki, ərini bu cür dik və qətiyyətli – arağın təsirindən ayaq üstü zorla dursa da – görürdü. Hətta, bir anlıq içində xoş bir həyəcan da hiss etdi – bu, həyəcan idi, ehtiras idi, hər nə idisə, Uğurun çox xoşuna gəldi.
Bəkir kirimişcə gəlib divanda əyləşdi, baltanı sakitcə yanına qoydu. “Zulya”ya tamaşa etməyə başladı. Uğur da bir müddət eləcənə susdu, nəsə deməyə cürət etmədi və nəhayət, uzun sükutdan sonra qəribə bir itaətkarlıqla:
-Kişim, – dedi və azca ara verib Bəkirin reaksiyasını gözlədi – yemək gətirim? – Bəkirin cavab vermədiyini görüb yataq otağına keçdi. Aybaşı paketlərini götürüb siyirməyə atdı…
-Zəkiii… Zəkiii… Zəkiii… – Uğur gözdən itən kimi “Zulya” bağırmağa başladı – Zəkii… Zəkiii… Zəkiii..
Bəkir bayaqdan bunu gözləyirmiş kimi baltanı götürüb ayağa durdu, əvvəlcə yemək masasından başladı, sonra balta televizorun ekranını parçaladı, sonra qapılar, sonra divan… Uğur bir anlıq nə baş verdiyi anlaşdıra bilmədi, Bəkir divanı baltalaya-baltalaya qışqırırdı:
-Zəkiii… Zəkiii… Zəkiii…
Qaçıb özünü yenidən yataq otağına soxdu, telefonunda tələm-tələsik kiminsə nömrəsini yığıb qulağına tutudu…

-10-

Zəki müəllim içəri girib bir az duruxdu, sonra qorxa-qorxa, ata narahatlığı ilə Uğuru – illər boyu hamıdan gizlətdiyi, bəzən yetərincə qayğısını çəkə bilmədiyinə görə özünü söydüyü və uzun illərin boşluğunu doldurmaqçün (bəlkə də, vicdanını rahatlatmaqçün), mümkün qədər yaxınında olsun deyə min cürə fəndə əl atdığı, dost-doğmaca qızını səslədi:
-Uğur! Uğu-u-ur!
– Gəlirəm, – Uğur yataq otağından hay verdi – narahat olma! – Səsində nəsə xoş bir titrəmə var idi – Hər şey yaxşıdı… – Amma hələ bir müddət yataqdan qalxmağa tələsmədi, bir az əvvəl zorlanmaqdan aldığı o həzzi doya-doya yaşamaq istəyirdi, axı bu on ildə ilk dəfə idi ki, özünü əsl qadın kimi hiss etmişdi…
Bəkir bir küncdə sakitcənə oturub kürəyini divara söykəmişdi. Üst başı tamam qanın içində idi: ağzının qırağındakı qan hələ tam qurumaşdı, bir cüt quş lələyi də çənəsinə yapışıb yellənməkdəydi. Zəki müəllim lələkləri o dəqiqə tanıdı – “Zulya”nın lələkləriydi bu. Qeyri-ixtiyarı gözü tutuquşunu axtardı, əvvəlcə “Zulya”nın başını gördü, – yerdə, zirzibilin içində tullanmışdı – sonra həmin o qeyri-ixtiyari maraqla quşcuğazın bədənini gəzdi baxışları…
Amma nə o gecə, nə də ondan sonra, nə Zəki müəllim, nə Uğur, nə də başqa bir Allah bəndəsi “Zulya”nın bədənini görmədi…

sim-sim.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930