Azadlıqdır bütün quşların soyadı..- ŞEİR |MANERA.AZ

Tarix:9-01-2017, 10:00 Baxış Sayı:215

Azadlıqdır bütün quşların soyadı..- ŞEİR  |MANERA.AZ
Seyid Aynur

Nadinclik etmək üçündür çarpayılar,
daş çərçivələrdir
pəncərələrin ürəyini sıxan.
Qopar, əllərinlə çarmıxa çəkili aynaları
al pərdələrə toxunmaq istəyən,
həyat dolu yağış damcılarını xilas et,
Qonağın olsun bu gecə
Səslə içəri!.
əlimdə qırmızı dodaq boyam-
incə barmaqlarımla
çəksəm rəsmini qaranlıq göylərə,
işıqlansa aləm-
canlansa gözlərimin önündə şəklin.

⃰⃰ ⃰ ⃰
Pərdələr ətəyində gizlədərdi
günün işığını.
Gizlən -qaç oynasaq uşaqlar kimi:
-"Alma" desəm gəl, "Armud" desəm qal.
dost olsaq günəşlə,
oğurlamasa məndən səni bu gecələr.
Bilirsən, nə vaxtdır dodaqlarım
o yol çəkən gözlərinə qonmaq istəyir.
Hə, yadıma düşür:
adı Səhər-
əlləri pambıq şəkəri kimi toppuş,
bir az da tərs qızcığaz,
ehhh, quru şabalıd...
A Z A D L I Q dır bütün quşların soyadı,
cüt qanadlarım olsaydı
işə yaramaz qollarımın əvəzinə.
Qorxuram gecikməyə-
bu səbəbdəndir kirayələdiyim
bütün evlərin
vağzala yaxın olması.

⃰⃰ ⃰ ⃰
Yanıq qoxusu qalmışdı havada -
Günəş buludlardan dümağ örtük çəkib
göyün üzünü ütüləyirdi.
Sən isə,
ürəyimi yandırmışdın.
Ağrılarım daha da artacaqdı
axşama yaxın,
Ölür əllərinin toxunduğu hər nə varsa:
O gün,
O gün barmaqların ürəyimdəydi.

⃰⃰ ⃰ ⃰
Zərif Küsdüm çiçəyi kimisən-
hər an inciməyə hazır.
əl vurmayacağıma and içərəm!,
gizlətmə təki ləçəklərini.

⃰⃰ ⃰ ⃰
cüt yumurtaymış gözlər,
sən demə,
gözümün ağı-qarası
De, heç doğmadılarmı
EŞQi çılpaqlığıyla
bu cür ətcəbala
Doğmadılarmı?
MƏHƏBBƏTi!
Baxışlardan hamilə qalıb?
Eh, dəniz,
sahil,
ayrılıq!.
“adı çıxıb qu quşlarının,
qağayılar daha sadiq olur”:
- pıçıldadı dəniz.
⃰⃰ ⃰ ⃰
Qəfil yoxluğum incitməsin deyə,
Özümdən soyuda-soyuda gedəcəyəm.
Yavaş-yavaş,
Umduğun vaxt ölən o atlar kimi
Sadiqcəsinə.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ