Oxunub : 101 | Tarix : 30-12-2016, 10:30 | Bölmə: edebi / poeziya

“Atamın ilk məhəbbətinin adını daşıyıram”- Sevinc Elsevərin şeirləri/ MANERA.AZ



Manera.az Sevinc Elsevərin şeirlərini təqdim edir:

***
köhnə şəkil albomumu vərəqləyirəm
içində uşaqlıq sevgilimə bağışladığım
ayrılığımızda
ünvansız məktublar kimi
üstümə qayıdan şəkillər var...

hələ də diksinirəm
o şəkillər qarşıma çıxanda
bir zamanlar
düşmürdülər məni sevən adamın əlindən
bəlkə öpülmüşdülər yüzlərcə dəfə
artıq keçmişdə qalan
məni sevən o adamın
dodaqlarının izi
əllərinin istisi
nəfəsinin hənirtisi var
şəkillərin üzündə
qüssə qarışıq sevinc
həyəcan verməkdədilər
uzaq uşaqlıqdan
sevgiylə döyünən ürəkdən xatirədirlər
kimsə bilməz o şəkillərin tarixçəsini
ən xoşbəxt göründüyüm
ən yaxşı güldüyüm
ən qəşəng düşdüyüm
şəkillərdi onlar...
***

qəlbi hələ də
böyük səhnələr üçün atan
şən klounun maskası altında
qəmli üzü var
bilmir uşaqlar
restoranda uşaqlı ailələrin
masalarına yaxınlaşıb
uşaqları güldürüb-danışdırdığına görə
aldığı pulu
utana-utana götürür valideynlərdən
bəzi valideynlər
pulu ovuclarında gizlədərək verirlər
gizli-gizli

sevinir onda
anlayışlı adamlara rast gəldiyinə görə...
bəzi valideynlərsə
uşaqların gözü baxa-baxa
pul verirlər
onda sirri-sehri qalmır klounun
heç düşünmürlər...
könülsüz götürür pulu
uşaqların gözü önündə
götürməz məcbur olmasa
evində çörəyi bol olsa
halbuki uşaqları sevindirməyin
əvəzsiz bir iş
olduğunu bilir o.

ölümə də gedərdi
bilsə ki güləcək dünyadakı bütün uşaqlar
onun da evində bir gözəl uşaq var...

uşaqlar üçün
sehrli bir ölkədən gələn adamdı o
ağıllarına da gətirməzlər
işə gedir hər səhər
işdən qayıdır hər axşam
o da başqa adamlar kimi

onun da qabağına
qaçır bir balaca sevinə-gülə...

o sehrli şən adam
evinə qayıdır qəmli üzüylə
işlədiyi restoranda
çıxarıb qoyaraq
gülər üzünü...
***

ilk məhəbbətlərindən ayrılarkən
“oğluma sənin adını verəcəm”- deyən romantik qızlar
qaynatalarının adını verdilər
oğullarına...

“atamın ilk məhəbbətinin adını daşıyıram”
deyirdilər gülə-gülə
adlarını xəbər alanlara
özləri isə vədlərinə əməl eləyə bilmədilər..
Illər sonra qarşılarına qəfil çıxan adamdan
“oğlunun adı nədi?”- sualını eşidəndə
cavab vermək yerinə
dodaqlarını çeynədilər...
***

şaxtalı havada
köhnə jiqulinin
açıq baqajında
üşüyən dibçək gülləri
daha da üşütdü məni...
yaşlı kişiylə
yaşlı bir qadın satırdı o çiçəkləri...
maşının içində otura bilərdi
kişi kimi
amma güllərin yanında
dayanmışdı qadın
onları soyuqdan qorumaq istərcəsinə
arabir alıcı çağırırdı sakitcə
dodaqları əsə-əsə

qar yağırdı
yaşıl yarpaqların üzərinə
rəngini dəyişirdi
qadının əllərindən doğulan
əllərində böyüyən çiçəklər
otaq gülləridi onlar
istini sevirlər
pəncərədən boylanmağı sevirlər
ən xırdasını
soyuğa qarşı ən zəif çiçəyi seçdim
içlərindən
sevindi yaşlı qarı
çiçəyin qurtulmağına...
qızların çiçəyə-gülə marağının
azlığından şikayətləndi dilucu
yoxsa
nə həyatından gileyi vardı
nə də havadakı şaxtadan...
***

Tanrının sehrbaz çubuqlu
biri olduğunu xəyal edən balaca
soruşur anasından
rəngləri bilmirmi Allah baba?
xahiş edirəm ki
ağ rəng eləsin
qara oyuncağımı
amma mənə qulaq asmır...
***

bir də sizlər kimi
qol qaldırıb oynaya bilməyəcək
“Qarabağ, can Qarabağ” mahnısına
oğlu Qarabağ uğrunda
şəhid olan ana
***

qız üstündə öldürdülər
qonşumun oğlunu keçən həftə
qripdən belə qoruyurdu özünü
burnuna spirt sürtürdü
getdiyi evlərdə qripə yoluxan adam görəndə
“qoy məni öldürsünlər
bir alagöz qız üstdə” mahnısına
qol qaldırıb oynamazdı bir dəfə...
getdi elə bir eşqə yoluxdu ki
öldü getdi sevdasının yolunda...
***

cəbhədə minaya düşərək
tikələnmiş nişanlısı
yuxularına ayaq üstə gəlir indi
qan damlayır bədəninin hər yanından
tabutunu açmamış
vidalaşmağa qoymamışdılar heç kəsi
inanmırdı öldüyünə
gözləri ilə görmədiyindən

yuxularda gördü
sevdiyi adamın yaralarının necə ağır olduğunu
açılırdı tikişləri
qan sızırdı tikişlərin yerindən...
eyni yerdən bəlkə mininci dəfə
qız sarıq vururdu...
qansa sızır, sızır
yuxularından keçib
qızın yatağına dolurdu...
qan-tər içində oyanırdı hər gecə
amma təri qan bilirdi əvvəlcə...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər