Oxunub : 151 | Tarix : 28-12-2016, 10:00 | Bölmə: edebi / nesr

İşverən- Tural Cəfərlinin hekayəsi


Manera.az Tural Cəfərlinin hekayəsini təqdim edir:


İndi onu hamı “işverən” kimi tanıyırdı. Heç kim ona “salam” vermir, üzünə belə baxmaq istəmirdi. Üstündə elə bil partlayıcı maddə gəzdirirdi, cibinə əcaib kağızlar qoyur , qırmızı qələmi isə döş cibində olurdu həmişə. İşə hamıdan tez gələr, hamıdan gec gedərdi. Hərdən adamlardan uzaq bir yerdə oturub, yazıq bir görkəm alardı, boz pişiklə söhbətləşərdi. Bu boz pişik onun həyatda yeganə dostu idi. Hamı o pişiyi baş verə biləcək uğursuzluğun səbəbkarı bilirdi və nifrət dolu baxışlarla onu süzərdi.

Bu yad və naməlum adam, yəni “işverən” ləqəbli kişi son günlər vaxtının daha çox hissəsini boz pişiklə keçirərdi. O, pişiyin qarnını doyurar, onu nəvazişlə sığallayardı. Pişiyin tükləri partlaşıq və çirkli idi, arıq dərisinin altından sümükləri görünürdü, yeriyəndə dizləri əsirdi, ona görə də saatlarla uzandığı yerdən tərpənmirdi, qara burnunun ucuna qonan milçəkləri də qovmağa həvəs göstərmirdi. Bu dünyaya göz açan gündən “işverən” ləqəbli adamın belə bir sadiq və dürüst dostu olmamışdı. Pişiklə keçən günlər onun ən xoşbəxt günləri idi.

Ayın sonunda bankomatın önündə maaş növbəsinə dayanan işçilərin səbirsizliyi kənardan çox qəribə görünürdü. O, bu növbəyə durmaq istəyəndə hamı ona yol verir, tezliklə ordan uzaqlaşmağını gözləyirdi. Belə görünürdü ki, ona “hörmət” edilir, əslində isə bu hörməti o özü qazanmamışdı, ona bu hörməti qazandırmışdılar. Bir zamanlar müdirin yaxın dostu olduğuna və bir neçə adamın işdən çıxmağına görə onu suçlamışdılar. Kim bilir, bəlkə də bunun ona heç bir aidiyyatı olmamışdı.

Günün sonu idi. Hamı evə tələsirdi. “İşverən” ləqəbli adam boz pişiyi qucaqlayıb öz-özünə pıçıldadı: -“Sabah görüşsək, sənə “halal” sosiska alacam, nuşi can edersən...” Pişiyin narazı miyoltusu onun taxta kimi bərk üzündə gülüş doğurdu.. O pişiyi sığallayıb, ehmalca ayağa qalxdı.

Səhər işdə hamı yarızarafat, yarıciddi işverənin özünü asmağından danışırdı. Hətta kəndiri sabunlamağını daha ürəkdən və pafosla vurğulayırdılar. Hamı işverənin özünə qəsd etməyini günün, bəlkə də ilin ən şad xəbəri kimi qeyd edirdi. Boz pişiyin taleyi isə heç kimi maraqlandırmırdı. Üç aydan sonra iş yerinin zirzəmisindən çıxan boz pişik, iki qara, üç sarı rəngli balaları ilə birlikdə küçədə gəzişirdi...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər