Yanmış dəri- Cəlalə Nəzəroğlu yazır/ MANERA.AZ

Tarix:27-12-2016, 10:00 Baxış Sayı:158

Yanmış dəri- Cəlalə Nəzəroğlu yazır/ MANERA.AZ


Cəlalə Nəzəroğlu

-Vəssalam, bununla da bitdi! Təbrik edirəm!

Təbəssümlə başını tərpədib həkimə təşəkkür etdi. Paltosunu geyinib havaya çıxdı. Nəfəsindən hiss elədi soyuğu. Dəniz kənarına gəldi. Skamyada oturub əllərinə baxdı. Hissiyatını öldürmədiyi tək yer əlləri idi. Dünənki əməliyyatla bu nahiyədə də dəri toxumalarını məhv etdirdi.

Bundan sonra daha rahat olacaqdı. Toxumaları ölmüş dəri heç bir ağrını hiss etmir. Alov, buxar, şaxta...Daha ufuldamayacaq, suluq bağlamayacaq, sızıldamayacaq-nə olursa, olsun... Belə daha rahat yaşayacaqdı...

Dərindən nəfəs alıb sabahkı səfərə hazırlaşmaq üçün ayağa qalxdı.

...İllərlə Ərəbistan çöllərinin istisi, Antarktidanın soyuğu, Afrika cəngəlliklərinin həşaratları dərisiniə təsir etmədi, rahat oldu, canı heç incimədi. Dəfələrlə “Nə yaxşı, nə yaxşı dərimin hissiyatını öldürdüm. Belə yaşamaq daha gözəldir!”,-dedi.

Ekspedisiya səfərini başa vurub geri qayıtdı. Aylar sonra sahildə dənizin qoxusunu içinə çəkərək qaranlıqda gəzişirdi. “Qoxuları hiss edirəm... Gərək buna da əncam çəkim, dərim kimi olsun, belə daha rahatdır yaşamaq”,-dedi...

-Dəniz!

Hövlank arxaya dönüb baxdı. O idi. Yaxınlaşdı. Salamlaşdı. Həyəcanla danışırdı. Sonra əlindən tutdu. Yenə danışırdı.

Dəniz isə dinləmirdi, düşünürdü: “Yaxşı ki, heç nə hiss etmirəm, bu dəfə incitməyəcək, belə yaşamaq daha rahatdır”. Bunları düşünərkən gözlərini yummuşdu. Və kaş ki, bunu etməyəydi. Bir şey oldu.. Bədəni lərzəyə gəldi, bütün toxumalarını yandırdı, külünü çıxardı...

Göz qapaqları...bircə ora toxunmamışdı cərrah...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ