Özün qədər mən olmaq- Şəhla Nihanın hekayəsi

Tarix:20-12-2016, 13:29 Baxış Sayı:389

Özün qədər mən olmaq- Şəhla Nihanın hekayəsi
Şəhla Nihan

Hekayədən parça...[/b]


O gecə çox narahat gecə oldu, çox. Və gecə bitmək bilmirdi ki, sərgüzəştləri də bitə. O gecə birinin qanı yerə damıb gölləndikcə qonşu otaqda birisinin ürəyinin başı sökülürdü, nigarançılıqdan nəfəsi daralırdı. Nəhayət yanındakının yatdığına əmin olandan sonra ehtiyatla sürüşüb çarpayıdan düşdü. Trimonun üstündəki şamdanı götürüb barmaqları ucunda otaqdan çıxdı.

Qonşu otaqda yara sarınırdı. Bir qadın istisini səxavətlə paylayır, biri kimliyini tanıyır, bütün cavabsız sualları cavablandırılır, kükrəyən sular yatırılır, buzlaqlar əridilirdi. Biri özüyçün gələcək müəyyənləşdirirdi elə həmən an, yerindəcə. İllərlə tərəddüd etdiyinə saniyələrə qərar verirdi. Bir qadının iradə gücü ilə iki şəxsiyyət birləşir, yaradan axan qanla birgə birisini daxildən parçalayan enerji haçalanması da saxlanılır, hər şey məcrasına dönürdü.

Səhər ayılanda Marta yanında yox idi. Bu onu heç təəccübləndirmədi də. Ümumiyyətlə, son vaxtlar bu hissi çıxartmışdı emosiyalar kurrikulumundan. Ya təəccüblənəsi şeylər tükənmişdi, ya o qədər çox idilər ki, artıq hər şey kəsərini itirmişdi. Geyinib holla endi. Masa üstündəki jurnalları əli ilə sağa-sola itələyib “Arxitektura yenilikləri”ni axtardı. Tapmayıb dikəldi, gərnəşib sinəsinə döydü. Uca səslə:
- Marta! – səsləndi. – Mətbəxdəsən? Mənim kofemi tünd elə!
Hay verən olmadı. Bir də çağırdı:
- Marta!
Qımıltıya geri döndü. İkinci mərtəbənin eyvan-dəhlizindən Marta ona baxırdı. Üzündə indiyə qədər görmədiyi, ümumiyyətlə ona tanış olmayan ifadə vardı. Nə xoşbəxt görünürdü, nə narahat. Nə gözəl idi, nə çirkin. Nə şad, nə qəmgin idi. Sadəcə başqa idi, tanımadığı Marta...
Tək deyildi. İrokez adətinə xilaf çıxmışdı, daim geyindiyi, üstündə kəllə şəkli olan qara boksyorkada deyildi. O da çox fərqli görünürdü. Kürənin sevimli göy futbolkası idi əynində, amma saç düzümü, saqqalı, üstündəki dəmir-dümür İrokezinki idi. Sarışın özü kimi tanıdığı sayacağı insanları indi tanıya bilmirdi. Dostunu diqqətlə süzdü. Məhz indi qarşısında kimin – İrokezin ya ekizinin durduğunu müəyyənləşdirmək istədi, bacarmadı. Onun gözləri nə İrokezinki kimi vəhşi parıltı ilə yanır, nə də üzündə, duruşunda Kürənin lovğa ədası hiss olunurdu.
Martanın üzüdönüklüyü yox, məhz bu təzə yarananın İrokezlə Kürənin simbiozu olduğunu yəqin etməsi Sarışını çox sarsıtdı. Kürəyinin qovuşduğunu hiss etdi. “Onlar” birləşmişdilər..., onun ən çox qorxduğu şey baş vermişdi. Və Marta “onlar”a aid idi.
- Biz gedirik. – İro/Kür (ya Kür/İro) pillələri enə-enə saymazyana dilləndi.
- Bir iş var.... bir yer var, ora getməliyik. – Marta onun sərtliyini yumşaltmaq üçünmü ya özlərini təmizə çıxartmaq üçünmü mızıldandı. Amma Sarışını dost xəyanəti o qədər də narahat etmirdi deyəsən.
Onun yanından ötüb keçdilər. Sarışın dönüb arxalarınca baxdı. Onları bir yerdə görmək hardasa qəribə gəlirdi ona. Heç vaxt yola getməzdilər.... Bir müddət dayandığı yerdə qaldı. Sonra sürətlə ikinci qata qalxdı. İrokezin yataq və iş otaqlarının qapısını itələdi. Hər ikisi açıq idi. Adətən bağlı saxlardı qapıları. Sarışını artıq heç nə heyrətləndirmirdi.
Emalatxanaya keçdi. Burda Kürənin dəvəti ilə bir-iki dəfə olmuşdu. Buranın sahibi qonaqpərvərliyi ilə seçilməzdi deyə otaq ona son dərəcə soyuq və yad gəldi. Karıxmış halda ortada dayanıb ətrafa göz gəzdirdi. Otaq əvvəlkinə bənzəmirdi heç, interyeri çox dəyişmişdi. Axtardıqlarını görmədi burda. Marta düz demişdi, heç nə yox idi. Deməli, hardasa başqa yerdə saxlanılırdılar. Harda??
Heç nəyə əl vurmadan dörd tərəfə boylandı. Çarpayı! Nəzərləri ona tuşlanan kimi rəfiqəsinin saymazyana dediyi “o dəfəki yerində deyildi, sanki kənara sürüşdürülmüşdü” sözləri yadına düşdü. Çarpayının üstündəki yerə qədər sallanan örtüyü qaldırdı və hər şey ona aydın oldu. Köhnə əski-üsküyə bükülmüş iri bağlama vardı orda. Çıxarıb açdı. Tablolar ordaydı, beşi də. Arxalarında adları, çəkilmə tarixi, Kürənin imzası.
1. “Kopulyasiya. İşıq və kölgə” rəsmi idi. ”. Effektlər əsasında kompozisiya. Əksliklərin vəhdəti çox gözəl verilmişdi burda.
2. “Morion” (1) Bu həmən o əsərdi ki, tablo üzərində nə qara adına çalar, nə brilyant özü görünürdü. Rənglər yeknəsəkliyindən başqa bir şey yox idi burada. Amma tablonun ortasında bir nöqtəyə diqqətlə baxıb, sonra baxışları kənarda, ağ fonda fokuslayanda qara brilyant sanki yoxluqdan doğulurdu, özü də dinamik halda, fırlanıb bərq vuraraq.
3. “Dəyişkən konstant”. Ziddiyyətlər, ikitirəlikdi əsas qaye.
4. “Qrendel pəncəsi”. Mistik mövzuda növbəti əsər.
5. “Sınırlarda”. Hər şeyin qurtardığı yer.
Tabloları əskiyə büküb otaqdan çıxmaq istəyəndə nəsə onu yenidən qayıtmağa məcbur etdi. Bir də əyilib çarpayının altına baxdı. Bir şey görmədi. Qalxıb çarpayını yana sürüşdürdü və yalnız bu zaman bir neçə döşəmə taxtasının sadəcə qoyma olduğunu gördü. Onları qaldırıb altında çuxur tapdı, orada balaca bir mücrü gizlədilmişdi. Tələsik açıb baxdı, sənədlər idi. Vaxtı az idi, tələsməli idi, amma İrokez onları burda gizlətmişdisə deməli vacib nələrsə varmış onlarda. Diqqətlə nəzərdən keçirməyə başladı. Öz soyadını və atasının adını oxuyanda onu soyuq tər basdı. Sənədlər Kürənə məxsus idi, amma soyad onunki idi. Kürən heç vaxt heç yerdə öz əsl ad-famili ilə təqdim olunmurdu, əsərləri psevdonim altında satılır, özü də belə tanınırdı.
Sarışın onun adını bilirdi, soyadı ilə heç maraqlanmamışdı da. Keçmişə xəyali ekskurs etdi. Atası (valideynləri artıq yox idi) ona hardasa böyük qardaşı olduğunu demişdi. O şəxsin anası Sarışının atasının qanuni həyat yoldaşı idi. Ata və ana rəsmən ayrılmasalar da bir yerdə deyildilər. Kişinin başqa bir qadınla vətəndaş nigahından Sarışın dünyaya gəlmişdi. Ata öz soyadını Sarışına versə də qanuni övlad statusu onun qardaşının idi. Sənədlərdən belə aydın olurdu ki, mənzilin də əsl sahibi Sarışın yox, qardaşı, yəni Kürən sayılırdı. Aşkarlananlardan başı gicəlləndi, stula çöküb düşünməyə başladı. Qısa zamanda çox şeylər yaşamış, çox həqiqətdən agah olmuş və kartlar heç də onun xeyrinə açılmamışdı. Nə qədər oturduğunu bilmədi. “Mən nə edirəm? Tələsmək lazımdır! Onlar hər an qayıda bilərlər.” düşünüb cəld ayağa qalxdı. Otağa bir də nəzər fırladıb üstü örtülü molberti gördü. Örtüyü açdı. Bu, Kürənin yeni işi idi. Onun barəsində danışmışdı bir dəfə. Şüşə qabda milçək təsvir olunmuşdu. Əslində milçək yox idi, onun konturlarını bildirən punktir verilmişdi. Heyzenberq qeyri-müəyyənliyi idi əsas ideya. Məkan lokalizasiyası və sürətin eyni vaxtda öyrənilməsinin qeyri-mümkünlüyü irəli çəkilirdi. Adı “Carpe diem” (2) idi.
Onu da çıxarıb qoltuğuna vurmaq istədi, amma tam qurtarmamışdı deyə dəymədi. Masaya nəzər saldı. Sarı markeri götürüb şəklin düz ortasında yazdı: Anı tutdum.
Tablolarla birgə çıxanda Kürənin yataq otağına da baxmaq qərarına gəldi. Burda maraq doğuracaq heç nə tapmadı. Vaxt itirmək olmazdı. Tez öz otağına keçib bir neçə dəst paltarı və bəzi lazımi şeyləri çamodana atdı.
Marta üçün kağız yazıb qoymaq istəyirdi. Vida kəlməsimi, ittihamnaməmi... nə yazacağını bilmirdi. Başında son hadisələr bir-birinə qarışmışdı, ürəyi bomboş idi. Məktub üç dəfə yazıldı və hər dəfə də əzilib yerə atıldı. Nəhayət, təngə gəlib onları külqabıya qoydu, yandırıb külünü masa üstünə səpələdi və birinci qatdakı emalatxanasına endi.
Burada molberti, yarımçıq işlərini, eskizləri, rəngləri tələm-tələsik yığdı. Qapıdan çıxanda son dəfə qanrılıb hər tərəfə nəzər saldı. Gözləri doldu. Əlindəkiləri maşına atıb evi tərk etdi.

Günortadan bir qədər keçmiş Kürənlə Marta evə döndülər. Burada baş verənləri bilməsələr də hər şeydən xəbərdar kimi görünürdülər. Hər halda qoyub getdikləri ev sakinini axtarmaq heç yadlarına da düşmürdü. Marta Kürənin emalatxanasına qalxıb ordan aşağı sevgilisini məlumatlandırdı:
- Şəkillər yoxdur.
- Gözləniləndi. Yerində olsaydılar təəccüblənərdim.
- Sənədlər ordadır amma.
- Yaxşı....
Marta sualları yağış kimi yağdırmağa başladı.
- Sənədləri də götürsəydi necə?
- Əsli deyildi.
- Mən başa düşə bilmirəm. Başa düşə bilmirəm ki, niyə susurdun bu vaxta qədər?
- Həqiqəti bilib susmaq – tanrı yanında dividend qazanmaqdır.
- Sən öz evində qonaq kimi qalmısan...
- O mənə hiss elətdirmirdi bunu. Hüquqlarım tapdanmır, aşağılanmırdım. Mən vaxt gəzirdim ona hər şeyi demək üçün. Atamla anamım münasibətləri heç vaxt ürəkaçan olmayıb. Atam rəhmətə gedəndən sonra mən çox axtardım Kürəni. Anam onun yerini bilsə də mənə demirdi. Özüm tapdım, dostlaşdıq. Qalmağa yerim yoxdur dedim, məni bura dəvət etdi – qanunla mənim sayılacaq evə. İkimizin də rəssam olmasını taleyin oyunu hesab etmə. Mənim ixtisasım başqadır. Ona yaxın olmaq üçün bu sənətlə məşğul olmağa başladım. Müəllimlər məndə istedad aşkar edəndə düz yolda olduğumu anladım. Bəlkə də ona həqiqəti heç zaman deməyəcəkdim. Beləcə yaşayacaqdıq, bir dam altında. O heç nəyi bilmədiyindən çox məsud idi. Mən bilib susduğumdan əzab çəkirdim..... Sənə məlum olan psixoloji duruma girdim. Amma yenə susmağı tərcih edirdim, onu incitməməkçün. Onsuz da həqiqət açıldığında onu küçəyə atası deyildim ki....olduğu kimi qalacaqdı həyatımız. Ümumiyyətlə, heç nə bildirmək fikrim yox idi ona, amma sən gəldin... və hər şey dəyişdi.
- Çox acı bir durum.. Mən də istəməzdim belə bitsin. Özümü hardasa müqəssir sayıram..
- Sənlik bir şey yox. Səfeh situasiyadır. Günah var, amma günahkar yoxdur.
Marta aşağı, Kürənin yanına endi. Ona yaxınlaşıb ovcunun arxasını üzündə gəzdirdi.
- Biz burda qalacağıq?
- Bura bizimdir.
- Bəs o qayıtsa?
- O qayıtmayacaq.
- Əminsən?
- Əminəm.
- Gəl bir müddətlik harasa gedək, uzaq yerlərə, səyahətə... uzaqlaşaq bu olaylardan.
Martanın əvvəlki sevgilisi ilə gedə bilmədiyi bir uzaq səyahət sevdası var idi..
- Hər şey olacaq, səyahət də. İndi yox, sonra. İndi bəzi vacib işlər həll edilməlidir. Hər şey düzələr. Narahatlığa əsas yox.
- Bilmirəm... mən belə əmin-arxayın deyiləm nəsə...
- Mənə inanırsan?
- Sənin sevgini qəbul edəndə inanmışdım sənə. Sənin... – susur. Başını aşağı salıb qəmgin səslə davam edir – bağışla, hələ də “qarşımdakı kimdir?” sualından qurtula bilmirəm. Hər şey çox ani oldu. Gerçəkdən... mənə vaxt lazımdır.
Marta ağ plaşını əində tutub, bir ucunu yerlə sürüyə-sürüyə ikinci mərtəbəyə qalxdı, giriş qapısının döyülməsini eşitmədi.

Mən eşitdim, gördüm, bildim. Mən heç eşitməsəydim, görməsəydim də biləcəkdim. Mənimçün yeni heç bir şey yoxdur çünki. Mən – eyni yolu milyonlarca dəfə qət edən, milyonlarca dəfə təkrarlar görən, “yeni”, “təzə”, “analoqsuz”, “presedentsiz” anlayışlarına gülən, köhnələri hafizələrdən silib gözlərə yeni kimi qəbul elətdirən cənabi-Zamanın cansız şahidi -- divar saatının dəqiqə əqrəbi.

--------------------------------------------------------

1 – qara brilyant
2 – anı tut (lat.)

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ