Şəhid oğlunun dedikləri- Emin Pirinin şeirləri

Tarix:20-12-2016, 13:10 Baxış Sayı:397

Şəhid oğlunun dedikləri- Emin Pirinin şeirləri


Darıxır
anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!..

Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.

Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.

Gözləyirəm...
iki ilə,
üç ilə ...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...

...Anamı heç elə görməmişdim
Atamı gətirəndə
sıxmışdı əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”

...Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və...
“şəhidlər ölməz” dedi...

Yayın gözü açılan kimi
anam yorğan-döşək
çırpır həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.

...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...

Təndir ətirli qız

Bu kənd bu dağın balası...
Dağların döşündən axan
Ana südüdü bulaq.
bulaq-giləsindən
Süd sağır bu qız.

gözlərində Allahı
gördüyüm qızın
ən gözəl güzgüsüdür
Sevdiyin qadının gözləri.

bezib şəhərdən
qaçdığın bu kənddə
indi gözün götürər təndir ətrini.
Kirayə qaldığın bu qəlb sahibi
“Təndir ətirli qız.”

Sevəsən,
Sevəsən,
lap ayrılasan
Üzülməyəsən ayrılığa,
Sevinəsən bir sevgi yaşadın deyə.

Çəkər gözlərini səndən kəndinə,
Qaralar dünyan,
Bu “şəhər” ürəyinə yağış yağacaq?!

Xəyallar bürüyər səni...
Dodaqlarımız arasındakı
bir udumluq havanı
Yarı-yarıya udarıq...
Səni “bic-bic” xəyaldan
diksindirib oyadır
Bu kəndin qısqanc itləri.

Mən bir az Sergey Yesenin,
İrana oxşayan bu kənddə sərxoş,
Şəhərli oğlana bel bağlamaz
Bu kəndin qızı,
Uzadar əllərini...
Uzağı bir qurtum sərin su verər.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ