İnsanları uzaqdan sevirəm -Müsahibə /MANERA.AZ

Tarix:17-12-2016, 11:13 Baxış Sayı:588

İnsanları uzaqdan sevirəm -Müsahibə  /MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.
İnsanları uzaqdan sevirəm -Müsahibə  /MANERA.AZ
Manera.az-da hər həftə yayımlanan “Ədəbi Künc” silsiləsinin müsahibi şair Oğuz Ayvazdır.

- Oğuz, yaşamaq necədir?

Nazim Hikmet demiş, “yaşamaq şakaya gəlməz, böyük bir ciddiyətlə yaşayacaqsan”. Mənə görə yaşamaq ən xırda həyat detalını, gəzməyi, günəşin doğuşunu seyr etməyi, balaca bir uşaqla söhbət etməyi bacarmaqdır, yəni, məncə yaşamaq kiçik şeylərlə xoşbəxt olmaqdır. Dünya kinosunda sevdiyim rejissorlardan biri də yapon rejissor Akira Kurasavadır. Onun “Yaşamaq” filmi məni sözün həqiqi mənasında sarsıtmışdı. Film Lev Tolstoyun "İvan İliçin ölümü" əsərinin motivləri əsasında çəkilib. Bir məmur həyatını ancaq işinə həsr edir. Yəni ki, adam ömrünü çərçivə arasına alıb. Bir sözlə, yaşamayıb. Bir gün öyrənir ki, xərçəng xəstəsidi, ölümünə bir neçə ay qalıb. Bu hadisədən sonra məmur yaşamağa tutunur. Mən yaşamağı nə olursa olsun çox sevirəm. Çünki ən xırda detallarla yaşamağı öyrənmişəm.

- Şeirə maraq necə yarandı?

- Uşaq yaşlarımda futbolçu olmaq xəyalları ilə yaşayırdım. Tərifləmək kimi çıxmasın, yaxşı oynayırdım. Atam futbolu qadağan elədi ki, dərslərindən qalırsan. Şeirə gəldikdə isə... Şeirə marağım atamı itirəndən sonra yarandı. Türk ədəbiyyatı, xüsusən Nazim Hikmətin poeziyası ilə tanış olduqdan sonra şeiri sevdim. Nazimin şeirləri hər zaman mənə həyat eşqi aşılayır. Onun şeirlərində sehirli toxunuş var. Orhan Veli, Necib Fazıl, Küçük İsgəndər, Ali Lidar sevdiyim türk şairlərindəndir. İstədiyim vaxt sevdiyim şarilərin şeirini oxuyub, dincəlirəm. Dediyim kimi atamın ölümü məni şeirə gətirib çıxardı. Qırmızı rəngli, balaca bir dəftərçəm vardı. Xeyli şeir cızma-qara eləmişdim. Heç kimə də oxutmamışdım. Bir gün qardaşıma oxudum şeirlərimi. Xoşuna gəldi. Dedi, səndə alınır, şeir yaz. Özümü xoşbəxt hiss etdiyim günlərdə şeir yaza bilmirəm.

- Ayxan müsahibəsində ondan fərqli olaraq sənin daha az ünsiyyətcil olduğunu deyirdi. Mərhum atan niyə Ayxan Ayvazı daha çox aparırdı yazar məclislərinə?

- Ayxanla fərqimiz budu ki, mən insanları uzaqdan sevirəm, o isə yaxından. Duyğularımı xərcləməyi sevmirəm. Zatən dünyada heç kim, heç kimi anlamır. Mən durub dostuma dərdimi danışsam, o eşidəcək, ancaq nə hisslər keçirdiyimi anlamayacaq. Ancaq onu da deyim ki, Ayxandan fərqli olaraq əyləncəli, optimist bir insanam. Atam son illər Ayxanla dostluq edirdi. Daha doğrusu Ayxan atamla dost olmağa çalışırdı. Yeniyetməlik dövrümü çox ağır keçirmişəm. Öz yeniyetməliyimi Robert Muzilin “Gənc Törlessin iztirabları” əsərindəki Törlessə bənzədirəm. O ağır günlərdə əlbəttə ən böyük dəstəyi atamdan görmüşəm. Həm də o vaxtlar tanınmırdım, ədəbi mühitdən uzaq idim.

- Eyvaz Əlləzoğlunu ata kimi necə xatırlayırsan?

- Ata kimi dünyanın ən təmiz insanı kimi xatırlayıram. Atamı tanımağım 6-7 yaşlarıma təsadüf edir. Məni teatrlara, konsertlərə, universitetlərə, tədbirlərə aparırdı. Atamı heç vaxt bədbin, həyatdan narazı görmədim. Bizə sevməyi, nikbin olmağı, ləyaqətli yaşamağı öyrətdi. Yaşamağı, ədəbiyyatı, futbolu, kinonu, teatrı, insanları atamla sevdim. Eyvaz Əlləzoğlu aşıladı bunları mənə. Ən böyük miras qoyub getdi bizə: sevgi. Bizi, bacı-qardaşı yumruq kimi birləşdirən də məhz sevgidir.

- Atanı yazıçı kimi necə xarakterizə edirsən?

- Yazıçı kimi atamı çox tanıyıram, desəm yalan olar. Onu çox oxuya bilməmişəm. İki hekayələr kitabını oxumuşam. Hərdən atamın yazılarını oxumaqdan qorxmuşam. Mənə pis təsir edəcəyini düşünmüşəm. Ən azından yaşadığımız faciəni beynimdən qova bilsəm, o zaman Eyvaz Əlləzoğlunu sırf yazıçı kimi qabağıma qoyub oxuyacam.

- Atanın yaradıcılığında ən sevdiyin hekayələr hansılardır?

- “Doğum”, “Yağışlı xatırlamalar”, “Siçanın ölümü” - bu üç hekayənin mənim üçün xüsusi yeri var. Bəzən onlara sevdiyim insanlar kimi qayıdıram. Yaxşı hekayə sevdiyin adam kimidir, ondan ayrılsan da qayıtmaq istəyirsən.

- Ayxan qeyd edirdi ki, atanın şeirləri də var, amma heç vaxt üzə çıxarmırdı. Şair kimi indi atanın şeirlərini yenidən vərəqləyirsən?

- Ayxan bu barədə paxıldır. Onun üçün atamın arxivi gizli sirr kimidir, lap dövlət sirri kimi. O arxivin ağzını açmaq istəyəndə evdə dava salır. (gülür.)

- Ayxan necə qardaşdır? Onun yaradıcılığında sevdiyin və sevmədiyin hekayələr hansılardır?


- Ayxan mənə qardaşdan əlavə dost, balaca uşaq, müəllimdir. Onunla fikirlərimiz bəzən haçalanır, bəzən isə ortaq fikirdə oluruq. Bacım işdən qayıdana kimi qabları yuyur, mən isə çay dəmləyirəm. Bir yerdə mutluyuq. Ayxan qardaşım olduğuna görə demirəm, müasir Azəarbaycan ədəbiyyatında ən ciddi imzalardan biridir. Ən sevdiyim hekayələri “Monoton, “Evimizdən gecə reportajı”, “Mövcudluq oyunu” hekayələridir. Sevmədiyim hekayəsini deməyim, aramızda intriqa yaranmasın. (gülür.) Uşaq vaxtı yazdığı hekayələr zəif təsir bağışlamışdı. Ancaq Ayxan son vaxtlar yazdığı hekayələrlə sübut etdi ki, yazıçıdır. İnanıram ki, gələcəkdə daha gözəl əsərlər yaradacaq. Çünki Tanrı Ayxana yazmaq üçün tale verib.

- Öz şeirlərindən ən sevdiyin şeirin hansıdır?

- Açıq danışsaq, öz şeirlərimi bəyənmirəm. Yazıb bitirəndən sonra misiyamı başa vururam. Şeir heç vaxt ağsaqqal məsləhəti qəbul etmir və heç vaxt da redaktə edilmir. Mən hiss etdiklərimi dəftərə yazıram, istəyirəm hisslərim də ali, bəşəri səciyyədə olsun. Bu mənada özümü sevmədiyim şairlər sırasına daxil edərdim. (gülür.)

- Aqşin Evrən demişdi ki, insan yazdıqlarından imtina etməyi bacarmalıdır. Sən necə düşünürsən? Səncə, biz imtina edə bilirikmi uğursuz yazılarımızdan?İmtina etmək istədiyin şeirlərin varmı?

- İmtinasız həqiqətə çatmaq olmaz. Şeirlərim mənim balalarımdır fikri artıq arxivə getməlidir. İmtina etdiyim yox e, cırıb tulladığım bir kitablıq şeirim var. Ancaq kaş həyat da yazdıqlarımız kimi olaydı. İmtina etmək istədiyim o qədər qüsurlarım var ki. Onlardan imtina etmək olmur. Çünki bütün qüsurlarım yaxamdan yapışıb. Yaradıcılığa da o cür baxıram. İmtina etsən də, o sənindir, heç vaxt səni tərk eləmir.

- Poeziya qəlb yoxsa ruh halıdır?

- Ruh qabağıma çıxsa qorxaram, dabanıma tüpürüb qaçaram. (gülür.) Poeziya mənim üçün qaçılacaq yer deyil, gediləcək yerdir. Qəlb sistemdir, bəlli ştrixləri var. Yoxsa o ürək idi? (gülür.)

- Yaxşı şeir yazmağın xüsusi bir düsturu varmı?

- Bilsəydim, sənə deyərdim, indicə yaxşı bir şeir yazardın. (gülür.)

- Necə oldu ki, Ədalət qəzetində çalışmağa başladın?

 Elə də uzun dastan açmağa lüzum yoxdur. Elə soruşursan, elə bil Koroğlunun Dərbənd səfəridir. (gülür.) Aqil Abbas işsiz olduğum vaxtlarda lütf edib zəng etdi və mənə belə bir gözəl təklif elədi. Bu təklif qüvvəyə minəndən sonra da dostlarla süfrə arxasında bir arağın başına daş saldıq.

Aqil Abbasın “Dolu”romanını bəyənirsən?
Fikrimi Aqil Abbasın özünə demişəm, soruşarsan. (gülür.)

- Şeiriyyatımızdakı kədər eyforiyasının səbəbləri nələrdir, səncə?
- Sezen Aksunun dediyi kimi, acıdan keçməyən şarkılar bir az əksik görünür. Burda “şarkılar” sözünü “şeirlər” kimi əvəz eləsək, fikrim aydın olacaq.

- Dünya ədəbiyyatında ən sevdiyin şairlər kimlərdir?

Nazim Hikmet, Orxan Vəli, Əli Kərim və Aqşin Evrən.

- Dünya yazarlarından kimlər sənin ruhuna daha yaxındır?

- Cek London, Knut Hamsun, Cəlil Məmmədquluzadə, Andrey Platonov, Çexov...

- Azərbaycan ədəbiyyatından sənin üçün əvəzolunmaz olan şair və yazarlar varmı?

- Aqşin Yenisey, Şəhriyar del Gerani, Aqşin Evrən – şairlərdən bunlar. Yazıçılardan Əkrəm Əylisli, Şərif Ağayar, Saday Budaqlı....

- Ən sevdiyin şeir hanısıdır?

- Ən sevdiyim şeir hələ yazılmamış olanıdır.

- Sevdiyin 3 əsərin adını çəkə bilərsən?

- “Cinayət və Cəza”, “Əli və Nino”, “Aclıq”.

- Maddi sıxıntı yazmağa rəvac verir yaxud əngəlləyir?

- Sualın cavabı özün tapa bilərsən. Çox çətin deyil.

- Fəlsəfə yoxsa elm?

- Əlbəttə, elm. Çünki fəlsəfə isbat deyil. Bunu sən də deyə bilərsən, mən də. Elm isə təcrübəyə əsaslanır. Və biz xəstələnəndə elmə müraciət edirik, hansısa filosofun qapısını döymürük. (gülür).

- Riyaziyyatla aran necə olub?

- Universitetə riyaziyyatın sayəsində daxil olmuşam. Yanımdakı adam mənə kömək elədi, riyaziyyat suallarını cavabladı. Əvvəldən də riyaziyyatdan zəif olmuşam. Amma şeirin riyaziyyatla bağlığı olduğunu düşünürəm. Şeirdə ritm, intonasiya, misralar riyaziyyat düsturu kimi olmalıdır. Riyaziyyat o qədər möhtəşəmdir ki, onu öyrənməyə belə gücüm yoxdur. (gülür).

- Şairlər niyə daha çox sevgi şeirləri yazır?
Bizdə həmişə qovuşmamaq qorxusu olub. Bütün şeirlərimiz ayrılıqdan yazılıb əslində. Sən deyirsən sevgidən çox şeir yazılır. Mən sevgidən şeir görmürəm. Sevginin rənginə bulaşdığım şeir görə bilmirəm. Əlimi atdığım yerdə “ayrılıq” sözünə bulaşıram.

- Təsadüflərə inanırsan?
- Yox. Sənin mənə sual verməyin bir təsadüf deyilsə, deməli dünyanın heç bir yerində təsadüfi hadisə baş vermir.

- Metafizika sənin üçün nəyi ehtiva edir?

- Freydə görə, metafizika yoxdur, hər şey reallıqda baş verir və insanın sonu da bu reallıqda olacaq. Mən qismən buna inanıram. Ancaq bəzən çiyinlərim göy üzünə toxunur, üstümdə kiminsə qalın əllərini hiss edirəm. O zaman bir anlıq düşünürəm ki, mən niyə bu dünyadayam, nəyə görə insanlar var, biz niyə mövcuduq? Və bunlara cavab tapmaqda çətinlik çəkirəm. Metafizika mənim üçün cavabsız qalır. Yəqin o dünyaya gedəndə (ki elə bir yer varsa) hamımız biləcəyik bunu. (gülür.)

- Cazz musiqisini bəyənirsən?
- Yaşasın Əzizə Mustafazadə! Mən o qadını sevirəm!

- Bacın rəssamdır. Yaxşı rəsmi anlaya bilirsən?

- Rəsmlərlə o qədər aram yoxdur. Bəlkə bu üzdən bacımla yola getmirik. (gülür). Amma mən uşaq vaxtı rəsmlərlə özümü ifadə edirdim. Sonra rənglər mənim həyatımı tərk elədi, sözlər ilişdi ayaqlarıma və hələ də onları özümdən uzaqlaşdıra bilmirəm.

- Teatrlara gedirsən?
- İntellektual deyilik, a kişi? Bu nə sualdı? (gülür.) Son dəfə “Medeya” tamaşasına baxdım. Gülzar Qurbanova əfsanə idi yenə də. Teatrlarımızda bu cür nəhənglər olandan sonra ora getməmək ayıb olar.

- Uşaqlığın üçün darıxırsan?

- Uşaqlıq beynimdə mina bombası kimidir. Toxunsam partlaya bilər. Gəl, yaramı qaşımayaq.

Hazırladı:
Tural İsmayılov

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ