Oxunub : 303 | Tarix : 9-12-2016, 12:28 | Bölmə: edebi / nesr

Biz daha yaxşı dünyadayıq- Nərmin Kamalın essesi/ MANERA.AZ

Nərmin Kamal

Almaniyanın Propylaen nəşriyyatı "Daha yaxşı dünya" mövzusunda hazırladıqları almanax üçün Nərmin Kamalın bu narrativ essesini dərc edəcək. ATƏT-ə üzv olan hər ölkədən 300 sözlük esse toplanacaq almanaxda, Azərbaycandan bu esse olacaq. Bütün esselərin mövzusu "Daha yaxşı bir dünya" olacaq.


SSRİ-nin dağılmasına iki il qalmış, günorta vaxtı mən – 1-ci sinif şagirdi, eynəkli qızcığaz məktəbdən çıxıb evimizə gedirdim. Məktəbin həyətində uşaqlarla futbol oynayan sinif yoldaşımı gördüm. İstədim bilsin ki, mən onu gördüm. Bu məqsədlə onu sadəcə adıyla çağırmaq olardı, mənsə damdan sallanıb düşmüş bir şəffaf buz sırsırasını götürüb ona tərəf atdım. Buz gözləmədiyim halda dostumun başına dəydi, onu möhkəm yaraladı. Onun ətrafına çoxlu uşaqlar yığışdı. Məktəbin direktoru - tarix müəllimi, kənarda durub hadisəni film kimi seyr etməkdə olan mənə yaxınlaşdı və yalnız bir cümlə dedi: “21-ci əsrə gedirik, bu nədi, bir-birinizin başını yarırsız!”

Tarix müəllimimizdə “21-ci əsrə az qalıb” utopik əhval-ruhiyyəsi vardı. Tarixi ardıcıl oxuyan insanlar üçün bugünkü dünyada yaşamaq çətin olur, axı əvvəlki nəsillərin 3 min illik tarixi inkişaf təcrübəsini biləndə bugünkü insana qarşı gözləntiləri artır. Bugün də, tarix kitablarındakı digər yüzillərdə olduğu kimi, insanların bir-birini canavar kimi diddiyini, tarixi təqlid etdiyini görmək belələrini sarsıdır.

Doğrudan da, bu gün də milyonların həyatı səfalət, müharibə, ədalətsizlik, savadsızlıq məngənəsində məhv olur. Lakin bizim tarixi inkişafımız hədər getməyib, keçmişlə müqayisədə daha yaxşı bir dünyada yaşayırıq. Əvvəla, dünyanın ayrı-ayrı hissələrində insana layiq kiçik mühitlər yarada bilmişik.

İkincisi, sözlərimiz, anlayışlarımız, dəyərlərimiz inkişaf edib; quldarlıq əvəzinə azadlıq, günah əvəzinə hüquq, diktə əvəzinə dialoq, istismar əvəzinə yardımlaşmaq, müstəmləkə əvəzinə əməkdaşlıq, təfriqə əvəzinə həmrəylik, birfikirlilik əvəzinə müxtəliffikirlilik, qan tökmək əvəzinə əmin-amanlıq, bir dövlətin maraqları əvəzinə ekologiya maraqları kimi dəyərlərə gəlib yetişmişik; bəşəriyyətə az əzab verməyən cinsi, irqi, milli ayrıseçkilik kimi bir çox bəlaları işarələmək üçün seksizm, rasizm və s. kimi sözlərimiz var... Özümüzdən əvvəl fikirlərimiz, sözlərimiz təkamül edir və bu anlayışların yaratdığı mənəvi mühitdə biz daha yaxşı bir dünyaya gedirik.

Dünyanın dərdləri çoxdur. Bu dərdlərə qarşı çıxmaq üçün bugünkü dünyada özünü şaquli pilləli bir quruluşda yox, üfüqi bir quruluşda hiss etmək vacibdir; dünyanı daha yaxşı yer etmək yuxarıdan veriləcək və bizim icra edəcəyimiz bir şey deyildlir, bu, hər birimizin işidir.

Dünyanı daha yaxşı yer etmək üçün insanların təhsilə, intellektual inkişafa olduğu qədər, emosional inkişafa da ehtiyacı var. Ağıl və həssaslıq (reason and sensitivity), beynin ürəyə, ürəyin beyinə səyahəti bu dünyanı yaşamaq üçün daha yaxşı yer edə bilər.

Yoxsul insanlar yalnız birbaşa fayda götürəcəkləri heyvanlara yemək verirlər, qapılarına gələn bir ac pişiyi yedirmirlər, çünki “o yeməyi toyuğa verərəm, sabah mənə bir yumurta verər, yeyərəm” deyirlər. Bu, yoxsulluqdan doğan düşüncədir. Ağız, çörək və əyləncə arasındakı məsafəni aşan, təkcə özünü, öz qitəsini yox, dünyanı daha yaxşı yer etmək haqda düşünən insan düşüncəsi zəngindir.

Mənim tarix müəllimim də indi qərbi Avropa ölkələrinin birində yaşayır. O, öz 21-ci əsrini axtararkənmi ora gedib çıxıb, ya yoxsa hələ də axtarır?!

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər