manera.az
manera.az

Babamın sevimli məşuqələri- Hekayə/ MANERA.AZ

Babamın sevimli məşuqələri- Hekayə/ MANERA.AZ


Hikmət Kərimoğlu
**

-İlahi... İlahi... İlaahhii...

Bir aylıq maaşımı verib özümə bəla gətirdiyim qoca popuqayımın səsi məni diksindirdi. Vallah qəribə heyvandır, nə yatmağa qoyur, nə də oxumağa. Peşmansan əlinə bir kitab alıb vərəqləməyə, elə həzin, elə yanıqlı oxuyur ki, gəl görəsən. Bununla sanki demək isyəyir ki, “ey, zavallı, sən oxuma. Sənin yerinə mən oxuyaram, lap yeri gəlsə yanaram da. Təki sən oxuma, təki sən yanma, təki sən rahat ol”...

Görürsüz quşdakı sədaqəti, sevgini? Təmənnasız, qarşılıqsız, minnətsiz- sünnətsiz sevir mənim popuqayım, lap insan kimi. Sonra da deyirsiz quşdur, ay nə bilim, heyvandır- nədir. Belə də heyvan olar? Vallah heyvana- zada bənzəmir mənim popuqayım. Xalis insandır, özü də lap gözəlindən...
Kitabı qatlayıb bir kənara atıram. Cəhənnəm olsun Herman Hesse... Cəhənnəm olsun Alman ədəbiyyatı. Nənəm demiş, onsuz da o “ağ dev” lər bizim başımıza o qədər, o qədər oyunlar açıblar ki. Birdirmi? Yüzdürmü? Hansını deyəsən?

Özümüzü... Özümüzü oxumaq lazımdır, ya bəlkə də, yazmaq. Hə, özümüzdən yazmaq, özümüzü yazmaq, yazılmaq lazımdır. Frans Kafka deməli, ədəbiyyata gəlməyən hər bir mövzu məni incidir, üzür, narahat edir. Dəli kimi otağın ortasında o baş- bu başa gedib öz- özümə danışıram, özümə saysız suallar verirəm: niyə biz yox, niyə bizdən yox? Niyə tabuları yıxıb dağıda bilmirik? Məsələn, niyə rahibə qadınların həyatı ədəbiyyata gəlməsin? Ya mənim babam, onun gözəlçələri, niyə ədəbiyyatdan gizli qalmalıdır bu insanların həyatı? Axı ədəbiyyatın mövzusu insandır. Özü də titullu, adlı- sanlı insanlar yox, əməkçilər, əzilənlər, Svetlana Alekseyeviç deməli, müharibənin qadın olmayan üzləridir ədəbiyyatın mövzusu. Yadındadır, əzizim, sənə necə demişdim? Hə, belə, bax belə də demişdim; müharibənin tək qadın yox, heç kişi üzü də olmur. Olmur, əzizim, müharibənin insan üzü də olmur.

Müharibə...
Biz yeniyetmələrin dünya tarixindən bildiyimiz son hadisə İkinci Dünya Savaşı və ya Böyük Vətən Müharibəsi idi. O həyəcanlandırır və heyrətləndirirdi. Axı bu müharibədə bizim babalarımız, nənələrimiz iştirak etmişdi. Müharibənin bütün acıları onların, bizim nənələrimizin simasında öz əksini tapmışdı. Hərdən düşünürəm ki, elə biz özümüz də dünyaya bir az tez gəlsəydik onun, müharibənin ağrılarını və ağırlığını çiyinlərimizdə daşımış olardıq. Necə də gözəl görünürmüş bütün bunlar- müharibə, qəhrəmanlıq şücaətləri, at belində gəzən sərkərdələr, qara maşınlar, qara itlər ölkəsi. 90- cı illərin əvvəllərində, hələ Qarabağ savaşı alovlanmamış orta məktəbdə bizə təlqin edirdilər ki, bu müharibəni dünənlə, bu günlə müqaisə etmək olmaz. Burada, həqiqətən də, hər şey əzəmətli və dünya tarixi səviyyəsində imiş. Kişilər və qadınlar qəhrəmanlıq göstərir, fərəhdən vəcdə gələn xalqların sevinci göz yaşlarına qarışır, hamı bir- birini qucaqlayıb bağrına basırdı. Mərdlik və şücaət adi bir şey idi. İlahi, biz necə də uşaqcasına bu hisləri yaşamaq istəyirdik!

Bu haqda qalın illüstrasiyalı kitablar yazılırdı. Yekə- yekə qələm adamları, yazıçılar, şairlər Stalini, Lenini məth etmək üçün yarışa girmişdilər. Hər evin divarını “xalqlar atası” Stalinin və ondan da "əzəmətli" olan Leninin portretləri bəzəyirdi. Bütün ölkə əzəmətli heykəllərə bələnmişdi. Hər yaz ilin ən gözəl günü, 9 May günü bayram edilirdi. Böyük vətən müharibəsinin şanlı əsgərləri, müharibə veteranları həmin günlərdə öz sevimli, ulduzlu- medallı kostiumlarını geyinib xalqın içinə çıxırdılar, küçə və meydanlarda şəstlə gəzib dolanırdılar, qızlara- gəlinlərə öz qəhrəmanlıqlarından ağız dolusu danışırdılar...

Hərdən güclə, yuxu kimi xatırladığım babam bapbalaca, sarışın, mavi gözlü bir kişi idi. Bu balaca kişinin də çoxlu titulları, çoxlu medalları var idi. Pencəyinin hər iki tərəfi çoxlu medallarla, ulduzlarla dolu idi. Bu bapbalaca kişi böyük adları ilə, yekə- yekə medalları ilə elə qürrələnirdi, elə öyünürdü ki, gəl görəsən. Hərdən mənə elə gəlirdi ki, bu balaca kişi bir kəndə, bir elə, bir obaya sığmayacaq qədər böyükdur. Vallah ciddi sözümdür, mənə elə gəlirdi ki, mənim babam dünyanın ən yekə kişilərindən biridir.

Hələ adının sonuna da yekə bir kişi sözü əlavə etmişdi kənd əhli, Fərman kişi deyirdilər. Belarusiya cəbhəsinin qalib əsgəri, müharibə veteranı, yeddi uşaq atası, saysız- hesabsız gözəlçələrin sevimlisi və daha nələr...
-Mənə 44- cü ilin isti iyul günlərindən danış,- deyəndə rəhmətlik əmim siqaretə dərin bir qullab vurub gözlərini ölü bir nöqtəyə zillədi. Əmimin gözləri ilə onun baxdığı nöqtəyə nə qədər baxsam da heç nə görə bilmirdim. Mənə elə gəlirdi ki, qarşımda dayanan 80 ilin Qaçay Köçərlisinin cismidir, ruhu isə göylərə, ya bəlkə də 44- cü ilin isti iyul gününə gömülmüşdü. Sükut... Hər tərəfə ölü bir sükut çökmüşdü. Nəm qoxuyan tənha divarlar belə sukuta qərq olmuşdu, dünyanın özü boyda qoca olan şairi dinləmək üçün. Nəhayət ki, kişi buz kimi soyuq bir tərzdə dilləndi:
-44- cü il, iyul...

Ayağa durub otaqda o baş- bu başa gəzinir. Pəncərəyə yaxınlaşır. Pəncərədən çölə axan işıq şüalarının altında bərq vuran, göydə tənbəl-tənbəl, nazlana- nazlana fırlanıb yerə düşən iri, sulu qar dənələrinə diqqətlə baxır. Geri, oturduğu yerə qayıdır. Ayağındakı şəpşəpiləri çıxarıb əlində cütləyir, sonra onları bir kənara qoyur. Çəhrayı rəngli elektirik sobasını özünə tərəf çəkib divanda yerini rahatlayır. Hiss edirəm ki, indicə fırtına baş verəcək, hiss edirəm ki, ciddi nələrdənsə danışacaq. Axı fırtınadan öncə okeanda həmişə durğunluq, sakitlik olur. Çoğrafiyaşünaslar buna havanın və ya okeanın şələkət halı deyirlər. Bu coğrafi termini söz, ədəbiyyat adamları isə özlərinəməxsus qaydada bəzəyib- düzəyir, nazlı- qəmzəli, bəzəkli gəlin kimi ona sığal- tumar verirlər, lal sükut, ölü sükutu, qəbir sükutu və daha nələr, nələr. Nə qədər desən bu havaya rəng qatmaq olar, tək 44- cü ilin iyulundan başqa...

-Qocalıq... Qocalıq belə olur. Bir az soyuq olan kimi damarında qanın donur.
Öz-özümə düşünürəm ki, lap qafiyə tutdu kişi. Deyəsən, söhbətdən yayınmaq istəyir. Amma yox, bu dəfə buraxan deyiləm, nə olur olsun.
-44 - cü ilin qışı da soyuq idi, - deyə söhbətin istiqamətini dəyişməyə çalışıram.
- Qışını bilmirəm, yadımda deyil. Amma yayı, iyul ayı dəqiq yadımdadır. Ayın neçəsi olduğunu bilmirəm, amma dəqiq bilirəm ki, iyul ayı idi, bedana üstündə qızarmışdı. Havadan toz və yovşan iyi gəlirdi. Anam çöldə, kolxozda işləyirdi. Dəqiq yadımda deyil, deyəsən, pambıq alağına getmişdi. Mən də uşaqları, Kərimi və Şəfiqəni yatırdıb həyətdə, bedananın altında oturmuşdum. Nə isə fikirli idim. Elə bil ki, gözüm yol çəkirdi. Elə bilirdim kimsə gələcək. Birdən Qazmamızın arxasından bir maşın çıxdı. Maşın düz yanıma gəldi, bedananın kölgəsində dayandı. Maşından hərbi geyimli iki kişi düşdü. Sonra maşının arxa qapısını acıb dədəmi düşürdülər. O əlil arabasında idi. Tez özümü dədəmin üstünə atdım. Əllərindən öpdüm. Üzümü isti qucağında gizlədib ağlayırdım. Bu həm sevinc, həm də kədər göz yaşları idi. Sevinirdim ona görə ki, dədəm cəbhədən sağ qayıtmışdı. Kədərlənirdim ona görə ki, dədəm cəbhəyə belə getməmişdi. O gedəndə sağ- salamat idi. İndi isə onu torum- top halda gətirib üstümüzə atmışdılar...

Əmimin dediyinə görə kişinin gəldiyini eşidən nənəm çöldən ayaqyalın qaçıb gəlibmiş. Atamdan nisbətən böyük olan əmin həmin günü belə xatırlayırdı: “Dədəmi görən nənəm dizlərini yerə atdı. Sürünə- sürünə, iməkləyə iməkləyə dədəmə sarı gəlirdi. Ərlərini, oğullarını cəhbəyə yola salan arvadlar da nənəmə qoşulub dədəmə tərəf sürünürdülər, iməkləyirdilər, onun əlindən, ayağından öpürdülər. Bilirsən, o qadınlar sanki ərlərinin, oğullarının iyini dədəmdən alırdılar. Bu doğurdan da, çox dəhşətli bir səhnə idi. Danışdıqca bütün hadisələr gözümün önünə gəlir. Elə bilirəm yenə o tutun altında oturan balaca, kirli- paslı, yamaqlı şalvar geyinən sısqa müharibə uşağıyam”... Burada əmimin səsi qırılır. Gözləri dolur. Göz yaşlarını məndən gizlətmək üçün üzünü yana, pəncərəyə tərəf çevirir. Onu 44- cü ilin xatirələri və göz yaşları ilə baş- başa qoyub otaqdan çıxıram.

Əmimin və atamın dediyinə görə aylar, illər ötdükcə babam tədricən özünə gəlirmiş. Onların dili ilə desək, 44- cü ildə torum- top halda, əlil arabasında evə gələn kişi artıq bir necə ildən sonra at belində gəzirmiş. Hətta deyilənə görə, 50- ci illərdən kolxozda işləməyə də başlayıb. Elə əsas macaraları da, gözəlçələri ilə eşqbazlığı da bundan sonra başlayıb. Nənəmin dediyinə görə kişinin şorgözlüyü, arvadbazlığı o həddə çatıbmış ki, yay aylarında, biçin vaxtı hər gecə evə üç- dörd arvad gətirirmiş. Həmin illəri xatırlayan nənəm belə deyirdi:
-Kişinin üzündə elə bir şeytan tükü var idi. Taxıl biçimi başlayanda hər gecə evə üç- dörd arvad gətirirdi. Arvadlar gəlirdilər, aylarla bizdə qalırdılar, özləri üçün də başaq yığırdılar. Hər gecə də kişi ilə bir yerdə yatırdılar. Öz əllərimlə salırdım onların yerini. Kimin hünəri nə idi bu haqda nə isə desin? Həmin illər kişinin odlu- alovlu vaxtları idi, kolxozda taxıl anbarında işləyirdi.
Nənəm deyirdi ki, kişinin ən sevimli məşuqələrindən biri Xanım imiş, Xanım da nə Xanım... Əri cəhbədən qayıtmayan bu qaraqaş- qaragöz, boylu- buxunlu arvadın aman- zaman Cahid adlı bir oğlu, bir də gözəlliyi, babamın ağlını başından alan əti- əndamı var imiş. Kişi də cəbhədən qayıdan kimi etməyib tənbəllik bu arvadı gözaltı edir, sonra aralarında isti münasibət yaranır. Nənəmin dediyinə görə, kişinin eşqi başına elə vurur ki, hər gecə qazmanın üstünə çıxıb Xanımın eşqinə mahnı oxuyurmuş:
-Bütün kənd bilirdi onların münasibətini, kişi Xanıma görə məcnun olmuşdu, məcnun. Hər gecə Qazmamızın üstünə çıxıb saatlarla Xanımın eşqinə mahnı oxuyurdu. O qədər oxuyurdu ki, bir də görürdük özündən getdi, yıxıldı. Belə olanda əl- ayağını çırpırdı yerə. Mən də yazıq uşaqları tökürüm üstünə, uşaqlar əl- ayağın tuturdular ki, yerə- yurda çırpıb özünü əzməsin. Bütün bədənini ovxalayırdıq, üzünə su vururduq, bir- iki dəqiqədən sonra özünə gəlirdi. Ayağa duran kimi də sakitcə papağını çırpıb qoyurdu başına, atı minib haydı gedirdi Xanımın yanına...

Nənəmin dediyinə görə, Xanım öləndə babam öz sevimli məşuqəsinə üç gün, üç gecə yas saxlayıb, dilinin altından sudan başqa heç nə keçmirmiş.
Həyatının son illərində nəvələrini başına yığan bu balaca kişi də tez- tez öz sevimli məşuqələrindən danışırdı. Deyiri ki, bir dəfə yaz vaxtı Çinar ağacına çıxıb çöldə işləyən arvadlara baxırdım, birdən yağış başladı. Arvadlar hamısı qaçıb yığışdılar çinarın altına, mən də ağacdan düşə bilmədim, qaldım orda. Arvadlar da aşağıda, çinarın altında lağ- lağı edib deyib- gülürdülər. Hərəsi bir kişidən danışırdı. Birdən eşitdim ki, arvadlardan hansısa mənim adımı çəkir, deyirdi ki, mənim Fərmandan xoşum gəlir, Fərman saz kişidir. Bu sözü eşidən kimi tez ağacdan dedim ki, ağız, məndən xoşu gələn qalsın orda, qalanlarınız çıxın gedin. Kişi deyirdi ki, söz ağzımdan çıxan kimi arvadlar gülüşə- gülüşə qaçdılar.
Bir dəfə atamla əmim müharibə illərindən, babamın macaralarından danışırdılar. Atam deyirdi ki, bir dəfə Cahidlə məktəbə gedirik. Yolda dədəm çıxdı qarşımıza. Əlini cibinə salıb bir qom pul çıxarıb Cahidə verdi. Elə bildim ki, indicə dədəm mənə də pul verəcək. Gözümün ucuyla yazıq- yazıq kişinin üzünə baxdım. Bunu görən dədəm qəzəbli halda mənə dedi: “Sürüş burdan, qancıqdan süd əmən”! Kor peşman Cahidin yanına düşüb məktəbə getdim. Məktəbdə Cahid dədəmin verdiyi pullarla “kojik” alıb yeyirdi, mən də yetim uşaq kimi bir kənara çəkilmişdim. Eh, dədəm əzrayıl idi, əzrayıl”!
-Hə qağa, Xanım da bir xanım idi, ətli- əndamlı, qaraqaş- qaragöz, boylu- buxunlu, dədəm ağzının dadını bilirmiş. Mən tez- tez görürdüm ki, kişilər, xüsusilə cəbhədən qayıtmış kişilər gözlərini ondan çəkmirdilər. Yadımdadır pambıq vaxtı adətən ağ ləçək bağlayırdı, onu bir az da alnına tərəf endirirdi. Bu ona çox yaraşırdı, hamar dərisinə, qaraşın sifətinə xüsusi gözəllik verirdi, - deyə əmim dərin köks ötürdü.

Bilmirəm bu əhvalat, Babamın sevimli məşuqələri hardan düşdü yadıma, amma onu bilirəm ki, sözlər monitorda sıralandıqca içimə bir rahatlıq çökür. Doğuşdan sonra canına rahatlıq çökən hamilə qadın kimi özümü rahat, son dərəcə xoşbəxt hiss edirəm. Ayağa durub işığı yandırıram. Gümüşü rəngli balaca qəfəsə tərəf gedirəm. Böyük məmmuniyyətlə öz gözəl səsi ilə divarlarından tənhalıq yağan bu balaca, sakit otağa rəng qatan qoca popuqayımın səsini bir də eşitmək istəyirdim. İşıq yananda quş diksindi. Balaca, yarıyuxulu gözlərini mənə zillədi və sonra tənbəl-tənbəl boynunu dikəldib qanadlarını gərdi. İnanılmaz dərəcədə insan səsi ilə əsnədi. Bilirsiz nə deyirdi?

-İlahi... İlahi... İla..hi... İ.. la..hiiii...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031