Bir qadın toxuyar həsrətini ağ –qara iplərə... ŞEİRLƏR
Seyid Aynur
TABUT OLAR SEVDİYİNİN DODAQLARI
bütün körpülər saatdır əslində,
biz:
hərəmiz bir tərəfə qaçışan əqrəbləri
o –
üçüncü
pusquda dayanıb sevinən-
sayır ayrılığa sarı tələsən saniələri.
öyrənəcəkdin
yolların ayrılıq olduğunu
saçlarını daraya-daraya.
Sirləri açacaqdım
başa düşməyəcəyini bilə-bilə.
Gəliş, gedişlərinlə ölçəcəkdim zamanı
fəsillər əhvalımıza görə dəyişəcəkdi,
üşüyəcəkdim getdiyin gün .
hərdən,
hərdən də
küləklər mehriban olacaqdı,
sığal çəkəcəkdi gülə, çiçəyə,
ən möhtəşəmi
payızda utancaq yarpaqların yanaqlarının
xəfif toxunuşdan
allanması olacaqdı.
⃰⃰ ⃰⃰ ⃰
Hər gün daha da böyüyən
məzarlıqdır yaddaşım,
dişlə şahadət barmağını
Işarə verməzdən öncə!.
tabut olar sevdiyinin dodaqları
öldürər hər acı kəlmə.
Dərinə qaz hisləri!,
qoyma xəyalların toxumundan
alaq otlarına
hamilə qala torpaq.
Salxım söyüd olsan,
ağlaşsaq başbaşa verib.
⃰⃰ ⃰⃰ ⃰
Səni möhür kimi vurdum ürəyimə,
təsdiqlədi imzasıyla baş həkim
“Xroniki sevgi” sözlərini
xəstəlik haqda kitabçaya
yazıb.
⃰⃰ ⃰⃰ ⃰
Bir qadın toxuyar həsrətini,
ağ –qara iplərə.
Gətirər kino lenti kimi
gözlərinin önünə keçmişi,
Sinəsinə yığıb havanı
qışqırmaq istəyər
danışar ağlağan gözlər
susar dil,
öldürər lal sükut
şkafdakı köhnəlmiş paltarları
olar xatirələr.