EŞQi çılpaqlığıyla...-|MANERA
Seyid Aynur
Ətcəbala doğmadılarmı?
Saçlarımı toxuyub,
ucuna sancdım ürəyimi
Uzatdım,
donmuşdun.
Dözməyib buna ağlamsındı dəniz,
çırpdı dalğa-dalğa qollarını:
bu dəfə jestlərin dilində danışdı
lallar kimi.
Sən qalan yerdən görünmürdü,
arxa çevirmişdi eviniz
dəniz mənə görə
küsülüydü səninlə.
Ayrılandan bəri
bu alaqaranlıq şəhərdə
ancaq kölgəni görürəm:
səndən vəfalıymış ayaqlarının səsi!.
cüt yumurtaymış gözlər,
sən demə,
gözümün ağı-qarası
De, heç doğmadılarmı
MƏHƏBBƏTi!
Baxışlardan hamilə qalıb?
EŞQi çılpaqlığıyla
bu cür ətcəbala
Doğmadılarmı?
Eh, dəniz,
sahil,
ayrılıq!.
Qağayılar sadiq olur,
adı çıxıb qu quşlarının.
Böyük Səhrada
əsir Sirokko
Gilavardan da qaynar.
De, bəs,niyə
bu istidə
buz bağlayıb ürəyin?.