manera.az
manera.az

Sərhədlərimiz parçalansa da... _MANERA

Sərhədlərimiz parçalansa da... _MANERA
MANERA.AZ Nicat Ülfətoğlunun yazısını təqdim edir:

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir.


Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır.

Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Yəni Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgəridir.Tarixən sərhədimizin müqəddəsliyi xalqın namus və qeyrəti ilə bərabər tutulmuşdur. Necə ki? namus və qeyrət simvolu olan ana və bacılarımıza yad baxışları belə rəva görmürük, eləcə də sərhədlərimizə toxunanı cəzasız qoymamalıyıq – onu qanla yumalıyıq.

Əsrlər boyu respublikamızın ərazisi hərbi yürüşlərə və qəsblərə məruz qalmışdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz öz ərazisinin böyük bir hissəsini itirmişdir.Azərbaycan torpaqlarını bölüşdürmək uğrunda 1804-1813-cü illərdə baş verən Rusiya-İran müharibəsi Rusiya imperiyasının qələbəsi ilə başa çatdı. 1813-cü il oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində Vətənimiz iki yerə bölündü.

Deyirlər yıxılana balta çalmazlar. Lakin 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi vətənimizə baltanı kökündən vurdu. 280 min km2 sahəyə malik olan Cənubi Azərbaycan torpaqları İrana, 130 min km2 sahəyə malik olan Şimali Azərbaycan torpaqları Rusiyaya verildi. Əti dırnaqdan ayıran tək vətənimizin şimalını cənubundan ayırdılar.Rusiyanın işğalçı siyasəti bununla bitmədi. 1860-cı ildə Dağıstan vilayəti yarananda dədə-baba torpağımız olan Dərbənd onun tərkibinə qatıldı.Elə bu vaxtlarda ermənilərin torpaqlarımıza kütləvi şəkildə köçürülməsi başladı. Bu siyasətin nəticəsi İrəvan xanlığının başında çatladı. 1918-ci ildə Rusiyanın təzyiqi ilə sahəsi 9 min km2 olan İrəvan xanlığı ermənilərə verildi. Nizami Gəncəvinin sevə-sevə vəsf etdiyi Ərmən torpağına kökləri bəlli olmayan ermənilər yiyələndilər.

Vaxtilə Azərbaycan böyük bir əraziyə malik olmuşdur. Səfəvilər dövləti Dəmirqapı Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə edirdi. Bu dövlətin əsasını Şah İsmayıl Xətai qoymuşdu və bu torpaqlar ondan bizə qalan əmanət idi. Lakin …Bütün bunlar bəs deyilmiş kimi bizimlə Qarabağ savaşına başladılar…Qarabağ…Azərbaycan kimi şah ölkənin tacı…Tacı isə başda gəzdirərlər. Çox-çox təəssüflər olsun ki, Azərbaycanımızın bu dilbər guşəsini qoruya bilmədik. 1988-1994-cü illər ərzində Qarabağı və onun ətrafında olan 7 rayonu itirdik. Odu-ocağı yağmalanmış, torpağı tapdalanmış, sərvəti talanmış bu elin həsrəti hamımızın qəlbini göynədir. Başı qarlı Şahdağımızın, Qoşqarımızın, göylərə baş çəkən Göyəzənimizin vüqarı əyilmişdir, İsa bulağının həsrət çəkən gözləri kor olmuşdur…Hal-hazırda respublikamız quruda beş, dənizdə isə dörd ölkə ilə həmsərhəddir.

Türkiyə, Gürcüstan və Ermənistanla quru, Qazaxıstan və Türkmənistanla su sərhədi olduğu halda, İran və Rusiya ilə həm quru, həm də su sərhədi mövcuddur. Cəsur şahinlərimiz tərəfindən qorunan hava sərhədlərimiz də quru və su sərhədlərimiz kimi müqəddəsdir.Sərhəd…Burada hər şey sərt romantikadır. Onun bu başından o başına kimi keçsən, necə yerlərə rast gəlməzsən, necə adlarla rastlaşmazsan – hər biri də bir əfsanədir…Göylərlə döyüşən Baş Qafqaz silsiləsi…

Dünyanın heç birində rast gəlinməyən Eldar şamının vətəni Ceyrançöl…Vətənimizi mənfur qonşularımızın məkrli baxışlarından qoruyan Şahdağ, Şərqi Göyçə silsilələri…Nisgilli yerimiz olan Xan Araz…Nəzarət-ləpir zolağı dalğalanan lent kimi burula-burula uzanıb gedir. Onun boyunca kəşfiyyat cığırı ilə sayıq əsgərlər irəliləyirlər. Mavi duman içərisində nəzarət qülləli tikililər görünür. Təpənin başında isə Vətənimizin – şanlı respublikamızın üçrəngli bayrağı dalğalanır!

Sərhəddə olan hər bir daş mətanət və igidliyin şahididir. Azərbaycan torpağı bütün azərbaycanlıların ümumi evi, sərhəd isə onun qapısıdır. Bu qapı dost kimi gələnlərin üzünə açıq, düşmən kimi gələnlərin üzünə bağlıdır. Bu qapının keşiyində bütün Azərbaycan xalqı dayanmalıdır.

Düşmən bizim sərhədlərimizi parçalasa da, ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini heç bir vəchlə bölə bilmədi. Nə qədər ki, el yolunda şam olub əriyən, yalnız özləri üçün deyil, vətən üçün, millətimizin, xalqımızın xoşbəxt gələcəyi üçün yaşayan oğul və qızlarımız var, demək, Azərbaycan da əbədi yaşayacaq və daima inkişaf edecək!

Nicat ÜlfetoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031