Oxunub : 793 | Tarix : 5-11-2015, 12:23 | Bölmə: edebi / poeziya

Qadın cümlənin nidasıdır | MANERA.AZ
MANERA.AZ Tural İsmayılovun şeirini təqdim edir:

Səmanın yarımçıq qaldığı
Ayın günəşdən ayrıldığı
Qaranlıqla parıltının
Zülmətlə sayrışdığı
Tənha gecələrin adıdır qadın.

Arada bir gələn
Sonra içdə gülümsəyən
Bədbəxt ruhun
Təskinliklə sevişən
Asi ruhunun titrəyişidir qadın.

Axşam çağının qaraltısı
Ana səsinin hayqırtısı
Sevgili nəfəsinin
İsti arzulrla qaynaşması
Nəfəs aldığımız havadır qadın.

Metro qatarında təsadüfən qarşılaşdığımız
Baxışlarıyla anlıq rahatlığa çatdığımız
Hisslərin çırpınışlarının
Məhv etdiyi
Savaşdığımız
Dəyərlərin pozulma səbəbbidir qadın.

Əli qabarlı fəhlənin zəhmətinin
Beyini çevik mühəndisin əməyinin
Hamı tərəfindən unudulan
Bütün insanlığa köməyinin
İlk tamaşaçısıdır qadın.

Kişilərin sonsuzluq iksirinin canisi
Olmur qadına kişi hamisi
Adəmi tələyə salan
Həvva anamızın naləsi
Fonunda
Təkamülün lokomotividir qadın.

Gecələr aydınlanacaq deyə gözləyərkən
Aydınlığı yetim uşaq kimi izləyərkən
Bir kişi əlinin
Ehtiyac içində inləyərkən
Qovuşmağa can atdığı toxunuşdur qadın.

Hər dəfə nifrət etməyi
Nifrətlə birgə sevməyi
Gözlərində öldükdən sonra
Qəlbində çürüməyi
Möhür edən insafsızdır qadın.

Bir az dayanaraq geriyə boylananda
Bütün insanlar sancanda
Hamıdan bezginliyin
İntihar həddinə çatanda
Kəndirin qayçısıdır qadın.

***

Bir axşam bezdiyim tək otaqda
Axtardığım misraların
İtmiş sətirlərinin
Pozulmuş mətninin
İlham mənbəyidir qadın.

Ağızdan çıxan sözlərin
Cümlələrin
Nizamını dağıdan
Xaotikliyin mələyidir qadın.

Cümlələrə nəfəslik qazandıran
Aramla sözləri inciləyən
Cümləyə məna verən
Pisliklərin fasiləsidir
Həyatımızın vergülüdür qadın.

Qollardan taqəti alan
Ürəyi öz adına həbs edən
Məhkumlarından şəhvət duyan
İblisin həmahəngidir qadın.

Söz olmaq, nəsə demək
Cümlə olmaq, bir şeylər anlatmaq
Nöqtə olub, hər şeyə son qoymaq
Və bütün sonluqların
Həyəcanı, nidasıdır qadın.

Rəssamın düşməyən fırçasının
Şeiriyyatın coşan poeziyasının
Bəstəkarın rəqs edən notlarının
Möhürü
İmzası
Pasportudur qadın.

Ölümün olmamağı üçün didişmənin
Həyatı mənalı edən ikiləşmənin
Ruh və can arasında mübarizənin
Yarımçıq qalan
Heç sonlanmayacaq
Yaşam sevinci
Həyat enerjisidir qadın.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər