Şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi

Tarix:14-08-2018, 12:32 Baxış Sayı:214

Şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkürünün, tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Təhsil cəmiyyətin inkişafını şərtləndirən başlıca amildir. Cəmiyyətin təməlidir desəm, heç də haqsız sayılmaram. Elə bir təməl ki yetişdirəcəyimiz gənc nəslin gərəkli bir şəxsiyyət kimi formalaşması, düşüncə və təfəkkürünün, azad, sağlam ruhunun yetişməsi ona bağlıdır.

Heç bir cəmiyyəti, toplumu onsuz təsəvvür etmək mümkün deyildir. Bütün sahələrin inkişafı bilavasitə təhsildən asılıdır. Məhz bu cəhətdən zaman-zaman təhsili yeni, innovativ ideyalarla zənginləşdirmək zərurət halını alır (almalıdır). Bu istiqamətdə ölkəmizdə də müəyyən addımlar atılır. 90-cı illərdə qəbul edilən Təhsil İslahatı təhsil sitemində köklü dəyişikliklərin aparılmasına zəmin yaratdı. Bu haqda müxtəlif ədəbiyyatlardan ətraflı və geniş məlumat almaq mümkündür. Sadəcə onu qeyd etmək istəyirəm ki, Təhsil İslahatının həyata keçirəməyə zəmin yaradan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu zamana qədərki təhsil sistemi şagirdə daha çox əzbərçi mövqeyi vəd etmiş, onun düşüncələri, özünü ifadə etməsi, yaradıcı təfəkkürünün, təxəyyül imkanlarının inkişafı, qiymətləndirilməsi prioritet olmamışdır. Təhsilin ən qabaqcıl məqsədinin şagirdi həyata hazırlamaq olduğunu xatırlasaq, görərik ki, ona həyatda əzbərlədiklərindən daha çox müəyyən bacarıq və vərdişlər də lazım olacaq. Hansı ki həyatda yaşamaq, mübarizə aparmaq məhz həmin vərdişlərə, qabiliyyətlərə bağlı olacaq. Məsələyə məhz bu prizmadan yanaşılarkən təhsildə aparılan bu islahatın zəruriliyinin, vacibliyinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın şəkildə görmək mümkündür. Cəmiyyətimizçün sağlam düşünən, vətənpərvər ruhda, azad düşüncədə, öz fikir və düşüncələrini ifadə etməyi bacaran, liderlik və təşkilatçılıq qabiliyyətlərinə sahib gənclərin yetişməsi baxımından Təhsil İslahatının özünü doğruldacağına əminlik vardır.

Təhsil islahatının bir istiqaməti də dünya təcrübəsində uzun illər mövcud olan, bizimçün yeni sayılan Kurikulumdur. Bu sistemin tətbiq oluduğu mühitdə təhsil alan şagird cəmiyyətə şəxsiyyət kimi qazandırılır. O müstəqil qərarlar qəbul edən, özünə inamlı, özünü ifadə, liderlik və natiqlik bacarıqlarına, yaradacı təxəyyülə və təfəkkürə sahib, tədqiqat aparan, ətrafına təndiqi yanaşan bir insan kimi formalaşdırılır.

Digər tərəfdən şagird həm də tədqiqatçıdır. O, məktəbli yaşlarından tədqiq etməyi öyrənir, buna vərdiş edir. Əldə etdiyi yeni biliyi kor-koranə deyil, araşdıraraq qəbul edir, mənimsəyir. Fəal dərsin mərhələlərindən biri də məhz bununçün nəzərdə tutulmuşdur: tədqiqatın aparılması. Məşhur amerikalı pedaqoq, filosof John Deweyin də dediyi kimi, təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür. Həyatda da tədqiq etmək, araşdırmaq zərurəti yaranır. Araşdırmalı, qərarlar qəbul etməli oluruq. Məhz bu mənada şagirdlərdə bu bacarığın təhsilin ilk pillələrindən inkişaf etdirilməsi olduqca əhəmiyyət kəsb edir. Filosof təhsil haqda yazdığı və çoxluq tərəfindən birmənalı qarşılanmayan məşhur “My pedagogic creed” məqaləsində bütün bunları aydınlığı ilə qeyd etmişdir. Hələ zamanında səs-küyə səbəb olmuş bu məqaləylə o təhsilə yeni yanaşma gətirmiş, özünün bütün bu fəlsəfi düşüncələrini sınamaq üçün təcrübə məktəbi yaratmışdır. Məlumatçün deyim ki, məktəb 8 il fəaliyyət göstərmişdir. Filosofun fikrincə, şagirdi həyatın içində öyrətmək, məktəbdə də evdəkindən fərqli olmayan mühit yaratmaq lazımdır. Çünki o ilk ailə, ev mühitini görür və həyata ordan atılır. Məktəbi də məhz ev mühiti halına gətirmək daha sonra məqsədyönlü və mərhələli şəkildə həyatın digər tərəflərini ona göstərmək lazımdır. O qeyd edir ki, uşağa sadəcə bu gün üçün lazım olan bilik və bacarıqlar verilməlidir. Dewey öyrənmənin önəmli qisminin problemin həlli qabiliyyəti olduğunu qeyd edirdi. Çünki bu yaradıcı işdir, digərləri kimi kopyalama, hazır bilgilərə əsaslanan deyil. Şəxs prolemini özü həll etməlidir. Ancaq bu halda onda hansısa yaradıcı qabiliyyətlər formalaşa bilər.

Filosofun fikirlərindən çıxış edərək demək istəyirəm ki, uşaq məktəbə gəldiyinə görə özünü xoşbəxt hiss etməldir, məktəb uşağı xoşbəxt edən məkana çevrilməlidir. Məcburi olan heç bir proqram, heç bir standart reallaşdırılmamalıdır. İlk əvvəl uşaqların ehtiyacları, məsələn oyun, əylənmək, həmyaşıdlarıyla maraqlı zaman keçirmək ehtiyacları ödənməli, daha sonra müəyyən proqramlar tədris olunmalıdır. Məhz bu şəraitdə tədris alan şagird yaradıcı potensialının fərqində olacaq və öz təxəyyül imkanlarının sərhədlərini genişləndirəcəkdir. Bunun nəticəsində də əldə etdiyi yaradıcı bacarıqları asanlıqla sərgiləyə biləcək.

Təklif edərdim ki, məsələn, hər gün “Oyun saatı” adlı bir fənn tədris olunsun. Şagirdə özündən müəyyən bir oyunun və yaxud əyləncəli bir idman hərəkətinin düşünülməsi tapşırılsın.Yaxud da hansısa sevdiyi mahnını oxumaq, müəyyən musiqi alətində ifa etmək kimi fəaliyyət reallaşdırılsın. Düşünün, necə gözəl olar. Bu addım onlarda həm ruh yüksəkliyi, öyrənməyə, yeniliyə həvəs yaradar, həm də onları prosesə motivə edər.

Kiçik bir haşiyəyə çıxaraq qeyd edim ki, fikrimcə, bütün bu pedaqoji prosesi reallaşdırarkən müəllimə bir köməkçi gərəklidir. Müəllim sırf pedaqoji prosesin aparıcısı olmalı, onu şagirdlərdən digər yazı, sənəd işləri ayırmamalıdır. Məhz bu təqdirdə şagirdlərin keyfiyyət göstəriciləri də artacaqdır. Buna şübhə etmirəm.
Şagirdlərin tədqiqatçılıq və yaradıcılıq qabiliyyətlərini artırmaqçün həm də aşağıda qeyd edilən məlum fəaliyyətləri də icra etmək olar.

• inşa, ifadə, esse yazıları;
• ekskursiyalar;
• sinifdənxaric və məktəbdaxili tədbirlər;
• yarış, olimpiada və müsabiqələrin ( bilik, rəqs. rəsm və s) təşkili.

Sadalanan istiqamətlər üzrə şagirdlərin qazanmış olduları bilik və bacarıqlar onların inkişafına əvəzsiz tövhə verir. Şagirdin praktikada, fəaliyyət zamanı əldə etdiyi təcrübə onun cəmiyyətdəki sosial həyatı üçün əhəmiyyətli məqama çevrilir. Bu cəhətdən də yuxarıda qeyd edilən məsələlərin reallaşdırlımasına müəllim və məktəb kollektivi (bu işlə əlaqədar olan) xüsusi diqqət yetirməldir. Məsələn, zaman – zaman ekskursiyların təşkili, rayon və yaxud respublika olimpiadalarında iştirakın təmin edilməsinə xüsusi diqqət ayrılmalıdır.

Ümumiyyətlə, pedaqoji prosesin məqsədi və amalı şagird şəxsiyyətinin hərtəfərəfli inkişafını təmin etməkdir. Bu fəaliyyətçün təhsil işçiləri bütün səfərbərliyini, güc və enerjisini bu yolda sərf etməkdən çəkinməməli, cəmiyyətin sabahkı qurucularını, rəhbər işçilərini yetişdirməkdən zövq almalıdırlar. Çünki uşaqlar bizim gələcəyimizin təminatçısı, parlayan ümid işığıdır ! Nə xoş bizə ki, bu ümdə vəzifənin məsul işçiləriyik.
Şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi
Nərmin Abdullayeva,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ