Əsl alim, əsl ziyalı, əsl pedaqoq...

Tarix:17-01-2018, 17:46 Baxış Sayı:140

Əsl alim, əsl ziyalı, əsl pedaqoq...
18 yanvar akademik Mehdi Mehdizadənin doğum günüdür

Yanvar ayının 18-i nə az, nə çox, düz 23 il Azərbaycan maarifinə rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı bir insanın - akademik Mehdi Mehdizadənin doğum günüdür. Bu görkəmli şəxsiyyət, təhsil fədaisi, ən nəhayət fəzilətli, böyük bir insan haqqında kiçik bir xatirəmi bir daha bölüşməyi özümə borc bildim. Bəzən həyatda elə hadisələrlə rastlaşırsan ki, onlar yaddaşına xoş xatirələr kimi həkk olunur. Bir çox hallarda isə bu xatirələr insanın həyat hekayətinin əsas mövzularına çevrilir...

Heç yadımdan çıxmır, 70-ci illərin sonu idi. Aspiranturanı yenicə bitirib kiçik elmi işçi kimi Təhsil Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ( indiki Təhsil Problemləri İnstitutu) fəaliyyətə başlamışdım. Qəfil bir xəbər məni bərk həyəcanlandırdı: "Maarif naziri Mehdi Mehdizadə səni görmək istəyir, sabah saat 11-də onun yanında olmalısan". Narahatçılığımdan gecəni səhərədək yata bilmədim. Ağlıma cürbəcür fikirlər gəlirdi, düşünürdüm ki, mən hara, Mehdizadə hara, görəsən nəyə çağırır, İttifaq miqyasında tanınan və sayılan, böyük-böyük titullar və nüfuz sahibi olan akademikin adi kiçik bir elmi işçi ilə nə işi ola bilər...

Deyilən vaxt onun qəbul otağında oldum. Katibə mənim Nadir İsrafilov olduğumu bilən kimi: "Keçin içəri, akademik sizi gözləyir"- dedi. İçəri daxil oldum. Nazir Mehdizadə məni görcək eynəyini bir az yuxarı qaldırdı və kiçik bir aradan sonra təəccüblə gülümsünərək dedi:"Xoş gəlmisiniz. Nadir İsrafilov sizsiniz? Siz bu qədər gəncsinizmiş, elə düşünürdüm ki, xeyli yaşınız var". Cavabımı gözləmədən sözlərinə davam etdi: "Tanışlığımıza məmnun oldum. Yazınız çox xoşuma gəldi. Sizin kimi gənclərlə yalnız fəxr etmək olar, fəaliyyətinizi bu istiqamətdə də davam etdirin. Hər hansı bir çətinliyiniz olsa, mütləq mənə müraciət edin".

Gələcək işlərimdə mənə dönə-dönə uğurlar arzulayan bu ağayana və alicənab şəxsiyyət uşaq kimi sevincini gizlədə bilmirdi. Mən isə çaş-baş qalmışdım. Başa düşə bilmirdim ki, söhbət nədən, hansı yazıdan gedir. Bir anlığa ağlıma gəldi ki, yəqin akademik məni kiminləsə qarışdırır. Amma özümə bir az toxtaqlıq verərək narahatçılıqla söhbətin sonunu gözlədim. O isə, sanki təəccübləndiyimi hiss etmiş kimi sözlərini davam etdirə-etdirə əlindəki jurnalı mənə uzatdı. Bu Moskvada nəşr olunan o zamanın ən məşhur və nüfuzlu "Sovetskaya pedaqogika" jurnalının sonuncu nömrəsi idi. Sən demə, bir neçə ay əvvəl aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Ümumittifaq konfransdakı məruzələrindən ən yaxşıları seçilərək jurnalın bu nömrəsində dərc edilibmiş və onların arasında mənim məruzəm də varmış. Onda mənə əyan oldu ki, nazir Mehdizadə onu oxuyub və məni bura təşəkkürünü bildirmək üçün çağırtdırıbmış.

Akademikin bütün alimlərimizə, pedaqoqlarımıza, ziyalılarımıza örnək olası bu sayğısı məni möhkəm duyğulandırdı. Bir anın içərisində o, gözlərimdə çox-çox yüksəklərə ucaldı. Bu böyük insanın səmimi addımını, əlbəttə, mən də cavabsız qoymadım, diqqətinə və həssaslığına görə ona sonsuz təşəkkürlərimi bildirdim. O vaxtdan bir neçə on illər ötüb. Parlaq şəxsiyyət, insanlıq etalonu akademik Mehdi Mehdizadə ilə ilk görüşüm xoş xatirə kimi bu gün də yaddaşımdan silinməyib... Ən başlıcası isə mənim pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə xüsusi önəm verməyimdə və təhsil işçilərinə hədsiz rəğbət bəsləməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub.

"Mehdizadə çox halal insan idi", "Mehdizadə çox əməli-saleh insan idi", "Mehdizadə son dərəcə xeyirxah insan idi", "Mehdizadə əsl xalq adamı idi" , Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi" və s.Təhsilimizin korifeyi akademik Mehdizadə haqqında bu sözləri onunla təmasda olan hər kəsdən eşitmişik, həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra. Xalqın məhəbbətini qazanmış düha haqqında bu sözlərdə müəyyən şiddət görünsə də, onların hamısı Mehdizadə kimi nəhəngin şəxsiyyət biçiminə yaraşır. Məhz bu keyfiyyətlərinə görə hamı onu indi də "ziyalılıq etalonu" sayır. Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyı, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Akademik M.Mehdizadə həmişə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır.

Əlbəttə, bu parlaq şəxsiyyət haqqında söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyət tələb etdiyindən fikirlərimi yığcamlaşdırmaq qənaətindəyəm. Təkcə onu əlavə etmək istərdim ki, onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı cəmiyyətimiz bu cür örnək insanlardan xali deyil. Akademik M. Mehdizadənin təhsilimiz üçün kim olduğu görkəmli pedaqoqumuz, uzun illər onunla çiyin-çiyinə çalışmış, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin bir ümumiləşdirilməsində çox dəqiq ifadə edilib: "Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə, akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi."

Bu gün təhsildə demokratikləşmənin, humanistləşmənın, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzəri irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Mənəviyyata söykənən bu keyfiyyətlərsiz isə təhsil sahəsində aparılan istənılən islahatlar əhəmiyyətsizdir.

Nadir Israfilov

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ