Görkəmli folklorşünasın yubileyinə həsr edilmiş elmi konfrans

Tarix:12-10-2017, 14:34 Baxış Sayı:30

Görkəmli folklorşünasın yubileyinə həsr edilmiş elmi konfrans
AMEA-nın əsas binasında Folklor İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli folklorşünas Məmmədhüseyn Təhmasibin (1907-1982) 110 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri giriş sözüylə açaraq Məmmədhüseyn Təhmasibin Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, araşdırılması sahəsində müstəsna xidmətləri olduğunu bildirdi.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli vurğuladı ki, alimin “Xalq ədəbiyyatımızda mərasim, mövsüm nəğmələri”, “Azərbaycan xalq dastanları” kitabları folklorşünaslığımızın fundamental əsərləridir. Bildirildi ki, M.Təhmasib 1946-1977-ci illərdə “Azərbaycan xalq nağılları”, “Azərbaycan xalq dastanları”, “Koroğlu”, “Molla Nəsrəddin lətifələri” və başqa folklor örnəklərinin toplanıb tərtib edilməsi və nəşr olunmasında önəmli rol oynayıb.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev görkəmli alimlə bağlı xatirələrini bölüşdü, onun bir neçə sahədə böyük yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, M.Təhmasib ədəbi-bədii yaradıcılıqla da məşğul olub. O, "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmlərinin ssenari müəllifidir. "Bahar", "Aslan yatağı", "Çiçəklənən arzular" və başqa pyesləri ölkənin müxtəlif teatrlarında tamaşaya qoyulub.

AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya üzrə elmlər doktorları Məhərrəm Qasımlı, Tahirə Məmməd, Seyfəddin Rzasoy konfransın açılışında M.Təhmasibin yaradıcılığı ilə bağlı çıxışlar etdilər.

Tədbir öz işini Folklor İnstitutunda bölmə iclaslarında davam etdirdi. Konfransın materialları ayrıca kitab kimi nəşr olunacaq.
Görkəmli folklorşünasın yubileyinə həsr edilmiş elmi konfransБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ