“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib

Tarix:12-10-2017, 12:30 Baxış Sayı:53

“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib
Oktyabrın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun yaradıcılıq sərgisi, eyni zamanda görkəmli sənətkarın həyatına ithaf edilmiş “Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, dahi Nizaminin “Sənsiz” romansının səsləndirilməsi ilə başlayan tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, görkəmli fırça ustaları iştirak ediblər.

Muzeyin direktoru, professor Çingiz Fərzəliyev Müslüm Eldarovun qısa, lakin mənalı bir ömür yolu keçdiyini bildirib. Deyib ki, o, Azərbaycan heykəltəraşlığında öz üslubunu, dəst-xəttini yaradan sənətkarlardandır.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə və başqaları çıxış edərək Müslüm Eldarovun sənət dünyasından, Azərbaycan təsviri sənətinə, xüsusilə də heykəltəraşlığına bəxş etdiyi ölməz incilərdən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, oxuculara təqdim olunan “Müslüm Eldarov” adlı monoqrafik kitab rəssamın həyatı, fikirləri, duyğuları, əməli və vəfatı haqqında ən məhrəm düşüncələri açıqlayır.

Diqqətə çatdırılıb ki, Müslüm Eldarov 1956-cı ildə görkəmli heykəltəraş Ömər Eldarovun ailəsində dünyaya göz açıb. 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, 1975-1981-ci illərdə isə İ.Repin adına Rusiya Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Ötən əsrin 80-ci illərin ortalarında geniş vüsət almış yaradıcı gənclər hərəkatının parlaq nümayəndələrindən biri olub. O, Azərbaycan ziyalıları üçün yeni ideya mənbəyinə çevrilən və 1986-cı ildə əsası qoyulan ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak edib, sonralar həmin təşkilata rəhbərlik edib.

Təəssüflə bildirilib ki, 2003-cü ildə Müslüm Eldarov həyatının 47-ci baharını yaşamadan, qəflətən gözlərini dünyaya əbədiyyən yumub. Ancaq bu istedadlı və gözəl insanın xatirəsi daima sənətsevənlərin qəlbində yaşayacaqdır.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov oğlu ilə bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından söz açıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə rəssamın "Abşeron", "Kompozisiya", "Atamın portreti", "Sərv ağacı", "İt və qız", "Elçi", "Fransa xatirələri", "Gənc qız" kimi 80-dən artıq rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.

Sərgi oktyabrın 17-dək davam edəcək.
“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib
“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib
“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ