Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı

Tarix:11-10-2017, 12:50 Baxış Sayı:44

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı
Oktyabrın 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) XVIII respublika konfransı öz işinə başlayıb.

Konfrans dövlət himninin səslənməsi ilə açıq elan edilib.

Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirakçıları salamlayaraq deyib ki, tədbirə bir sıra yerli və xarici təşkilatlardan çoxsaylı təbrik məktubları ünvanlanıb. O, yüksək diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Sonra mandat komissiyasının hesabatı dinlənilib.

Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov hesabat məruzəsi ilə çıxış edib.

Hesabatda komitənin 2013-2017-ci illərdəki fəaliyyəti barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində MİHİ-nin fəaliyyətində ən əlamətdar və mühüm tarixi əhəmiyyət kəsb edən hadisələrdən biri də qurumun yaranmasının 110 illik yubileyinin qeyd edilməsi olub.

Hesabat dövrü ərzində MİHİ-nin öz fəaliyyətini ölkədə baş verən sosial-iqtisadi islahatların tələblərinə müvafiq qurduğunu söyləyən M.Əlibəyov deyib ki, ötən konfransında qəbul olunmuş 2013-2017-cil illər üzrə “Əsas İstiqamətlər” Proqram sənədinin icrası təmin edilib. İlk növbədə, qurum 2005-ci ildən ardıcıllıqla davam edən müsbət artım dinamikasını 2013-2017-ci illərdə də qoruyub saxlayıb. Bu illər ərzində üzvlərin sayı 2,8 faiz artaraq 55 min 233 nəfər olub. Xidmətdə olan həmkarlar ittifaqı təşkilatlarının sayı da müvafiq dövrdə 4,2 faiz artaraq 756-ya çatıb.

Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində 8 plenum, rəyasət heyətinin 58 iclası, müşavirələr, yığıncaqlar, seminarlar və bir sıra tədbirlər keçirilib. Ənənəvi olaraq rəyasət heyətinin 4 səyyar zona iclası təşkil olunub.

Hesabat dövrü ərzində ittifaq üzvlərindən daxil olmuş ərizə və müraciətlər daim diqqət mərkəzində saxlanılıb. Ümumilikdə 2013-2017-ci illər ərzində respublika komitəsinə hüquq, islahat, maddi yardım, əmək fəaliyyəti, sağlamlıq və digər məsələlərlə əlaqədar 756 ərizə daxil edilib. Bu müraciətlərin hər birinə ətraflı cavab verilib və əksəriyyəti müsbət həllini tapıb. Bu illər ərzində komitənin göndərişi ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil etdiyi kurslara 148 nəfər cəlb edilib. Ötən dövr ərzində müxtəlif mövzularda 88 seminar və müşavirə keçirilib.

MİHİ-nin səmərəli fəaliyyətinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu və ölkənin ictimai-mədəni həyatında fəal iştirak edənlərin fəxri adlarla təltif edildiyini diqqətə çatdıran natiq bütün mədəniyyət işçiləri adından Prezidentə dərin minnətdarlığını bildirib.

Təmsil etdiyi qurumun yerli təşkilatlarla əlaqələrindən söz açan natiq deyib ki, bu gün bağlanmış kollektiv müqavilələrin əhatəsi 95 faizə çatıb. Əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək məqsədilə müəssisə və təşkilatlarda Fərdi Əmək Mübahisələri Komissiyaları yaradılıb, onlara əməli və metodiki köməklik göstərilib.

Bildirilib ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 2013-2017-ci illər ərzində beynəlxalq həmkarlar ittifaqı təşkilatları və ictimai birliklərlə əməkdaşlıq əlaqələrini daha da genişləndirib.

Hesabatda komitənin nizamnamə fəaliyyəti, ittifaq üzvlərinin əmək və sosial-iqtisadi mənafeləri, hüquqların müdafiəsi, işçilərin sağlamlıqlarının mühafizəsi, habelə əməyin mühafizəsi və texniki təhlükəsizliyi və digər məsələlərə toxunulub.

Sonra MİHİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.

Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2018-2022-ci illər üzrə əsas fəaliyyət istiqamətləri müzakirə edilib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, çoxsaylı mədəniyyət işçisini özündə birləşdirən bu qurum son illər mühüm işlər görüb. Mədəniyyət sahəsində çalışan insanların peşə fəaliyyətindən danışan Ə.Vəliyev onların dövlətimizin ictimai-siyasi həyatındakı xidmətlərindən də söz açıb.

Bu gün mədəniyyət sahəsində çalışan insanlara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini söyləyən nazir müavini bildirib ki, onların zəhməti hər zaman ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir.

Konfransın işinə uğurlar diləyən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışıb. Azərbaycanda iri layihələrin icrasının uğurla davam etdiyini vurğulayan natiq bütün bunların Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində reallaşdığını qeyd edib.

S.Möhablıyev MİHİ-nin fəaliyyətinə ölkə başçısı tərəfindən göstərilən dəstək və qayğıdan da söz açıb. Vurğulayıb ki, hər il dövlət başçısı çoxsaylı mədəniyyət işçisini müxtəlif fəxri adalarla təltif edir, onların fəaliyyətinə yüksək etimad göstərir.

S.Möhbalıyev son illər Əmək məcəlləsində “Həmkarlar İttifaqı haqqında” qanuna dəyişikliklər və əlavələr edildiyini diqqətə çatdırıb. Bildirilib ki, işçilər işdən çıxarılarkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı “Həmkarlar İttifaqı haqqında” qanunda və Əmək Məcəlləsində edilən dəyişiklik təşkilatın rolunun və nüfuzunun artmasına xidmət edir.

Sonra konfrans iştirakçılarının yekdil təklifi ilə Cəmilə Səttarova MİHİ Respublika Komitəsinin sədri seçilib. Həmçinin MİHİ Respublika Komitəsinin, təftiş komissiyasının və rəyasət heyətinin üzvləri də seçiliblər.

Yekunda MİHİ-nin fəalları müxtəlif mükafatlara və fəxri fərmanlara layiq görülüblər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ