Yaddaşımdakı anın izi ...

Tarix:13-09-2017, 08:06 Baxış Sayı:171

Yaddaşımdakı anın izi ...

Və bir də hər kəsə gözmuncuğu arzusu

Mən hər dəfə həyatımın müxtəlif məqamlarını qəzet səhifəsinə çıxaranda həqiqətən içimdən bir ağrı keçir. Təkcə ona görə yox ki, özüm haqqında yazıram. Həm də ona görə ki, bu yazdıqlarımla təkrar həmin anları yaşayıram və təkrar da onların nədən qaynaqlandığını, niyə baş verdiyini düşünmək zorunda qalıram. Digər tərəfdən də bu baxış bucağı oxucunu da, məni az-çox izləyənləri də haldan çıxarır, onlara da müəyyən təsirlər edir. Onun da bir tərs şilləsi yenə mənə dəyir. Deməli...
Bəli, indi bu həyat lövhələrindən bir yarpağı, bir vərəqi, bir anı gətirmişəm gözümün önünə. Və gözümün önündə dayanmış həmin o bir yarpağa, bir vərəqə, bir ana baxa-baxa düşünürəm. Düşünürəm ki, 29 il bundan öncə həmin bu gündə, bu tarixdə, bu saatda baş verən hadisə ilə bu günün, bu anın, bu tarixin nə qədər bağlılığı, nə qədər əlaqəsi var. Deyəcəksiniz ki, bu sadəcə bir söz adamının içindən gəlib keçən sualdı. Və yaxud da yaddaşımın sandığını açıb içərisindən götürdüyüm naftalinli hansısa bir xatirədi. Yox, bu sizə belə gəlir. Əslində həmin tarix 1988-ci ilə təsadüf edir. Həmin ilin, həmin dediyim günündə, tarixində elə sizin bu yazını oxuduğunuz anlarda Tuğ kənd orta məktəbinin həyətində ermənilər ilk qətlim törətdilər. Məktəbli Teymuru bıçaqla qətlə yetirdilər. Bax, o andan, o tarixdən Dağlıq Qarabağın ərazisində "daş dövrü"nün Tuğ kəndinə aid qanlı səhifəsi yazılmağa başladı. Dərs ilinin ilk həftəsində, ilk on günündə bir məktəbli Vətən üçün şəhid getdi. Sinif yoldaşları, müəllimləri, onun necə can verdiyini izləyə-izləyə, görə-görə heç nə edə bilmədilər. Çünki bıçaq ürəyə sancılmışdı. Heç onda qətli törədəni də tutub cəzalandırmadılar. Qaçırıb apardılar Ermənistana. Bu, həmin dövrün bir anormallığı idi. Qarabağda Sovet hökuməti yox idi. Qarabağda Azərbaycan hökumətinin dizi yerə gəlmişdi. Dağlıq Qarabağda Azərbaycan KP MK-nın sözünü heç arı vızıltısı da saymırdılar...

Hə, mən tarixi xatırladım. Və gözümün önündə dayanan həmin anın cizgilərini film lenti kimi irəli-geri fırladıram. Adamların həyəcanını, təlaşını, məktəbli uşaqların qorxudan çatlamış dodaqlarını, kirpiklərində qurumuş yaşı, bir sözlə, hər şeyi, məktəb direktorundan tutmuş məktəbin təsərrüfat işçisinə qədər hamının durumu gözümün önündədi. Hamının halını təkrar-təkrar canımda hiss edirəm. Hətta hadisə yerindən təqribən 300-500 metrlik məsafədə dayanıb olayların hansı istiqamətdə davam edəcəyini izləyən erməniləri də bu anda izləmək imkanım var. Amma tam səmimi deyim ki, onda ermənilərin bir ayağı qaçaq idi. Onlara elə gəlirdi ki, indi hadisə yerinə şanlı Sovet milisi gələcək... araşdırmalar başlanacaq... günahkarlar cəzalanacaq... Amma...

Amma doğurdan da şanlı Sovet milisi gəldi, bir barmaq kağız yazdı hadisə yerindən və sonra da sovet-rus əsgəri məsələləri öz nəzarətinə götürdü. Hələ də öz nəzarətində saxlayır. Biz isə ürəyimizdə gəzdiririk o itkini, o ağrını. Hələ nə qədər də gəzdirəcəyik onu bilmirəm. Bildiyim bircə odur ki, mən indi bu yazını yazanda məhz o hadisənin kino lentini yaddaşımın arxivindən çıxarıb qoymuşam gözümün önünə və baxıram... Sizi də o lentə baxmağa özüm də bilmədən dəvət edirəm...
Hərdən Qarabağda, bütövlükdə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dostlarla, yaxınlarla, həmkarlarla müəyyən fikir mübadiləsi aparırıq. Yaxşı haldı ki, sonda gəldiyimiz qərar torpaqların gec-tez öz halal sahibinə qaytarılacağını, daha dəqiq desəm, geri alınacağını hamımız təsdiq edirik. Amma zaman məsələsində heç razılığa gələ bilmirik. Bizi bu məsələdə birləşdirən bir söz, bir fikir var. O bədbəxt sözün də, fikrin də adı LAZIMDI. Hamımız deyirik ki, LAZIM gələndə. Günü qara LAZIM da ki, gəlib çıxmır. Nə isə...

Hər dəfə dözümlə, iradəylə bağlı ağlıma fikirlər gətirəndə nədənsə daha çox Dözümlü Xalq ifadəsi yaddaşımda təzələnir. Görünür, mən də, elə biz hamımız da bu qədər dözümlü olduğumuzdan LAZIMın da xəbəri var. Ona görə də hələ ki, ayağına xına qoyub və yerindən də tərpənmir. Belə davam eləsə, onu ancaq top atıb tərpətmək olacaq. Çünki səbir kasasının daşıması da bu dözümlü xalqa məxsus fikirdi. Bax, bütün bunların hamısını gözümün önünə gətirib, yaddaşımda təzələyib bir qərara gəlmək istəyirəm. Amma elə mən də LAZIMı gözləyənlərdən olduğum üçün köklü-köməcli, yerli-yataqlı bir nəticə əldə edə bilmirəm. Yenə hər şey qalır Allahın ümidinə. Allahın ümidinə demişkən, elə mənim də...
Deməli, bütün ümidlər Allahadı və Allah da bütün ümidləri təbii ki, öz iradəsiylə, öz istəyilə, özünün tutduğu cədvələ uyğun şəkild də göyərdir. Mənim ümidimin də nə vaxt göyərəcəyi onun yazısından asılıdı. Və mən də o yazırın həsrətini sevgimin həsrətinə qatıb yenə üzümü Sənə tuturam:

Yandırırsan, yaxırsan
Yanmağıma baxırsan...
Ölümdən də ağırsan -
Həsrət!..

Kipriyimi ütürsən
Necə gəldi ötürsən...
Tən ortada bitirsən -
Həsrət!..

Nəvazişli və həlim
Ətəyindədi əlim...
Yaman qısalıb dilim -
Həsrət!..

Bir az insaf, bir az da
Səndən gəlsin muraz da!
Barı, ax get Arazda -
Həsrət!..
***
İndi də həsrətini çəkdiyim o daş, o divar, o ağac, o kol, o çiçək, bir sözlə, dizlərimdə mərmi bitən yerlər üçün ürəyim göynəyir. Və mənə elə gəlir ki, bitib-tükənməyəcək bu göynərti... südlə gəlib sümüklə çıxacaq bu göynərti. Sonra da özümü qınayıram... özümə irad tuturam... ümidsizliyə qapıldığıma görə... öz içimə, öz dünyama çəkilib özümü məşhər ayağına çəkdiyimə görə... Bəzən belə məqamlarda yadıma rəhmətlik Sücaətin məşhur şeirinin iki misrası düşür. Sücaət yazırdı ki:
Uşaqları gülə-gülə yatırdıb
Yatmıram ki, ağlayıram gecələr...

Bəli, bu böyük bir həqiqətdi. Çünki insan yaşlaşdıqca yurd, torpaq onu daha çox çəkir. İstəyirsiniz inanın, istəyirsiniz yox. Bunu mən kəşf etməmişəm. Amma içimdə buna inanıram ki, insan yaşlaşdıqca torpağı daha çox sevməyə başlayır. Bunun da səbəbi, yəqin ki, torpaqla insanın arasındakı məsafəni günbəgün qısalmasıdır. Yəni insan sonuna doğru addımlayır, torpaq qollarını daha geniş açır... Hə, mən deyəsən daha çox qapıldım hisslərə və bu hisslərin dərin quyusundan çıxmaq üçün Məlikməmmədi də xilas edə bilməyən kəndir də indiki halda heç nəyə yarayan deyil. Burda köməyə çatsa Yaradan çatacaq, bir də onun ürəyində göyərtdiyi Sevgi. Şükürlər olsun ki, bunların hər ikisinə də birmənalı şəkildə tapınmışam. Onlar mənim ümidim, həm də xilaskarımdı. Ona görə də düşümədən, özümü dağa-daşa salmadan hər şeyi öz yerində, öz sırasında görmək arzusu ilə əlimi qələm-kağıza uzadıram. Yazmaq istəyirəm, bir də görürəm ki, artıq yazmışam.

Düşünürəm, düşünmək -
Heç nə deyil bəlkə də?!
Səni gülüm, kəşf etmək -
Nur tapmaqdı kölgədə!..

Mən təqvim dəyişmirəm
Əriyirəm təqvimdə...
Yaşadıram hər anı -
Ürəyimdə, əqlimdə...

Həyatın hər anını
İlahi sevgi etdik...
Bu sevgiylə hamını -
Səssizcə ötüb getdik...

Baş əyirəm təqvimə
Yazılan bu tarixə...
Düşünürəm biz onu -
Yaşayırıq fəxr ilə...

Gördünüzmü, çəkib çıxardı məni o quyudan, ağrıdan əli və verdiyi Sevgi. Və mən də o sevginin dünyaya gəlişini ömrümə, ömür kitabımın səhifələrinə hopdurdum. İndi o kitabın vərəqlərindən mənə tərəf baxan hər anı, hər sözü, hər şəkli birmənalı şəkildə anlayışla qarşılamağ çalışıram. Axı, bunlar mənim yaşantılarımdı və mən o yaşantılarla hələ də yaşayıram!.
Bəli, zaman öz axarını özünün istədiyi sürətlə və istiqamətlə davam etdirir. Onu azacıq da olsa ləngitmək, dəyişmək mənim kimi adi insanların gücündən çox uzaqdı. Odur ki, öz gücümü bilib mən o axına, o sürətə, o istiqamətə tərəf çevrilib baxmıram da. Anlayışlı olmaq mənim üçün daha önməlidi. Çünki anlayış göstərəni anlayışla da qarşılayırlar. Mənim anlayışımın kökündə əvvəldən dediyim kimi, ancaq İnam və Sevgi dayanır. Elə o inam və Sevgiylə də yazımı tamamlamaq istəyirəm.

Bir az da uzadaq əllərimizi
Bir az da sevgiyə yaxın dayanaq...
Yaşayaq ay gülüm, bir-birimizi -
Baxışla, nəfəslə candan duyaraq!

Bir az səsimiz bir kökə düşsün
Bir az da gözümüz gözdə oyansın...
Bizim ikimizə bir kökə düşsün -
Bizim yolumuzda ruzi dayansın...

Bir az da güvənək, bir az da artıq
Nə varsa hamısın kəsib tullayaq...
Səninlə birlikdə cəbhəni yardıq -
Həsrətdən nə qalıb əzib tullayaq...

Bir az da şıltaqlıq, bir az da gənclik
Həvəsi saxlayaq qocalıq üçün...
Sevgiyə dözümdən, bir də güvəndən -
Başqa nə lazımdı, ucalıq üçün?!

Doğurdan da bugünün ovqatı heç ürəkaçan olmasa da, mən özümü yazı boyu izlədiyimiz duyğulara kökləməyə çalışdım. İstədim ki, oxucu qarşısında gözükölgəli olmayım... İstədim ki, yazdıqlarım könül bulandırmasın... istədim ki, həmin o gözümün önündə dayanan ömrün bir anını özüm üçün arxivdən çəkib çıxarım, əl atıb götürüm... Bilmirəm, bütün bunlar oldu, alındı, ya yox. Ümumiyyətlə, bütün bu istəklərimin kökündə nələr durduğunu hamı az-çox bilir. Amma daha dəqiqini Allahım bilir, bir də ki, Sən! Ona görə də özüm-özümə pıçıldayıram və elə həmin o pıçıltını da dörd misra etmişəm, cəmi dördcə misra. O misranın da ovqatını sizinlə bölüşürəm. Bəlkə xoşunuza gəldi, bəlkə ovqatınıza ovqat qatdı. Bu da Allahın işidi, ola da bilər, olmaya da. Olan isə hələlikdə o dörd misradı:

Talehim o qədər qəribədi ki,
Sevincə kədərim gözmuncuğudu...
Mənim kədərimi sənin sevincin -
Görmək istəməyib göz yumduğudu!..

Son olaraq hər kəsə bir gözmuncuğu arzu edirəm -taleyinin sevincinin, sevgisinin gözmuncuğunu.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ