Fond Cocuq Mərcanlı məktəbinə kitablar hədiyyə edib

Tarix:13-09-2017, 07:43 Baxış Sayı:36

Fond Cocuq Mərcanlı məktəbinə kitablar hədiyyə edib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Cocuq Mərcanlıda olub.

Fonddan MANERA.AZ-a bildirilib ki, yerli əhali ilə görüş keçirilib, kənd məktəbinə kitablar hədiyyə olunub.

Oktay Səmədov bildirib ki, “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 24-də imzaladığı Sərəncamdan sonra Bilik Fondu Cocuq Mərcanlı kəndində inşa olunacaq orta məktəbin kitabxanası üçün kitabların toplanılması aksiyasına başlayıb. Bilik Fondunun ictimaiyyətə ünvanladığı çağırışın nəticəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı və Mingəçevir şəhərlərinin orta məktəbləri, Fondun mühazirəçiləri, könüllüləri tərəfindən təqdim olunan, o cümlədən kitab mağazalarından alınmış ümumilikdə 1000 nüsxədən çox kitab toplanılıb. İcraçı direktor Bilik Fondunun bundan sonra da Cocuq Mərcanlıda maarifləndirici istiqamətdə səmərəli layihələr həyata keçirəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Orucova, müəllimlər Leyla Maqsudova və İlkin Təbrizli çıxış edərək yerli əhalinin ovqatının yüksək səviyyədə olduğunu, məktəbin müasir avadanlıqlarla təmin edildiyini, şagirdlərin yeni dərs ilinə həvəslə hazırlaşdıqlarını bildiriblər.

Bilik Fondunun icraçı direktoru kənd müəllimi Leyla Maqsudovanın yaşadığı mənzildə də olub. Fondun "Ev kitabxanası" layihəsini xatırladan Oktay Səmədov bildirib ki, Cocuq Mərcanlıya növbəti səfər zamanı mənzillərdə kitabxanaların formalaşamasına təkan vermək məqsədilə ailələrə kitablar hədiyyə olunacaq. Leyla Maqsudova doğma yurdlarında yaradılan rahat şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə inşa edilmiş Cocuq Mərcanlı məscidində də olub. Oktay Səmədov dövlətimizin başçısının milli-mənəvi dəyərlərə böyük həssaslıqla yanaşdığını vurğulayaraq bu dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsinin ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu söyləyib.

Fondun “Məscid kitabxanası” layihəsi çərçivəsində Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ