“Biz boş torpaqlarda məskunlaşa bilirik” – Müsahibə

Tarix:4-09-2017, 17:05 Baxış Sayı:444

“Biz boş torpaqlarda məskunlaşa bilirik” – Müsahibə
Bu dəfəki müsahibim Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikovdur. Onunla cəmiyyət üçün vacib olan məsələlərdən danışdıq.

Manera.az söhbəti təqdim edir:

Cəmil müəllim, hazırda ölkəmizdə istixana təsərrüfatının inkişafı ilə bağlı vəziyyət nə yerdədir? Bu sahənin inkişafı üçün hansı addımlar atılır?

- Çox sağ olun sualınıza görə. Hazırda ölkəmizdə ümumilikdə 1500 hektara yaxın istixana təsərrüfatı mövcuddur və bu say gündən-günə artmaqdadır. Bir çox rayonlarda istixana biznesi uğurla inkişaf edir. İstixanalar həm iş adamlarına, həm də fermerlərə böyük gəlir gətirə bilir. İstixanaların əsas xərclərindən biri enerji təchizatı ilə bağlı yaranan xərclərdir. Buraya qaz, mazut, yaxud digər enerji resurslarına sərf olunan vəsait istixana xərclərinin əsasını təşkil edir. Həmin xərcləri azaltmaqla bərabər ekoloji tarazlığın qorunması, iqlim problemlərinin aradan qaldırılması üçün bərpa olunan enerji mənbələrinin istifadəsi bu gün hər tərəfli öz bəhrəsini verir. Nəzərinizə çatdırım ki, bir müddət əvvəl Samux Aqroenerji Kompleksinin açılışı zamanı ilkin bioenerji sobasını təqdim etdik. Onu da deyim ki, həmin bioenerji sobasının fəaliyyəti üçün Azərbaycanda kifayət qədər əlverişli potensial mövcuddur. Bunun sayəsində ölkədə artmaqda olan pambıq tarlalarında yaranan çöplərdən enerji mənbəyi kimi istifadə olunması və istixananın fəaliyyəti üçün tələb olunan enerji mənbələrini həm isti su, həm də buxar şəklində əldə etmək mümkündür. Adi pambıq çöpləri hesabına istixanalar tək qazın istifadəsindən, çöplərin hazırlanması, onların istehsalının breket formasına salınması və digər prosesləri nəzərə alaraq müəyyən edilib ki, hər hektara bir ay ərzində 2500 manata qədər qənaət olunur. Nəzərə alsaq ki, Azərbaycanda 1500 hektaradək istixana var, bu halda 1500 manatı 2500 manata vursaq, qənaət olunan vəsait üç milyon manat təşkil edir. Bu isə yalnız pambıq çöplərinin istifadəsini reallaşdıra bilsək mümkündür. Çünki bu çöplərin tarladan uzaqlaşdırılması tarlaların növbəti məhsulunun yetişməsinə çox böyük təsir göstərir. İstifadə olunan dərmanların, o cümlədən məhsuldarlığa ziyan vura biləcək vasitələrin azaldılmasına gətirib çıxarır. Bunun hesabına təbiətə, havaya, torpağa dəyən ekoloji problemləri yaradan faktorların sayı azalır. Eyni zamanda, qazdan istifadə etməklə atmosferə buraxılan karbon qazının miqdarı əhəmiyyətli dərəcədə aşağı düşür. Bununla da bərpa olunan enerji mənbələrinin istifadəsi iqtisadiyyatın hər sahəsinə öz töhfəsini vermiş olur.

- Pambıqçılığın, istixana komplekslərinin inkişafı daha hansı töhfələr verir?

Dediyim kimi, azad, boş torpaqlarda biz məskunlaşa bilirik. Orada özümüzün enerjimizi, suyumuzu və gələcəkdə bütün kənd təsərrüfatı sahələrini yaradaraq bir kompleks şəklində inkişaf etdirə və həmin məkanda yeni yaşayış yerləri, qəsəbələr, iqtisadi və sosial komplekslərin yaranmasına səbəb ola bilirik. Bütün bunlar Samux Aqroenerji Kompleksinin bu gün əldə etdiyi nailiyyət və nəticələrdir. Ümid edirəm ki, əldə olunan uğurlar digər rayonlarımızda da öz bəhrəsini verəcək. Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı sahəsində prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan xüsusi dövlət strategiyası mövcuddur. Sənədə əsasən hər rayonda aqrar komplekslər yaradılmalıdır. Bizim də töhfəmiz əsasən bu aqrar komplekslərin əhatəsində enerji bloklarının inşası və bərpa olunan enerji mənbələrinin geniş istifadəsinə şərait yaradılmasından ibarətdir. Samux Aqroenerji Kompleksinin analoqu olmasa da, kompleksdə qazanılan nəticə, sxem və texnologiyalar digər yaradılan artıq ölkə planlarının məqamlarında nəzərdə tutulmuş aqrar komplekslərinin yaranması üçün öz töhfəsini verəcək.

-Külək günəş enerjisi ilə bağlı yeni layihələr varmı? Çilov adasında Avropa ittifaqı ilə birgə hazırlanan layihə üzrə işlərin gedişatı ilə bağlı nə deyə bilərsiniz?

Bu gün bir neçə layihə var ki, onun üzərində beynəlxalq ekspert qrupları birgə iş aparılır. Ölkəmizin həm alternativ enerji bazarı, həm də enerji resusrlarının istifadə sahəsində malik olduğu payı artıranadək üzvi yanacağa qənaət edilməsinə nail olmağa çalışırıq. Sözsüz ki, bütün bunlarla yanaşı Azərbaycan 2030-cu ilə qədər atmosferə atılan karbon qazı tullantılarının 35% faiz azaldılması öhdəliyinə nail olmağı da planlaşdırır. Lakin bütün bunlara yalnız enerji effektivliyinin təmin olunması ilə nail olmaq mümkünsüzdür. Təəssüflə qeyd etmək istərdim ki, bu gün atmosferə atılan ən böyük tullantı həcmi elektrik enerjisi istehsalının payına düşür. Elə ona görə də bu faktor bizi bərpa olunan enerji mənbələrindən istifadəyə təşviq edir. Dünya artıq bu yolda irəliləyir. Dövlətin öncədən müəyyən etdiyi strategiyaya uyğun olaraq 2020-ci ilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı gücü 420 meqavattadək artırılmalıdır ki, onun da 350 meqavattı külək, 50 meqavattı günəş, 20 meqavatt isə bioenerji resusrları hesabına əldə olunacaq. Müxtəsəri, Azərbaycan bu gün industrial energetika sahəsində külək enerjisinin artırılmasına nail olmalıdır. Bunun üçün bizim bir neçə böyük layihəmiz mövcuddur. Onlardan biri də Pirallahı və Çilov adaları arasında estakada vasitəsilə yeni yolun inşası, yol ətrafındakı platformalar üzərində külək durbinlərinin quraşdırılmasıdır. Bu üsulla biz “Neft daşları”nda onilliklər boyunca yığılan təcrübəni artıq bərpa olunan energetikaya, yəni külək enerjisi sahəsinə yönəltmək niyyətindəyik. Biz sadəcə olaraq Xəzər dənizinin üzərindəki neft buruqlarının tədricən külək qütblərinə necə çevrildiyini göstərmək istəyirik. Bundan əlavə Azərbaycanın kifayət qədər çoxlu külək zonaları var ki, onların da əksəriyyəti Abşeron yarımadasının şimal hissəsində. Yüksək potensiala malik ərazilərimiz də Xızı rayonunda, paytaxtın 70-80 kilometr şimal-şərqində yerləşir. Orada artıq bu gün 26 durbin quraşdırılır və yaxın zamanda onun işə salınmasını gözləyirik. Əlavə olaraq deyim ki, H.Z.Tağıyev qəsəbəsindəki 20 ədəd külək durbinində təmir və sazlanma işəri başa çatdırılıb. Həmin külək turbinləri dövlət agentliyinin balansında deyildi. Faktiki olaraq, bu layihə özəl struktur tərəfindən həyata keçirilmişdi. Sonradan bu əmlak məhkəmə qərarı ilə dövlət tərəfindən alınaraq, təqribən bir həftə əvvəl Nazirlər Kabinetinin qərarı ilə dövlət agentliyinin balansına verilib. Yəni, biz indi tam hüquq əsasında onların istismarı, nəticədə isə əldə olunan enerjinin satışına başlaya bilərik. Nəzərinizə çatdırım ki, bu turbinlər bir-bir işləməyə başlayır, yaxın vaxtlarda təhvil- təslim işləri başa çatdıqdan sonra ümid edirəm ki, biz stansiyanın tam gücü ilə işləməsinə nail ola biləcəyik.

-Burada yalnız ölkə daxilində istehsal olunan panellərdirmi?

2012-ci ildə Sumqayıtda “Azgüntex” zavodu fəaliyyətə başladıqdan sonra Azərbaycanda geniş miqyasda istifadə olunan bütün günəş panelləri həmin zavodun istehsalı olan məhsullarıdır.

-Xaricdən ölkəyə enerji panelləri idxal edilirmi?

Nəzərinizə çatdırmaq istərdim ki, bu gün bazarda xarici ölkələrdən alınan panellər də mövcud olsa da, sayı son dərəcə azdır. Üstəlik, günəş panellərinin daşınma, gömrük və digər xərclərini də nəzərə alsaq, görərik ki onlar yerli istehsal olan panellərin qiymətindən xeyli baha satılır. Üstəlik, yerli istehsal olan panellər Avropa standartlarına uyğundur. Artıq dörd ildən çoxdur ki, bu avadanlıqların hər biri Almaniyada xüsusi sertifikata layiq görülüb və öz sertifikat daşıyıcılığını ildən ilə təsdiqləyə bilir. Onun hesabına bu panellər digər keyfiyyətsiz, ucuz, istifadəyə yararsız analoqları ilə müqayisə oluna bilməz. Yerli istehsal olan enerji panelləri indiyədək bir sıra beynəlxalq tenderlərdə də iştirak edib. Bizim texniki göstəricilərimiz ən yükək parametrlərlə ölçülür və ümid edirəm ki, günümüzdə Azərbaycan bu sahədə dünya standartlarına uyğun irəliləyə bilir. Yeri gəlmişkən, biz bir neçə rayonda da küçələrin günəş panelləri hesabına işıqlandırılmasını həyata keçirmişik. Bu həm xidmət baxımından kifayət qədər uğurlu nəticədir, həm də elektrik kabelləri və yarımstansiyaların aradılmasına ehtiyac olmadığı üçün günəş texnologiyaları həm qiymət, həm də kapital qoyuluşu baxımından daha üstün hesab olunur. Bundan əlavə nəhayət elektrik enerjisinin ildən-ilə artan dəyərini nəzərə alaraq günəşdən pulsuz enerji almaq bir çox istiqamətlərdə istehlakçılar üçün daha əlverişlidir.

-Cəmil müəllim, bu gün paytaxtımız da daxil olmaqla, bir neçə bölgədə günəş enerjisi ilə işıqlandırılan elektrik dirəkləri quraşdırılıb. Bu işlərin davamı olacaqmı?

Dövlət agentliyinin günəş texnologiyaları və yaxud günəş enerjisi istehsalı sahəsində öz siyasəti var. Bu da ondan ibarətdir ki, biz ilk öncə günəş panellərini yararsız torpaqlarda yerləşdirməliyik. Biz həmin torpaqlarda günəş stansiyalarını magistral yolların, yollardakı məlumat lövhələrinin enerji təchizatını həyata keçirmək məqsədilə yaratmaq niyyətindəyik. Bu layihələrdən birincisi 2014-cü ildə Suraxanı rayonunda gerçəkləşib. Əlavə olaraq Sumqayıt yolu, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən sonrakı, eləcə də Qaradağ rayonu Sahil qəsəbəsi yaxınlığındakı yol ayrıcında da məhz bu sistemdən istifadə olunur. Yaxın vaxtlarda isə Pirallahı rayonunda bizim yeni bir stansiyamızın açılışı nəzərdə tutulub. Aktiv icra mərhələsindəki layihələrimizi başa çatdırandan sonra isə digər yeniliklər barəsində qərar verəcəyik. İndi Neftçala, Balakən, Gədəbəy, Samux rayonları və Naxçıvan şəhəri üzrə texniki-iqtisadi əsaslandırmalar hazırlanır.

-Bayaq dediniz ki, günəş enerjisindən istifadə artmaqdadır. Sizcə, bu artım qiymətlərə təsir edə bilərmi? İstehsal çox olsa, enerjinin qiymətində azalma ola bilərmi?

Dünya təcrübəsinə əsasən belə bir təsir mövcuddur. Ən çox Avropa ölkələri və Avstriyada günəş enerjisi texnologiyalarından istifadə olunub. Ötən ildən başlayaraq Almaniyada şənbə və bazar günləri enerji istehlakına tələbat azaldığı və havanın günəşli olduğu vaxt onlar enerjini tam pulsuz olaraq istifadə edir. Bununla da əhali və müəssisələri günəş enerjisindən daha çox istifadə etməyə yönəldirlər. Bildiyiniz kimi, enerji belə bir substansiyadır ki, nə qədər istehsal olunursa, o qədər da istehlak olmalıdır. Onu şəbəkədə yığıb saxlamaq olmaz. Nəzərə alsaq ki, ölkəmizdə minlərlə meqavatt gücü olan stansiyalar var, onları işə salıb işini dayandırmaq və ya istehsal həcmini artırıb azaltmaq mümkün deyil. Bundan başqa milyonlarla evdə günəş enerjisinin hesabına enerji istehsal olunmaqdadır ki, bu da son nəticədə şəbəkəyə paylanılır. Bu halda şəbəkə də enerji istehlakının artırılmasına maraq oyatmaq üçün qiyməti aşağı salır, gəliri ən alt səviyyəyə endirir.

-Məsələn, hər kəs öz evi üzərində quraşdıra bilərmi?

Qanunvericiliyə əsasən, texniki imkanlar nəzərə alınmaqla quraşdıra bilərsiniz. Vətəndaş bunun üçün “Azərışıq”la müqavilə bağlamaqla, əlavə sayğac quraşdırmalıdır. Vətəndaş istifadə etdiyi enerjinin və istehsal olunan enerjinin haqqını onlara ödəyəcək, yaxud onlar hər ay və ya müqaviləyə uyğun olaraq ildə bir-iki dəfə sayğacın göstəricilərini yoxlayaraq balans çıxaracaq. Bu sayğac alternativ enerjiyə aid deyi, ikitərəfli sayğacdır. Əgər sən həm istehlak, həm də istehsalla məşğulsansa, o həm istehlakını həm də istehsalını hesablayan sayğacdır. Ondan təkcə alternativ enerji ilə istifadə etmək olmaz. İstəsən qaz, istəsən də dizel generatoru quraşdıra, yaxud evində də enerji istehsal edə və şəbəkəyə sata bilərsən. Ancaq bu şəbəkədən almaqdan daha başa gələcək.

-Cəmil müəllim, “Bir ev, bir stansiya” layihəsi var idi. Deyəsən, onun effekti olmadı...

-Xeyr, çox effektli bir layihədir. Lakin bu layihənin həyata keçirilməsi yolunda yeganə çətinlik maliyyə mənbəyidir. Çünki bu layihənin icrası üçün böyük maliyyə dəstəyi olmalıdır. Ucuz kreditlər və yaxud dövlət tərəfindən hər hansı subsidiyalar ayrılmalıdır ki, insanlar o avadanlığı alıb evlərin damlarında quraşdıra bilsin. Bu işin həyata keçirilməsi üçün artıq Çin dövlətinə müraciət olunub. Çin Azərbaycana texniki yardım çərçivəsində 200-300 ədad belə qurğuların alınmasında maliyyə dəstəyi göstərəcək. Bununla da ilkin mərhələdə 200 avadanlıq gətiriləcək. Ümid edirik ki, gələn ilin əvvəlində biz o avadanlıqları almağa nail olacağıq. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.

- Dediyiniz sayda avadanlığın alınması üçün təqribən nə qədər vəsait tələb olunur?

Bu sıraya müxtəlif avadanlıqlar daxildir. Çinin Azərbaycana verdiyi texniki yardımın məbləği təqribən 3 milyon dollar təşkil edir. Həmin avadanlıqların gücü isə 100 kilovatdan 2 kilovata qədərdir. Əgər biz ilkin alternativ enerji bazasını formalaşdıra bilsək, insanlarda maraq yaratmağa nail olacağıq. Sözsüz ki, onu kredit resursları vasitəsilə həyata keçirdikdə, insanlar onun üzərindən əlavə qazanc əldə etməlidir. Nəzərdə tutduğumuz layihənin icrası ilə biz yaxın zamanda uğurlar əldə edəcəyik.

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ