Səlim Babullaoğlunun həyat yoldaşına yazdığı şeirlər

Tarix:7-08-2017, 13:11 Baxış Sayı:93

Səlim Babullaoğlunun həyat yoldaşına yazdığı şeirlər

Şair Səlim Babullaoğlunun həyat yoldaşı Həmidə xanıma yazdığı şeirləri təqdim edirik:

Həmidə xanıma iki şeir

1.

Yolunun üstündə tək ağac olub bitsəm,
kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?

Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə –
torpağın ətri çıxacaq onda,
ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?

Ya yağış qəfil haqlasa səni
evə tələsəndə,
islanıb,
peşmanlanıb,
göylərə lənət yağdırıb söylənəcəksənmi?

Cənubda qar
az tapılar,
bir qış axşamı quşbaşı qar olub yağsam,
uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?

Ya uşaqlardan biri yıxılsa,
ya totuq barmaqları donsa,
de, gülüm, hirsələnəcəksənmi?

Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm,
ölümün yaxasından tutub dillənəcəksənmi?
Ya çıxıb getsəm,
yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?

Və bir gecə
elə beləcə şeirlər yazıb,
yuxuna haram qatıb,
səni oyadıb
oxusam sənə,
düzünü de, gülüm, xoşlanacaqsanmı?

2.

İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.

Qırxı çıxdı bu ömürün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.

Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş balaları.

Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni gözlə,
Bu səfərdən dönər qocan o axşamçağı.

/artkaspi.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ