Yüksək nəticə göstərən məzun: “Qarşımıza böyük məqsədlər qoymalıyıq”

Tarix:14-07-2017, 11:10 Baxış Sayı:65

Yüksək nəticə göstərən məzun: “Qarşımıza böyük məqsədlər qoymalıyıq”

ADU-nun ən yüksək nəticə göstərən məzunu Aysel Səfərzadə: “Qarşımıza daha böyük məqsədlər qoymalıyıq”


“Əslində magistrlər arasında universitet birincisi olduğumu yığdığım ballara əsasən təxmin edirdim, lakin respublikamızda fəaliyyət göstərən universitetlərin magistrləri arasında da ən yüksək akademik göstərici ilə bu il məhz mənim məzun olmağım həm gözlənilməz, həm də son dərəcə qürurverici oldu”.


Bu sözləri Azərbaycan Dillər Universitetini (ADU) 99,2 bal ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirən Aysel Səfərzadə söyləyib.

O, ADU-da imtahanların yazılı üsulla keçirildiyini və belə imtahanların testlə müqayisədə olduqca çətin olduğunu, buna baxmayaraq, müəllimlərin verdiyi dərin bilik və bacarıqlar, yüksək motivasiya, şəffaf qiymətləndirmə və özünün əzmlə çalışmasının uğur qazanmasına kömək olduğunu deyib: “Hər hansı bir işə başlamazdan əvvəl hər zaman qarşıma ən yüksək nəticəni əldə etmək məqsədini qoydum və bu da məni uğura aparan motivasiya mənbəyi oldu. Gələcəkdə həm təhsilimi davam etdirməyi, həm də universitetimizdə İngilis dilinin qrammatikası kafedrasında müəllim olaraq çalışıb yiyələndiyim bilik və bacarıqları gələcək nəsillərə ötürməyi düşünürəm. Məhz bu arzumdan irəli gələrək də dil fakültələri tələbələrinə kommunikativ qrammatikanın tədrisi yolları haqqında yazıb, uğurla müdafiə edərək magistr elmi dərəcəsini aldım”.

O, növbəti illərdə də bu sahə üzrə çalışıb daha böyük uğurlar əldə etməyi düşündüyünü, bu arzu və məqsədlərinin reallaşdırılmasında ən böyük dəstəkçisinin ailəsi olduğunu söyləyib. Onun sözlərinə görə, seçdiyi universitet və burada təhsil verən müəllimlərin hər tələbənin şəxsiyyət kimi formalaşmasında böyük rolu var. A.Səfərzadə ADU-nun ona mübariz olmağı və həyatında heç bir maneəyə fikir vermədən daima irəli addımlamağı öyrətdiyini sözlərinə əlavə edib: “Hər zaman qarşımıza daha da böyük məqsədlər və hədəflər qoymalıyıq, onları reallaşdırmaq üçün kiçik addımlarımızı müəyyənləşdirərək, elm sahəsində daha da böyük nailiyyətlər əldə etmək üçün əzmlə çalışmalıyıq. ADU bizə ədalət və haqq tərəfdarı olmağı, vəfalı, sədaqətli, vicdanlı və möhkəm əqidəli bir insan olmağı öyrətdi, mənəvi təmizlik, səmimiyyət, həqiqi dostluq və yoldaşlıq etməyi bacarmaq kimi insani keyfiyyətlərin formalaşmasına təkan verdi”.

A.Səfərzadə həm bakalavr, həm də magistr təhsili aldığı müddətdə ən yaddaqalan xatirələrinin bacısı ilə bağlı olduğunu bildirib: “Universitet illərində müəllimlərimiz mən və bacımı həmişə qarışıq saldıqları üçün maraqlı hadisələr baş verirdi. Amma mənim üçün universitet tarixində ən yaddaqalan və həmişə sevinclə xatırlayacağım hadisə mən və bacıma 2 il bundan öncə universiteti bakalavrlar arasında ən yüksək nəticə ilə bitirdiyimiz üçün o zamankı rektorumuz Səməd Seyidov tərəfindən məzun günündə fərqlənmə diplomunun verilməsi olub. Eyni zamanda, yenidən həmin fəxri kürsüdə magistr olaraq ən yüksək nəticə ilə bitirdiyimizə görə rektorumuz Kamal Abdulla tərəfindən magistr fərqlənmə diplomumuzun təqdim olunmasını unutmayacağıq”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ