Oxunub : 225 | Tarix : 9-01-2017, 12:18 | Bölmə: Cemiyyet


Mən niyə evlənmirəm?... - Fərid Azəri yazır |MANERA.AZ
Mən karyerist adamam. Bir az da eqoistəm, həm də idealist. Bəlkə də elə buna görədir ki, ömrümün 30-cu qışını yalqız qarşıladım. Elə düşünməyin ki, özümü tərifləyib, hansısa məqsədlərə nail olmaq istəyirəm, yox. Əslində, indiki sosial-iqtisadi şəraitdə 29 yaşına çatmış, buna rəğmən stabil, daimi işi olmayan bir adamın evli olmamasına normal yanaşmaq lazımdı. Həm də uşaqlıqdan bəlli məqsədlə yaşamışam.

KARYERİST

Hər zaman istəmişəm ki, sevdiyim işlə məşğul olum, həmin sahədə bütün mümkün zirvələri fəth edim. Özümü olmasa da, imzamı tanısınlar.
Bu məqsədlər uğrunda şəxsi həyatımı hər zaman ən sonuncu sıralara ertələmişəm. İstər ali məktəbdə təhsil aldığım vaxtlarda, istərsə də 6 illik Jurnalistika fəaliyyətim dövründə imzama, özümə və nəhayət başqalarına hörmət etməyi üstün tutan adam olmuşam, indi də beləyəm.
Çoxdanın söhbətidir: sinif yoldaşlarımdan biri ilə görüşmüşdüm, bir az söhbətləşdik, öyrəndim ki, daimi işi olmasa da ailəlidir, hətta iki övladı da var. Özü də uşaqlarından elə fəxrlə danışırdı ki, söhbət əsnasında ona paxıllığım tutmadı desəm, yalan olar. Doğrusu, özü də 30 yaşımda hələ də evli olmadığım üçün məni qınadı. Amma onunla xudahafizləşib geri qayıdarkən yolda fikirləşdim ki, adamın daimi işi yox, ailənin sosial imkanları da bir o qədər parlaq deyil (evdə bir tək atası işləyir), ailədə altı nəfərdirlər. Hazırkı mürəkkəb şəraitdə bu altı nəfərin təkcə aylıq qida xərclərini hesablayanda, bu məbləğin nə qədər yüksək olduğu ortaya çıxır. Hə, bir də demişdi ki, banklardan birinə kredit borcları var.

Yuxarıda təsvir elədiyim vəziyyətə minlərlə nümunə gətirmək və bu nümunələrin arasında 18, 22, 25 yaşlarında olan, amma hələ də müxtəlif səbəblərdən iş tapa bilməyən, buna rəğmən valideynlərinin təkidi ilə ailə quran minlərlə insanı göstərmək olar. Sonuncu nümunə isə minlərlə ailənin dağılmaq təhlükəsi ilə üz-üzə olduğunun göstəricisidir.

Bəzi sentimentalist insanlar bu sətirləri oxuyanda düşünə bilər ki, “Əşşi, iki könül bir olanda samanlıq seyran olur”. Həqiqət isə ondan ibarətdir ki, ailə qurmağa hazırlaşan iki gəncin arasındakı sevgi zamanla tükənib gedir. Onu hörmət, ən pis halda isə məcburiyyət əvəzləyir. Lakin, əgər ailənin başçısı ali təhsillidir, işləyir və ailəsini maddi cəhətdən qismən də olsa təmin edə bilirsə (istənilən ailə üçün aylıq qazanc məbləği kifayət eləmir), bu faktorun özü həyat yoldaşı ilə aralarında yarana biləcək mübahisələrin maddi səbəbini müəyyən qədər arxa plana keçirir.

EQOİST


Eqoizm – Bir şəxs tərəfindən öz xeyrinə hesablanan, şəxsi maraqlarını digərlərinin maraqlarından üstün tutan davranışların sərgilənməsi.

...Amma mənim eqoizmim bir qədər fərqlidir. Mən bu mənada gələcəkdə quracağım potensial ailənin maksimum dərəcədə az sosial problemlərlə üzləşməsini istəməyim baxımından eqoistəm. Yeganə istədiyim potensial həyat yoldaşımın mən evdə olmayanda qonşumuz Fatmanisə xalanın qapısını döyüb, “Yoldaşım evdə yoxdur, pulumuz da yoxdur. Mənə 40 qəpik verin çörək alım, yoldaşım işdən gələndə verəcəyəm” – kimi xahişlə başqasına möhtac olmamasıdır. Bəli, mən gələcək ailəmi mümkün olduğu qədər ehtiyac içərisində yaşatmaq istəmədiyim üçün eqoistəm. Bu da özünəməxsus bir eqoizm növüdür. Yuxarıda sadaladığım hadisənin baş verməməsi üçün də mən xeyli zəhmət çəkməli, öz üzərimdə işləməli və daha da irəli getməliyəm. Bu kompromissiz prinsipim də məni gətirib, 30 yaşıma çatdırıb. Üstündən bir 30 il də keçsə, bu baxımdan qəti mövqedən dönən deyiləm. Özü də deyim ki, bu xasiyyət mənə atamdan keçib. Onun da gedib başqalarından borc istəməkdən xoşu gəlməz.

Hər kəsin həyatında çətinliklər olur. Bəzən evə çörək almağa pul tapmamışıq, amma heç vaxt gedib qonşudan çörək və ya onu almaq üçün borc pul istədiyimiz yadıma gəlmir. Belə bir şey olmayıb. Amma bir onunla qürur duyuram ki, atam hər zaman bizə dürüst yaşamağı, heç kimə boyun əyməməyi öyrədib. Bəlkə də indi mənim “eqoizm” adlandırdığım xüsusiyyətim də məhz atamdan keçib.

Mən hər zaman gələcəkdə quracağım potensial ailənin ən azı 50 nəfərdən üstün yaşamasını təmin etmək üçün gecə-gündüz işləməyi qarşıma məqsəd qoymuşam. Yəni, atamın və bütün ataların etdiyi kimi sözün əsl mənasında gecə və gündüz, sağlamlığı heçə sayaraq potensial ailəm üçün gözəl həyat bəxş etmək uğrunda çalışmağa söz vermişəm. Bu baxımdan “eqoist” olmağımla fəxr edirəm.

İDEALİST

Deyirlər, “İdealistlər ömür boyunca axtarışda olur, amma bu axtarış heç nə ilə nəticələnmir” İdealistlərin ömrünü həsr edəcəyi xanım (həyat yoldaşı) mütləq bu keyfiyyətlərə sahib olmalıdır: Ağıllı – İdealist insanlar həyat yoldaşını mütaliə edən, dünyadan xəbəri olan, geniş dünyagörüşünə malik, danışığını və hərəkətini bilən, başqalarına hörmət edən biri kimi təsəvvür edir.
Sadə - Sadəlik insanın zinətidir. İdealistin həyat yoldaşı zahirən çox gözəl, sadə, səmimi və mütləq xoşrəftar olmalı, kişilərin demək olar ki hamısının zəhləsi gedən “deyingənlik” adətindən uzaq durmalıdır.

Hər halda, bilirəm ki bu yazını oxuyacaq olan insanların hərəsi bir cür yanaşacaq. Biri deyəcək ki, bunlar hamısı cəfəngiyyat və jurnalist təxəyyülündən başqa bir şey deyil. Digəri düşünəcək ki, buradakı prinsipləri gözləməli olsan gərək ümumiyyətlə ailə qurmayasan. Üçüncüsü isə 100 faiz deyəcək bu adamın işi-gücü yoxdu. Vaxtını bu mənasız yazını yazmağa sərf eləyib. Üstəlik də əlavə edəcək: “Evlənirsən evlən, evlənmirsən camaatın başını xarab eləmə”.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər