İstismara dair bir neçə cümlə - Seyran Quliyev yazır | MANERA.AZ

Tarix:29-11-2016, 12:37 Baxış Sayı:226

İstismara dair bir neçə cümlə - Seyran Quliyev yazır | MANERA.AZ
Seyran Quliyev

Orta əsrlərdə hökmdarlar insanları öz qulları hesab edərdilər. Necə ki, bütün insanlar Allahın quludur, hökmdarlar üçün də bu belə idi. Onlar öz hökmranlıqlarını Allahın seçimi adlandırır və bəşəriyyətin Yaradıcısının Yerdəki səlahiyyətli nümayəndəsi kimi davranırdılar. Bu zaman Quran ayəsinə istinad edilirdi. Belə ki, Qurani-Kərimdə zamanın iqtidar sahiblərinə itaət etmək vurğulanır və hökmdara qarşı çıxmaq Allaha qarşı çıxmaq kimi dəyərləndirilirdi. Bu mənada bir seçilmişlik anlayışı vardı və bununla fəxr edilirdi.

Bu hər yerdə belə idi, o cümlədən bizim coğrafiyada da. Bu barədə tarixi sənədlərdə də maraqlı nüanslar var. Bir neçə ay öncə Əmir Teymurla Sultan Bəyazid arasında keçən məktublaşma dilimizə tərcümə olunub yayımlanmışdı. Teymurun sultan Bəyazidə “Allahın düşmən üzərinə çəkilmiş qılıncı və ədaləti, sevdiyi qulları üçün göndərilən düşməni və münkirləri aradan qaldıran...” xitabları ilə başlayan məktubuna Osmanlı sultanının cavab məktubu belə başlayırdı :
“Həmd Allaha məxsusdur. O, bizi İslam ilə şərəfləndirərək, ərəb və əcəm sultanlarının üzərinə sərdar təyin etmişdir...” Yenə həmin məktubda qeyd edirdi : “ Bizim bütün işimiz-gücümüz inad edənlər və din düşməni olanlarla döyüşməkdən ibarətdir...” Bu cür faktları çoxaltmaq da olar. Amma məncə ana fikirlə rabitə qura bilmək üçün bu kifayətdir. Göründüyü kimi, sultan öz sərdarlığını Allahın adı ilə bağlayır. Bundan başqa, İslami dünyagörüşə görə bütün mal-mülk Allaha məxsusdur, o istədiyinə verəndir, istədiyindən alan. Bu baxış da insanı düşdüyü durumla barışmağa yönəldir.

Fikrimin mustafasına gəlim indi. Bu yaxınlarda Lenindən belə bir sitat oxudum :
“ Qolçamaqlar ən yırtıcı, ən kobud, ən vəhşi istismarçılardır. Bu qeyd bir qədər düşündürdü məni. Vaxt ikən qul və quldar, feodal və kəndli, bəy-ağa , rəiyyət və s. bu kimi siniflərin mövcud olması çox şeydən xəbər verir. Məsələn, tarixən əzilən və əzənlərin olmasından. İndi deyəcəksiniz ki, yuxarıda qeyd etdiklərinizin bununla nə əlaqəsi? Müsəlman Şərqində istismarın bir də dini don geyindirilmiş forması olduğu qənaətindəyəm. Hökmdara-zamanın iqtidar sahibinə itaət et, ona qarşı çıxma, onun ağa-bəy və yaxud hökmdar olması Allahın seçimidir kimi yanaşmaların olmasının bəzilərinin əməlli-başlı işinə gəldiyi fikrindəyəm, cənablar. Necə ki, islami baxışa görə bütün insanlar Allahın quludur və bütün mal-mülk Ona məxsusdur, hökmdar da ona tabe olanları özünün qulu sayırdı.

Əmir Teymur “Ey Rum diyarında Məlik olan, Bəyazid! Biləsən ki, biz qüvvətli qalib və müzəffər olan yeni bir sultanıq. Bir çox insan bizə quldu...” deyərkən təəccüblənməməliyik əslində. Bu yanaşma iyerarxik formada demək olar ki, hər sahədə özünü göstərmişdir. Məsələn, bütün kəndli-rəiyyət ağanın qulu sayılırdı. Kəndli ağanın torpağını əkib becərməli və üzərinə qoyulmuş ağır vergiləri ödəməli idi. Onlar müxtəlif formalarda istismar olunurdular. Ağalar-bəylər birbaşa və dolayı ilə hökmdar nəslinin nümayəndələri və ya hakim dairələrdən müəyyən güzəşt, iqtidar ( vəzifə, rütbə, mükafat ) alan şəxslər idilər. Məlumat üçün bildirim ki, XIX əsrin sonlarında Çar höküməti tərəfindən təşkil olunmuş bəy komissiyası tərəfindən 1188 nəsil əsli-nəcabətli bəy nəsli kimi tanımış, təxminən bir o qədər, yəni, 1048 nəslə bəy titulu verilməkdən imtina edilmişdi. Qeyd olunan məlumat bəy-kəndli münasibətinin əhatə edtiyi geniş coğrafiyanı təsəvvür etməkdə yardımçı olur. Bizim yaşadığımız ərazilərdə sadə insanın bəy-ağa istismar məngənəsindən qurtarılması prosesinə Çar Rusiyayı dövründə başlanılıb desəm yəqin ki, səhv etmərəm. Ölkəmizin Çar Rusiyası tərəfindən işğal faktını ( işğal özü də istismarçılıqdır ) təqdir etməsəm də, həyata keçirdiyi islahatlar bəyəniləndir. Xurafatla mübarizə, maarifçilik, bır sıra elmi-mədəni nailiyyətlər Çar dövrünün məhsuludur. Bundan əlavə XIX əsrin kəndli, torpaq, məhkəmə, inzibati-idarə islahatları da yeni baxış idi. Buna rəğmən Çar Rusiyası dövründə proses ləng gedirdi. Əvvəla ona görə ki, hökümət bəylərlə çox vaxt iş birliyi qururdu və buna görə onların bostanına daş atmaq istəmirdi. Söylədiyimə misal XIX əsrin sonlarında həyata keçirilən kəndli islahatı ola bilər. Məsələn, bu islahatdan çox az sayda kəndli yararlana bilmişdi. Sadə insanın ağanın buxovundan tam azad olması SSRİ dönəmində mümkün oldu. Bu vaxta qədər kəndli sinfinə yuxarıdan aşağı baxılmış və onlar müxtəlif vasitələrlə istismar olunmuşlar. XIX əsrin maarifçi ədibimiz Mirzə Ələkbər Sabirin “Fəhlə, sən də özünü bir insanmı sanırsan” , “Bəsdir, bu qədər başlama fəryadə, əkinçi!” kimi şeirləri o dövrün qaranlıq səhifələrinə işıq tutur. Sabir “qəhrəmanının” dilindən yazırdı :

“Söz açma mənə сох çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
Çəltik də gətir, аrpа da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə əkinçi!

Sən hey de yoxumdur, çıxarıb canını, allam!
Vallahı oyub dideyi-giryanını, allam!
Şallağa tutub peykəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!”

Göründüyü kimi XIX əsrin sonları XX əsrin əvvəllərində də vəziyyət əvvəlki dövrlərdən fərqli olmamışdır. Yalnız SSRİ-nin radikal addımları bu məsələdə dönüş yarada bilmişdir. Amma bu, SSRİ-yə heç də asan başa gəlməyib. Bəylər öz mülklərini könüllü təhvil vermək istəməyərək ( istisnalar var : Abbasqulu bəy Şadlınski kimi) kəskin mübarizə aparmışlar və bu mübarizədə kütləyə təsir edə biləcək üsullardan yararlanmışlar. Onlar öz adamlarına ətrafda belə ifadələr yaymağı tapşırırdılar :
- Kolxoz arvadların da ictimailəşdirilməsi deməkdir ;
- Kolxozda arvadlı-kişili hamı 60 m uzunluqda bir yorğan altında yatacaqlar ;
- Dinimiz əldən gedir və s.

Bu mübarizənin ən pik nöqtəsi 1930-cu ildə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz mülkədarlarının başlatdığı silahlı üsyani olmuşdur. Həmin üsyanın gedişi zamanı bir elanda yazılmışdı :

“Kim köhnə ağalarına söz qaytarsa, dilini kəsərik, kim köhnə ağalarına əl qaldırsa, əlini kəsərik, kim köhnə ağasını qırmızılara satsa, başını kəsərik”.

Biz bilirik ki, SSRİ bu mübarizədən qalib çıxdı və mal-mülk bəylərin ( qolçamaqların ) əllərindən alındı. Əsrlərdən bəri davam edən siniflərarası kəskin uçurum son buldu və kəndli-fəhlə sinfinə yeni baxış prizmasından yanaşılmağa başlandı. Kəndlinin yalnız dövlət qarşısında öhdəliyi yarandı. Kəndli ona yuxarıdan aşağı baxıla bilməz duruma gətirildi. Fikrimcə bu məsələdə radikal addımlar atılmasa idi, kəndlinin istismar məngənəsindən, aşağılanmaqdan, qul təfəkküründən qurtulması çox gec baş verərdi.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ