Pünhan Şükür - "Sonsuzluq haqqı" - MANERA

Tarix:18-05-2015, 12:45 Baxış Sayı:970

Pünhan Şükür - "Sonsuzluq haqqı" - MANERA Pünhan Şükür

Abortdan, klonlaşdırmadan, evtanaziyadan heç də az əhəmiyyətli olmayan bir bioetika məsələsi

Gəncliyimdə bir ara şeir yazırdım. Bir uşaqsız evin qonağı olandan sonra qələmə aldığım bu şeiri ilk dəfə şair dostum Polad İmran oğluna oxudum.

Uşaqlar sevirlər oyuncaqları,
Dolsun oyuncaqla qoy qucaqları.
Yazıq o evə ki, künc - bucaqları
Balaca sakinə ayaqlanmaya.

Uşaqlar sevirlər oyuncaqları,
Çox deyil böyükdən umacaqları.
Yazıq o evə ki, qab - qacaqları
Uşaq əllərindən düşüb sınmaya.

Yazıq o qadına ana olmayıb,
Beşik yelləməyə, layla çalmaya.
Yazıq o kişiyə ata olmayıb,
Oyuncaq almağa meyli olmaya.

Ağ çadır..Qızılı..Yaşıl - nə fərqi?
Təki qismətində qara olmaya.
Az yaşa..Çox yaşa - yaşın nə fərqi?
Bəxtsizlik qəlbinə yara olmaya.


Görüşümüz Polad müəllımin o vaxt işlədiyi sahibkarlıq müəssisəsinin ofisində baş tutmuşdu. Birdən qonşuluqdakı istehsalat şöbəsindən qışqırıq qopdu. Qadınlardan birinin ürəyi getmişdi. Təcili yardım çağırdılar, özünə gətirdilər. Demə, həmin qadının uşağı olmurmuş, şeirimə diqqət kəsildiyindən, dərdi təzələnib.

Polad da mütəəssir olmuşdu. Dedi: ”Dostum, sənin şeirin çox təsirlidir. Qafiyəsi, hecası, axarlılığı, bir sözlə, hər şeyi öz yerindədir. Bircə o var ki, yaralı könülləri qanadırsan...”

Bəlkə də mənim “məhsuldar şair” olmamağımın səbəblərindən biri də həmin hadisədən çıxardığım nəticə olmuşdur. Doğrudur, elə indi də oxucular məni qınaya bilərlər ki, bu şeirin mənəvi naqisliyini etiraf edirsənsə, onu niyə təkrar təqdim edirsən. Müsaidənizlə, bu sualı yönəltmək üçün daha böyük, daha nüfuzlu, daha çox məsuliyyət sorulan bir ünvan göstərim: Dövlət.

Məsələ burasındadır ki, oğuz türklərinin dövlətçilik tarixində övladsızlara münasibətdə hətta həqarət siyasəti yürüdülüb. “Dədə Qorqud boylarını xatırlayaq: “Bayandur xandan buyruq belədi – oğlu olanı ağ çadıra, qızı olanı qızılı çadıra, oğlu - qızı olmayanı qara çadıra oturdun. Qara keçə üzərinə əyləndirin, qara qoyun ətindən verin, yeyərsə yesin, yeməzsə durub getsin. Tanrı onlara qəzəblənib, biz də belə qarğayalım.”

Alp Aruz (Dirsə xan) bu münasibətdən incik düşür: “Bayandur xan hansı əskikliyimi gördü, qılıncımdanmı, süfrəmdənmi? Bu qara ayıb bizə bəsdir!..”
Dastanda hadisələr başqa məcrada davam etsə də, film variantında bu inciklik müharibəyə, qardaş qırğınına səbəb olur.

Azərbaycanın neft gəlirlərinin tam həcmdə büdcəyə yönəldilməsinin vacibliyi dəfələrlə KİV - də gündəmə gəıtirilib. Lakin Neft Fondunu yaratmasını dövlət gələcək nəsillər üçün ehtiyat kapital formalaşdırmaq niyyəti ilə əsaslandırır. Bəs elə isə sonsuzlar necə olsun? Onların ki övladlarının olmayacağı bəllidirsə, paylarına düşən neft gəlirlərini özlərinə vermək ədalətli olmazmı? Axı heç də bu kateqoriyadan olan insanların hamısı özlərindən sonra Maestro Niyazi kimi, Səttar Bəhlulzadə kimi adlarını tarixdə yaşadacaq iz buraxmaq iqtidarında deyillər. Belələrinin heç də hamısının alnına qəhrəman olmaq, korifey olmaq aqibəti yazılmayıb. Nə bioloji, nə hüquqi, nə də mənəvi varisləri qalmayan bu insanlara bəlkə şərəf – izzət, şan – şöhrət, savab, rəhmət qazandıracaq hansısa bir işə şövqlə başlamaları üçün elə məhz ilkin kapital lazımdır?

Statistikaya görə, Azərbaycanda əhalinin təxminən 15 faizi sonsuzluqdan əziyyət çəkir. Bir ara belə bir məsələ aktuallaşdı ki, reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanun layihəsinin qəbulundan sonra sonsuz ailənin müalicəsi, o cümlədən, süni mayalanma və embrio köçürülməsi prosedurlarının həyata keçirilməsi dövlət hesabına aparılacaq. Lakin süni mayalanma qadının məhsuldar olduğu təqdirdə mümkündür. Sonsuzluğu bəlirlənən kişi isə bu cür ata olmaqdan imtina edə bilər. Kompensasiya və ya müavinət variantı daha məqsədəuyğun hesab edilməlidir. Həmin şəxsin dövlətdən aldığı vəsaiti tibbin daim yenilənən nailiyyətləri ilə zənginləşən müalicəyə xərcləyib - xərcləməməsi öz ixtiyarına buraxılmalıdır. Övladı olan kimi sonsuzluq təyinatı üzrə dövlət təminatı dayandırılmalıdır (Bu müstəvidə başqa mexanizmlərin də tətbiqi mümkündür).

Son olaraq qeyd etməyə dəyər, insan hüquqları prizmasından yanaşanda, demək olar ki, bu, abortdan, klonlaşdırmadan, evtanaziyadan heç də az əhəmiyyətli olmayan bir bioetika məsələsidir.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ