Oxunub : 227 | Tarix : 17-02-2016, 12:19 | Bölmə: Cemiyyet

Tələblərimiz reallaşmaq üzrədir  _MANERA

Təhsil Nazirliyindən jest

Nazirlik dərsliklərin ictimai müzakirəsini keçiriməyi qərara aldı

Rəsmi məlumata əsasən Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Artıq neçə ildir ki, ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklər istifadəyə verilir. Dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur.

2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcəkdir. Çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur. Sayta daxil olaraq, “Bütün siyahı” düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür.

Ətraflı tanış olmaq istədiyiniz dərslik layihəsini seçərək onu onlayn oxumaqla bərabər, PDF variantını da kompüterə yükləyə bilərsiniz. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar.

Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir.

Bəs biz, təhsil ekspertləri də illərdən bəri elə bunu deyirdik və bunun üzərində təkid edirdik.

Bir də ki, belə dərsliklərimizlə hansı fənn proqramlarının hansı minimum tələblərini ödəməkdən söhbət gedə bilərdi ? Görün iş nə yerə çatmışdı ki, gündə, həftədə olmasa da ayda bir dəfə dərsliklərimızlə bağlı nəsə bir ifrat bayağilaşdırma sosial şəbəkənin gündəminə çıxarılırdı. Elə , tarix dərsliyinə salınan, çoxları tərəfindən heyrət və şübhə ilə qarşılanan son faktlardan birinə diqqət yetirin:

“İtaliyalı səyyah Ameriqo Vespuççi sübut etdi ki, Kolumbun kəşf etdiyi yeni ərazilər materikdir və ona görə də materikə onun adı verildi - Amerika. Amerikanın kəşfində Azərbaycan elminin də nailiyyətlərindən istifadə olunub. Birincisi - Amerikanın kəşfindən 200 il əvvəl dahi Azərbaycan alimi Nəsirəddin Tusi riyazi hesablamalarla bu materikin mövcudluğunu sübut edib. İkincisi - Kolumbun müəllimi olan Toskanelli Nəsirəddin Tusinin əsərləri ilə tanış idi və ondan çox şey öyrənmişdi. Sözsüz ki, Toskanelli öz şagirdi olan Kolumba Tusidən öyrəndiyi bilikləri öyrədib. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elmi böyük rol oynayıb”.

Ibtidai icma cəmiyyətinə dair tarixi xronologiyamızda isə yazırıq: “Azərbaycanda atın əhilləşdirilməsi-B.e.ə V minilliyin axırlarında“ və s. və i.a. Hələ dərsliklərimizdə yer alan jarqon və ara sözləri, digər yanlışlıqları və təhrifləri demirəm. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Ancaq bu kimi “faktlarla” və ifadələrlə özümüzə və ya bəlkə də başqa kimlərəsə nə demək istədiyimizin məntiqini heç cür başa düşülən deyil. Halbuki, hərtərəfli zəka sahibi olan Tusini dünyaya və özümüzə tanıtmaq üçün fərziyələrə deyil, elmi əsaslara söykənən kifayət gədər dəlil və sübutlarımız var ki, hansı ki, bunlar dərsliklərimizdə lazımınca öz əksini tapmayıb.

Hər halda deyəsən istək və tələblərimiz nəhayət reallaşmaq üzrədir. Təhsil Nazirliyindən obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində yeni addımların atılması və bir çox həlli vacib layihələrin həyata keçirilməsini gözləyir və buna ümid bəsləyirik. Unutmayaq ki, ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir

Nadir Israfilov,
təhsil eksperti


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər